Essenilər

        

Essenilər (ivr.אִסִּיִים‏‎, İsiyim; yun. εσσήνοι) — e.ə. II əsrin əvvəlində Fələstində formalaşmış yəhudi dini təriqəti.

Essenilər barədə məlumata İosif Flavi, Filon İsgəndəriyyəliBöyük Plininin qeydlərində rast gəlinir. Essenilərin Makkabi üsyanından (e.ə. 167–164) qabaqkı hasidilərin davamı olması ehtimalı var. Essenilərlər özünü yəhudi cəmiyyətindən tam təcrid etməyib təbliğatla məşğul olan mötədil qola və "dünyəvi həyat"dan tamamilə uzaqlaşıb Ölü dənizin şimal-qərb sahillərində, Qumranda məskunlaşan radikal qola ayrılırdılar. Radikal essenilər çox vaxt Qumran icması ilə eyniləşdirilir. E.ə. 70 ildə müqəddəs məbəd romalılar tərəfindən dağıdıldıqdan sonra essenilər tarix səhnəsindən silinmiş, ehtimal ki, aralarında erkən yəhudi xristianlarının da olduğu digər yəhudi qrupları arasında assimilyasiyaya məruz qalmışlar. Essenilər fariseylərsadukeylərdən fərqli olaraq, məbədə getmirdilər. Onlar asketik həyat tərzi keçirir, ailə qurmurdular. Musanın qanunlarına (xüsusilə Əhdi-ətiqdəki Levililər kitabına) və təmizlik ritualına (dəstəmaz, yalnız icmada hazırlanan "təmiz" qida) ciddi riayət edir, şabata xüsusi diqqət yetirirdilər. Qurban kəsməyi, silah hazırlamağı, ticarətlə məşğul olmağı, ət yeməyi haram hesab edirdilər. İcmaya yeni üzv üçillik ağır sınaqlardan sonra qəbul olunur, qovulmuş üzv aclıqdan ölümə məhkum edilirdi. Özlərini "işıq oğulları" hesab edən essenilər axirətin yaxın olduğuna, tezliklə işığın qələbəsi ilə başa çatacaq işıq-zülmət müharibəsinin başlanacağına inanırdılar.[1]

  1. Essenilər // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]