Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi — Azərbaycan Respublikasında zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan təşkilat. Mərkəzdə seysmoloji, geofiziki, geokimyəvi və geodinamik kompleks tədqiqatlar aparılır.
Respublika Seysmoloji Xidmət Mərkəzi | |
---|---|
(RSXM) | |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 1979 |
Tabelik | Azərbaycan Milli Elmlər Akademiyası |
Baş qərargah | Bakı |
Ünvan | N.Rəfibəyli küçəsi 25, AZ1001 |
Rəhbərlik | |
Baş direktor | Qurban Yetirmişli |
|
|
Rəsmi saytı | seismology.az |
1998-ci ildən fəaliyyət göstərən mərkəzin respublika ərazisində 84 seysmik, 6 geofiziki, 5 geokimyəvi, 24 GPS stansiyaları fəaliyyət göstərir.
Azərbaycanda ilk dəfə seysmik hadisələrlə bağlı instrumental müşahidələrə XX əsrin əvvəllərində başlanılıb.[1] 1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələdən sonra Bakıda neft sənayesi ilə məşğul olan Nobel qardaşlarının təşəbbüsü ilə həmin il Azərbaycan ərazisində üç yerdə seysmik stansiyalar quraşdırılmış və bununla da instrumental müşahidələrə başlanılmışdır.[2][3]
SSRİ dövründə uzun müddət Azərbaycanda müstəqil seysmoloji xidmətin fəaliyyətinə icazə verilməsə də, 1979-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına və Milli Elmlər Akademiyasının sərəncamına əsasən AMEA Geologiya İnstitutunda "Geofizika" Elmi Mərkəzində Təcrübi-Metodiki Geofizika partiyası yaradılmışdır[4]. 1980-ci ildə isə bunun əsasında Təcrübi-Metodik Geofizika Ekspedisiyası təşkil edilmişdir. Ekspedisiyaya AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmlər doktoru, professor Arif Həsənov rəhbərlik edib.[5]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.09.1998-ci il tarixli 179 saylı və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17.12.1998-ci il tarixli 22/2 saylı qərarları ilə TMGE-yə 1999-cu ildən AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi statusu verilib.[6]
2008-ci ildə Arif Həsənov dünyasını dəyişdikdən sonra mərkəzə AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Qurban Yetirmişli rəhbərlik etməyə başlayıb[4][7].
25 noyabr 2000-ci il tarixində baş vermiş güclü (Ml=6.2) Xəzər (Bakı) zəlzələsindən sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanda seysmik müşahidə şəbəkəsinin ən müasir cihazlarla təchiz edilməsi haqqında göstərişinə əsasən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi üçün 14 dəst "Kinemetrics" şirkətinin (ABŞ) istehsalı olan, peyk rabitə sistemli, rəqəmsal telemetrik seysmik stansiya alınmışdır və 2003–cü ildən bu müşahidə şəbəkəsi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə seysmik müşahidə şəbəkəsinin 2009-cu ildə RSXM üçün daha 7 dəst "Kinemetrics" (ABŞ) şirkətinin seysmik stansiyası və “Apple” şirkətinin 2 kompyuterindən ibarət yeni proqram təminatlı sistem alınmışdır. 2009-2010-cu illərdə seysmoloji müşahidələr şəbəkəsinin inkişafı və seysmologiya sahəsində elmi tədqiqatların təkmilləşdirilməsi məqsədilə daha 11 "Kinemetrics” stansiyası alınaraq quraşdırılıb. 2011-ci ildə RSXM tərəfindən daha 6 telemetrik seysmik stansiya quraşdırılaraq işə salınmışdır və bununla da seysmik stansiyaların sayı 31-ə çatmışdır. 2013-cü ildə isə RSXM tərəfindən daha 4 telemetrik seysmik stansiyalar quraşdırılaraq işə salınmış və bununla da seysmik stansiyaların sayı 35-ə çatmışdır. Seysmik stansiyaların qurulması üçün Azərbaycan ərazisinin ayrı-ayrı sahələrinin seysmikliyinin səviyyəsi nəzərə alınmaqla seçilərək yerləşdirilmişdir. Hazırda Respublika Seysmoloji Xidmət Mərkəzinin respublika ərazisində 84 seysmik stansiyası fəaliyyət göstərir. RSXM-in Geofiziki tədqiqatlar idarəsi tərəfindən geofiziki sahələrdəki seysmoanomal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks tədqiqi işləri aparılır. Geofiziki stansiyalar şəbəkəsi vasitəsilə geomaqnit sahəsi gərginliyinin, ağırlıq qüvvəsi və qravitasiya potensialının variasiyaları araşdırılır. RSXM-nin respublika ərazisində 6 maqnitometrik və 4 qravimetrik geofiziki stansiyası fəaliyyət göstərir.[8]
AMEA nəzdində RSXM-nin seysmoloji tədqiqatları peyk rabitəsi ilə işləyən seysmik stansiyalar şəbəkəsi vasitəsi ilə aparılır[9]. Mərkəzdə seysmoloji, geofiziki, geokimyəvi və geodinamik kompleks tədqiqatlar aparılır.[10] AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi-nin respublika ərazisində 84 seysmik[11], 6 geofiziki, 5 geokimyəvi[12], 24 GPS stansiyaları fəaliyyət göstərir[13]. GPS stansiyalardan biri Azərbaycanın Saatlı rayonunda dərinliyi 8324 metr olan quyu üzərində yerləşdirilib. Mərkəzdə 84 telemetrik seysmik stansiyalardan ibarət müşahidə şəbəkəsi əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir, dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riski qiymətləndirilir, iri tikinti obyektləri sahələrinin seysmikliyi tədqiq edilir.[14]
Dünyada ilk dəfə olaraq Azərbaycanda seysmik stansiyalar vasitəsi ilə palçıq vulkanlarının öyrənilməsinə başlanılıb.[15] Mərkəzin beynəlxalq qrant layihəsi çərçivəsində aldığı 22 ədəd seysmik stansiyanın 12-si Abşeron yarımadası və ona yaxın ərazilərdə olan palçıq vulkanlarının ətrafında quraşdırılmışdır.[16]
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi 2024-cü il martın 8-də Şamaxı rayonunun Məlikçobanlı kəndində Məlikçobanlı palçıq vulkanının növbəti - 5-ci püskürməsini qeydə alıb. Püskürmə yerli vaxtla saat 18:09-da başlayıb və 3 dəq. davam edib. Palçıq vulkanının zəif və səthi püskürməsi səbəbindən püskürmə iki - Zərnava və Qobustan rəqəmsal stansiyasında qeydə alınıb. Yer qatından çıxan palçıq 1 hektar əraziyə yayılıb. Bu vulkanın püskürməsi əvvəlki 1926, 1967, 1977, 2019-cu illərdə də müşahidə olunub. Bu vulkan həm seysmik və tektonik cəhətdən ən aktiv zonalardan birində yerləşir və buna görə də burada təkrar passiv püskürmələr müşahidə oluna bilər. Bir neçə gün öncə Şamaxıda zəif yeraltı təkanlar qeydə alınıb. Tektonik hərəkətlər prosesində Yer qabığında sıxılma və gərilmə gərginliklərin variasiyaları müşahidə olunur ki, bu da palçıq vulkanlarının aktivləşməsinə təsir göstərə bilər. Martın 8-də baş vermiş püskürmə zəif olaraq xarakterizə olunur və heç bir fəlakətli nəticələrə səbəb ola bilməz.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin struktur bölmələri[4]:
RSXM Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi[17], Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutu, Avropa Seysmoloji Müşahidə və Araşdırmaları Mərkəzi[18], Avropa Seysmoloji Komissiyası[19], Avropa Geofiziklər Birliyi, Amerika Geofiziklər Birliyi kimi 30-a yaxın xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlıq edir[20]. 2018-ci il martın 1-də Ankarada yaxın və qonşu ölkələrin seysmoloji mərkəzləri ilə birgə “Real Zamanda Seysmoloji Məlumatların Mübadiləsi“ nə dair memorandum imzalanıb. 2021-ci il dekabrın 3-də Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair Razılaşma Protokolu imzalanıb[21][22].
2014-cü ildə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzində, ABŞ-nın E.Lourens adına Livermor Milli Laboratoriyasınında, ABŞ-ın Missuri Elm və Texnologiya Universiteti və Miçiqan Dövlət Universiteti ilə birgə “Beynəlxalq seysmotomoqrafiya” laboratoriyası yaradılıb[20].
Arif Həsənov — 1998-2008-ci illərdə.
Qurban Yetirmişli — 2008-ci ildən günümüzədək.