Azərbaycanda bədii keramika sənəti

XVIII əsr keramika nümunələri. Heydər Əliyev Mədəniyyət Mərkəzi

Azərbaycanda bədii keramika sənəti —Bədii keramika Azərbaycan sənətkarlığının ən qədim sahələrindən biri olub və bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını Neolit dövrünə aid edirlər. Əvvəlcə, əsasən qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən bir sıra texniki nailiyyətlər və bədii təkamül nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdi. Yerli sakinlərdə estetik təsəvvürlərin formalaşması keramik məmulatda da tədricən dekorativ xüsusiyyətlərinin artmasına gətirib çıxarmışdır. Sadə həndəsi və nəbati motivlər əvvəlcə qoruyucu və ovsun mahiyyətli olmuş, tədricən, onların dekorativ xüsusiyyətləri kəşf olunduqca, bəzək sistemlərinə çevrilmişlər.

İbtidai dövrdə zoomorf keramik qabların meydana gəlməsi qədim insanlarda totеmistik və animistik anlayışların yaranması ilə əlaqələndirilir. Bu məmulatların ayin təyinatlı olması həmin qabların yalnız qəbir inventarında rast gəlinməsi ilə izah olunur.

Tunc və dəmir dövrü keramikasının ayrıca istiqamətini boyalı qablar mədəniyyəti təşkil edir. Tunc və dəmir dövrünü əhatə edən rəngli keramika mədəniyyəti bizə daha çox bədii ifadəli dekorasiyanın yeni imkanlarını və axtarışlarını nümayiş etdirir. Naxçıvanın Kültəpə adlanan nekropolunda aşkar olunmuş polixrom keramika bu sənətin yeni inkişaf mərhələsini əks etdirir. Bu dövrün bədii keramikasındakı dekor prinsipləri və bir çox motivləri Ön Asiya, Yaxın Şərq sivilizasiyaları ilə bədii-texnoloji əlaqələrin, təmasın olmasını sübut edir. Azərbaycan ərazisində mövcud olmuş antik Albaniya (Qafqaz) dövlətinin keramika sənətinə artıq Yunan-Roma sənətkarlığının təsiri izlənməkdədir. Yaloylu təpə (Qəbələ) keramikasının konstruktiv və plastik xüsusiyyətləri bu mədəni kontaktların bariz nümunəsidir.

Arxeoloji qazıntılar zamanı əldə edilmiş tapıntılar göstərir ki, keramika erkən orta əsrlərdə də Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olmuşdur. Azərbaycanın Qəbələ, Beyləqan, Bakı, Mingəçevir, Naxçıvan və s. yerlərindən tapılmış saxsı məmulatları bu növün bədii və texnoloji xüsusiyyətləri haqda bizə ətraflı məlumatlar verərək, keramik məmulatda dekorativliyin artmasını nümayiş etdirirlər. Şirəaltı və şirəüstü keramika rəngkarlığı, ştamp və s. texnoloji üsulların bədii ifadə vasitələri yeni materialların tətbiqi ilə müşayiət olunur. Lyustr (lustreware) şirələrinin tətbiqi belə dekorativliyi artıran amillərdən biri olmuşdur. Əldə olan məlumatlar göstərir ki, bu əsrlərdə Azərbaycanda əhali arasında külli miqdarda istifadə edilən saxsı məmulatları əsas etibarı ilə fırlanan dulusçuluq dəzgahı vasitəsilə düzəldilirdi. Dulusçu dəzgahından çıxmış sürahi, tabaq, küpə, fincan, çıraq, kasa və s. saxsı məmulatları özünün hamarlığı, formasının dəqiqliyi və yaxşı bişirilməsi ilə artıq fərqlənirdi.

Qara rəngli keramika

[redaktə | mənbəni redaktə et]
Qaracilalı gil küpə

Alimlər qədim dövr Azərbaycan dulusçuluğunu iki böyük hissəyə bölürlər. Bunlardan birincisi, qırmızı gil keramika, ikincisi, cilalanmış qara rəngli keramikadır.[1] Qədim dulusçuluq məmulatlarının qırmızı və qara rəngdə olmasının sirrini ilk dəfə Türkiyənin dulusçuluq sənəti üzrə araşdırıcısı Nuru paşa açdı. İndi artıq məlumdur ki, gil qablar kürədə bişərkən, gilin tərkibində olan dəmir duzları istiliyin təsiri nəticəsində dəmir oksidinə çevrilir. Dəmir oksidləri isə bişmiş qablara qırmızı, çəhrayı, qəhvəyi, sarımtıl qırmızı rənglər verir. Qədim dulusçular gil qabları bu rənglərdən azad edib, onlara qara və boz rənglər vermək üçün texnoloji üsul axtarıb tapmışlar. Onlar bu üsulu kəşf edərkən fiziki qanuna, maddələrin istidən genişlənib, soyuqdan sıxılması qanununa əsaslanmışlar.

Cilalanmış qara rəngli keramikanın yayılma ərazisi daha geniş olmuşdur. Bu tip keramikanın inkişafı eneolit dövründə başlayıb tunc dövründə ən yüksək zirvəsinə çatmışdır. Bu cür keramikaya Xanlar, Mingəçevir, Daşkəsən, Qazax və s. bölgələrin ərazisində tez-tez təsadüf edilir. Bu keramikadan düzəldilmiş qab-qacaqlar öz formalarından daha çox üzərindəki bəzəkləri ilə diqqəti cəlb edir. Arxeoloqlarımız bu tip keramika nümunələri üzərində rast gəlinən naxış elementlərinin adi bəzək deyil, qədim yazı növləri (piktoqram) olduğu fikrini də irəli sürmüşlər. Qazax bölgəsinin Babadərviş adlı qədim yaşayış məskənindən bu tip yazılı qablar xüsusi ilə çox tapılmışdır. Qara keramika üzərində rast gəlinən müxtəlif mahiyyətli şəkil, naxış nümunələri o dövrdə əsasən iki üsulda icra olunurdu. Bunlardan biri cızma, o birisi isə inkrustasiya idi. Onu da qeyd etmək lazımdır ki, qara keramika mədəniyyəti bu dövrdə tək Şimali Azərbaycanda yox, Cənubi Azərbaycan ərazisində də öz yüksək inkişaf mərhələsini keçirmişdir.

Heyvan təsvirli gil qab

IX əsrdən başlayaraq Azərbaycanda şirli qabların bədii tərtibatını zənginləşdirmək üçün anqob adlanan gil məhluldan istifadə etmişlər. Anqob elə gildən hazırlanmalı idi ki, kürədə bişəndən sonra öz təbii rəngini saxlamış olsun. Anqob gilləri ağ, qırmızı, çəhrayı, sarı və başqa rənglərdə olsun. Anqob məhlul saxsı qabın həm daxili, həm də xarici səthinə çəkilməklə onun təbii qırmızı və ya boz rənginin üstünü örtürdü. Beləliklə, anqob şir ilə çəkilmiş təsvirlər və naxışlar üçün hamar və rəngli fon yaradırdı.

Şirli qablar üç vəzifə daşıyırdı: həm yemək qoyulmaq üçün işlənir, həm də otaqları, süfrələri bəzəyirdi. Bundan əlavə qablardan memorial məqsədlər üçün də istifadə edilirdi. Odur ki, bir çox qabların içində şerlərdən parçalara, quran ayələrinə və yaxud dulusçu ustaların adlarına rast gəlirik.

İlk orta əsrlərin sonlarından başlayaraq Azərbaycanda bədii keramika istehsalı daha yüksək səviyyəyə çatmışdı. Monqol işğalına qədər davam etmiş bu yüksəliş dövründə keramikada güclü kəmiyyət və keyfiyyət dəyişikliyi baş vermişdi. Ayaqla hərəkətə gətirilən çarxın meydana gəlməsi, müxtəlif dulusçuluq mərkəzlərində şirli qablar istehsalının başlanması, polixrom keramikanın kütləvi şəkildə tətbiq edilməsi yüksək keyfiyyətli saxsı məmulatının istehsalı üçün daha əlverişli şərait yaradırdı. Keramik qabların üzərində artıq ornamental kompozisiyalarla bərabər – süjetli motivlərə də rast gəlinir. Böyük ölçülü dekorativ buludlarda belə kompozisiyalar daha çox rast gəlinir. Bu dövrdə keramika sənətinin yayılması arealı Azərbaycanın demək olar ki bütün şəhər və vilayətlərini əhatə edirdi. Bir çox yaşayış məntəqələrində, o cümlədən Beyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində Azərbaycanda şirsiz və şirli qablar istehsalının yüksək səviyyədə olduğunu sübut edən çoxlu materiallar aşkar edilmişdir.[2]

Səfəvilər dövründə

[redaktə | mənbəni redaktə et]

Keramika sənətinin inkişafında yeni mərhələni Səfəvilər dövrünün kübar incəsənəti təşkil edir. Bir çox hallarda saray karxanalarında peşəkar sənətkarlar tərəfindən hazırlanmış keramik qabların çeşidində, formasında və dekorunda saray mədəniyyətinə xas incəlik, zəriflik və kübarlıq bərqərar olunur. Belə saray keramikası bir çox hallarda xalq sənətkarlığının inkişafına təsir göstərərək, kütləvi istehsalda da dekorativ keyfiyyətlərin artmasına gətirib çıxarır.

Səfəvilər dövründə keramika sənətinin dulusçuluq istiqaməti ilə bərabər, yeni, memarlıq keramikası istiqaməti də çiçəklənir. Sarayları, malikanələri və dini tikililəri bəzəyən kaşıkarlıq sənəti keramikanın yeni bədii imkanlarını nümayiş etdirdi. Ornamental və süjetli kaşı rəngkarlığı interyer və eksteryerlərin aparıcı dekor sistemlərini müəyyən edirdilər. Dekorativ keramik pannolar şəklində yaradılan belə dekor sistemləri saray memarlığının ayrılmaz hissəsinə çevrilirlər.

Keramik qab-qacaq istehsalı da bu dövrdə yüksək mərhələyə qalxır. İncəliklə səciyyələnən səfəvi keramikası üzərində çox sıx ornamental kompozisiyalara və kitab miniatürlərindən bəhrələnən, klassik ədəbiyyat süjetlərini əks etdirən süjetli kompozisiyalar meydana gəlir. Saray həyatını, məişətini, personajlarını əks etdirən süjetli motivlər farfor üzərində böyük incəliklə təsvir olunurlar.

Xanlıqlar dövründə məişət keramikası

[redaktə | mənbəni redaktə et]

Müstəqil Azərbaycan xanlıqlarının mövcud olduqları XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəlində dulusçuluq istehsalının aparıcı sahəsi kimi daha çox məişət keramikasından söhbət açmaq olar. Azərbaycanın dulus ustaları məişətin müxtəlif sahələrində işlədilən çoxlu gil məmulatları hazırlayırdılar. Tədqiqatlar göstərir ki, məişətdə işlədilən dulusçuluq məhsulu öz təyinatına görə bir neçə qrupa bölünür. Bunların arasında su qabları, yemək qabları, süd məhsulları üçün qablar, evlərin qızdırılması və işıqlandırılması üçün nəzərdə tutulan qablar əsas yer tuturdular.[3]

Təkcə məişətdə işlədilən su qablarının bir neçə növü su daşımaq üçün (səhəng, cürdək, bardaq, sərhəng, kuzə), su saxlamaq və süfrədə işlətmək üçün (küp, sürahi, qurqur, dolça, parç, tayqulp), yuyunmaq və dəstəmaz almaq üçün (aftafa, lüləyin və s.) bir sıra müxtəlif təyinatlı saxsı qablar istehsal edilirdi. Ümumiyyətlə isə, orta əsrlərdə dulus ustaları 50-dən çox müxtəlif növlü qab-qacaq istehsal etməyi bacarırdılar.

Xanlıqlar dövrünə aid arxiv sənədlərində və digər yazılı mənbələrdə Azərbaycanın Şamaxı, Şəki, Ərdəbil, Təbriz, Naxçıvan, Gəncə, Ordubad və s. şəhərlərində saxsı məmulatının istehsalı barədə məlumat verilir. Bu məlumatlardan aydın olur ki, Şəki xanlığının bir çox kəndlərində və Nuxada gil qablar hazırlayırdılar. Təkcə Şəki şəhərində saxsı səhəng istehsal edənlərin sayı 29 nəfərə çatırdı.

Digər xanlıqlarla müqayisədə Naxçıvan xanlığında saxsı qablar istehsalı haqqında məlumat daha çoxdur. Lakin əksər hallarda bu məlumatlar bir-birilərini təkrar edirlər. Naxçıvan xanlığının Rusiya tərəfindən işğalı dövründə NaxçıvanOrdubad şəhərlərinin hər birində 12 dulusçu emalatxanası fəaliyyət göstərirdi. Ordubaddakı dulusçu emalatxanalarından biri yararsız hala düşmüş karvansarada yerləşirdi. Xanlığın Təzəkənd adlı yaşayış məntəqəsində Naxçıvan hakimi Ehcan xana məxsus saxsı səhəng istehsal edən emalatxananın fəaliyyət göstərməsi haqqında da məlumat var.

Dulusçuluq istehsalının Bakıda da mövcud olması ehtimalını irəli sürmək olar. Şəhərin ətrafındakı müxtəlif növ gil yataqları burada saxsı qabların istehsalı üçün əlverişli şərait yaradırdı. 1946-cı ildə şəhərin qala hissəsində aparılmış qazıntı işləri zamanı XVII-XVIII əsrlərə aid edilən xeyli miqdarda şirli qablar – kasa, boşqab, badya və s. tapılmışdır ki, bunların da əksəriyyəti yerli istehsalın məhsulları idilər. Bu dövrdə dulus məmulatı ilə bərabər kaşıkarlıq sənəti də öz çiçəklənmə dövrünü keçirir. Feodal hakimlərin saraylarını bəzəyən kaşılı süjetli və ornamental pannolar, buxurdanlar və hamam divarların xarici səthləri keramik lövhələrdən ibarət dekorativ kompozisiyalarla zənginləşdirilirlər. Şəki xanlarının sarayı keramik dekorla divar rəngkarlığı dekorunun sintezini özündə əks etdirir.

XIX – XX əsrlərdə

[redaktə | mənbəni redaktə et]
Gəncə Çini qablar zavodunda rəssamların əl ilə qab naxışlaması

XIX – XX əsrin əvvəllərində keramik pannolar artıq Bakı milyonçularının malikanələrini bəzəyirlər. Klassik müsəlman Şərqinə xas dekor motivləri burada Avropa dekorativ və təsviri sənətinə xas motivlər ilə vəhdət təşkil edirlər. Ağsu şəhəri yaxınlığında aşkar olunmuş və XIX əsrə aid saray kompleksi qalıqlarından tapılmış keramik lövhə üzərində Qacarlar üslubuna uyğun “aşiq – məşuq” süjeti təsvir olunmuşdur. Qacarlar dövründə saray mədəniyyətinin çiçəklənməsi keramika sənətinin inkişafına da güclü təkan verir. Keramik məmulatın çeşidi genişlənir və bu üsluba uyğun olaraq, qab-qacaq, müxtəlif mücrülər, qəlyanlar, qələmdanlar və lampalar süjetli medalyonlarla bəzədilirlər. Əsasən miniatür portretlərin, məhəbbət səhnələrinin və əyləncələrin şirəüstü və şirəaltı üsul ilə keramik əşyaların üzərində təsviri aparıcı dəb kimi geniş yayılır.

XX əsrdə və müasir dövrdə bədii keramika sənəti bu sahədə olan zəngin ənənələri davam etdirərək, yeni-yeni texnoloji üsullarla zənginləşmişdir. Keramika sənətkarları daha mürəkkəb keramik formaların tətbiqi ilə bərabər dekorativ ifadə vasitələrində də yeniliklər yaratmışlar.

XX əsrin ilk yarısında keramikanın inkişafı Lətif Kərimov ilə bağlı idi. Onun əsərlərinə medalyonda respublika gerbi (1939), pambıq güllər və gövdələr ilə bəzədilmiş vaza daxildir. Həmçinin 1962-ci ildə G.U.Hüseynovun tərtib etdiyi qəhvə dəsti kimi yeni qab formaları ortaya çıxmağa başladı. Ənənəvi formaların yeni tərtibatları da işlənməyə başladı.[4] Rəssam L.Ağamalovanın "Dekorativ vaza" əsərində onun əvvəllər sevdiyi, kütləvi qaydada buraxılan məhsullar üçün yaratdığı və istifadə etdiyi göy və qara şirdən uzaqlaşaraq, bütünlüklə ənənəvi xalq keramikasına müraciət etmişdir.[5] Buna əlavə olaraq keramikanın miniatür rəsmləri ilə (Təbriz miniatür məktəbi) bəzədilməsinə başlandı. O.Y.Şıxəliyevin "Fərhad və Şirin" vazası (1958) bunun bir nümunəsidir.[4]

Sovet dövrü illərində Azərbaycanda fəaliyyət göstərmiş Bədii Fondun keramik emalatxanasından çıxan keramika əsərləri və onların müəllifləri bir çox ümumittifaq və beynəlxalq sərgilərdə diplom və sertifikatlarla təltif olunmuşlar. Müasir keramika ustaları sırasında Zahid Hüseynovun, Ədalət Bayramovun, Saleh Məmmədovun, İmran Kərimovun, Nailə Sultanovanın və b. adlarını çəkmək olar. Keramik pannolar, qab-qacaq, keramik park heykəltəraşlığı və digər müasir keramika sənətinin istiqamətləri bu qədim sənətin hazırkı inkişaf mərhələsini və səviyyəsini əks etdirirlər.

Sovet dövründə çini və saxsıdan hazırlanan heykəl fiqurlarının kütləvi istehsalına başlanır. Çini və saxsıdan düzəldilmiş xalq müdriki Molla Nəsrəddinin satirik hekayələrindən olan obrazlar, bəstəkar Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasından personajlar, H.Abdullayevin "Yeddi gözəl" çini fiqurları bunlara misal göstərilə bilər.[5]

1970–1980-ci illərdə Moskva, Sankt-Peterburq, Tiflisdə və başqa şəhərlərdə təhsil almış keramika üzrə mütəxəssis rəssamlara Zahid Hüseynovu, Ş.Abbasovu, Məzahir Avşarı, Eldar Məmmədovu və başqalarını misal göstərmək olar. Məzahir Avşar "Xürrəmilər" kompozisiyası, "Afşaran" vazası, "Nəsimiyə" həsr edilmiş bədii nimçələr, Türkiyədə keramikadan hazırlanmış "Totem" xatirə-abidəsi ilə məşhurdur.[5]

1950-ci illərdə bədii keramikanın maraqlı növlərindən biri sayılan mayolika da geniş inkişaf etməyə başlayır. Yerli istehsalat bazasında yaradılan mayolika bir çox ictimai və inzibati binaların dekorativ bəzədilməsində geniş tətbiq olunmağa başlandı.[5] 1980-ci illərin sonundan başlayaraq ictimai binaların, metro stansiyalarının interyer və eksteryerlərində dekorativ keramika kompozisiyalarından bol istifadə olunurdu. Bunlara misal olaraq, "Yaşıl Teatr"da, Kondisionerlər zavodunun fasadında, Uşaq stomatoloji klinikasının və "28 may" metro stansiyasının interyerində, Şamaxı şəhərinin girəcəyində şamotdan "Şamaxının inkişafının tarixi" adlı keramik panno (Nicat Qocamanlı, 1979-cu il), Dəniz kənarı bulvarda Kukla teatrının tərtibatını (Rasim Rzayev, 1986) mial göstərmək mümkündür.[6]

  1. Azərbaycan İncəsənəti. Bakı.1992.
  2. Əfəndi R.S. Azərbaycan dekorativ-tətbiqi sənətləri. Bakı 1976.
  3. Əliyev V.Q. Azərbaycanda tunc dövrünün boyalı qablar mədəniyyəti. Bakı 1977.
  4. Наджафова Н. Художественная керамика. Б., Изд-во «Язычы», 1983.
  1. "Keramika". www.intangible.az. 2019-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  2. "Şirli qablar üzərində çizilmiş Azərbaycan tarixi". www.senet.az. 6 aprel 2015. 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  3. "Azərbaycanda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub bu günə qədər öz əhəmiyyətini saxlayan peşə - Dulusçuluq". www.anl.az. 3 may 2011. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2019.
  4. 1 2 The Grove Encyclopedia of Islamic Art and Architecture, 2009. səh. 243
  5. 1 2 3 4 Əfəndi R. Azərbaycan incəsənəti. — Б.: Şərq-Qərb, 2007. — 160 с. — ISBN 978-9952-34-116-4.
  6. Emin ƏLƏKBƏROV. XX əsr Azərbaycan memarlıq abidələrində monumental bədii keramika nümunələri Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. "Musiqi dünyası" № 2 (79) 2019.