Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Adam Bernard Mitskeviç (pol. Adam Bernard Mickiewicz, А́дам Бе́рнард Мицке́вич; 24 dekabr 1798[1][2][…] – 26 noyabr 1855[2][3][…], İstanbul, Osmanlı imperiyası[5][3][…]) — Polşa şairi, publisisti, inqilabçısı.
Adam Mitskeviç | |
---|---|
pol. Adam Mickiewicz | |
Doğum adı | Adam Bernard Mickiewicz |
Doğum tarixi | 24 dekabr 1798[1][2][…] |
Vəfat tarixi | 26 noyabr 1855[2][3][…] (56 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vəba[6][7] |
Təhsili |
|
Fəaliyyəti | şair |
Fəaliyyət illəri | 1818–1855 |
Əsərlərinin dili | fransız dili, polyak dili |
İstiqamət | romantizm |
Janrlar | esse, publisistika |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
1798-ci il dekabr ayının 24-də Novoqrudka yaxınlığındakı Zaosye kəndində (indiki Belarus ərazisində) anadan olub. 1855-ci il noyabrın 26-da Mitskeviç İstanbulda, Perada (indiki Bəyoğluda) vəfat edib.
Adam Mitskeviçin yaradıcılığı ilə bilavasitə bağlı olan rus-Azərbaycan-polyak ədəbi əlaqələri üzərində dayanmaq lazımdır.
Bu əlaqələrin başlanğıcı polyak şairinin Peterburqa sürgün edilməsi ilə bağlıdır. Peterburqda rus şairləri ilə yanaşı, o, görkəmli Azərbaycan şərqşünası Mirzə Cəfər Topçubaşovla da tanış olur. Maraqlıdır ki, avropalı müəllifin şeirlərinin fars dilinə ilk tərcüməsi də Topçubaşova məxsusdur.
Sürgün edilmiş Adam Mitskeviç Topçubaşovla Peterburqda son dərəcə bilikli və nüfuzlu alim, şərq dillərinin gözəl bilicisi Senkovskinin rəhbərlik etdiyi elm ocağında tanış olmuşdu. Şərq ədəbiyyatının bu iki görkəmli bilicisi ilə dostluq və əlaqələr Polşa şairinə Şərq haqqında daha çox məlumat əldə etməyə imkan vermişdi. Digər tərəfdən, azərbaycanlı alim Mitskeviçin gənc, ləyaqətli, müdrik və xeyirxah simasında həqiqətən də zəmanəsinin böyük ustadını və öz xalqının seçilmiş sənətkarını görürdü. Şübhəsiz, qarşılıqlı hörmətin nəticəsi olaraq, Mitskeviç 1826-cı ildə Mirzə Cəfərdən xahiş edir ki, onun "Gözlev çöllərindən dağların görünüşü" adlı sonetini fars dilinə tərcümə etsin. Topçubaşov soneti fars dilinə tərcümə edərkən tələbəsi Aleksandr Xodzkonun tərtib etdiyi sətri tərcümədən istifadə edir.
N. V. İzmayılov yazır: "Mirzə Cəfərin Mitskeviçə və Senkovskiyə həsr etdiyi müqəddimə bütövlükdə şərq müdrikliyi və ibarəliyinin gözəl ahəngini təşkil edir. Məhz buna görə Puşkin bu müqəddiməni həqiqətən də şərq təfəkkürünün və nitqinin nümunəsi kimi qəbul etmişdir". Onun "Fəvvarənin sərinliyində" adlı şeiri haqqında P. E. Şeqolyovun, M. K. Avadovskinin, D. D. Blaqoyun, N. L. Stepanovun, A. L. Slonimskinin tədqiqat işləri vardır. Məsələn, M. Z. Nolman öz tədqiqatında bu şeirin sırf Sədi ilə bağlı fars motivləri ilə əhatə olunduğunu göstərir. Topçubaşovun müqəddiməsinin bu şeirə göstərdiyi müsbət təsiri danmaq olmaz. Necə ki, Puşkin yaradıcılığındakı Şərq xüsusiyyətlərinin tərənnümü həm şairin Şərqə olan ümumi marağının (bu dövrdə o, bir çox əsərlərini Şərq mövzusunda yazmışdı), həm də Vyazemskinin yazdığı müqəddimənin göstərdiyi təsirin nəticəsi idi.
Məlumdur ki, Mitskeviç yaradıcılığının inkişafına qabaqcıl rus ədəbiyyatı böyük təsir göstərmişdir. Vilnoda yeni istiqamətdə təkbaşına yol açmaq istəyən şair Rusiyada mütərəqqi fikirli yazıçıların əhatəsinə düşür. Qeyd etmək kifayətdir ki, inqilabi romantizm mövqeyində duran dekabrist şairlər inqilabın yüksəlişi naminə mövcud quruluşu tənqid edir, öz əsərlərində dövrün aktual problemlərə toxunur və bununla da rus ədəbiyyatında realist cərəyanın inkişafı üçün zəmin yaradırdılar. Mitskeviçin 20-ci illərin II yarısındakı yaradıcılığını tədqiq edən ədəbiyyatşünaslar onun yaradıcılığında dönüşün məhz Rusiyada baş verdiyinə diqqət yetirirlər. Bu dönüş həm Polşada, həm də Rusiyada baş verən hadisələrə əsaslanan təcrübə əsasında yazıçının bədii yaradıcılığında realist ənənələrin yüksəlişinə yönəlmişdir. Mitskeviçlə Puşkinin əlaqələrini də xüsusi qeyd etmək lazımdır. Puşkinin Mitskeviçə həsr etdiyi "O bizim aramızda yaşayıb", "Fəvvarələrin sərinliyində" şeirlərini xatırlayaq. Bundan əlavə "Yevgeni Onegin", "Dubrovski", "Tunc atlı" "Sərt xasiyyətli Dante sonetə nifrət etmirdi" və s. əsərlərdə onun adı yad edilir. Deyilənlərə "Konrad Valenrod"un müqəddiməsini, "Üç Budrıs", "Gözətçi" (tərcümədə bunlar "Budrıs və onun oğulları" və "Voyevoda" adlanır) balladalarını da əlavə etmək lazımdır. Ədəbi ictimaiyyətə belə bir fakt da məlumdur ki, Mitskeviçin və Delviqin məsləhəti ilə Puşkin "Boris Qodunov" əsərindən Qriqori ilə rahib arasındakı səhnələri çıxartmışdır. "Mən özümü milyon sayıram. Çünki, milyonlarla əzilmiş insanın iztirabını çəkirəm"-deyirdi, böyük polyak şairi, ictimai xadim Adam Mitskeviç şeirlərinin birində… Adam Bernard Mitskeviç Polşanın qonşu dövlətlər tərəfindən parçalanmasından bir neçə il sonra, 1798-ci il dekabr ayının 24-də Novoqrudka yaxınlığındakı Zaosye kəndində (indiki Belorus ərazisində) vəkil ailəsində anadan olmuşdu. Hələ gənc yaşlarında haqsızlığa və basqına məruz qalmış vətəndaşlarının duyğularını şeir çevirir. O azadlığı əlindən alınmış xalqının intiqamını almaq və bu duyğuları hər bir polyakın ürəyindən və yaddaşından silinməməsi üçün ən uyğun olan vasitəni-şeiri seçir. Adam Mitskeviç millətinə gerçəyi izah etdiyi üçün hələ gənc ikən məşhurlaşaraq hamının sevimlisi olur. Onun şeirləri işğal altındakı polşalıların mənəvi qidası kimi axtarılaraq gizlində oxunmağa başlanır. Məktəbdə tarix və ədəbiyyata maraq göstərsə də Mitskeviç 1815-ci ildə Vilnüs universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur. 1816-cı ildə ixtisasını dəyişərək təhsilini tarix-filologiya fakültəsində davam etdirir. Məşhur professor İohan Leleveldən dərs alır. Bu münasibət sonralar dostluğa çevrilir. 1817-ci ildə Lelevelin təsiri ilə universitetdə vətənpərvər tələbələrdə inqilabı ruh yaratmaq və onu kütləviləşdirmək üçün gizli "Elm dostları" tələbə təşkilatı yaradılır. Mitskeviç bu hərəkatın ən aktiv üzvlərindən və ideya rəhbərlərindən olur. Tələbəlik illərində onun inqilabi dünyagörüşü formalaşır, gənc nəslin himninə çevrilən şeirlər yazır. Şairin həmin vaxtlar yazdığı ("Filoretlərin nəğməsi", "Gənclik odası" və s.) şeirlərində o dövrün ruhu hiss olunur. Univerisiteti bitirdikdən sonra 1819–1823-cü illərdə Kaunasda müəllimlik edir. 1822-ci ildə çıxan ballada və romanslardan ibarət "Poeziya. I cild" şeirlər kitabı onu Polşanın demokratik düşüncəli insanlarının sevimlisinə çevirir. Mitskeviçin burada toplanan əsərlərində tərəqqiyə inam, patriotik pafos qabarıq şəkildə hiss olunur. 1823-cü ildə tələbə gənclər təşkilatının üzvləri, o cümlədən Adam Mitskeviç çar hakimiyyəti tərəfindən həbs olunur və 1824-cü ildə Rusiyaya sürgün edilir. Peterburqda, Odessada yaşayır. Krımda, Moskvada olur. Dekabristlərlə və Puşkinlə ünsiyyət qurur. Adam Mitskeviç Peterburqda olarkən polyak əsilli şərqşünas O. Senkeviçlə görüşür. Universitetdə çalışan azərbaycanlı alim, şair Mirzə Cəfər Topçubaşovla tanış olur. Topçubaşov Adam Mitskeviçin şeirlərini tələbəsi-polyak şairi, "Koroğlu" eposunun ilk tərcüməçisi A. Xodzkonun köməyi ilə fars dilinə çevirməklə onun Şərqdə ilk tərcüməçisi və təbliğatçısı olur. Adam Mitskeviçin "kiçik Şərq" adlandırdığı Krımdakı (1825) yaratdığı "Krım sonetləri" dünya poeziyasının qiymətli və dəyərli nümunələrindəndir. Vətənə, doğma torpağa, yurda məhəbbət, istibdada, hakimiyyətə qarşı mübarizə hissi bu şeirlərin əsas qayəsini təşkil edir. Bütün bunlar Vətən həsrəti çəkən şairi duyğulandırmaya bilməzdi. Avropa və Şərq dillərinə tərcümə olunmuş "Krım sonetləri"ni (Sonety krymskie), "Pan Tadeuş" (Pan Tadeusz) poemasını və başqa şeirlərini Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan dilinə çevirib. 1828-ci ildə çap olunmuş "Konrad Vallenrod" (Konrad Wallenrod) patriotik poeması o dövrlər Mitskeviç yaradıcılığının zirvəsi idi. İlk dəfə 1831-ci ildə nəşr olunan "Pan Tadeuş" epopeyası Adam Mitskeviçin mühacirətdə yazdığı ən gözəl əsərlərindən biridir. Şair "Pan Tadeuş"poemasında böyüdüyü mühiti, Tadeuş Kostyuşkonun başçılıq etdiyi polyak üsyanında öz diyarının azadlığı uğrunda silaha sarılaraq döyüşmüş atasının və balaca Adamın qəlbində dərin iz buraxan, onun ilk müəllimi olmuş anasının obrazlarını əks etdirmişdir. "Polşa həyatının ensiklopediyası" adlandırılan bu əsər Polşanın keçmişini, dövrün əsarətdən qurtulmaq üçün keçdiyi bütün ağrılı yolları özündə əks etdirir. Tarixi süjet Mitskeviç qələmində romantik çalar alırdı. 1830–1831-ci il polyak üsyanından sonra Qafqaza sürgün edilmiş polyaklar Azərbaycan türkcəsini, mədəniyyətini öyrənməklə bərabər, burada çarizm əleyhinə mübarizədə fəal iştirak etmişlər. Harada olmasından-müvəqqəti, ya daimi yaşamasından asılı olmayaraq polyaklar irticaya qarşı daima mücadilə aparmışlar.
Adam Mitskeviçin bütün yaradıcılığında Polşa sevgisi, onun azadlığı uğrunda mübarizəsi açıq-aydın hiss olunur. O, bütün şeirlərində sevdiyi Vətəninin xilas olması, bütün maneələrə və təhlükələrə qarşı mübarizənin aparılmasını tərənnüm edir. Şeirlərinin böyük əksəriyyətini gəncliyə xitabən yazan şair millətinə daim doğrunu izah etdiyi üçün geniş oxucu rəğbəti qazanmışdır. Ümumiyyətlə, Vətən sevgisi, müstəqillik, azadlıq demək olar ki, zaman-zaman bütün polyak yazarlarının yaradıcılığında özünü qabarıq şəkildə göstərir.
Şair gənc yaşlarında Məryəm Vereşçakovnaya (Maryla Wereszczakıwna) aşiq olur. Ancaq dövrünün ənənəsinə görə zadəgan bir ailə qızı olan Məryəm, xalq təbəqəsindən birinin oğlu olan Adam ilə evlənə bilməzdi. Sevgilisinin ailəsi qızlarının evlənmə arzusuna çiddi etiraz edir. Biri-birini ürəkdən sevən gənclər, cəmiyyətlərinin ənənəvi qaydalarına boyun əymək məcburiyyətində qalırlar. Şair Adam Mitskeviç sonsuz sevgisini şeirlərinə köçürərək Vereşçakovnanın adını Polşa ədəbiyyatında əbədiləşdirmişdir. Adam Mitskeviç Parisdə professorluq edərkən, Polşadan onun eyni həyatı yaşadığından qaçmağa məcbur olan Selina Şımanovska (Celina Szymanowskı) ilə evlənir. Onların altı uşaqları-iki qızları və dörd oğulları dünyaya gəlir. Fədakar bir qadın olan həyat yoldaşı ərinə əqidə yoldaşı olmaqla bərabər, həm də işləyərək ev xərclərinin ödənilməsində köməklik göstərir.
Adam Mitskeviç qürbətdə olarkən Polşanın müstəqilliyə qovuşması üçün bütün varlığıyla çalışır. Bu məqsədlə İtaliya, Almaniya, Macarıstan və Rumıniyadakı Polşalı mühacirlərin yığıncaqlarına qatılır. Dünyaya səpələnmiş polşalı emiqrantlarla yazışır, birləşmək üçün əlaqələr qurur. 1829-cu ildə Rusiyadan Almaniyaya, oradan İtaliya və İsveçrəyə üz tutan Adam Mitskeviç Parisdə polyak mühacirlərin yanında qərar tutmalı olur. Rus imperiyasının caynağından qurtulmaq istəyən polyaklar o vaxtlar Avropanın bütün inqilabi hadisələrində iştirak edirdilər. Hər zaman öndə olan Mitskeviç Parisdə fransız dilində dram əsərləri yazır, universitetlərdə slavyan xalqları ədəbiyyatından mühazirələr oxuyur. Polşanın taleyini qabartmaqla yanaşı, Avropa xalqlarının da azadlığı ilə bağlı yazılarla çıxış edir. Adam Mitskeviç Parisdə dərs verərkən, oradakı polşalıların təşkilatlanması ilə də məşğul olur. Daha sonra bu məqsədlə İsveçrəyə, İtaliyaya gedir və orada professorluq edir. Təkrar Parisə dönərək "Xalqların Kürsüsü" adlı jurnal çıxarır. Bu jurnal vasitəsilə o, əzilmiş xalqların haqlarını müdafiə edir. Bütün bunlarla kifayətlənməyən Mitskeviç 1848–1849-cu illərdə İtaliyanın azadlığı uğrunda vuruşan polyak legionu yaradır.