Əfqanlı Bədurə Məlik qızı (25 oktyabr 1912, Bakı – 7 may 2002, Bakı) — ilk azərbaycanlı qadın teatr rəssamlarından biri. Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1949) və Xalq Rəssamı (1974).[1]
Bədurə Əfqanlı | |
---|---|
Əfqanlı Bədurə Məlik qızı | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Uşağı | |
Fəaliyyəti | rəssamlıq |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) 25 oktyabr 1912-ci ildə Bakıda anadan olub. O, Bakıda qulluqçu Məlik Nəcəf oğlu Ağamalovun ailəsində doğulmuşdu. Dövrünün tanınmış ziyalılarından olan Məlik Nəcəf oğlu özü rəsm çəkməyə həvəsli idi. Boş vaxtlarında övladlarına ədəbiyyatdan, incəsənətdən danışar, onlarda bu sahəyə maraq oyadardı. Təsadüfi deyildi ki, böyük qızı Səyyarə heykəltəraşlıqla məşğul olurdu. Bədurə Ağamalova da ilk əvvıl Bakı Pedaqoji Texnikumuna daxil olsa da (1929), rəssam olmaq həvəsi onu Bakı Rəssamlıq Məktəbinə gətirir (1931) və o burada qrafika şöbəsində təhsil alır. Teatr rəssamı olmaq qərarına gələn Bədurə xanımın diplom işinin mövzusu V. Şekspirin "Otello" faciəsi olmuşdur. Diplom işini uğurla başa vurduqdan sonra o həyat yoldaşı, məşhur kino və teatr aktyrou Rza Əfqanlı ilə 1933-cü ildə Aşqabada işləməyə yola düşür.[2]
1934–1935-ci illərdə Aşqabad Dövlət Azərbaycan Musiqili Dram Teatrında işləməyə başlayan Bədurə xanım burada Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun", Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" operalarının, Hüseyn Cavidin "Şeyx Sənan", Cəfər Cabbarlının "Sevil" və "1905-ci ildə" dramlarının tamaşalarına bədii tərtibat verib.[3]
O, 1940-cı ildən 1960-cı ilin əvvəlinə qədər Akademik Milli Dram Teatrında quruluşçu rəssam kimi çalışıb. İlk işi 1940-cı ildə rəssam Əsgər Abbasovla "Müsibəti-Fəxrəddin" (Nəcəf bəy Vəzirov) tamaşasma verdikləri tərtibat olub. Bundan sonra Süleyman Sani Axundovun "Eşq və intiqam" (1943), Uilyam Şekspirin "Otello" (1949 və 1959-cu il quruluşları), Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", "Köhnə dudman", Boris Lavrenyovun "Amerikanın səsi" (1950), Cəfər Cabbarlının "Od gəlini", Hüseyn Muxtarovun "Ailə namusu" (1951), Karlo Haldoninin "Məzəli hadisə", Vadim Sobkonun "ikinci cəbhə arxasında (1952)", Nazim Hikmətin "Türkiyədə" (1953), Maksim Qorkinin "Vassa Jeleznova" (1954), Cabbar Məcnunbəyovun "İldırım" (1955), İslam Səfərlinin "Yadigar" (1956), Ənvər Məmmədxanlının "Şirvan gözəli" (1957), Səməd Vurğunun "Fərhad və Şirin", Yuri Osnos və Viktor Vinnikovun "Hind gözəli" (1959) əsərlərinin tamaşaya hazırlanmasında tərtibatçı rəssam kimi çalışıb. 1950-ci illərdə Azərbaycanın dram teatrlarında psixoloji realizm aparıcı üslub kimi yetkinləşdi və 1960-cı illərdə lirik-psixoloji üslub kimi önə çıxdı. Bu istiqamətdə ilk uğurlu addımları geyim rəssamı kimi tanınan Bədurə xanım Əfqanlı "Ailə namusu" (Hüseyn Muxtarov), "Məzəli hadisə" (Karlo Haldoni) tamaşalarına verdiyi poetik ruhlu tərtibatları ilə atdı.
Azərbaycan Dövlət Rus Dram Teatrının bir sıra tamaşası, həmçinin opera, rəqs ansamblı və bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkib. Cəfər Cabbarlının "Aydın", Məmmədhüseyn Təhmasibin "Bahar" (1940), "Aslan yatağı", Mirzə İbrahimovun "Məhəbbət" (1942), Zeynal Xəlilin "Qatır Məmməd", Səməd Vurğunun "İnsan" (1945), Leonid Malyuginin "Köhnə dostlar", İlyas Əfəndiyevin "İşıqlı yollar" (1947), "Bahar suları" (1948), Cəfər Cabbarlının "Solğun çiçəklər", Tur qardaşlarının "Bir evin sirri", Lope de Veqanın "Rəqs müəllimi" (1949), Aleksandr Şirvanzadənin "Namus" (1952) tamaşalarında geyim eskizləri məhz ona məxsusdur.
Bədurə xanım 1960-cı ildən "Azərbaycanfilm" kinostudiyasında geyim üzrə rəssam işləyib. Burada o, "Koroğlu", "Leyli və Məcnun", "Dəli Kür", "Böyük dayaq", "Dədə Qorqud", "O qızı tapın", "Qatır Məmməd" kimi ekran əsərlərinə geyim eskizləri çəkib.
Onun bir çox əsəri Azərbaycan Dövlət Teatr Muzeyi və A. A. Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində (Moskva) saxlanılır.
Rəssamlıq sənətində qazandığı nailiyyətlər üçün Bədurə Əfqanlıya əməkdar incəsənət xadimi (21 iyul 1949) və xalq rəssamı (1 iyun 1974) fəxri adları verilib, "Şərəf nişanı" ordeni ilə təltif edilib.
Bədurə Əfqanlı 7 may 2002-ci ildə vəfat edib.