Çeslav Miloş (pol. Czesław Miłosz; 30 iyun 1911[1][2][…], Şyaulyay, Kovno quberniyası[d][3] – 14 avqust 2004[1][2][…], Krakov) — polyak şair, tərcüməçi, esseist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1980).
Çeslav Miloş | |
---|---|
pol. Czesław Miłosz | |
Doğum tarixi | 30 iyun 1911[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 14 avqust 2004[1][2][…] (93 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | şair, diplomat, yazıçı, esseist, tərcüməçi, pedaqoq, universitet müəllimi[d], ədəbiyyat tarixçisi |
Əsərlərinin dili | ingilis dili, polyak dili |
Janrlar | poeziya, nəsr |
Üzvlüyü |
|
Mükafatları | |
milosz.pl | |
Vikianbarda əlaqəli mediafayllar |
Polyak-amerikan şairi və esselər müəllifi Çeslav Aleksandr Miloş keçmiş çar Rusiyası ərazisində — Litvanın Şeteyniay şəhərində polyak ailəsində doğulmuşdu. Kiçik yaşlarından polyak dili ilə yanaşı rus, litva və yəhudi dillərini də öyrənmişdi. Sonralar bildiyi dillərə ingiliscə və fransızca da əlavə olunmuşdu. Miloş tam polyak, yaxud litvalı adlandırılmağının əleyhinə idi. Özünü etnik-vətəndaşlıq baxımından daha çox XVIII əsrə qədər mövcud olan Polşa-Litva uniyası ilə əlaqələndirirdi. Şair müsahibələrinin birində "Mən litvalı olmalarına imkan verilməyənlər üçün litvalıyam" — deyə bu qonşu xalqa tarixi bağlılığını vurğulamışdı, lakin etnik polyak ailəsində doğulması, ən başlıcası isə əsərlərini polyak dilində qələmə alması onu Polşa mədəniyyətinin təmsilçisi saymağa tam əsas verir.
Miloş ailəsi 1921-ci ildə Polşa tərkibindəki Vilno (Vilnüs) şəhərində məskunlaşmışdı. Gələcək şair burada katolik gimnaziyasını bitirmiş və yerli Stefan Batori universitetində ali təhsil almışdı. Gənclik dövründə ədəbiyyat həyatında mühüm yer tutsa da, hüquqşünas ixtisasına yiyələnməyə üstünlük vermişdi. "Donmuş zaman haqqında poema" adlı ilk şeirlər kitabını 1933-cü ildə Vilnoda nəşr etdirmişdi. O, həm də "Jiqarı" ədəbi dərnəyinin fəal üzvlərindən idi.
Hüquqşünas diplomu aldıqdan sonra (1934) Çeslav Miloş Polşa hökumətinin təqaüdü ilə fransız ədəbiyyatını öyrənmək məqsədi ilə Parisə göndərilmişdi. Fransa paytaxtında yaşadığı dövrdə yerli ədəbi dairələrlə yaxınlaşmasında əmisi oğlu, Litva diplomatı və fransız şairi Oskar Miloşun əvəzsiz xidməti olmuşdu.
Vilnoya qayıtdıqdan sonra bir müddət yerli radioda çalışsa da, Miloş tezliklə solçu baxışlarına görə işini itirmişdi. 1936-cı ildə onun "Üç qış" adlı yeni şeirlər kitabı çap olunmuşdu. Və həmin ildən Miloşun həyatının Varşava mərhələsi başlanmışdı. Faşizm və kommunizm təhlükəsinin gücləndiyi dövrdə dəfələrlə işğala məruz qalan və sərhədləri dəyişdirilən Polşanın yeni təhlükələrlə üzləşəcəyi artıq siyasətdən min ağac uzaq adamlara da sirr deyildi. Miloş belə şəraitdə hansısa siyasi platformada dayanmaqdansa, şair kimi öz sözünü deməyi, soydaşlarını gələcək mübarizə və məhrumiyyətlərə hazırlamağı daha məqsədəuyğun saymışdı.
O, faşizmin barışmaz düşməni idi. Və təbii olaraq öz yerini Polşa müqavimət hərəkatının iştirakçıları sırasında tapmışdı. Varşavadakı yəhudi gettosu şairin bütün sonrakı həyatının silinməz xatirələrindən birinə çevrilmişdi.
Polşada kommunist hakimiyyəti bərqərar olduqdan sonra (1945) Çeslav Miloş ölkəsinin Vaşinqton və Paris səfirliklərində mədəniyyət attaşesi vəzifəsində çalışmışdı, lakin 1951-ci ildə o, "yalan və satqınlıq üzərində qurulmuş totalitar dövlətlə" bütün əlaqələri kəsmək qərarına gələrək mühacirət həyatını seçmişdi. Parisdə məskunlaşan Miloş "Qul edilmiş zəka" (1953) kitabının nəşrindən sonra Qərbdə populyarlıq qazanmışdı. Eyni ildə Avropa ədəbi mükafatını almışdı,
lakin şöhrətə və geniş çap imkanlarına baxmayaraq, Miloş bir müddət, ümumiyyətlə, şeir yaza bilməmişdi. Əvəzində isə mahiyyətinə bələd olduğu totalitar rejimin iç üzünü açan "Hakimiyyətin qəsbi" (1953), Vilnodakı uşaqlıq və ilk gənclik illərinin xatirələrini əks etdirən "İssa vadisi" (1955) romanlarını ortaya qoymuşdu. 1960-cı ildə o, ABŞ-yə mühacirət etmişdi. On il sonra amerikan vətəndaşlığı alaraq Berklidəki Kaliforniya universitetinin slavistika professoru olmuşdu.
Mühacirət həyatının yaradıcılıq böhranı yaradacağından qorxsa da, Miloş ABŞ-də yaşadığı illərdə "Əqrəblər arasında insan" (1961), "Heyrətlənmiş Quçio" (1963), "San-Fransiskonun körfəz mənzərələri" (1969), "Adsız yer" (1969), "Günəş harada çıxır, harada batır?" (1974), "Ulro torpağı" (1977), "Elm bağçası" (1979) və s. kitablarında toplanan şeir və esselərini yazmışdı. Eyni zamanda ingils dilində "Polyak ədəbiyyatı tarixi" (1969) əsərini nəşr etdirmişdi. Şair İncildəki nəğmələri, Şekspirin, Con Miltonun, Uolt Uitmenin, Tomas Eliotun, Bodlerin əsərlərindən ayrı-ayrı nümunələri polyak dilinə, Polşa müəlliflərini isə ingiliscəyə çevirmişdi. Onun orijinal bədii yaradıcılıq və tərcümə sahəsindəki uğurları ABŞ-nin və Avropa ölkələrinin bir sıra ədəbi mükafatları ilə qeyd olunmuşdu.
1980-ci ildə isə Çeslav Miloş "münaqişələrin parçaladığı dünyada insanın müdafiəsizliyini cəsarətli uzaqgörənliklə göstərən ədəbi yaradıcılığına görə" Nobel mükafatı almışdı. İsveç Akademiyasının qərarı elan olunandan sonra şair siyasi və iqtisadi böhran məngənəsində boğulan, sosializmin süqut ərəfəsini yaşayan vətəninə gəlmiş və burada əsl qəhrəman kimi qarşılanmışdı. Yüksək mükafatın ilk sürprizi isə əsərlərinin kommunist Polşasında rəsmən qadağan edilməsi olmuşdu.
Çeslav Miloş Nobel mühazirəsində şəxsi həyatının yaxın illərdəki təcrübəsinə əsaslanaraq demişdi: "Şairin təqib və sürgün edilməsi ölkədə hakimiyyəti ələ keçirən iqtidarın həmin ölkənin dili üzərində nəzarəti ələ almasının nəticəsidir. Bu nəzarət təkcə senzura vasitəsi ilə deyil, həm də sözlərin mənasının dəyişdirilməsi yolu ilə həyata keçirilir. Belə şəraitdə şairin, yazıçının əsas borcu xatırlamaqdır. Yaddaş bizim gücümüzdür. Yaşayanlar həmişəlik susanlardan mandat alırlar. Onlar yalnız keçmişi uydurma və əfsanələrdən təmizləməklə, hər şeyi öz həqiqi adı ilə çağırmaqla borclarını yerinə yetirə bilərlər".
93 yaşında Krakovda vəfat edən və sevimli şəhərində dəfn olunan Çeslav Miloş həyatının sonuna qədər qələmi yerə qoymamışdı. Müəllifin sağlığında çap olunan sonuncu kitabı "Zamana səyahət" (2004) adlanırdı. Nobel laureatı İosif Brodski Miloşu XX əsrin ən böyük şairi hesab edirdi. Hətta onun şerlərini orijinalda oxumaq üçün polyak dilini öyrənmişdi. Çeslav Miloş müasir dövrdə Polşada və Avropada populyarlığını mühafizə etməkdədir.