ABŞ diplomatik missiyalarına edilmiş hücumlar (2012)
2012-ci ildə ABŞ diplomatik missiyalarına edilmiş hücumlar və ya Müsəlmanların məsumiyyəti filminə verilmiş reaksiyalar — 2012-ci ilin sentyabr ayında ABŞ-da nümayiş etdirilmiş və küfr kimi qəbul edilmiş Müsəlmanların məsumluğu filminə görə müsəlmanların sıx yaşadığı ölkələrdə həyata keçirilmiş silsilə etiraz və hücumlardır.[20]
Dünyanın bir çox müsəlman ölkələrində etiraz aksiyaları həyata keçirilmişdir. ABŞ bayraqları yandırılmış, konsulluqlara hücumlar təşkil edilmişdir. LiviyanınBenqazi şəhərində yerləşən ABŞ konsulluğuna raket buraxıcı qurğular ilə hücum təşkil edilmiş və bu hücum nəticəsində ABŞ səfiri Kristofer Stivens də daxil olmaqla 4 nəfər həlak olmuşdur. İslamist seqment bu hadisəyə ən çox reaksiya vermişdir. Misir, Suriya, Bəhreyn, Pakistan, Somali, Nigeriya və İran da daxil olmaqla bir çox müsəlman ölkələrində etiraz aksiyaları baş tutmuşdur. Dünya miqyasında baş vermiş olan hadisələr nəticəsində 50-dən çox insan ölmüş, 694-dən çox insan isə yaralanmışdır.
Bu film ABŞ administrasiyası tərəfindən pislənilmişdir. ABŞ dövlət katibi olan Hillari Klinton belə demişdir:
"Bu film çox iyrənc və qınaq obyektinə layiq olan bir filmdir. Bizə və şəxsən mənə görə, bu video iyrənc və qınaq obyektinə layiqdir. Görünür ki, bu film böyük bir dini ləkələmək, alçaltmaq və insanları qıcıqlandırmaq məqsədi güdür. Ancaq dünən dediyim kimi, bu videoya zorakılıqla cavab verməyin heç bir əsası yoxdur. Baş vermiş olan zorakılığı ən sərt formada qınayırıq. ABŞ və dünya miqyasında yaşayan bu qədər çox müsəlmanın bu məsələ ilə əlaqədar etiraz səslərini ucaltmasını dərindən qiymətləndiririk. İslam dini də, digər dinlər kimi insanın təməl ləyaqətinə hörmətlə yanaşır və məsum insanların üstünə hücum etmək bu təməl ləyaqətin kobud bir formada pozulmasıdır. Nə qədər ki, din adına, Allah adına qan tökmək və məsum insanların canlarını almaq istəyənlər mövcuddur, dünya həqiqi və daimi bir sülhü görə bilməyəcəkdir.'"[21]