Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı həbslər (2023–hal-hazırda)

Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı həbslər (2023–2024) — 2023-cü ilin noyabrında Azərbaycanın Birləşmiş Ştatlar və qərblə münasibətlərinin pisləşməsi fonunda vətəndaş cəmiyyəti nümayəndələrinə və azad medialara qarşı aparılan total həbslər dalğasıdır. Həbslərə 2023-cü ilin noyabrın 20-də araşdırmaları ilə tanınan "AbzasMedia" nəşrinin təsisçisi Ülvi Həsənlinin və baş redaktoru Sevinc Vaqifqızının həbs edilməsi ilə başlanılmışdır. Ümumi olaraq noyabr-yanvar ayları ərzində "AbzasMedia"nın rəhbəri Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, jurnalistləri Nərgiz AbsalamovaElnarə Qasımova, həmçinin araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilmişdir. Onların hər birinə qarşı "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılmışdır. İstintaq müddəti ərzində "Abzas Media işi" ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) şahid qismində çağırılanların sayı 15-dən çox olmuşdur.

Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı həbslər (2023—2024)
Tarix 20 noyabr 2023 —
Yeri Azərbaycan
Səbəbi • Azərbaycan hökuməti tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinə, azad mediaya qarşı aparılan total həbslər (iddia)
• Qaçaqmalçılıq (rəsmi)
Nəticəsi AbzasMedianın ofisi bağlandı, rəhbərləri və işçiləri həbs edildi
Toplum TV-nin ofisi bağlandı, təsisçisi və işçiləri həbs edildi
• Demokratik Təşəbbüslər İnstitutunun (IDI) ofisi bağlandı, rəhbəri və işçiləri həbs edildi
• III Respublika Platformasının ofisi bağlandı, rəhbəri və üzvləri həbs edildi
Qurbanlar
Həbs olunanlar 17 nəfər

Jurnalistlərə qarşı həbslər 2024-cü ilin mart ayında da davam etmiş, martın 6-da Toplum TV ofisinə basqın edilmiş, nəticədə media orqanının üç işçisinə qarşı eyni maddələr üzrə cinayət işi açılmışdır. Həmçinin həmin ofisdə yerləşən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) təsisçisi və rəhbəri Akif Qurbanov və institutun işçiləri Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev barəsində isə "qaçaqmalçılq" maddəsi ilə cinayət işi açılmışdır. Hadisədən 2 gün sonra Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli də eyni iş üzrə həbs edilmişdir.

Aprel ayında Azərbaycan parlamentinin fəaliyyətini monitorinq edən "Meclis.info" nəşrinin təsisçisi İmran Əliyev, bir həftə sonra isə insan haqları fəalı Anar Məmmədli də "qaçaqmalçılq" maddəsi üzrə həbs edilmişdirlər.

Bu dönəm ərzində həm də Milli Şuranın üzvü Tofiq Yaqublu, Vətəndaş Hüquqları İnstitutunun işçisi, hüquq müdafiəçisi İlhamiz Quliyev də daxil olmaqla ona yaxın ictimai fəal və partiya fəalı da müxtəlif ittihamlar üzrə həbs edilmişdir.

Ümumi olaraq 2023-cü ilin noyabrından 2024-cü ilin aprelinə qədər Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı aparılan təqiblər zamanı azı 17 nəfər həbs edilmişdir.

2024-cü il martın 6-da, saat 16:00 radələrində sosial mediada Toplum TV-nin və III Respublika Platformasının ofislərinə polis basqınının olması ilə bağlı xəbərlər yayılmışdır.[1] Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin məlumatına əsasən paytaxtın Nərimanov rayonu Y. V. Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polislər tərəfindən əməliyyat-axtarış tədbirləri aparılmışdır.[2] Toplum TV-nin ofisə baqsın zamanı 16 nəfər saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılmışdır.[3] Saat 22:00 radələrində on nəfər Alya Ağayeva, Cavid Ramazanov, Ceyhunə Həsənli, Cəmilə Əzimova, Fidan Əlicanova, Gülyetər Mahmudova, Pərvanə Qurbanlı, Sadiq Məmmədov, Samir Ağazadə və Taleh Bədəlov sərbəst buraxılmışdır.[3] Toplum TV-nin redaktoru[4] Müşfiq Cabbar, texniki işçisi Elmir Abbasov və müxbiri Fərid İsmayılov, həmçinin həmin ofisdə yerləşən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) işçiləri Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev barəsində isə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılmışdır.[3] III Respublika Platformasının ofisində aparılan əməliyyat-axtarış tədbirləri zamanı isə platformanın qurucuları Akif Qurbanov, Araz Əliyev və Ruslan İzzətli saxlanılmışdır. Əliyev və İzzətli axşam saatlarında sərbəst buraxılsa da, Akif Qurbanov barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılmışdır. Şəhla Hümbətovanın sözlərinə görə axtarış zamanı Qurbanovun evindən sənədlər götürülüb, daha sonra isə platformanın ofisinə 30 min avro yerləşdiriblər və sonra götürüblər.

  1. Qafqazinfo. "Toplum TV-nin ofisində və digər ünvanlarda axtarış aparılıb". www.qafqazinfo.az (az.). 2024-05-14. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  2. Səlcuq Elçin / Azəri Press Agentliyi. "Toplum TV-nin ofisində axtarış aparılıb". www.apa.az (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  3. 1 2 3 Tapdıq Fərhadoğlu və Türkan Bəşir / The Voice of America. "Toplum TV-nin ofisi möhürlənib, cinayət işi açılıb". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  4. Toplum TV. "Toplum TV — BİZ KİMİK?". www.toplum.tv (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.