Heydər Əliyev Mədəniyyət Mərkəzi

Heydər Əliyev MərkəziAzərbaycanın paytaxtı Bakı şəhərində, Heydər Əliyev prospektində inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzi. Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir. Mərkəz Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin adını daşıyır. Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovdur.[2] Mərkəz müasir Bakının simvollarından biri hesab edilir.

Heydər Əliyev Mərkəzi
Mərkəzin əsas fasadının görünüşü.
Mərkəzin əsas fasadının görünüşü.
Xəritə
Ümumi məlumatlar
Növü mədəniyyət mərkəzi
Memarlıq üslubu futurizm
Ünvan Heydər Əliyev prospekti
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı
Koordinatlar 40°23′43″ şm. e. 49°52′01″ ş. u.HGYO
Şərəfinə adlandırılıb Heydər Əliyev
Təntənəli açılış tarixi 10 may 2012-ci il
Qiymət $250 milyon USD (təxmini)[1]
Texniki detallar
Material beton, şüşə, plastika
Lift/qaldırıcılar 3
Torpaq 15,93 ha
Dizayn və konstruksiya
Memar Zaha Hadid
Memarlıq şirkəti Zaha Hadid Architects
Veb-sayt
heydaraliyevcenter.az
HƏM (Bakı)
HƏM
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mərkəzin loqosu Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini, ölkənin sabahını simvolizə edir. Mərkəzin loqosunun rəngi – gümüşü rəng özündə bütün maneələri aşmağı, hədəfə doğru addımlamağı ehtiva edir. Gümüşü rəng liderlik, mübarizlik, dinamiklik, müdriklik, şəffaflıq, inkişaf və innovasiya rəmzidir.

Loqonun xətləri Heydər Əliyev Mərkəzinin binasının anlamı ilə həmahənglik yaradaraq Azərbaycanın dinamik inkişafını, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini, Vətənə, xalqa bağlılığı yaşatmaq kimi dəyərlərlə gələcəyə irəliləyişi təcəssüm etdirir.

Heydər Əliyev Mərkəzinin loqosu qurumun üzərinə düşən vəzifələri rəmzi olaraq təsvir etməklə yanaşı, milli və bəşəri dəyərlərin, dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi şüarını tərənnüm edir.

Mərkəzin "Gələcəyə dəyərlərlə!" şüarı da bu ideyadan yaranıb.[3] Xalq arasında "İmza Sarayı" adı ilə də tanınır.

Mərkəzin direktoru Anar Ələkbərov Endi Uorholun "Həyat, ölüm və gözəllik" sərgisinin açılışında.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli , 1886 nömrəli sərəncamı əsasında yaradılan mərkəzin əsasnaməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli 709 nömrəli fərmanı ilə təsdiq edilmişdir.[3] Mərkəz Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.[4]

Hazırda mərkəzin yerləşdiyi ərazidə əvvəllər Səttarxan adına zavod fəaliyyət göstərmişdir. Zavod 16 ha ərazini əhatə edirdi. Zavodun başqa əraziyə köçürülməsindən sonra, təmizlənmiş ərazidə inşaat işlərinə başlanılmışdır.[5] 10 sentyabr 2007-ci ildə binanın təməli qoyulmuşdur.[4] Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin Əsasnaməsi təsdiq edilmişdir.[6]

Mərkəz 101,801 m² ərazini əhatə edir.[7][8] Binanın tikinti prosesi, dünyanın ən mürəkkəb və maraqlı müasir memarlıq layihələrinə həsr edilən, Discovery ScienceDiscovery Channel vasitəsiylə yayımlanan məşhur Build It Bigger verilişində işıqlandırılmışdır. Verilişdə Denni Foster qeyd edir ki, "Bu sadəcə mədəniyyət mərkəzi deyil, həm də dünyada öz yerini tutmaq üçün bir vasitədir."[9]

10 may 2012-ci ildə mərkəzin təntənəli açılış mərasimi olmuş və bu hadisə Heydər Əliyevin 89-cu doğum gününə təsadüf etmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva da iştirak etmişlər.[5]

2013-cü ilin oktyabrında Heydər Əliyev Mərkəzi Sinqapurda keçirilən Dünya Memarlıq Festivalında təqdim edilmişdir.[10][11]

2014-cü ilin iyununda Heydər Əliyev Mərkəzinin binasının dizaynına görə "Design Museum" təşkilatı Zaha Hadidə "İlin dizaynı 2014" mükafatını verib. Zaha Hadidə mükafat Bakıda təqdim edilib[12].

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kompleksin ərazisi 15,93 hektardır.[7] Kompleksin layihəsində demək olar ki, düz xəttlərdən istifadə edilməmişdir.[8] Bina özü dalğavari quruluşa malik olmaqla yerlə təmas edərək düzgün və harmonik görüntü formalaşdırır. Belə bir memarlıq quruluşu postmodernist memarlığı təmsil etməklə, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir.[8] Binanın xəttləri sanki keçmişlə gələcəyin birləşməsini simvolizə edir.

Mərkəzin binasının daxili və xarici dizaynı arasında həmahənglik və qarşılıqlı əlaqə bu məkanı daxilən də hamıya yaxınlaşdırır. Çünki Mərkəz yaşından, irqindən, dinindən, cinsindən asılı olmayaraq hər kəsi öz ideyaları ətrafında birləşdirməyi qarşıya məqsəd qoyub.[3]

Binanın auditoriumu

Binanən inşası zamanı, ümumi uzunluğu 90 km olan dəmir konstruksiyalar şəbəkəsindən istifadə edilmişdir. Dam örtüyünün quraşdırılması zamanı, ümumi sahəsi 4 ha olan və 12027 ədəd xüsusi tərkibli müxtəlif ölçülü və üçbucaq, düzbucaqlı, trapesiya, paraleloqram həndəsi formalı panellərdən istifadə olunmuşdur.[8]

Mərkəzin inşasında istifadə olunmuş ağ rəng parlaq gələcəyin simvolu olmaqla, həm də memarlıq detallarının seçilməsi məqsədini güdür.[8] Ağ rəng sayəsində bina üzərinə düşən işıq şüaları əks olunaraq onu tamamilə əhatə edir və binanın qabarıq hissələrini bir qədər artıq vurğulayır.[8]

Əsas binadan başqa kompleksə yeraltı avtomobil dayanacağı və 13,58 ha əraziyə malik park da daxildir.[8] Binanın zirvəsi 74.1 metrdir. Kompleksin ərazisində 2 dekorativ hovuz və süni göl var.[8]

Mərkəzin məqsədi

[redaktə | mənbəni redaktə et]

Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir. Heydər Əliyev Mərkəzi, həmçinin digər ölkələrin analoji qurumları, araşdırma mərkəzləri ilə elm, təhsil, mədəniyyət, iqtisadiyyat, idman, ekologiya kimi müxtəlif sahələrdə birgə layihələr həyata keçirir.[3]

Mərkəzin əsas binası üç böyük hissədən ibarətdir: Heydər Əliyev Muzeyi, sərgi zalları və "Auditorium". Binanın doqquz mərtəbəli hissəsində sərgi zalları, ofislər, həmçinin kafelər yerləşir. Dörd mərtəbəli "Auditorium" hissəsində iki konfrans salonu, görüş otaqları və media mərkəzi yerləşir.[8] Binada həmçinin təbii ağaclar və bitkilərdən təşkil olunmuş landşaft ərazisi də formalaşdırılmışdır. Binanın tərkibində müxtəlif interaktiv məlumat köşkləri vardır ki, burada mərkəzə gələn ziyarətçilər burada keçirilən tədbirlər və sərgilər haqqında məlumat əldə edə bilərlər.[8]

Sərgi zalları

[redaktə | mənbəni redaktə et]

"Azərbaycan inciləri"

[redaktə | mənbəni redaktə et]

Mərkəzin birinci mərtəbəsində "Azərbaycan inciləri" adlı sərgi fəaliyyət göstərir. Sərgidə ölkənin tarixi və mədəni irsini əks etdirən unikal eksponatlar nümayiş etdirilir. Sərgidə Azərbaycan tarixinin bütün dövrlərini, həmçinin mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən eksponatlar vardır.[13]

Sərgidə arxeoloji ekspedisiyalar zamanı Qobustan dövlət tarixi-bədii qoruğundan aşkarlanmış qayaüstü təsvirlər, numizmatika məmulatları, zinət əşyaları, orta əsrlərə aid gil və keramika nümunələri, Tövrat, İncilQuranın qədim əlyazmalarını görmək mümkündür. Eksponatlar arasında həmçinin müxtəlif regionlara məxsus Azərbaycan milli geyim nümunələri və müxtəlif məktəblərə xas Azərbaycan xalçaları da vardır. Burada həm də qədim Azərbaycan musiqi alətləri də sərgilənir ki, ziyarətçilər onlara yaxınlaşmaqla, həm də alətlərin səslənməsini dinləyə bilirlər.

"Mini Azərbaycan"

[redaktə | mənbəni redaktə et]

İkinci mərtəbədə yerləşən "Mini Azərbaycan" sərgisində Bakıda və eləcə də Azərbaycanın digər bölgələrində yerləşən və tarixi-memarlıq əhəmiyyətinə malik 45 binanın maketi sərgilənir. Ziyarətçilər həm azərbaycan dilində, həm də ingilis dilində sərgilənən binaların tarixi və memarlığı haqqında məlumat ala bilirlər.[13]

Sərgilənən binalar arasında orta əsrlərə (Qız qalası, Möminə Xatun türbəsi), XIX əsrə (Bakı vağzalı, Azərbaycan Dövlət Filarmoniyası, İsmailiyyə Sarayı), SSRİ dövrünə (Hökumət Evi, Yaşıl teatr), XXI əsrə (Bakı Kristal Zalı, Alov qüllələri) aid binalarla yanaşı, tikilməkdə olan binalar (Bakı Olimpiya Stadionu, Azərbaycan Respublikası Dövlət Neft Fondu) da vardır.[14]

"Azərbaycana xoş gəlmisiniz"

[redaktə | mənbəni redaktə et]

Mərkəzin üçüncü mərtəbəsində "Azərbaycana xoş gəlmisiniz" adlı sərgi yerləşir.[5] Burada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənətitəbiətinə aid eksponatlar sərgilənir.[15] Sərgini ziyarət edənlər Azərbaycanın müxtəlif regionlarında yerləşən təbiətmemarlıq abidələrinin fotolarını görə bilərlər. Burada Naxçıvandakı Möminə Xatun türbəsi, Kiş kilsəsi, Şirvanşahlar saray kompleksi, Yanardağ və sair görməli yerlərlə tanış olmaq olar.

Azərbaycan mətbəxi fotoları

[redaktə | mənbəni redaktə et]

Dördüncü mərtəbədə yerləşən "Azərbaycan mətbəxi fotoları" sərgisində Azərbaycanın mətbəx mədəniyyəti təqdim edilir. Burada Fransada yaşayıb-yaradan tanınmış amerikan fotoqrafı Peter Lippmanın çəkdiyi fotolar yerləşdirilib.[5] Fotolarda Azərbaycan milli mətbəxinə xas olan plov, dolma, küftə-bozbaş, çörəklavaşla yanaşı, müxtəlif şirniyyatlar (paxlava, şəkərbura), həmçinin ənənəvi armudu stəkanda çay da görmək mümkündür.

Meksika heykəltaraşı Xorxe Marinin mərkəzdə keçirilən "Varlığın canlanması" sərgisindən.

Heydər Əliyev muzeyi

[redaktə | mənbəni redaktə et]

Mərkəzin ən cəlbedici hissələrindən birində Heydər Əliyev Muzeyi fəaliyyət göstərir. Dizaynı və burada tətbiq olunan yeni texnologiyaları ilə fərqlənən muzey Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirir. Burada Heydər Əliyevin həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir. Heydər Əliyev haqqında çəkilən filmləri izləmək istəyənlər üçün müasir avadanlıqlarla təchiz edilmiş xüsusi zal fəaliyyət göstərir. Muzeydə maraq doğuran bölmələrdən biri də ümummilli liderin müxtəlif ölkə rəhbərləri ilə görüşlərini əks etdirən multimediya zalıdır.

Muzeyin "Beynəlxalq əlaqələr" bölməsində məlumatlar xüsusi qlobus vasitəsilə çatdırılır. Belə ki, qlobusun üzərində yerləşən hər hansı ölkənin adına toxunduqda, Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində keçirdiyi görüşlər ekranda öz əksini tapır.

Muzeydə təqdim olunan Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr də nümayiş etdirilən eksponatlar siyahısındadır[16].

29 iyun 2012-ci ildə Heydər Əliyev Mərkəzində Krans Montana Forumunun rəsmi açılış mərasimi baş tutmuş, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Makedoniya Respublikası prezidenti Georgi İvanov, Monteneqro prezidenti Filipp Vuyanoviç, Gürcüstan prezidenti Mixeil Saakaşvili, həmçinin bir çox dövlətlərin rəsmi nümayəndələri və biznes dairələri təmsilçiləri iştirak etmişlər.[17]

3 iyul 2012-ci ildə mərkəzdə, Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin yolasalma mərasimi olmuşdur. Tədbirdə Azərbaycan Respublikasının prezidenti və Azərbaycan Milli Olimpiya Kompitəsinin sədri İlham Əliyev və onun həyat yoldaşı Mehriban Əliyeva da iştirak etmişlər. Mərkəzin foyesində Azərbaycanda Olimpiya Hərəkatını əks etdirən fotoların sərgiləndiyi stendlər quraşdırılmışdı. Mərasimdə İlham Əliyev nitq söyləmişdir.[18]

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 8-ci dəfə keçirilən yarışda ölkə üzrə 49 ali təhsil müəssisəsinin tələbələri iştirak edib. Artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin öyrənilməsinə, gənclər arasında maarifləndirməyə yönəlib. İştirakçılar "Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri", "Heydər Əliyev və Qarabağ həqiqətləri", "Azərbaycanın Vətənmüharibəsindəki zəfəri", "Qarabağın dirçəlişi" və digər mövzulardakı suallar üzrə biliklərini sınayıblar.

"Həyat, ölüm və gözəllik"

[redaktə | mənbəni redaktə et]
Endi Uorholun "Sonuncu şam yeməyi" əsəri Heydər Əliyev Mərkəzində sərgidə.

21 iyun 2013-cü ildə Heydər Əliyev Mərkəzində, Canni Merkurionun kuratorluğu ilə ABŞ rəssamı Endi Uorholun 85 illik yubileyinə həsr edilmiş "Həyat, ölüm və gözəllik" adlı sərgisi açılmışdır. Azərbaycanda birinci dəfə keçirilən sərgidə müəllifin qısametrajlı filmləri də daxil olmaqla yüzə yaxın əsəri nümayiş etdirilmişdir.[19] Sərgidə sənətkarın çəkdiyi fotolar, dünya mədəniyyətinin ulduzlarının portretləri və "Çiçəklər" (ing. Flower), "Kamuflyaj" (ing. Camouflage), "Sonuncu şam yeməyi" (ing. The Last Supper), "Dua edən kişi əlləri" (ing. Male Hands Praying), "Elektrik stulu" (ing. Electric Chair) kimi rəssamlıq nümunələri sərgilənmişdir. Sərgi 6 avqust[20] — 9 sentyabr[19] tarixləri arasında davam etmişdir.

Tahir Salahovun "Sənə bəşəriyyət!" əsəri də Heydər Əliyev Mərkəzində sərgilənən əsərlər arasında idi.

"Əsrlərin qovşağında"

[redaktə | mənbəni redaktə et]

1 oktyabr — 6 noyabr tarixlərinə Heydər Əliyev Mərkəzində Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun "Əsrlərin qovşağında" adlı fərdi sərgisi keçirilmişdir. Ekspozisiyada məşhur fırça ustasının müxtəlif illərdə çəkdiyi rəsmlər, həmçinin xalça üzərindəki əsərləri nümayiş olunacaq. Onların sırasında Heydər Əliyevin portreti, həmçinin Qara Qarayev, Dmitri ŞostakoviçMstislav Rostropoviçin portretləri, "Aydan", "Səhər. Abşeron", "Koroğlu" tabloları, "Odlar yurdu" – "Atəşgah", "Xəzər bu gün", "Qız qalası" və digər məşhur əsərləri də var.[21]

"Küknar" Beynəlxalq İncəsənət Festivalı

[redaktə | mənbəni redaktə et]

21 dekabr 2013-cü ildə Heydər Əliyev Mərkəzində "Küknar" Beynəlxalq İncəsənət Festivalının açılışı olmuşdur. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak etmişdir.[22] Həmçinin, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov açılış nitqi ilə çıxış etmişdir.[23]

"Küknar" Beynəlxalq İncəsənət Müsabiqəsi çərçivəsində 2014-cü ilin tam fərqli tərtibatda bəzədilmiş Yeni il ağacları təqdim edilib. On səkkiz müxtəlif tanınmış, eləcə də gənc heykəltaraş və rəssamın iştirak etdiyi layihədə Yeni il küknarını bu dəfə tam fərqli dizaynda, tam fərqli ideyanın məhsulu kimi görmək imkanı yaradılıb. İki aya yaxın davam edən bu incəsənət müsabiqəsində rəssam və heykəltaraşların eskizləri əsasında hər biri 3 metrdən çox hündürlükdə olan qeyri-adi formalı küknar ağacları hazırlanıb. Soyuğa və istiyə davamlı müxtəlif materiallardan hazırlanan bu ağaclar rəssamlar tərəfindən dizayn edilərək bəzədilib.[24]

"Nurlu sənət dünyası" vitrajlar sərgisi

[redaktə | mənbəni redaktə et]

2022-ci il 26 may tarixində Heydər Əliyev Mərkəzində Azərbaycanın Əməkdar rəssamı Ağasaleh Nurinin "Nurlu sənət dünyası" adlı fərdi sərgisi açılıb.[3]

Beynəlxalq əlaqələr

[redaktə | mənbəni redaktə et]

Heydər Əliyev Mərkəzi bir sıra beynəlxalq təşkilatlar, xaricdəki həmkar təşkilatlar, muzeylər və sərgi mərkəzləri ilə sıx əlaqə saxlayır. Mərkəz, Avstriya, Belçika, Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Sloveniya, Türkiyə və s. ölkələrin müxtəlif təşkilatları, muzey və sərgiləri ilə müştərək əməkdaşlıq nəticəsində tədbirlər və sərgilər təşkil etmişdir. Eyni zamanda Böyük Britaniya, İsrail, İtaliya, Macarıstan, Rumıniya, Rusiya, Türkiyə, Yaponiya və digər ölkələrdə bir sıra layihələr həyata keçirmişdir. Mərkəz bu günədək müxtəlif beynəlxalq təşkilatların üzvüdür.[25]

Beynəlxalq Sərgilər və Tədbirlər Assosiasiyası (IAEE)

[redaktə | mənbəni redaktə et]

Assosiasiyanın əsas məqsədi tədbirlərin və sərgilərin təşkili ilə əlaqəli agentliklərə mənbələr və məlumatlar vasitəsilə sərgi sənayesinin inkişafında dəstək verməkdir. Mərkəz 17 sentyabr 2013-cü il tarixindən IAEE üzvüdür.

Beynəlxalq Konqres və Konqres Assosiasiyası (ICCA)

[redaktə | mənbəni redaktə et]

ICCA, hazırda 90 üzv dövlətlə beynəlxalq tədbirlərin təşkili və yerləşdirilməsi sahəsində dünyanın aparıcı assosiasiyasıdır. Mərkəz 10 oktyabr 2013-cü il tarixindən etibarən ICCA üzvü olmuşdur.

Beynəlxalq Konqres Mərkəzləri Assosiasiyası (AIPC)

[redaktə | mənbəni redaktə et]

15 sentyabr 2014-cü il tarixindən etibarən Heydər Əliyev Mərkəzinin də üzv olduğu assosiasiya, hazırda 50-dən çox üzv dövlətin iştirak etdiyi konqres mərkəzləri və sərgi salonlarının peşəkar menecerlərini birləşdirir.

Tədbir Təşkilatçıları Assosiasiyası (AEO)

[redaktə | mənbəni redaktə et]

Assosiasiya tədbirlərin idarə olunması, istifadə olunması və satışı ilə məşğul olan təşkilatları birləşdirir. Təhlükəsizlik və davamlılıq məsələlərində, eləcə də texniki və maliyyə məsələlərində ən yaxşı təcrübələrin bölüşdürülməsi 15 dekabr 2014-cü il tarixindən etibarən Heydər Əliyev Mərkəzinin də üzvü olduğu AEO-nun əsas məqsədini təşkil edir.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Habertürk kanalında Fatih Altaylının "Teke-Tek" proqramında Heydər Əliyev Mərkəzinin israf olduğunu, bəyənmədiyini deyib.[26][27][28][29]

  1. "Fire Strikes Heydar Aliyev Center In Baku". July 20, 2012. May 18, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 20, 2017.
  2. About Us — Structure Arxivləşdirilib 2018-10-13 at the Wayback Machine // Mərkəzin rəsmi saytı.
  3. 1 2 3 4 5 "HAQQIMIZDA" (az.). https://heydaraliyevcenter.az. Archived from the original on 2022-11-13. İstifadə tarixi: 28 dekabr 2022.
  4. 1 2 Heydər Əliyev Mərkəzi Arxivləşdirilib 2013-11-24 at the Wayback Machine // Heydər Əliyev Fondunun rəsmi saytı
  5. 1 2 3 4 Ильхам Алиев принял участие в церемонии по случаю 89-й годовщины со дня рождения великого лидера и 8-й годовщины начала деятельности Фонда Гейдара Алиева Arxivləşdirilib 2021-09-17 at the Wayback Machine // Azərbaycan Prezidentinin rəsmi saytı. — 10 may 2012.
  6. Heydər Əliyev Mərkəzinin Əsasnaməsi Arxivləşdirilib 2018-10-13 at the Wayback Machine, Mərkəzin rəsmi saytı.
  7. 1 2 Heydar Aliyev Centre Arxivləşdirilib 2013-08-24 at the Wayback Machine // Zaha Hadidin rəsmi saytı.
  8. 1 2 3 4 5 6 7 8 9 10 symbol Arxivləşdirilib 2018-10-13 at the Wayback Machine // Mərkəzin rəsmi saytı.
  9. "Build It Bigger: Azerbaijan's Amazing Transformation" (ingilis). YouTube. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-15.
  10. "In pictures: World Architecture Festival 2013 Awards" (ingilis). BBC. 2013-07-03. 2013-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-15.
  11. "Shortlist 2013. WAF Completed Buildings » Culture" (ingilis). Dünya Memarlıq Festivalının rəsmi saytı. 2013-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-15.
  12. "Arxivlənmiş surət". 2014-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  13. 1 2 Ильхам Алиев ознакомился с созданным в Центре Гейдара Алиева Музеем Гейдара Алиева Arxivləşdirilib 2014-01-12 at the Wayback Machine // Azərbaycan prezidentinin rəsmi saytı. — 9 may 2013.
  14. Наиля Абдуллаева, В. Т. Выставочный зал "Мини-Азербайджан" в Центре Гейдара Алиева Arxivləşdirilib 2021-09-19 at the Wayback Machine // www.1news.az. — 15 avqust 2013
  15. "Welcome to Azerbaijan" Exhibition hall, 3rd floor Arxivləşdirilib 2018-10-13 at the Wayback Machine // Mərkəzin rəsmi saytı.
  16. "Bakıda unikal muzey". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-30.
  17. Ильхам Алиев принял участие в официальном открытии Форума Кранс Монтана Arxivləşdirilib 2021-09-17 at the Wayback Machine // Azərbaycan Prezidentinin rəsmi saytı. — 29 iyun 2012.
  18. Ильхам Алиев принял участие в церемонии проводов азербайджанской делегации, которая примет участие в ХХХ летних Олимпийских играх в Лондоне Arxivləşdirilib 2021-09-17 at the Wayback Machine // Azərbaycan Prezidentinin rəsmi saytı. — 3 iyul 2012
  19. 1 2 The opening ceremony of Andy Warhol: Life, Death and Beauty has been held at the Heydar Aliyev Center Arxivləşdirilib 2018-10-13 at the Wayback Machine // Mərkəzin rəsmi saytı.
  20. August 6 has been announced as an Open Day for the exhibition "Andy Warhol. Life, Death and Beauty" Arxivləşdirilib 2018-10-13 at the Wayback Machine // Mərkəzin rəsmi saytı.
  21. "Tahir Salakhov's solo exhibition will be launched at the Heydar Aliyev Center". 2018-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-18.
  22. Heydər Əliyev Mərkəzində "Küknar" Beynəlxalq İncəsənət müsabiqəsi çərçivəsində məxsusi dizaynda hazırlanmış əsərlərin təqdimat mərasimi olub. Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine, heydar-aliyev-foundation.org, 21. dekabr 2013
  23. Центр Гейдара Алиева дал старт международному конкурсу искусств "KÜKNAR". Arxivləşdirilib 2021-09-25 at the Wayback Machine, day.az, 21. dekabr 2013
  24. "KÜKNAR" beynəlxalq incəsənət sərgisi və müsabiqəsi keçiriləcək. Arxivləşdirilib 2018-10-13 at the Wayback Machine, heydaraliyevcenter.az, 21. dekabr 2013
  25. "Arxivlənmiş surət". 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.
  26. "Ərdoğan Heydər Əliyev mərkəzi haqda danışıb". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.
  27. "Ərdoğan "Heydər Əliyev Mərkəzi"nin memarını israfçılıqda qınadı — Video". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.
  28. "Ərdoğan Heydər Əliyev mərkəzi haqda danışıb". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.
  29. Ərdoğan Heydər Əliyev Mərkəzini bəyənməyib Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine (türk.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]