Azərbaycan polisi — Daxili İşlər Nazirliyinin strukturuna daxil olan Azərbaycan Respublikası hüquq mühafizə orqanı.
Azərbaycan Respublikasının "Polis haqqında" Qanununa əsasən, polis Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır.[1]
"Polis haqqında" Qanunun 8-ci maddəsinə əsasən, qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur, 9-cu maddəyə əsasən isə, polis xidmətlərinin yaradılması, yenidən qurulması və ləğvi, polisin fəaliyyətinə rəhbərlik, polis orqanlarında vəzifəyə təyin və vəzifədən azad etmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının polis orqanlarının xarici ölkələrin polis orqanları və beynəlxalq polis təşkilatları ilə əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, xarici ölkələrin polis orqanları ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanın bağladığı müqavilələr, habelə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq polis təşkilatlarının nizamnamələri və əsasnamələri ilə tənzimlənir.[2]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisi haqqında demişdir:[3]
Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Siz bu vəzifəni ləyaqətlə icra edirsiniz. |
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qərarı ilə Fətəli xan Xoyski tərəfindən Tiflisdə təşkil edilmiş birinci Azərbaycan Xalq Cümhuriyyəti Hökumətində F.x.Xoyskinin Nazirlər Şurasının sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra edirdi. Həmin il Hökumət Gəncəyə köçdükdən sonra iyunun 17-də F.x.Xoyskinin burada təşkil etdiyi ikinci Hökumətdə daxili işlər naziri vəzifəsini Behbud xan Cavanşir tutdu. Noyabr-dekabr aylarında isə Behbud xan Cavanşirin sənaye və ticarət naziri vəzifəsinə təyin olunması ilə əlaqədar daxili işlər naziri vəzifəsini müvəqqəti olaraq general-mayor Məmməd Sadıq bəy Ağabəyov icra etmişdir.[4]
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyətə başladıqdan sonra Parlamentin tapşırığı ilə 1918 il dekabrın 26-da F.x.Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinəsində daxili işlər naziri vəzifəsi Xəlil bəy Xasməmmədova həvalə olundu. 1919-cu ilin aprelin 14-də Nəsib bəy Yusifbəylinin dördüncü Hökumət kabinəsində o özü Hökumətin sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra etdi. 1919-cu ilin dekabrında N.Yusifbəylinin yaratdığı beşinci Hökumət kabinəsində daxili işlər naziri vəzifəsini əvvəlcə Məmməd Həsən Hacınski, sonra isə Mustafa bəy Vəkilov tutmuşdur.
DİN mürəkkəb tarixi dövrdə ölkədə hökm sürən anarxiyanın qarşısının alınması, qanunçuluğun və hüquq normalarının bərqərar edilməsi, ölkə vətəndaşlarının şəxsi və əmlak təhlükəsizliklərinin təmin olunması, cinayətkarlıqla mübarizə aparılması bununla ölkədə sabitlik yaradılmasında mühüm rol oynamışdır.[5][6]
DİN-in fəaliyyətini şərti olaraq üç dövrə bölmək olar: birinci dövr Behbud xan Cavanşirin nazirliyi rəhbərlik etdiyo dövrdür. Bu dövrdə DİN-in funksiyası bir tərəfdən müstəqil dövlətin müstəqil nazirliyi tərəfindən həyata keçirilirdisə, digər tərəfdən bu struktur Türkiyə hərbi komandanlığından xeyli dərəcədə asılı idi. Ölkədə anarxiyaya son qoymaq, qanunçuluğu və vətəndaş təhlükəsizliyini təmin etmək məqsədilə bir tərəfdən keçmişdə fəaliyyət göstərmiş inzibati idarə sisteminin quruluşu və şəxsi heyəti olduğu kimi saxlanılır, digər tərəfdən isə onların vəzifəsi, imkan düşdükcə, Hökumətin 1918-ci il iyunun 19-da qəbul etdiyi hərbi vəziyyət haqqındakı qərarının müəyyən etdiyi səlahiyyətlərdən istifadə olunmaqla hərbi qüvvə vasitəsilə həyata keçirilirdi.
1918 il iyunun 23-də nazirlik tərəfindən işlənib hazırlanmış məcburi qərar dərc olundu. Qərara əsasən, şəxsiyyətə, şəxsi, dövlət, yaxud ictimai əmlaka qarşı ağır cinayətlərə hərbi-məhkəmə orqanlarında baxılır, ictimai sabitlik üçün təhlükə törədən cinayətlərin araşdırılması isə Daxili İşlər Nazirliyinin və yerli inzibati idarə orqanları rəhbərlərinin (qubernatorlar, qəza rəisləri) sərəncamına verilirdi.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarına əsasən, bütün keçmiş inzibati idarə işçiləri iyulun 1-dək öz iş yerlərinə qayıtmalı idi, əks halda işdən azad ediləcəkdilər. Həmin vaxtdan etibarən qəzalarda yerli əhali hesabına inzibati-idarə orqanlarının şəxsi heyəti formalaşmağa başladı. Cümhuriyyət Hökuməti iyulun 2-də DİN-in məruzəsi əsasında polis işçilərinin əmək haqqını artırmaq barədə qərar qəbul etdi. Gəncə quberniya idarəsi işçilərinin sayı ixtisar edildi. Zaqatala mahalı Azərbaycan Cümhuriyyətinə birləşdirildikdən sonra ayrıca quberniyaya çevrildi və quberniya idarəsi yaradıldı. DİN-nin Gəncədə həyata keçirdiyi ilk tədbirlərdən biri Gəncə şəhər özünüidarəsini bərpa etmək oldu. İyunun 22-də Gəncə şəhər rəisinin müavininə şəhərdəki işçi qüvvələrini təcili olaraq bir yerə toplayıb fəaliyyətə başlamaq tapşırıldı. İyunun 27-də Azərbaycan Cümhuriyyəti Hökuməti Gəncə şəhər özünüidarəsini təşkil etmək üçün şəhər idarəsinə 150 min manat faizsiz borc vermək, vəba ilə mübarizə aparmaq üçün qaytarılmamaq şərti ilə 100 min manat kömək ayırmaq barədə qərar qəbul etdi. 1918-ci il iyulun 30-da Hökumət digər şəhərlərdə də özünüidarə orqanları yaratmaq haqqında DİN tərəfindən təqdim olunmuş məruzə əsasında qərar qəbul etdi. Azərbaycan Cümhuriyyəti Hökumətinin 1918 il 7 və 27 iyul tarixli qərarları ilə DİN-ə yerlərdə inzibati idarə orqanları yaradıldıqca anarxiyanın hökm sürdüyü dövrdə Gəncədə və digər şəhərlərdə əhalinin təşkilinin yeganə mərkəzi orqanı olan Müsəlman Milli Komitələrinin ləğv edilməsi tapşırıldı.
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak və eser-menşevik hərbi qüvvələrindən azad etdikdən sonra Cümhuriyyəti Hökuməti Bakıya köçdü, DİN-in fəaliyyət dairəsi daha da genişləndi.
1918-ci ilin dekabrında Azərbaycan Cümhuriyyəti Parlamentinin işə başlaması ilə əlaqədar Hökumətdə edilən dəyişikliklər nəticəsində daxili işlər naziri vəzifəsi Xəlil bəy Xasməmmədova həvalə olunduqdan sonra nazirliyin fəaliyyətində bir sıra ciddi struktur dəyişiklikləri edildi. Nazirlik bir tərəfdən təşkilat işləri, digər tərəfdən isə xarici dövlətlərin ölkənin daxili işlərinə müdaxiləsini dəf etmək tədbirlərini gücləndirdi.
Qarabağ bölgəsində hakimiyyəti möhkəmləndirmək üçün Azərbaycan Cümhuriyyəti Hökumətinin 1919-cu il 15 yanvar tarixli qərarı ilə Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarında general-qubernatorluq yaradıldı və həmin ayın 29-da X.Sultanov general-qubernator təyin olundu.
DİN-in yerli idarələrinin ştat cədvəli, onların əmək haqqlarının artırılması barədə qanun layihələri aprelin 8-də və mayın 26-da Parlamentdə təsdiq olundu. Bu dövrdə DİN-in yerli qurumlarının təşkili, vəzifəli şəxslərin fəaliyyəti və s. haqqında təlimatlar da hazırlanaraq yerlərə göndərildi.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 2 yanvar tarixli qərarı əsasında 1919 il üçün DİN-in smetası hazırlandı. Həmin ilin martında Bakıda müttəfiq dövlətlərin polis komissarlıqlarının ləğvi ilə ölkənin daxili işlər orqanlarının fəaliyyətinin güclənməsinə səbəb oldu.
1919-cu il aprelin 14-də təşkil olunmuş 4-cü Hökumət kabinəsində Hökumətin sədri Nəsib bəy Yusifbəylinin həm də daxili işlər naziri vəzifəsini tutması ilə nazirliyin fəaliyyətinin 3-cü dövrü başlandı. Nazirlik və onun yerli orqanları ölkədə xarici hərbi qüvvələrin müdaxiləsi olmadan sərbəst və müstəqil fəaliyyət göstərməyə başladılar. Bu işdə nazirliyin hazırladığı və 16 aprel tarixli əmrlə elan etdiyi təlimatın mühüm əhəmiyyəti olmuşdur. Təlimatda qanunçuluğun və intizamın möhkəmləndirilməsi ölkənin bütün vətəndaşlarına eyni münasibət göstərilməsi, milli qırğın təzahürlərinin qarşısının qətiyyətlə alınması, vəzifəli şəxslərin öz vəzifələrindən sui-istifadə hallarına qarşı kəskin mübarizə aparılması və s. məsələlər öz əksini tapmışdır. Yerli hakimiyyət orqanları əvvəlki dövrə nisbətən öz fəaliyyətlərində mərkəzi hakimiyyətin göstərişlərinə daha ciddi əməl edirdilər.
Bu dövrdə DİN-in fəaliyyətində bir sıra təşkilati xarakterli tədbirləri həyata keçirildi. Nazirliyin təklifi ilə Dövlət Müdafiə Komitəsi yaradıldı. Bakı və ətraf sənaye rayonlarının daha etibarlı mühafizəsi üçün Bakı Şəhər Rəisliyi təsis olundu., Bakı Şəhər Polisinin ehtiyat qüvvələri təşkil edildi. Azərbaycan Xalq Cümhuriyyətində hərbi çağırışın icrası haqqında Azərbaycan Parlamentinin 26 may tarixli qanununa uyğun olaraq, hərbi çağırış barədə Əsasnamə təsdiq olundu. Nazirlik tərəfindən hazırlanmış Azərbaycan polis inspektoru haqqında Əsasnamə də Dövlət Müdafiə Komitəsi tərəfindən təsdiqləndi.
Şəhərlərə gətirilən və aparılan yüklərdən onların xeyrinə cari yığım haqqında nazirliyin hazırladığı qanun layihəsi 1919-cu il iyulun 27-də Azərbaycan Cümhuriyyətinin Parlamenti tərəfindən qəbul edilmişdi. Nazirliyin təqdimatı ilə mətbuat haqqında nizamnamə icarəyə verilmiş binalar üçün qiymətlərin müəyyənləşdirilməsi və onlardan istifadə qaydaları və s. məsələlərlə bağlı qanun layihələrinə Parlamentdə baxılmış və qəbul olunmuşdu. Nazirliyin fəaliyyətinin sonuna yaxın işləyib hazırladığı ən mühüm sənədlərdən biri də Azərbaycanda torpaq məsələləri ilə məşğul olan idarələr haqqında Əsasnamə idi. Sənəddə torpaqların idarəçilik formasının Qərbdəki demokratik əsaslara uyğun olaraq tamamilə yenidən qurulması nəzərdə tutulurdu.
Lakin 1920-ci il aprelin 27-də Sovet Rusiyasının Azərbaycanı işğal etməsi Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin də fəaliyyətinə son qoydu.
AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv etdi.
Arxivlərdə 1918–1920-ci illərə aid saxlanılan qanunverici aktlar və sənədlər sübut edir ki, AXC DİN və Azərbaycan Polisi orqanlarının yaranması və təşəkkülü necə başlanmışdısa, onların ləğv edilməsi, sovet fəhlə-kəndli milisi və komissarlıqlarla əvəz edilməsi də, tədrici bir proses kimi aparılıb. Azərbaycan İnqilab Komitəsi sovet hakimiyyəti qurulduqdan dərhal sonra özünün ilk dekretləri ilə milli demokratik dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət orqanlarını, o cümlədən hüquq-mühafizə orqanlarını ləğv etməyə, əvəzində fəhlə-kəndli hakimiyyəti orqanları(komissarlıqlar) yaratmağa başladı. Azərbaycan İnqilab Komitəsinin ilk dekretlərindən biri 1920-ci il aprelin 28-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının (Azərb. SSR XDİK) yaradılması və Həmid Sultanovun daxili işlər komissarı təyin edilməsindən, ertəsi gün 1920-ci il aprelin 29-da sovet milisinə rəhbərlik etmək üçün Azərbaycan SSR Baş Fəhlə-Kəndli Milisinin (Azərb. SSR FKM) yaradılması və tezliklə digər bolşevik İbrahim Əbilovun onun rəisi təyin edilməsi haqqında olub. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 29 aprel tarixli başqa qərarı və Bakı İnqilab Komitəsinin 1 №-li əmri ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət hakimiyyəti orqanları buraxılmış elan olundu və tanınmış Rəhim Hüseynov Bakı şəhər milisinin ilk rəisi təyin edildi. Həmin 1 №-li əmrdə deyilirdi: "Polis yenidən təşkil edilsin və milis adlandırılsın; bütün polis sahələrində pristavlar dəyişdirilsin və komissarlar təyin edilsin. O hallarda ki, pristav etibarlı polis işçisidir, onu sahə komissarı adlandırıb, öz vəzifəsini yerinə yetirməkdə saxlamaq olar".[7]
18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası 1992-ci ildə Beynəlxalq Cinayət Polisi Təşkilatının — İnterpolun üzvlüyünə qəbul olunmuş və həmin il noyabr ayının 24-də Daxili İşlər Nazirliyinin strukturunda Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu təsis edilmişdir.
Daxili işlər orqanlarının ali təhsilli mütəxəssislərə olan ehtiyacını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli Fərmanına və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli Qərarına əsasən N. Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyası yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli Fərmanı ilə daxili işlər orqanlarının fəaliyyətinə idarədaxili nəzarətin həyata keçirilməsi, o cümlədən orqan və hissələrdə daxili təhlükəsizlik vəziyyətinin öyrənilməsi və nəzarətdə saxlanılması, xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olma və digər neqativ halların qarşısının alınması, korrupsiyaya şərait yaradan və korrupsiya hüquqpozmalarına yol verən əməkdaşların müəyyən edilib barələrində müvafiq tədbirlərin görülməsinin təmin olunması məqsədilə, Nazirliyin strukturunda Daxili Təhlükəsizlik İdarəsi təsis edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı"na uyğun olaraq, 2004-cü ildə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin strukturunda İnsan Alverinə qarşı Mübarizə İdarəsi yaradılmışdır.
Azərbaycan Respublikasının "Polis haqqında" Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan polisinin təyinatı və əsas vəzifələri aşağıdakılardır:
I. Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir.
II. Polisin əsas vəzifələri aşağıdakılardır:
1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək;
2) cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək;
2–1) yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyət göstərmək;[8]
3) şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq;
4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda dövlət idarələrini və digər obyektləri mühafizə etmək;
5) törədilmiş cinayətləri açmaq;
6) cinayətlərin qeydiyyatını və uçotunu aparmaq;
7) cinayətkarları aşkara çıxarmaq və tutmaq;
8) səlahiyyətlərinə aid edilmiş işlər üzrə təhqiqat və istintaq aparmaq;
9) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq;[9]
10) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;
11) kriminalistik və başqa tədqiqatların aparılmasını təmin etmək;
12) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada istintaq təcridxanalarında əməliyyat-axtarış fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı ilə birgə həyata keçirmək;[10]
13) hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən qorumaq məqsədi ilə müqavilələr bağlamaq;
14) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş icazə-qeydiyyat işlərini aparmaq;
15) yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək;
16) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək;
17) yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemini təşkil etmək.
III. Polisi bu Qanunla müəyyən edilməmiş vəzifələrin icrasına cəlb etmək qadağandır.
Azərbaycan Respublikasının "Polis haqqında" Qanununun 4-cü maddəsinə əsasən, polisin fəaliyyət prinsipləri və istiqamətləri aşağıdakılardır:
I. Polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir.
II. Polisin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
1) ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi;
2) cinayətlərin və digər xətaların qarşısının alınması və açılması[11];
3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi.
Azərbaycan Respublikasının "Polis haqqında" Qanununun 5-ci maddəsinə əsasən, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində polisin fəaliyyəti aşağıdakılardır:
I. Polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur.
II. Polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır.
III. Şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir.
IV. Hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda polis əməkdaşı məhdudlaşdırmanın əsaslarını və səbəblərini, habelə bununla əlaqədar həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir.
V. Polis tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin edir.
VI. Şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur.
VII. Polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada ödənilir.
Azərbaycan Respublikasının "Polis haqqında" Qanununun 6-cı maddəsinə əsasən,
I. Polis öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada dövlət orqanlarına və əhaliyə məlumat verir.
II. Polisə dövlət, ailə, peşə və kommersiya sirrini, prokurorun, müstəntiqin və ya məhkəmənin müvafiq icazəsi olmadan ibtidai və məhkəmə istintaq materiallarını, habelə insanların şəxsi həyatına, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinə toxunan, onların ləyaqətini alçalda bilən məlumatları açıqlamaq qadağandır[12].
III. Fiziki və hüquqi şəxslər haqqında polisin yaydığı məlumatların həqiqətə uyğun olmadığı müəyyənləşdirildikdə polis bir ay müddətində həmin məlumatları onların yayıldığı formada təkzib etməlidir.
Azərbaycan Respublikasının "Polis haqqında" Qanununun 7-ci maddəsinə əsasən,
I. Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir.
II. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.
III. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikasının "Polis haqqında" Qanununun 10-cu maddəsinə əsasən, polisin vəzifələrinin yerinə yetirilməsində dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ayrı-ayrı şəxslərin iştirakı[13] aşağıdakılardır:
I. Dövlət hakimiyyəti orqanları və yerli özünüidarətmə orqanları polisə öz vəzifələrini yerinə yetirməkdə kömək göstərməlidirlər.
II. Hər bir şəxs polisə öz vəzifələrini yerinə yetirməkdə kömək göstərə bilər. Polis, üzərinə düşən vəzifələri yerinə yetirmək üçün, heç kəsi əməkdaşlığa məcburi cəlb edə bilməz.
III. Hazırlanan, törədilən və ya törədilmiş cinayət barəsində xəbəri olan hər bir şəxs bu barədə polisə məlumat verməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda bu məlumatların verilməməsi cinayət məsuliyyətinə səbəb olur.
IV. Polis əməkdaşı olmayan dövlət hakimiyyəti orqanlarının əməkdaşları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada ictimai asayişin və təhlükəsizliyin təmin olunması işinə cəlb edildikdə bu sahədə polisin vəzifələri onların da üzərinə qoyulur. Belə olduğu halda polis əməkdaşları üçün nəzərdə tutulan hüquqi, maddi və sosial təminatlar onlara da şamil edilir.
V. Yaşayış yeri üzrə ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı yaranan sosial problemlərin birgə həlli üçün ayrı-ayrı şəxslər könüllülük əsasında polis orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmin olunması işinə cəlb edilə bilərlər. İctimai asayişin və təhlükəsizliyin təmin olunmasında könüllü olaraq iştirak edən şəxslərin fəaliyyətinin əlaqələndirilməsi üçün yerli polis orqanlarının yanında ictimai şuralar yaradıla bilər.
İctimai asayişin və təhlükəsizliyin təmin olunması üzrə könüllü ictimai fəaliyyət aşağıdakı istiqamətlərdə həyata keçirilir:
1) hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısının alınması məqsədilə maarifləndirmə və təbliğat işinin aparılması;
2) narkomaniyanın və alkoqolizmin, həmçinin yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası;
3) cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək məqsədilə zəruri məlumatların polis orqanlarına verilməsi.
Cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər ictimai asayişin və təhlükəsizliyin təmin olunması üzrə könüllü ictimai fəaliyyətə cəlb edilə bilməzlər.
Azərbaycan Respublikasının "Polis haqqında" Qanununun 12-ci maddəsinə əsasən, polisin fəaliyyətinə nəzarət
I. Bu qanunun müddəalarının icrasına idarədaxili və idarədənkənar nəzarət həyata keçirilir.
II. Polisin fəaliyyətinə idarədaxili nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər çərçivəsində müvafiq icra hakimiyyəti orqanı, idarədənkənar nəzarəti isə müvafiq icra hakimiyyəti həyata keçirir. Polis orqanlarında qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində məhkəmələr və prokurorluq orqanları həyata keçirir.
Azərbaycan Respublikasının "Polis haqqında" Qanununun 13-cü maddəsinə əsasən,
I. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır:
1) Hazırlanan cinayət və ya digər hüquqpozmaların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görmək;
2) cinayət və ya digər hüquqpozmalar törətmiş şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görmək;
3) cinayətin baş verdiyi hadisə yerinin mühafizəsini təşkil etmək və şahidlərin müəyyənləşdirilməsi üçün tədbirlər görmək;
4) cinayətdən və digər hüquqpozmalardan, bədbəxt hadisədən zərərçəkmişlərə, həmçinin köməksiz, həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxsə kömək və ilk tibbi yardımın göstərilməsini təmin etmək;
5) tutulmuş və ya həbsə alınmış şəxsin hüquqlarının və qanuni mənafelərinin pozulmamasını təmin etmək;
6) təbii fəlakətlər, qəzalar və digər fövqəladə hallar baş verdikdə insanların və əmlakın xilasetmə tədbirlərində iştirak etmək;
6–1) yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınmasına yönəldilmiş tədbirlər həyata keçirmək;[10]
7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək.
II. Polis əməkdaşları öz vəzifələrini həyata keçirərkən ayrıca əmr və ya göstəriş gözləmədən əməkdaşlıq etməyə, qarşılıqlı fəaliyyət göstərməyə və bir-birinə hərtərəfli kömək etməyə borcludurlar.
III. Hər hansı şəxsə müraciət edərkən polis əməkdaşı adını, soyadını, rütbəsini bildirməli və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməlidir.
IV. Polis əməkdaşı öz səlahiyyətlərini həyata keçirərkən bilavasitə və birbaşa rəisinə tabedir.
V. Polis əməkdaşı həmçinin tabelik üzrə yuxarı rəisin əmr və göstərişlərini icra etməyə borcludur.
VI. Hər hansı vəzifələrin yerinə yetirilməsinə cəlb edildikdə, polis əməkdaşı xidmət üzrə tabeliyi olmayan polisin yuxarı rütbəli şəxsinin əmr və göstərişlərini icra etməyə borcludur.
VII. Polis əməkdaşı açıq-aşkar qanuna zidd əmr və ya göstəriş aldıqda qanunu rəhbər tutmalı, bu barədə polisin rəhbərliyinə məlumat verməlidir.
VIII. Açıq-aşkar qanunsuz əmri və ya göstərişi icra etməmək məsuliyyətə səbəb olmur. Belə əmri və ya göstərişi icra edən polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının "Polis haqqında" Qanunu — e-qanun.az