Aşıq havaları — Azərbaycan musiqi folklorunun əsas sahələrindən biri. Müasir aşıqların repertuarında daim işlənib kamilləşən yüzdən artıq klassik hava və onun variantları mövcuddur. Aşıq havalarının xalq dastanları ilə birgə yarandığı, əvvəllər yalnız dastanlarla, sonralar isə eyni zamanda, müstəqil oxunduğu ehtimal edilir. Aşıq havaları məzmun və xarakterinə görə qəhrəmanlıq ruhunda, lirik və nəsihətamiz planda satirik və komik səciyyəli olur. Bu havalarda xalqın sevinc və kədəri, zülm və əsarətə qarşı etirazı, vətənpərvərliyi, qəhrəmanlıq və rəşadəti əks olunmuşdur. "Koroğlu", "Misri", "Orta divani"də mərdlik, cəsurluq, "Qəmərcan", "Gözəlləmə", "Göyçəgülü"ndə oynaqlıq, şən əhvali-ruhiyyə, "Dilqəmi", "Yanıq Kərəmi", "Təcnis"də lirik məhəbbət duyğuları, qüssə və həsrət duyğuları ifadə edilir. Aşıq havaları xüsusiyyətinə görə, əsasən, üç qrupa bölünür: reçitativ (dastanla bağlıdır), yarımreçitativ, mahnı xarakterndə olan havalar. Reçitativdən təğənniyə doğru inkişaf yolu keçmiş Aşıq havaları melodika, vəzn-ritm xüsusiyyətlərinə görə çox zəngin və rəngarəngdir; adətən, strofik formada olur. Bütün havalarda instrumental müqəddimə, əsas mövzu və tamamlama (koda) mövcuddur. Səsin eyni ucalıqda təkrarı, musiqi motivi rüşeymi və bütov ifadələrin variant şəklində təkrar edilməsi, melodiyanın pərdələrlə aşağı hərəkəti, enən sekvensiya Aşıq havalarının səciyyəvi xüsusiyyətlərindəndir. Musiqi formasına görə aşıq havaları sadə və mürəkkəb olur. Aşıqlar, adətən, yuxarı registrdə oxuyur, bəndin sonunda (kadansda) aşağı registrə keçir və axırıncı səsi xeyli uzadırlar. İfa zamanı sazı səs diapazonlarına uyğun şəkildə müəyyən səs yüksəkliyinə kökləyirlər. Aşıq havalarının diapazonu kiçikdir (əsasən, kvarta, kvinta və seksta intervalı həcmində), bəzi hallarda ifanın sonunda musiqi diapazonu böyük tersiya, septima və ya oktava intervalı həcmində genişlənir.
"Paşaköçdü", "Əfşarı", "Şahsevəni" və sair havalarda qədimliyi göstərən pentatonika əlamətləri də var. Aşıq havalarının ritmik xüsusiyyətləri şeirin forması və vəzni ilə əlaqədardır; havanın melodiya və ritminin müəyyənləşməsində misralardakı hecaların sayı həlledici rol oynayır. Müasir aşıqların ən çox işlətdiyi şeir formaları gəraylı, qoşma, təcnis, bayatı, divani, müxəmməs və sairədir. 2/4, 3/4, 4/4, 3/8, 5/8, 6/8, 7/8, 9/8 və sair ritmik quruluşlar aşıq havaları üçün xarakterikdir. Ədəbi mətnin və melodiyanın xüsusiyyətindən asılı olaraq, bir hava üstündə bir neçə şeir oxuna bilər. Aşıq havalarının adları şeir formalarından ("Gəraylı", "Təcnis", "Müxəmməs" və s.), dastan qəhrəmanlarının ("Koroğlu", "Kərəmi" və s.), yarandığı yerin adından ("Naxçıvani", "Şərili" və s.) götürülmüşdür. Məşhur aşıqların adı ilə bağlı Aşıq havaları da ("Cəlili", Bəhməni", "Dilqəmi" və s.) var. Aşıq havaları diatonikaya əsaslanır; ayrı-ayrı hallarda təsadüf edilən xromatik səslər yardımçı rol oynayır. Aşıq havalarının əsas lad-intonasiya quruluşu Şur muğamının lad quruluşu ilə sıx bağlıdır. Segah, Rast, Mahur, Bayatı-Şiraz və sair muğamların lad quruluşuna uyğun aşıq havaları da mövcuddur.
Aşıq havaları, əsasən, sazla və balabanın müşayiəti ilə ifa olunur. Müşayiətedici melodiya vokal melodiyanın ya eyni (unison) olur, ya da dəmkeş funksiyası daşıyır. Aşıq havalarının harmonik əsasını sazın köklərindən irəli gələn akkordlar kompleksi təşkil edir. Bunlardan "Şah pərdə kökü" (Qaraçı kökü"), "Baş pərdə kökü" ("Dilqəmi kökü"), Orta pərdə kökü ("Ürfani kökü"), "Ayaq divani kökü", "Bayatı" ("Atüstü Kərəmi") və s. əsas köklərdir. Bu köklərin üzərində qurulmuş akkordlar aşıq havalarının zəngin harmonik dil xüsusiyyətlərini ortaya çıxarır. Aşıq havaları Azərbaycan xalq musiqisinin başqa janrları ilə qarşılıqlı əlaqədə inkişaf etmişdir. Aşıq musiqisinin professional musiqi sənətinə güclü təsiri var. Üzeyir Hacıbəylinin "Koroğlu", Reynhold Moritseviç Qlierin "Şahsənəm", Qara Qarayev və Cövdət Hacıyevin "Vətən" operalarında, Qara Qarayevin 3-cü simfoniyasında (2-ci hissə), Fikrət Əmirovun "Azərbaycan süitası"nda və başqa bəstəkarların əsərlərində aşıq havalarının üslub xüsusiyyətlərindən istifadə edilmişdir.[1]