Ələsgər Məmmədli

Dos. Ələsgər Əhməd oğlu Məmmədli (24 may 1968, Quzanlı, Ağdam rayonu) — azərbaycanlı hüquqşünas, media hüququ üzrə ekspert[2], Beynəlxalq Tədqiqat və Mübadilə Şurasının (IREX) Azərbaycan Yeni Media Layihəsinin (ANMP) rəhbəri (2005–2014), Media Hüququ İnstitutunun həmtəsisçisi (2002), "Sivil Toplum Platforması"nın qurucu üzvü (2016)[3], "Toplum" TV-nin təsisçisi (2016)[4]; 2002-ci ildən hüquqşünaslar və jurnalistlər üçün yüzlərlə təlimlərin aparıcısı olmuş, 2002–2014-cü illərdə InternewsIREX təsisatlarında çalışmışdır.

Dos. Ələsgər Məmmədli
Doğum tarixi (56 yaş)
Doğum yeri Ağdam rayonu, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Günay Məmmədli[1]
Təhsili İstanbul Universiteti (B)
TODİE (M)
Fəaliyyəti media hüququ üzrə ekspert
Fəaliyyət illəri 2002—

2024-cü il martın 8-də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə həbs edilmiş, yerli və beynəlxalq insan hüquqları təsisatları tərəfindən siyasi məhbus olaraq qəbul edilmiş, onun azadlığa buraxılması üçün beynəlxalq insan hüquqları təsisatları tərəfindən Azərbaycana çağırışlar edilmişdir. Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətininin İstintaq Təcridxanasında saxlanılır.

Ələsgər Məmmədli 1968-ci il mayın 24-də Ağdam rayonunun Quzanlı qəsəbəsində müəllim ailəsində anadan olub. 1985-ci ildə Ağdam rayon Quzanlı qəsəbə tam orta məktəbini bitirib. 1991-ci ildə İstanbul Universitetinin Hüquq bölməsinə daxil olub və 1996-cı ildə oradan məzun olub. 1999–2001-ci illərdə isə Ankarada Türkiyə və Yaxın Şərq İdarəçilik Akademiyasında (TODAİE) hüquq və idarəetmə ixtisası üzrə magistr dərəcəsi alıb.

Könüllü olaraq 1993-cü ildə təhsilini yarımçıq qoyaraq bir qrup tələbə dostları ilə Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcərin müdafiəsi uğrunda gedən döyüşlərdə olmuşdur. Bir müddət sonra təhsilini davam etməsi üçün dövlət onları geri qaytarmışdır.

Evlidir. 2 övladı var.

Ələsgər Məmmədli İstanbul Vəkillər Kollegiyasında bir illik kursu tamamladıqdan sonra Türkiyə Ağır Cəza Məhkəməsində vəkil olaraq təcrübə keçib. 1994-cü ildə "Uğur Avize LTD" özəl şirkətində hüquq məsləhətçisi olaraq çalışıb.[5], 1996–1999-cu illərdə isə həmin şirkətdə kommersiya hüququ üzrə məsləhətçisi və xarici əlaqələr üzrə müşavir vəzifələrini icra edib.[5] Eyni zamanda 1998–1999-cu illərdə "Milliyyətçi Hərəkat" qəzetində hüquqşünas-məsləhətçi olaraq da çalışıb.[5]

Azərbaycana qayıtdıqdan sonra 2002–2005-ci illərdə Birləşmiş Ştatların kütləvi informasiya vasitələrinin inkişafına yardım edən beynəlxalq humanitar təsisatı olan Internews təşkilatında hüquqşünas olaraq çalışıb.[5] Burada o, medianın hüquqi müdafiəsi və jurnalistlərin müdafiəsi mövzularında çoxsaylı təlim seminarları aparıb.[5] Bu müddət ərzində Ələsgər Məmmədli "Jurnalistin hüquq məsləhətçisi", "Teleradio Yayımı Düzənləmə Qurulları", "Medianın Seçkilərdə İştirakının Hüquqi Əsasları""Azərbaycanda İctimai Yayım" kitablarının müəlliflərindən olub.[5] Həmçinin 2004-cü ildə Internews media layihəsi çərçivəsində Media Hüququ İnstitutunun həmtəsisçisi olub.[5]

Daha sonra isə 2004–2014-cü illərdə Birləşmiş Ştatların müstəqil medianın gücləndirilməsi və plüralist vətəndaş cəmiyyətinin inkişafına yardım edən Beynəlxalq Tədqiqat və Mübadilə Şurasında (IREX) hüquqşünas və rəhbər olaraq çalışıb.[5]

2002–2013-cü illərdə Media Hüququ İnstitutunda jurnalistlərin, media işçilərinin, gənc hüquqşünasların hüquqi maarifləndirilməsinə həsr olunmuş 200-dən çox təlim seminarı aparıb.[5] 2009–2013-cü illərdə Amerika Hüquqşünaşlar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü (ABA-CEELİ) və DAI təsisatı tərəfindən aparılan 40-dan çox təlim seminarında gənc hüquqşünasları maarifləndirib.[5]

2016-cı ilin fevralında Ələsgər Məmmədli vətəndaş cəmiyyətinin tanınmış simaları, hüquq müdafiəçiləri və jurnalistlərlə biegə "Sivil Toplum Platforması"nın təsisçilərindən olmuşdur.[3] Platforma Azərbaycanda baş verən prosesləri müzakirə masasına çıxarmaq, ətraflı fikir mübariləsi aparmaq və konkret nəticələr əldə etmək məqsədilə yaradılmışdır.[3]

Həmin il o, həm də insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət edən "Toplum" TV-nin hüquqi təsisçisi olmuşdur.[4]

ANS Media Akademiyasında media hüququ müəllimi olmuşdur. 2009–2013-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika bölməsində jurnalistlər üçün televiziya, radio və internet yayımı üzrə hüquq fənnini tədris etmişdir.[5] Həmçinin 2023–2024-cü illərdə ADA Universitetinin Hüquq bölməsində Cinayət hüququ üzrə müəllim olaraq çalışıb.

2005-ci ildən ATƏT, Avropa Şurası və digər regional və beynəlxalq təsisatların media hüququ üzrə eksperti olaraq fəaliyyət göstərib.

Media hüququ, seçki hüququ, yerli özünüidarəetmə hüququ, informasiya əldə etmək hüququ, konstitusiya hüququ və insan hüquq və azadlıqları sahəsini əhatə edən onlarla kitab, elmi məqalənin müəllifidir. Məqalələri yerli və xarici nəşrlərdə çap edilib. Hüquqşünaslar və jurnalistlər üçün yüzlərlə təlimlərin aparıcısıdır.

Həbs edilməsi

[redaktə | mənbəni redaktə et]

2023-cü ilin noyabrından Azərbaycanda müstəqil jurnalistlər və vətəndaş nümayəndələrinin həbsi dalğası başlamışdır. 2023-cü ilin noyabr-yanvar ayları ərzində araşdırmaları ilə tanınan "AbzasMedia" nəşrinin rəhbərləri və reportyorları da daxil olmaqla 6 jurnalisti həbs edilmişdir.[6] 2024-cü il martın 6-da Daxili İşlər Nazirliyi tərəfindən Nərimanov rayonunda yerləşən "Toplum" TV-nin ofisində axtarış aparılmış[7], ofis möhürlənmiş[8], media orqanının işçiləri saxlanılaraq polis bölmələrinə aparılmış, sonda isə 6 nəfər barəsində "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılmışdır.

Ələsgər Məmmədli Xətai Rayon Məhkəməsinə gətirilən zaman (4 iyul 2024 / foto: VoA)

Hadisədən 2 gün sonra, martın 8-də Ələsgər Məmmədli Binəqədi rayonu ərazisində biopsiya üçün getdiyi özəl tibb müəssisəsinin önündə polislər tərəfindən saxlanılmışdır.[9][10][11] Həmin gün onun yaşadığı evdə axtarış aparılmış və 60 min avro pul tapıldığı iddia edilmişdir.[12] Ailə üzvləri pulun onlara məxsus olmadığını, əməliyyatçılar tərəfindən qoyulduğunu bildirmişdir.[12] Məmmədlinin vəkili Aqil Layıcın sözlərinə görə Ələsgər Məmmədlinin səhhətində ciddi problemlər vardır: "Səhhətində ciddi problemlər — boğazında, düz bağırsağında və prostatında əməliyyət zərurəti tələb edən şişlər var. Bu gün biopsiyaya gedən zaman saxlanılıb".[13] Nəticədə Ələsgər Məmmədli barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılmışdır.[1][14] Martın 9-da isə Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdir.[14] Aqil Layıcın sözlərinə görə cinayət işi üzrə heç bir maddi və prosessual əsas yoxdur.[14] Proses zamanı çıxış edən Ələsgər Məmmədli ittihamları rədd etmiş və həbsini ictimai fəaliyyəti ilə əlaqələndirmişdir.[14] İyulun 4-də Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs-qətimkan tədbiri 3 ay uzadılmışdır.[15]

Qardaşı Nəsimi Məmmədli onun müayinə və müalicəsi ilə bağlı konkret olaraq heç bir addımın atılmamasının həyatını həqiqətən də təhlükəyə saldığını bildirmişdir.[16] Martın 11-də Aqil Layıc həbs qətiimkan tədbiri qərarının ləğvi ilə bağlı apellyasiya müraciəti etmişdir.[17] Martın 15-də[18] baş tutan prosesdə Bakı Apelyasiya Məhkəməsi onun azadlığa buraxılması məqsədə uyğun hesab etməmiş və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlamışdır.[19]

Ələsgər Məmmədlinin həbsi həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən sərt tənqid edilmişdir. Daxildə müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası, "Müsavat" Partiyası[20]Milli Şura baş verən həbsləri qınamışdır.[21] Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Ələsgər Məmmədlinin "qanun pozuntusuna yol verəcəyini ağlasığmaz" adlandırmış, həbsini pisləmişdir.[21] Professor Qulu Məhərrəmli isə son həbsləri söz və mətbuat azadlığına ciddi zərbə adlandırmış, "Ələsgər Məmmədlinin əcaib formada həbsi, evində axtarış aparılması, ona qarşı hansısa qanunu pozmaq ittihamının irəli sürülməsini absurd" hesab etmişdir.[21] İnsan haqları üzrə tədqiqatçı Arzu Qeybulla iqtidarın Toplum TV-yə təzyiqlərini son aylarda müxtəlif mövzularda Azərbaycana qarşı beynəlxalq tənqidlərə qarşı “qisas əməliyyatı” olaraq qiymətləndirmişdir.[22] Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç isə Azərbaycanda jurnalistlərə və vətəndaş cəmiyyəti üzvlərinə, həmçinin Ələsgər Məmmədli və Toplum TV-yə qarşı repressiyaların güclənməsindən dərin narahatlığını ifadə etmişdir.[23]

Ələsgər Məmmədli və "Toplum TV" işi üzrə həbs edilənlərlə bağlı Human Rights WatchAmnesty International beynəlxalq insan hüquqları təsisatları[24], Sərhədsiz Reportyorlar (RSF)[25][26], Jurnalistləri Müdafiə Komitəsi (CPJ)[27], Avropa Jurnalistlər Federasiyası (EFJ)[28], həmçinin Birləşmiş Krallığın Azərbaycan səfirliyi[29] bəyanatlar vermişdir, Azərbaycanı həbsdə olan jurnalistləri və fəalları azad etməyə çağırmışdır. ABŞ Dövlət Departamentiinin sözçüsü Metyu Miller həbslərdən “dərin narahatlığı”nı ifadə etmiş, Azərbaycanı fundamental azadlıqlarından istifadə edən vətəndaşlara qarşı təzyiqləri dayandırmağa çağırmışdır.[30] İyulda isə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Azərbaycan iqtidarını həbs edilən jurnalist və fəalların işinə yenidən baxmağa, əsassız yerə həbs edilən şəxsləri azad etməyə çağırmışdır.[31]

2024-cü il oktyabrın 24-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib. Parlament qətnaməsind COP29 ərəfəsində Azərbaycanda fəallara, jurnalistlərə, müxalifət liderlərinə qarşı nəzərəçarpacaq dərəcədə güclənən repressiyaları pisləyib. Qətnamədə Ələsgər Məmmədlinin də qeyd olunub.[32]

  • "Jurnalistin hüquq məsləhətçisi", Media Hüququ İnstitutu — İnternyus // Bakı — 2003-cü il, 208 səhifə; (həmmüəllif)
  • "Teleradio Yayımı Düzənləmə Qurulları", Media Hüququ İnstitutu — İnternyus // Bakı — 2003-cü il (həmmüəllif)
  • "Medianın Seçkilərdə İştirakının Hüquqi Əsasları", Media Hüququ İnstitutu — İnternyus // Bakı — 2003-cü il (həmmüəllif)
  • "Azərbaycanda İctimai Yayım", Media Hüququ İnstitutu — İnternyus // Bakı — 2004-cü il (müəllif)
  1. 1 2 JAM News. "Azerbaijan. Relatives of Toplum TV case detainees worry about their health". www.jam-news.net (ingilis). 2024-05-14. 2024-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  2. The International Research & Exchanges Board (IREX). "Alasgar Mammadli". www.irex.org (ingilis). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  3. 1 2 3 Информационное агентство и радио «Спутник». "Vətəndaş cəmiyyəti böhrandan çıxış yolları axtarır". www.sputnik.az (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  4. 1 2 Toplum TV. "Toplum TV — BİZ KİMİK?". www.toplum.tv (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 LinkedIn. "Alasgar Mammadli". www.linkedin.com (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
  6. Azadlıq Radiosunun Azərbaycan Xidməti. "'AbzasMedia işi' üzrə üç jurnalisti həbsdə saxlanıldı". www.azadliq.org (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  7. Azəri Press Agentliyi (APA). "Toplum TV-nin ofisində axtarış aparılıb". www.apa.az (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  8. AbzasMedia. ""Toplum TV"-nin ofisi möhürləndi". www.abzas.org (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  9. Committee to Protect Journalists. "Azerbaijani police raid Toplum TV, detain journalists over alleged currency smuggling". www.cpj.org (ingilis). 2024-05-14. 2024-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  10. Aytan Farhadova / OC Media. "Azerbaijan rejects detained Toplum co-founder's request for urgent biopsy". www.oc-media.org (ingilis). 2024-05-14. 2024-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  11. Ülviyyə Quliyeva / The Voice of America (VoA). "Ruslan İzzətli və Ələsgər Məmmədlinin saxlanıldığı bildirilir". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  12. 1 2 Pərvanə Bayramova / The Voice of America (VoA). "Ələsgər Məmmədli və Ruslan İzzətli şübhəli şəxs qismində saxlanılıblar". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  13. Nigar Mübariz / The Voice of America (VoA). "Aqil Layıc "Toplum Tv"-nin təsisçisi Ələsgər Məmmədlinin saxlanılması haqda". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  14. 1 2 3 4 Pərvanə Bayramova və Nigar Mübariz / The Voice of America (VoA). "Ələsgər Məmmədli və Ruslan İzzətli barədə 4 ay həbs qətimkan tədbiri seçilib". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  15. Ülviyyə Quliyeva / The Voice of America (VoA). ""Toplum TV işi" üzrə həbs olunan 4 nəfərin həbs qətimkan tədbiri uzadılıb". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  16. Pərvanə Bayramova və Tapdıq Fərhadoğlu / The Voice of America (VoA). "Nəsimi Məmmədli: Ələsgər Məmmədlinin həyatı həqiqətən təhlükədədir". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  17. Tapdıq Fərhadoğlu / The Voice of America (VoA). "Ələsgər Məmmədlinin həbsindən apellyasiya şikayəti verilib". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  18. Pərvanə Bayramova / The Voice of America (VoA). "Bakı Apellyasiya Məhkəməsi Ələsgər Məmmədli və Ruslan İzzətlinin şikayətinə baxacaq". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  19. Pərvanə Bayramova və Türkan Bəşir / The Voice of America (VoA). "Nəsimi Məmmədli: Məhkəmə belə qərar verib ki, onun azadlığa buraxılması məqsədə uyğun sayılmasın". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  20. Ülviyyə Quliyeva / The Voice of America (VoA). "Müsavat Partiyası mediaya təzyiqlərin dayandırılmasını tələb edir". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  21. 1 2 3 Tapdıq Fərhadoğlu / The Voice of America (VoA). "Azərbaycanda son həbslərə və media azadlığına tənqidi baxışlar". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  22. Eurasianet. "Azerbaijan: Shrugging off criticism over media arrests". www.eurasianet.org (ingilis). 2024-05-14. 2024-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  23. Caucasus Watch. "Council of Europe Denounces Azerbaijan's Treatment of Journalists". www.caucasuswatch.de (ingilis). 2024-05-14. 2024-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  24. Pərvanə Bayramova / The Voice of America (VoA). ""Amnesty International": Hakimiyyət müstəqil medianı hədəf almağı dayandırmalıdır". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  25. Emil Bağırov / The Voice of America (VoA). "Sərhədsiz Reportyorlar Azərbaycanda "saysız" jurnalist həbsini pisləyir". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  26. Emil Bağırov / The Voice of America (VoA). "Sərhədsiz Reportyorlar Ələsgər Məmmədlinin azadlığa buraxılmasına çağırıb". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  27. Emil Bağırov / The Voice of America (VoA). "CPJ Azərbaycan hakimiyyətini Toplum TV-yə qarşı təqibləri dayandırmağa çağırır". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  28. Emil Bağırov / The Voice of America (VoA). "EFJ Azərbaycanı həbsdə olan jurnalistləri və fəalları azad etməyə çağırır". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  29. @UK in Azerbaijan. "Britain is deeply troubled by the arrest of journalists from "Toplum Tv" and representative of the "3rd Republic" political movement. We call on 🇦🇿 to protect freedom of expression and the fundamental human rights, including those of all recently arrested media representatives.". www.twitter.com (ing.)). 15 may 2024. 15 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2024.
  30. RFE/RL's Azerbaijani Service. "Azerbaijani TV Station's Journalists Detained; U.S. 'Deeply Troubled'". www.rferl.org (ingilis). 2024-05-14. 2024-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  31. Emil Bağırov / The Voice of America (VoA). "BMT İnsan hüquqları Komissarı Azərbaycanı əsassız yerə həbs edilənləri azad etməyə çağırıb". www.amerikaninsesi.org (az.). 2024-05-14. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2024.
  32. Emil Bağırov / The Voice of America (VoA). "Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.