Əvçədulan

ƏvçədulanAzərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Əvçədulan kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Vərov kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Əvçədulan
38°55′ şm. e. 48°21′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 409 nəf.
Xəritəni göstər/gizlə
Əvçədulan xəritədə
Əvçədulan
Əvçədulan

Oykonim monqol işğalları dövründə (XIII əsr) Azərbaycana köçürülmüş türkdilli dolon tayfasının adı ilə bağlıdır. Oykonimin birinci komponenti əvçə Lənkəran zonasında "ailə, qohum, nəsil" mənasında işlənən əvləd sözündəndir. Beləliklə, Əvcədulan "dolonlar, dolon nəsli" deməkdir.[2]

Vərgədüz i.ə.v.-də yerləşən Əfçədulan kəndi monqol işğalları dövründə (XIII) Azərbaycana köçürülmüş türkdilli dolon tayfasının adı ilə bağlıdır. Oykonimin birinci komponenti – əfcə Yardımlı şivələrində işlənən əvləd/ öyləd sözünün fonetik variantı ilə əlaqədar olub "yaxın qohum", "nəsil", "ailə" mənasındadır. Əfcədulan "dolonlar, dolon tayfası" deməkdir.

Əksər tədqiqatçılar da bu toponimi dulan tayfasının adı ilə izah etmişlər. Rəşidəd-Din (XIV əsr) monqol-türk etnonimlərindən bəhs edərkən uryat, onqut, dolon, oyrat tayfa adlarını da qeyd edir. (Sbornik letopisey, M.-L, 1952, tom I, kn. pervaya) M. Həsənov bu oykonim barədə yazır: "Məlum tarixi həqiqətlərə görə, XII–XIII əsrlərdə monqollar Azərbaycan ərazisinə Orta Asiyadan bir neçə türkdilli tayfa köçürmüşlər ki, həmin tayfaların adı ilə bağlı respublikamızda indiyədək bir sıra tayfa adları yaşamaqdadır. Tarixçilərin fikrincə, həmin tayfalardan birinin adı Lerik rayonunun Yardımlı ərazisinə çox yaxın səmtində yerləşən Şingədulan toponimində qalmışdır. Həmçinin dolanlar//dulanlar adı ilə respublikamızda bir neçə kənd də mövcuddur. Yardımlı ərazisindəki Əfçədulan kəndinin adındakı "dulan" hissəsi də məhz türkdilli dolanlar tayfasına məxsusdur.(səh.49) Müəllifin fikrincə, Əfçə və dulan komponentlərinin hər ikisi türkdilli tayfanın adı ilə bağlıdır. C. Azərbaycanda Əfçə kəndi mövcuddur.

Şingədulan Lerik rayonunda eyniadlı i.ə.və-də yaşayış məntəqəsidir. Burovar silsiləsinin ətəyində və Alaşa çayının sahilində (Lənkəran çayının qolu) yerləşən bu oykonim XIII əsrdə hülakülərin Lənkəran bölgəsinə köçürdüyü türk-monqol tayfalarının məskunlaşması nəticəsində yaranmışdır. Bəzi tədqiqatçılar bu toponimi "qumlu dərələr" kimi izah edir. Toponimin birinci komponentinin tərkibindəki şin/ şen sözünün iran dillərindəki "qum" sözü ilə əlaqəsi yoxdur. Bəzi araşdırıcıların qeyd etdiyi kimi, toponim türk dillərindəki şengi (bel, dağ yalı) və dolan tayfa adından ibarət olub, "dolanlara məxsus dağ yalı" deməkdir.

R. Eyvazova dolan/dalan toponiminin Əfqanıstan ərazisində bir çox yer adlarında mühafizə edildiyini göstərir: Qəznidə Dalan kəndi, Meymənədə Dalan kəndi, Bədəxşanda Dalan dərə, Məzari-Şərifdə Dalan kutəl aşırımı, Pəncşirdə Dulanə kəndi. Müəllif daha sonra yazır: Azərbaycanın Hadrut rayonunda Dolanlar kəndi olmuşdur. Həmin kəndin adı hazırda Çənlibel adlanır. Lerik rayonunda Şingədulan kəndi vardır. Bizə görə, bu sözün ikinci tərəfi "dulan" həmin adla eynilik təşkil edir. ("Əfqanıstanda türk mənşəli toponimlər", səh.208). B. A. Nikonov "Zametki po oronimii Kirqizii" məqaləsində yazır ki, dolan monqolca "yeddi" deməkdir. "Yeddi" bütün xalqlarda mistik saylardandır. "Dolan" adının hansı mənaları ola bilər? "Yeddi aşırım", "yeddinci aşırım", "yeddinci çay" və s. Bu dolon etnonimi ilə bağlamaq doğrudur. Bunu monqolca "yeddinci" mənalı Dolon şəxs adı ilə əlaqələndirmək olar. Qırğız əfsanələrində Dolon nəsli vardır. Tədqiqatçılar onu təxminən XII əsrə aid edirlər. A. X. Xasanov şəcərəni XV əsrə çatdırır. C. M. Abramzon Dolonu qırğızların etnomənşə şəcərəsinin başçısı hesab edir. (Onomastika sredney Azii. M., Nauka, 1976, səh.103) N. K. Antonov yazır ki, Tuolan sözünü "tu" – beş sayından törəmiş monqol mənşəli "tuulan" – beş yaşlı sözü ilə də əlaqələndirirlər. Cağatay dilində tolan – beş yaşına çatmış at mənasında işlənmişdir ki, bunun semantikası yakut dilindəki tuolan sözü ilə üst-üstə düşür. Güman ki, bu sözlər monqol mənşəli "beş" mənalı "tu" sayından deyil, türk mənşəli tul, tol, tuol kəlmələrindən törəmədir. Bəlkə də yakut dilindəki tuolan, elə həmin dildəki tuollan (dolu, polnıy) sözü ilə yaxın olmaqla "zahiri görkəmi gözə gəlimli" mənasında olan "tuolun"la əlaqəlidir. (Materialı po istoriçeskoy leksike yakutskoqo yazıka, 1971, səh.60) Türk-monqol tayfaları haqqında daha geniş məlumatlara Q. Qeybullayevin "Monqolskie toponimı v Azerbaydjana" (İzv., AH Az. SSR, ser. ist. filols. i prava,1981, N3) və "O proisxojdenii nekotorıx etnotoponimov Azerbaydjana – Dolanlar, Onqutlu, Aratkənd, Ələt, Alar, Kərki, Qılıçlı)" (Dokl. AH Az. SSR, 1981, N2) məqalələrində rast gəlinir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Peştəsər silsiləsinin ətəyində yerləşir.

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  2. Əvçədulan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.