Angelologiya (q.yun. ἄγγελος («angelos») – elçi + q.yun. λόγος («loqos») – elm) — mələklər və mələk rütbələrini öyrənən paraelm.
Mələklər kultu yəhudi, xristian və islam monoteizmində assimilyasiya edilmiş ruhlara inanmaqdan ibarət idi. Mələk iyerarxiyası Saxta Dionisi Areopagitin "İlahi adlar" traktatında qurulmuşdur. Bu təsnifatın nüfuzu o qədər böyük idi ki, Bizans imperiyasının bürokratiyasının siyasi strukturu həmin səmavi quruluşu təkrarlayırdı. IV əsrdə yaşamış İlahiyyatçı Qriqori fərqli bir təsnifat təklif etmişdir. Xristian angelologiyasında "triad" strukturu neopifaqor və neoplaton numerologiyasının təsiri altında formalaşmışdır. Orta əsr cəngavər mədəniyyətində mələklərin iyerarxiyası 9 ən şanlı cəngavərlərin təsnifatına çevrilmişdir. Onlar: üç xristian – Artur, Böyük Karl, Bulyonlu Qotfrid; üç bütpərəst – Hektor, Makedoniyalı İsgəndər, Yuli Sezar; üç yəhudi – Yoşua, Davud, İuda Makkavey. Mələklərin kateqoriyalarının hər birinə müəyyən funksiyalar verilmişdi. Müqəddəs Avqustinə görə, dünyada hər şey mələklər tərəfindən qorunur. Müxtəlif mələklər şəhərlərin, ölkələrin, xalqların, kilsə icmalarının və fərdlərin himayədarları, simvolları kimi çıxış edirdilər. Hətta essenilər də onları qoruyan mələklərin adlarını gizli saxlamağa and içirdilər. Qoruyucu mələk hər bir insanın sağ çiyninin arxasında yerləşir. Mələklər tanrının izzətini tərənnüm edən xorlar təşkil edirlər. İudaizm və islamda tanrının vəhyi yalnız mələklər vasitəsilə elan edilə bilər. Quranda bu tapşırığı Cəbrayıl yerinə yetirir. Xristian təlimi mələklərin vasitəçiliyi olmadan ötürülən birbaşa ilahi vəhydir. Mələklər insan dünyası ilə ən yüksək prinsip olan tanrı arasında aralıq mövqe tuturlar. Mələklərə tanrıdan dünyaya, dünyadan isə tanrıya elçilik etmək vəzifəsi həvalə edilmişdir.[1]