Dövlət Müdafiə Komitəsi və ya qısaca: DMK — 1919-cu ilin yazında Denikin ordularının Azərbaycana hücum təhlükəsi ilə bağlı olaraq ölkənin müdafiəsi məqsədilə yaradılmış xüsusi hərbi qurum.[1]
1919-cu il mayın axırlarında Şimali Qafqazı və Dağıstanı tutan Denikin ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Azərbaycan Xalq Cümhuriyyəti xarici təcavüz təhlükəsi qarşısında qaldı. Bu vaxt Cümhuriyyət Parlamentinin bir neçə iclasında hökumətin sədri Nəsib bəy Yusifbəylinin iştirakı ilə Denikin ordularının Azərbaycana hücumu məsələsi müzakirə olundu. 1919-cu il iyunun 5-də parlamentin 45-ci iclasında müxtəlif fraksiyaların üzvləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cövdət Pepinov, Səməd ağa Ağamalıoğlu, Əsədulla Əhmədov, Abdulla bəy Əfəndizadə, Qara bəy Qarabəyov, V.Bakradze və b. çıxış edərək, partiya və fraksiya mənsubiyyətlərindən asılı olmayaraq, Parlament üzvlərinin və xalqın bütün qüvvələrinin Denikin ordusuna qarşı mübarizəyə səfərbər olunmasının zəruriliyini vurğuladılar. Bununla bağlı iyunda "Müsavat" partiyası ilə sosialistlər bloku Bakıda Denikinə qarşı izdihamlı mitinq — küçə yürüşü keçirdilər.
Denikin təhlükəsi ilə bağlı Parlament Hökumət daxilində ölkənin müdafiəsini təşkil edə biləcək işlək heyətin yaradılması barədə qərar qəbul etdi. Beləliklə, 5 nəfər Hökumət üzvündən ibarət DMK yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 9 iyun tarixli qərarı ilə yaradılmış həmin komitənin tərkibinə Nazirlər Şurasının sədri, hərbi nazir, yollar naziri, xarici işlər naziri və ədliyyə naziri daxil idilər.
DMK 1919-cu il iyunun 11-də Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan etdi. DMK-nın digər qərarına əsasən, hakimiyyətə və hakimiyyət nümayəndələrinə qarşı cinayət əməlləri, dövlətə xəyanətlə bağlı bütün işlər ümumi məhkəmələrdən alınaraq, hərbi məhkəməyə verildi. Sentyabrın 13-də Bakı müdafiə rayonunun rəisi vəzifəsi təsis olundu və o, həm də əvəzçiliklə Bakı hərbi general-qubernatoru vəzifəsini tuturdu. Bakı şəhər rəisliyinin ərazisi və şəhər rəisinin özü hərbi general-qubernatora, Bakı müdafiə rayonunun rəisi isə hərbi nazirə tabe idi. 1919-cu il oktyabrın 26-da Bakı şəhər rəisliyi ərazisindəki bütün yerli polis orqanları, o cümlədən əksinqilabla mübarizənin təşkili Bakı müdafiə rayonunun rəisinə tabe edilmişdi.
Təşkilati tədbirlərlə yanaşı, Komitənin bütün qalan tədbirləri də həm Denikin ordusu, həm də bolşeviklər tərə-findən gözlənilən təhlükəyə qarşı respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəldilmişdi. Bu məqsədlə Azərbaycanın şimal sərhədləri möhkəmləndirildi, Bakıya dənizdən gözlənilən hücuma qarşı artilleriya müdafiəsi quruldu.[1]
Dövlət Müdafiə Komitəsinin Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan olunması haqqında 1919-cu il 11 iyun tarixli qərarı. Azərbaycan sərhədinə doğru irəliləyən Denikin qoşunlarının təcavüz təhlükəsinin qarşısını almaq məqsədilə verilmişdi. Qərara əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin bütün ərazisində hərbi vəziyyət elan olunur və müvəqqəti olaraq bir sıra məhdudiyyətlər tətbiq edilirdi. Hərbi vəziyyətlə əlaqədar bir sıra cinayət əməlləri (dövlət hakimiyyətinə qarşı qiyam, silahlı müqavimət, Azərbaycan Parlamenti və Hökuməti üzvlərinin həyatına sui-qəsd, hərbi hissələrə və hərbi qarovullara basqın, dəmir yollarına, rabitə əhəmiyyətli tikililərə ziyan vurmaq və s.) ümumi təhqiqatdan alınaraq, hərbi məhkəmənin icraatına verilirdi. Hakimiyyət tərəfindən razılıq verilməmiş kütləvi, siyasi mitinqləri təşkil və onlarda iştirak etmək, odlu silah, sursat və partladıcı maddələrdən istifadə, onların saxlanılması və ticarəti qadağan olunurdu. Silah saxlanılması ilə əlaqədar əvvəllər verilmiş icazələr qüvvədən düşmüş hesab edilir və silahı olan şəxslərdən üç gün ərzində onları yaxınlıqdakı hərbi hissəyə və ya polis orqanına təhvil vermək tələb olunurdu. Qərarla müəyyən edilmiş məhdudiyyətlərin icra olunması ilə bağlı daxili işlər nazirliyinə, qubernatorlara, polis orqanlarına müvafiq səlahiyyətlər də verilmişdi.[1]