Azərbaycanda ipəkçilik

Azərbaycan qədim zamanlardan bəri Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əlayəti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa bölgələrində da ipəkçilik istehsalı çox inkişaf etmişdir. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu. Azərbaycanda ipəkçilik həm qədim vaxtlarda, həm də müasir dövrdə əhalinin əsas fəaliyyət növlərindən biri olmuşdur. Fərziyyələrə görə, ipəkçiliklə bağlı işlərlə burada təxminən 2000 ildən artıqdır ki, məşğul olurlar.

Artıq V–VI əsrlərdə Azərbaycanın iqtisadiyyatında ipəkçilik mühüm yer tutmuşdur. Antik dövr Alban tarixçisi M. Kalankaytuklu özünün "Alban tarixi" kitabında Kür çayı sahillərində çoxlu tut ağacının bitdiyini, ondan, əsasən, ipək parça istehsalında xammal kimi istifadə olunduğunu göstərmişdir. Azərbaycanın təbii şəraiti bu ölkəni bir çox əsrlər boyu dünyanın ipəkçilik mərkəzlərindən birinə çevirmişdir. Şamaxıda, ŞəkidəAzərbaycanın digər guşələrində istehsal olunan ipək parçalar zəngin təbiətli diyarın bütün rənglərinin coşqunluğunu özündə əks etdirmişdir.

Qarabağın ipəkçilik müəssisələri əsasən ŞuşaCəbrayıl qəzalarında yerləşirdi. XX əsrin əvvəllərində Şuşa qəzasında 12, Cəbrayıl qəzasında isə 5 ipəkəyirən fabrik var idi. Bu fabriklərin bəziləri maşınla, buxar qazanları ilə təchiz edilmiş iri fabriklər idi. Qarabağın ipəkçilik sənayesində hətta səhmdar cəmiyyətlər də fəaliyyət göstərirdi. Belə səhmdar cəmiyyətlərdən biri hələ XX əsrin başlanğıcında Şuşa qəzasında yaradılmışdı. Bu səhmdar cəmiyyətin 6 ipəkəyirən, 2 ipəkeşən və 3 baramaboğan fabriki var idi. Bu fabriklər əsas etibarilə Şuşa qəzası ərazisində yerləşmişdi. Yalnız iki baramaboğan fabrik- biri Yelizavetpol quberniyasının Güzlər kəndində və o biri Zaqafqaziya dəmir yolunun Samtredi stansiyasında idi. Bütün fabriklər o dövr üçün müasir olan texnika əsasında qurulmuşdu. Səhmdar cəmiyyətin əsas kapitalı 500 min manata bərabər idi.

XV əsrin 70-ci illərində Şamaxı şəhərində olmuş İtaliya səyyahı Kontarini yazırdı ki, bu şəhərdə yüksək keyfiyyətli ipək parçalar hazırlanır. Həmin dövrlərdə Şamaxıdan Rusiyaya, İraqa, Suriyaya və başqa ölkələrə daha çox ipək aparılırdı. XVI–XVII əsrlərdə də Şirvan ipək istehsalına görə Yaxın Şərqdə öz üstünlüyünü saxlaya bilmişdi. Şirvan ipəyinin xeyli hissəsi yenə də AsiyaAvropanın bir çox ölkələrinə göndərilirdi. Xarici ölkələrə satışa göndərilən ipəkdən əlavə məhsulun xeyli hissəsi daxildə ipək toxuculuğunu təmin etmək üçün istifadə edilirdi. XVII əsrin 30-cu illərində Azərbaycanda olmuş Adam Olearinin verdiyi məlumata görə, burada hər il 10–20 min tay xamna toplanırdı. Ondan 3000 tay Şirvanın, 2000 tay Qarabağın payına düşürdü (hər tay təxminən 5,5 pud idi). Deməli, hər il Şirvanda 16,5 min pud, Qarabağda isə 11 min puda qədər xamna istehsal olunurdu.

Vaxtilə Şəkidə ipəkçiliyin qədim tarixə malik olması, respublikada ən iri ipək fabriklərinin burada fəaliyyət göstərməsi nəzərə alınaraq ilk növbədə Elmi Mərkəzdə ipəkçiliklə əlaqəli tədqiqatlara başlandı. Yeni, yüksək məhsuldar, xəstəliyə davamlı və istehsalatın bütün tələblərinə cavab verə bilən tut ipəkqurdunun xətt, cins və hibridlərinin yaradılması qarşıya məqsəd qoyuldu. Ona görə də SSRİ-nin bütün ipəkçilik rayonlarından, eləcə də xarici ölkələrdən ipəkqurdu toxumları gətirilib, hər biri ayrı-ayrılıqda bəslənərək damazlıq üçün baramalar seçilib götürüldü. Həmin cinslərin bioloji və texnoloji göstəriciləri müəyyən edilərək, çox yüksək keyfiyyətli xətlər gələcək cinsdaxili seleksiya işlərində tətbiq edildi. Nəticədə tut ipəkqurdunun yüksək yaşama qabiliyyətli, baramaları asan açılan, ipək çıxımı çox olan UN, UF, Şəki-1, Şəki-2 kimi dörd yeni xətti yaradıldı. Uzun illər əlaqəli aparılan tədqiqatlar nəticəsində dörd yeni cinsi yaradıldı. Qeyd edim ki, yerli şəraitə uyğunlaşdırılmış bu toxumların baramalarının yüksək texnoloji göstəriciləri vardır. Son illərdə Şəkinin ipəkçilikdə qazandığı keçmiş şöhrətini özünə qaytarmaq məqsədilə xeyli işlər görülür, müəyyən tədbirlər həyata keçirilir. Şəhər icra hakimiyyəti tərəfindən 2006-cı ilin avqust ayında keçirilən İpək Bayramında nəinki keçmiş ittifaqın, hətta bir sıra xarici dövlətlərin nümayəndələrinin iştirak etməsi bu tədbirin möhtəşəmliyindən xəbər verir. Bu tədbirin yaddaqalan xoş təəssüratı bu istiqamətdə daha əhəmiyyətli bir addımın atılması ilə nəticələnmiş, icra hakimiyyəti ilə birlikdə əməkdaşlarımız tərəfindən 2008-ci ildə nəşr edilmiş "Şəki ipəyi uzaq karvan yollarında" kitabı (Z. Əlizadə, N. İbrahimov) çapdan çıxmış və çox böyük oxucu marağına səbəb olmuşdur.