Abbas Abbasəli oğlu Çayxorski (21 yanvar 1917, Çaxırlı – 30 noyabr 2008, Rino[d], Nevada) — azərbaycanlı professor, kimya elmləri doktoru, SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri (1969–1991),[1] Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru,[2] SSRİ Dövlət Mükafatı laureatı,[3] neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı.
Abbas Çayxorski | |
---|---|
Doğum tarixi | 21 yanvar 1917 |
Doğum yeri | |
Vəfat tarixi | 30 noyabr 2008 (91 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | |
Elmi adları | |
Təhsili | |
Mükafatları |
Abbas Çayxorski 1917-ci il yanvarın 21-də indiki Ermənistanın ərazisində mövcud olmuş İrəvan quberniyasının, Yeni Bəyazid qəzasında, Çaxırlı kəndində, Abbasəli bəyin ailəsində anadan olmuşdur.[4] 1918-ci ildə Azərbaycanlıların Ermənistandan deportasiyası zamanı onun ailəsi müxtəlif vaxtlarda Ağdam, Göyçay və Ağdaş rayonlarında məskunlaşır.[4] Onun uşaqlıq və yeniyetməlik illəri Ağdaşda keçir, o, burada orta məktəbi bitirir, sonra isə Bakıda texnikuma daxil olur. Çayxorskinin atası Abbasəli 1920-ci illərin ortalarında həbs olunmuş və məlumatlara görə, 1930-cu illərdə sürgündə vəfat etmişdir. Abbas Çayxorski ali təhsilini 1939-cu ildən başlayaraq Bakı Dövlət Universitetinin kimya fakültəsində almışdır.[1][5]
Çar Rusiyası dövründə zadəganlar özlərinə doğulduğu yerlə səsləşən soyad götürürdülər. Abbas Çayxorskinin hazırda ABŞ-də yaşayan oğlu Aleksandr müsahibələrindən birində söyləyir:
“Bizim ulu babamız olduqca inanclı adam idi. Buna görə də “Çaxırlinski” soyadını götürə bilməzdi. Məhz bu səbəbdən “Çayxorlu” soyadını seçir. Babam Birinci Dünya Müharibəsində Polşaya sürgün edilib. Çayxorski soyadını da polyaklar ona vermişdi”. |
Abbas Çayxorski Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq universitetdə təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanmışdır.[4][1]
O, 2 ay Bakı artilleriya məktəbində təhsil almış, 1941-ci ilin avqustundan Cənub, Qafqaz, Krım və Şimali Qafqaz cəbhələrində vuruşmuşdur. Çayxorski 1942-ci ilin avqustunda yaralanaraq hospitala aparılır. Sağaldıqdan sonra baş serjant rütbəsində ön cəbhəyə qayıdan Çayxorski, 48-ci atıcı alayında telefon rabitəsi bölməsinə başçılıq etmiş, 1945-ci ilin yanvarında Kalininqrad istiqamətində gedən döyüşlərdə 2-ci dəfə yaralanmışdır. O, həmin ilin fevralında göstərdiyi qəhrəmanlığa görə 3-cü dərəcəli Şöhrət Ordeni ilə təltif olunmuşdur.[1]
Abbas Çayxorski 1945-ci ilin 21 aprelində Pillau (indiki Baltiysk, Kalininqrad vilayəti) şəhəri uğrunda gedən döyüşlərdə yenidən fərqlənərək iyunda Qızıl Ulduz medalına layiq görülür.[1]
Müharibədən sonra Bakıya dönən Çayxorski universitetdə təhsilini davam etdirməyə başlayır və tezliklə onu təhsil əlaçısı kimi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Leninqrad Universitetinin kimya fakültəsinin 4-cü kursuna, yenicə açılmış radiokimya bölməsinə keçirirlər.[1] Bu barədə Çayxorski 2004-cü ildə Bakıda verdiyi müsahibədə deyir:
Ölkədə radiokimya kafedrası LDU-da 1945-ci ilin sonunda, “Xirosima"dan bir neçə ay sonra açıldı. Öz atom bombasını yaratmaq üçün təkcə sovet elminin bütün gücü atılmamışdı. Bütün dövlət demək daha doğru olar. Təbiidir ki, yeni peşənin mütəxəssisləri lazım idi və yeni bölməyə SSRİ-nin bütün aparıcı ali məktəblərindən ən yaxşı tələbələri seçirdilər. |
O, 1947-ci ildə Çelyabinskdə təşkil olunmuş Atom mərkəzinə işləməyə göndərilir və burada İqor Kurçatovla birlikdə fəaliyyət göstərməyə başlayır.[6] Abbas Çayxorski tələbə yoldaşı Yevgeniya Romanova (Çayxorskaya) ilə ailə qurur və 1953-cü ildə Çelyabinskdə onların övladı Aleksandr dünyaya gəlir.[1]
"Çelyabinsk — 40" (indiki Ozersk şəhəri) adlanan ərazidə çalışan Kurçatov uran reaktoru üzərində işləyirdi.[6] Bütün SSRİ-dən ən savadlı gənc kimyaçılar məhz buraya göndərilirdi və Çayxorski də də onlardan biri idi.[6] Kurçatovun apardığı tədqiqatlar zamanı ortaya yeni bir zərurət çıxır və o, xüsusi vakuum qurğusunun yaradılması ilə bağlı birbaşa Moskvaya məlumat verir. Moskvadan verilən məlumatda bu qurğunun ən azı bir ilə yaradıla biləcəyi deyilir. Kurçatov isə tədqiqatlara ara vermək istəmir və alternativ yollar axtarmağa başlayır və qərara gəlir ki, yanında çalışan gənc kimyaçılara bu məsələdən danışsın. Gəncləri topyalayan Kurçatov iclasda onlara bu qurğunun qısa müddətdə hazırlanmasının vacib olduğunu bildirir. Abbas Çayxorski Kurçatova bu işi görə biləcəyini bildirir. İ. Kurçatov onun cəsarətinə ciddi yanaşmasa da, "yox" demir və zaman verir. Cəmi bir ay müddətində Abbas vakuum qurğusunun layihəsini Kurçatova təqdim edir.[7][1] Məhz bu hadisədən sonra sovet kimya elmində Çayxorskinin adı kimyaçılar arasında tanınmağa başlamışdır[1]
1969-cu ildə Abbas Çayxorski atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri təyin olunur və bu vəzifədə SSRİ-nin süqutuna qədər — 22 il qalır.[1]
Onun nəzəri elmi tədqiqatları SSRİ-də yüksək qiymətləndirilir. Abbas Çayxorski neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı olmuş,[8] onun 1970-ci ildə hazırladığı və Mendeleyev cədvəlinin modifikasiyası olan elementlərin dövri sistemi cədvəli iki il sonra SSRİ-də radiokimya sahəsində müəllimlərin ixtisasartırma kurslarının tədris proqramına salınmışdı.[9][1]
Çayxorski 1978-ci ildə dünyada neptunium kimyası üzrə yeganə əsar olan "Neptun kimyası" monoqrafiyasını çap etdirir.[9]
1973-cü ildə isə Çayxorski olduqca ağır bir problemlə üzləşir: oğlu Aleksandr təhsil aldığı Leninqrad Universitetindən qovulur. Aleksandrın müsahibəsinə görə bunun səbəb onun SSRİ-ni tərk edib xaricə mühacirət etmək istəyi olmuşdur. Bu dövrdə universitetin rektoru Abbas Çayxorskinin yaxın dostu olsa da, onun nəyinki Aleksandrın oradan qovulmasından, hətta, həmin universitetdə tələbə olmasından belə xəbəri olmayıb. Bir sözlə, "tanışlıq", "tapşırma" kimi imtiyazlar Abbas Çayxorskiyə (və yalnız ona yox) tamamilə yad olmuşdur.[1]
Ali məktəbdən qovulan Aleksandr orduda xidmətə yollanır və hərbi xidmətini başa vurduqdan sonra iki il neft mədənlərində, Bakı Şin zavodunda və başqa yerlərdə baş verən yanğınların söndürülməsində iştirak edir və işinin öhdəsindən uğurla gəldiyinə görə hərbi xidmətdən sonra yenidən universitetə qəbul olunur.[1]
Aleksandr 1981-ci ildə Azərbaycana bir daha qayıdır — bu dəfə geoloq kimi Qarabağda və Salyanda ekspedisiyalarda çalışır. Nəhayət, 1987-ci ildə Aleksandr SSRİ-dən qaça bilir. O, İsveç vətəndaşı olan bir qadınla nikaha girir və Stokholmda yaşamağa başlayır. Aleksandr iki ildən sonra Stokholmdan ABŞ-yə köçür.[1]
Çayxorski 1997-ci ildə 80 yaşında yeganə oğlunun yanına, ABŞ-yə gedərək yaşadığı Rusiya xüsusi orqanları tərəfindən səhv anlaşılır. Rusiyanın hökumət orqanları onu bütün titullardan məhrum edir və atom kimyası sahəsində tədqiqatlar aparmayacağı haqqında ondan yazılı iltizam alır. O, ABŞ-də da elmi fəaliyyətini davam etdirir, molekulyar biologiya ilə məşğul olur.[1]
Ömrünün son illərində Abbas Çayxorski dəfələrlə Bakıya gəlmiş, 26 yanvar 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən akademiyanın fəxri doktoru seçilmiş[2] və məqalələri Akademiyanın mətbu orqanında dərc olunmuşdur.[5]
Abbas Çayxorski 91 yaşında – 30 noyabr 2008-ci ildə, ABŞ-nin Nevada ştatının Rino şəhərində vəfat etmişdir.[1][5] 2009-cu ildə 28 illik fasilədən sonra Azərbaycana gələn Aleksandr Çayxorski özü ilə Bakıya həm də atasının külü olan urnanı gətirir və onun külü öz istəyinə uyğun olaraq Bakıdakı köhnə qəbiristanlıqların birində basdırılır.[5]
Abbas Çayxorskinin atom sənayesinin baş rəhbəri akademik Kurçatovun rəhbərliyi altında atom sənayesində uran-qrafit nüvə reaktorunun sənaye təhlükəsizliyi üzrə gördüyü işlər:[10]