Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi — Azərbaycan Prezidentinin 14 iyul 1998-ci il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı.[1] Hazırkı sədri 25 iyun 2003-cü ildən Fərhad Abdullayevdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yeri | Bakı, Gənclər Meydanı 1, AZ1005 |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaranma tarixi | 14 iyul 1998 ) |
Hakim sayı | 9 |
Sədr | Fərhad Abdullayev |
Sədr müavini | Sona Salmanova |
constcourt.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.
Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.
Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.[1]
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə, hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına 7 hakim təyin olunduqda başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar. Səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz. Məhkəmənin sədri və sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.
Konstitusiya Məhkəməsi qanunların, qərarların və digər normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlayır. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları və ümumi məhkəmələrin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına şərh verir.[1]
Konstitusiyaya müvafiq olaraq aşağıdakı subyektlər: Azərbaycan Respublikasının Prezidenti; Azərbaycan Respublikasının Milli Məclisi; Azərbaycan Respublikasının Nazirlər Kabineti; Azərbaycan Respublikasının Ali Məhkəməsi; Azərbaycan Respublikası Prokurorluğu; Naxçıvan Muxtar Respublikasının Ali Məclisi; Məhkəmələr; Vətəndaşlar; İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Konstitusiya Məhkəməsinə müraciət edə bilər. "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə müvafiq olaraq hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər. Konstitusiya Məhkəməsi məhkəmə aktlarından verilmiş fərdi şikayətlərə aşağıdakı hallarda baxa bilər: tətbiq edilməli olan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edilmədikdə, tətbiq edilməli olmayan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə, normativ hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə. Belə şikayətlər məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının qüvvəyə mindiyi andan altı ay müddətində və ərizəçinin məhkəməyə müraciət etmək hüququnun pozulduğu andan üç ay müddətində verilə bilər.[1]
Qüvvədə olan qanunvericilik aktı, icra orqanlarının normativ aktları, bələdiyyə və ya məhkəmə qərarları insan hüquq və azadlıqlarını pozduqda İnsan Hüquqları üzrə Müvəkkil qanunvericilikdə nəzərdə tutulmuş proseduraya müvafiq olaraq Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Konstitusiya Məhkəməsi işlərə Palataların və Plenumun iclaslarında baxır. Konstitusiya Məhkəməsinin qərarları qətidir, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir oluna bilməz.
Konstitusiya Məhkəməsinin aparatı Konstitusiya Məhkəməsi sədrinin təsdiq etdiyi Konstitusiya Məhkəməsinin aparatı haqqında Əsasnaməyə müvafiq fəaliyyət göstərir.
Konstitusiya Məhkəməsinin aparatında Konstitusiya hüququ şöbəsi, Insan hüquqları və təşkilat-analitik şöbəsi, Cinayət və inzibati hüquq şöbəsi, Mülki hüquq şöbəsi, Hüquqi təminat və qanunvericiliyin sistemləşdirilməsi şöbəsi, Vətəndaşların qəbulu və şikayətlər şöbəsi, Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi, Protokol və ictimaiyyətlə əlaqələr şöbəsi, Ümumi şöbə, Məhkəmə qərarlarının icrasına nəzarət sektoru, Məhkəmə iclaslarının təşkili sektoru, sədr və hakimlərin köməkçiləri və məsləhətçiləri fəaliyyət göstərir. Aparata cari rəhbərliyi Aparat rəhbəri və Aparat rəhbərinin müavinləri həyata keçirirlər. Sədrin köməkçiləri, beynəlxalq əlaqələr şöbəsi və ümumi şöbə sədrin birbaşa tabeçiliyində fəaliyyət göstərir.[1]
Bundan əlavə, Konstitusiya Məhkəməsinin fəaliyyətinin maddi-texniki, maliyyə və təsərrüfat təminatını Konstitusiya Məhkəməsinin İşlər İdarəsi həyata keçirir.
1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (bundan sonra - "Konstitusiya Məhkəməsi") Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.
2. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.[2]
Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi təşkil edir.[2]
Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsi, 86-cı maddəsi, 88-ci maddəsinin I hissəsi, 101-ci maddəsinin V hissəsi, 102-ci maddəsi, 103-cü maddəsinin I hissəsi, 104-cü maddəsinin II və III hissələri, 107-ci maddəsi, 130-cu maddəsinin III – VII hissələri, 153-cü və 154-cü maddələri ilə müəyyən edilir.[3]
Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.
1. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir.[2]
2. Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla konstitusiya icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.[2]
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yarandığı gündən beynəlxalq əlaqələrə, o cümlədən xarici ölkələrin Konstitusiya Məhkəmələri ilə, Avropa Şurası, ATƏT, Amerika Hüquqşünaslar Assosiasiyası (ABA-CEELİ), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və başqa beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük diqqət yetirir.[4]
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin dəvəti ilə Bakı şəhərinə Rusiya Federasiyası, Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Belçika Krallığı, Çexiya Respublikası, Slovakiya Respublikası, Macarıstan Respublikası, Sloveniya Respublikası, Türkiyə Respublikası, Norveç Krallığı, İspaniya Krallığı, Ukrayna Respublikası, Gürcüstan Respublikası, Moldova Respublikası, Litva Respublikası, Latviya Respublikası, Qırğızıstan Respublikası və digər ölkələrin konstitusiya nəzarəti orqanlarının, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri və əməkdaşları rəsmi səfər etmişlər.[4]
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində mütəmadi olaraq konstitusiya mühakiməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik cəmiyyət quruculuğu və digər müasir hüquqi məsələlərə həsr olunmuş birgə beynəlxalq seminarlar və konfranslar təşkil olunur. Xarici ölkələrin Konstitusiya Məhkəmələrinin, həmçinin beynəlxalq təşkilatların dəvəti ilə son dövr ərzində Konstitusiya Məhkəməsinin sədri, hakimləri və əməkdaşları ABŞ, Rusiya, Fransa, İtaliya, Almaniya, Türkiyə, Slovakiya, Çexiya, Polşa, İspaniya, Belçika, Rumıniya, Albaniya, Moldova, Ukrayna, Kipr, Hindistan və Cənubi Koreyaya rəsmi səfərlər etmişlər. Konstitusiya Məhkəməsinin fəaliyyətində beynəlxalq hüquqa və xarici məhkəmə praktikasına böyük diqqət yetirilir, Azərbaycan Republikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Avropa konstitusiya nəzarəti orqanlarının qərarları mütəmadi olaraq öyrənilir və Konstitusiya Məhkəməsinin qərarlarında onlara istinadlar edilir.[4]
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2000-ci ildə Avropa Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatına tamhüqüqlu üzv seçilmişdir.