Rəhim Məmmədcəfər oğlu Hüseynov (1891, Qarabulaq, Qazax qəzası – 1938) — Azərbaycan SSR xalq ictimai təminat komissarı, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası Laçın Qəza Komitəsinin katibi, Azərbaycan SSR xalq əmək komissarının müavini. Qardaşı Müseyib Hüseynov Azərbaycan SSR xalq səhiyyə komissarı və daha sonralar repressiya qurbanı olmuşdur.
Rəhim Hüseynov | |
---|---|
29 aprel 1920 – ? | |
Əvvəlki | vəzifə təsis edildi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1891 |
Doğum yeri | |
Vəfat tarixi | 1938 |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Rəhim Hüseynov 1891-ci ildə Qazax qəzasının Qarabulaq kəndində doğulmuşdur.[1]
1938-ci ildə ölmüşdür.
Rəhim Hüseynov 1917–1918-ci illərdə Gəncə, Şəmkir və Gədəbəydə kommunizm təbliğatı aparmışdır. O, 1918-ci ilin may ayında Bakıya köçərək burada Mir Həsən Vəzirovun başçılıq etdiyi sol eserlərdən ibarət Əkinçi Partiyasına üzv olmuşdur. O, 1919-cu ildə 1 May nümayişinin təşkilatçılarından olmuş, bu səbəbdən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən həbs edilmişdir, lakin fəhlələrin təzyiqi ilə o, həbsdən azad edilmişdir.[1]
Rəhim Hüseynov Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsinin məsul təşkilatçısı və təşviqatçısı olmuşdur.[1]
Rəhim Hüseynov 1919-cu ildən Rusiya Kommunist (bolşevik) Partiyasının üzvüdür. 11–12 fevral 1920-ci il tarixində gizli şəkildə keçirilmiş Azərbaycan Kommunist Partiyasının I Təsis (Birləşmə) Qurultayında nümayəndə kimi iştirak etmişdir.[1]
Aprel işğalından sonra qurulmuş Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 29 aprel tarixli başqa qərarı və Bakı İnqilab Komitəsinin 1 №-li əmri ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət hakimiyyəti orqanları buraxılmış elan olundu və tanınmış bolşevik Rəhim Hüseynov Bakı şəhər milisinin ilk rəisi təyin edildi. Həmin 1 №-li əmrdə deyilirdi: "Polis yenidən təşkil edilsin və milis adlandırılsın; bütün polis sahələrində pristavlar dəyişdirilsin və komissarlar təyin edilsin. O hallarda ki, pristav etibarlı polis işçisidir, onu sahə komissarı adlandırıb, öz vəzifəsini yerinə yetirməkdə saxlamaq olar"[2]
Daha sonra Rəhim Hüseynov Moskvada Xalq Milli İşlər Komissarlığında şöbə müdiri kimi çalışan Rəhim Hüseynov Bakıya dönmüşdür. O, burada sıra ilə Azərbaycan SSR xalq əmək komissarının müavini, Azərbaycan Kommunist Partiyası Laçın Qəza Komitəsinin katibi, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan SSR xalq ictimai təminat komissarı, Azərbaycan SSR Sənaye Şurası İdarə Heyətinin sədri kimi vəzifələrdə çalışmışdır.[1]
Rəhim Hüseynov dəfələrlə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir.[1]