Mişkireyn

MişkireynAzərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.

Mişkireyn
Ölkə  Azərbaycan
Rayon Yardımlı rayonu

Bəzi tədqiqatçıların fikrincə, Mişkireyn ərəb dilindəki "mişk" -ətir mənasında və "yeri" sözlərindən ibarət olub "Ətirli yer" mənasındadır. Xalq etimologiyasına görə isə kəndin adı guya mülki-Reyin (yəni, "Rey mülkü") sözlərindən ibarətdir.[1] M.Həsənov oykonimin Ərdəbil yaxınlığındakı Mişkin qəsəbəsinin adı ilə yaxından səsləşdiyini və bu toponimlərin eyni kökdən olduğunu ehtimal edir.(səh.52) Fikrimizcə, "yeri" komponentinin –eyn şəklinə düşməsi inandırıcı görünmür.

Onu da qeyd edək ki, Masallıda bu adla yaxın səsləşən Mişkəmi adında kənd vardır.

Xaçmaz rayonu ərazisində Müşkür yaşayış məntəqəsi vardır. Kənd öz adını Müşkür mahalının adından almışdır.Göyçay rayonundakı Müskürlü kəndi də Göyçay qəzasında yaşamış müskürlü tayfasının adıyla bağlıdır. Kənd Molla Qədim adıyla da tanınır. Mənbələrə görə, Müskürlü etnonimi Vəlvələçayla Samur çayı arasındakı Müşkür düzünün adından yaranmışdır. Müskürlü Müşkür düzündə qədimdə yaşamış ellərin ümumi adı olmuşdur. Müşkür haqqında ASE-də maraqlı faktlar yer almışdır: "Müşkür-Azərbaycanda tarixi mahal. Mənbələrdə Maskat, Məsqət, Maskut kimi adı çəkilən Müşkür Samur çayı, Xəzər dənizi və Şabran arasındakı ərazini əhatə edirdi. VIII əsrin əvvəllərində Mərvan ibn Məhəmməd İslam dinini qəbul etmiş xəzərləri Müşkürə köçürdü. Əvvəllər müstəqil hakimlik olan Müşkür 833- cü ildən Dərbənd əmirliyinin tərkibinə daxil idi. Müşkürə yiyələnmək uğrunda Şirvan və Dərbənd arasında uzun müddət mübarizə getmişdir. X əsrdən Müşkür Şirvanşahlar dövlətinə tabe idi. XVIII əsrin II yarısında Quba xanlığının mahallarından biri olan Müşkürdə 31 kənd vardı.(1796-cı il məlumatına görə). Hazırda Yalama və Vəlvələ çayları arasındakı əraziyə Müşkür deyilir. (ASE, VII cild, s.140). Dilimizin Quba dialektində "qışlaq" mənasında "müşgür" sözü qeydə alınmışdır.[2]

Faktlar göstərir ki, Mişkireyn oykoniminin talış dili ilə heç bir əlaqəsi yoxdur. Toponim müşgür-"qışlaq" və ərəb mənşəli eyn sözlərindən ibarət olub "qışlağın gözü", yaxud "iki qışlaq yeri" mənasındadır. "Eyn sözünun kəndin gəlmə və yerli tayfaya məxsus qışlaq sahələri ilə bağlı olması daha inandırıcıdır. M.Nəzərli "Tariximizin daş yaddaşı" əsərində kəndin əvvəlki adını Muxuş şəklində qeyd edir. Bu sözə Muxax (Zaqatalada kənd və çay) və Muxas (Oğuz rayonunda kənd) şəklində rast gəlirik. Toponimin tərkibindəki mux sözü türkdilli xalqların toponimiyasında çay və dağ adlarında rast gəlinir. Mux çay adlarında çayın "az sulu", "quru" olmasını bildirir, dağ adlarında isə "keçilməz, dar, yarğanlı" mənalarını ifadə edir. Fikrimizcə, toponimin sonundakı uş leksemi qədim as/az topoformantının təhrif forması olub çay adlarının sonluğunda işlənir. Qənaətimizə görə, Muxuş sözü "suyu az olan çay", yaxud "quruyan çay" mənasındadır.

  1. ATEL, II h.s.114
  2. Azərbaycan dilinin dialektoloji lüğəti A-Z, Bakı,2007, s.366