Elnarə Qasımova

Elnarə Qasımova (5 fevral 1996, Bakı) — azərbaycanlı reportyor, jurnalistsiyasi məhbus; 2018-ci ildən etibarən Açıq Azərbaycan, Meydan TV, Voice of America (VoA), BBC Azərbaycanca, Mikroskop MediaAbzasMedia da daxil olmaqla bir sıra müstəqil və tənqidçi medialarda çalışıb.

Elnarə Qasımova
Doğum tarixi (28 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti jurnalist, reportyor, siyasi məhbus
Fəaliyyət illəri 2018—

Jurnalist fəaliyyəti ərzində dəfələrlə təqiblər və təyziqlərlə, saxlanılmalarla üzləşən Elnarə Qasımova 2024-cü il yanvarın 13-də "AbzasMedia işi" üzrə şahid qismində ifadəsi alınması üçün dəvət olunduğu Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) saxlanılmış, barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildiкdə) ittihamı ilə cinayət işi açılaraq həbs edilmişdir. Onun həbsi bir sıra yerli və beynəlxalq hüquq müdafiəçiləri və insan haqları təsisatları tərəfindən sərt tənqid edilmişdir.

Hal-hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır.

Erkən həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Elnarə Qasımova 1996-cı il, fevralın 5-i Bakı şəhərində anadan olub. 2014-cü ildə Bakı Dövlət Rabitə və Nəqliyyat kollecini, 2016-cı ildə isə Bakı Jurnalistika Məktəbini bitirib. 2018-ci ildən jurnalistika fəaliyyəti ilə məşğuldur. O, bir neçə müstəqil media mərkəzlərində jurnalist kimi fəaliyyət göstərib. 2023-cü ilin oktyabr ayından etibarən “Abzas Media” üçün videolar istehsal edib.

Jurnalist fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2021-ci ildə feministlərin etiraz aksiyasını işıqlandıran Elnarə Qasımova həmkarları ilə birlikdə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların idarədə təhdid edilməsi və zorakılığa məruz qalması ilə bağlı səs yazısı yayılıb.[1]

Elnarə Qasımova "AbzasMedia" platformasında da aktiv fəaliyyət göstərib. "AbzasMedia", Azərbaycanda dövlət rəsmiləri və məmurlarının bizneslərini, o cümlədən 2020-ci ildən Qarabağda aparılan yenidənqurma işlərində iddia edilən korrupsiya halları ilə bağlı araşdırmalarla tanınan müstəqil media plaftormasıdır.

AbzasMedia tərəfindən 2022–2023-cü illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri, xarici işlər naziri Ceyhun Bayramov, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi müavini Bəylər Eyyubov, DTX rəisi Əli Nağıyevlə bağlı araşdırmalar, o cümlədən Heydər Əliyev FonduPAŞA Holdinq-ə aid tenderlər barədə materiallar dərc olunmuşdur. Həmçinin "Araşdırılmayan cinayətlər" seriyasında metropoliteninin sabiq rəisi Tağı Əhmədov, Slavyan Universitetinin sabiq rəhbəri Nurlana Əliyeva, sabiq Ordu Korpusunun Komandiri Hikmət Həsənov, sabiq mer Hacıbala Abutalıbov, sabiq deputat Elmira Axundova, sabiq nazir Hüseynqulu Bağırov və hazırda maliyyə naziri olan Samir Şərifovun adının hallandığı araşdırılmayan cinayətlər barədə də araşdırma materialları verilmişdir.

Həbs edilməsi

[redaktə | mənbəni redaktə et]

2023-cü il noyabrın 20-də "AbzasMedia"nın baş direktoru Ülvi Həsənli xarici dövlətə səfər məqsədilə evdən Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gedən zaman evinin yaxınlığında saxlanıldı.[2] Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılan Həsənlinin həm evində, həm də "AbzasMedia"nın ofisində axtarışlar aparıldı. Həsənlinin hüquqlarını müdafiə edən Zibeydə Sadıqovanın sözlərinə görə ofisdə 5 saat davam edən axtarış zamanı polislər tərəfindən guya 40 min avro məbləğində pul tapıldı. Noyabrın 20-dən 21-nə ötən gecə "AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızı həbs olunacağını bildiyi halda İstanbuldan Azərbaycana qayıtdı. Sevinc Vaqifqızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında polislər tərəfindən saxlanıldı.[3] Elə həmin gün onun mənzilində axtarış aparıldı. Sevinc Vaqifqızının hüquqlarını müdafiə edən Elçin Sadıqov axtarış zamanı heç bir qanunsuz əşyanın tapılmadığını bildirdi. Bununla belə, onların hər ikisinə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açıldı və barələrində həbs qətimkan tədbiri seçildi.[4]

Elnarə Qasımova “Abzas Media” işi ilə əlaqədar 2 dəfə - 24 noyabr 2023-cü il[5] və 13 yanvar 2024-cü ildə şahid qismində dindirilib.[6] Sonuncu çağırışda - 13 yanvar 2024-cü ildə şübhəli şəxs qismində tutulub. [7]O, dindirilməyə getməzdən əvvəl bunları deyib:

“Mən düşünmürəm ki, onlar məni dindirmək üçün çağırıblar. Onlar məni həbs edəcəklər. Mən bunu bilərək hazırlıqlı gedirəm. Bu qədər həbslərə baxmayaraq Abzas media hələ də fəaliyyətini davam etdirirdi. Görünür ki, mənim həbsimlə də onlar ümumiyyətlə Abzas medianı sıfırlamaq niyyətindədirlər.”

15 yanvar 2024-cü ildə isə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub. Həmin gün Bakı şəhər Xətai rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə, yəni, 13 mart 2024-cü ilədək həbs edilib.[8] Həmin məhkəmənin 7 mart 2024-cü il qərarı ilə isə həbsdə saxlanılma müddəti 3 ay, yəni 13 iyun 2024-cü ilədək uzadılıb. [9]10 iyun 2024-cü ildə keçirilən məhkəmə prosesində onun həbsdə saxlama müddəti daha 2 ay uzadılıb.[10] İşin istintaqını Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsi aparır. Elnarə Qasımova hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. O, istintaqa ifadələrində və məhkəmədə verdiyi izahatlarında ittihamı qəbul etmədiyini, özünü təqsirli bilmədiyini və jurnalist fəaliyyətinə görə cəzalandırıldığını bildirib.

Avropa Jurnalistlər Federasiyası,[11] Sərhədsiz Reportyorlar Təşkilatı,[12] Jurnalistləri Müdafiə Komitəsi,[13] Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu[14] Elnarə Qasımova və onun həmkarlarının azad edilməsi üçün Azərbaycan hökumətinə çağırış edib.

  1. "Polis idarəsində zorakılığa məruz qalan fəallar ekspertizadan keçiblər". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-26.
  2. ""AbzasMedia"nın direktoru saxlanılıb". Voice of America (az.). 2023-11-20. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-25.
  3. "Abzas Medianın baş redaktorunun hava limanında saxlanıldığı bildirilir". Voice of America (az.). 2023-11-21. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-25.
  4. "Məhkəmə Abzas Media xəbər saytının direktoru və baş redaktoru barədə həbs qətimkan tədbiri seçib". Voice of America (az.). 2023-11-21. 2024-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-25.
  5. "Jurnalist Elnarə Qasımova Abzas Media işi ilə bağlı dindirilib".
  6. "Jurnalist Elnarə Qasımova "Abzas Media" işi ilə bağlı yenidən BŞBPİ-yə çağırılıb". 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-26.
  7. "Jurnalist Elnarə Qasımova saxlanılıb". Voice of America (az.). 2024-01-13. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-25.
  8. "Məhkəmə jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 gün müddətində həbs qətimkan tədbiri seçib" (#bad_url). Abzas.net (az.). İstifadə tarixi: 2024-07-25.[ölü keçid]
  9. "Jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddətləri 3 ay uzadılıb". Abzas.net (az.). İstifadə tarixi: 2024-07-25.
  10. "Elnarə Qasımovanın həbs müddəti 2 ay, Hafiz Babalının isə 1 ay uzadılıb". Abzas.net (az.). İstifadə tarixi: 2024-07-25.
  11. efjtrainee. "Azerbaijan: Abzas Media's journalist Elnara Gasimova arrested by the government". European Federation of Journalists (ingilis). 2024-02-06. 2024-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-25.
  12. "#Azerbaijan: Elnara Gasimova of @AbzasMedia & Shahin Rzayev of @JAMnewsCaucasus are 8th & 9th on the list of imprisoned journalists which has been growing since 20 November. RSF calls on the 🇦🇿 government to stop this hunt for journalists and release them immediately".
  13. Staff, C. P. J. "Azerbaijan extends pretrial detentions of journalists facing currency charges". Committee to Protect Journalists (ingilis). 2024-07-11. 2024-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-25.
  14. "Statement on the Civil Society Situation on the Day of Azerbaijan's Presidential Elections | Eastern Partnership Civil Society Forum" (ingilis). 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-25.