Babaş Əfəndi Mikayılzadə

Babaş Əfəndi Mikayılzadə (1862, Bico, Şamaxı qəzası1957, Bakı) — 1862-1957-ci illərdə Azərbaycanda yaşamış, ömrünü İslam dininin təbliği ilə yanaşı, bolşevik və daşnaklara qarşı mübarizəyə həsr etmiş ictimai və din xadimi, "Məsail" imzası ilə şeirlər yazmış şair.

Babaş Əfəndi Mikayılzadə
Molla Babaş Hacı Molla Bağı oğlu Mikayılzadə
Ömrünün son çağlarında çəkilmiş yeganə fotoşəkli
Ömrünün son çağlarında çəkilmiş yeganə fotoşəkli
Doğum tarixi
Doğum yeri Bico, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi xəstəlik
Dəfn yeri Bakı
Həyat yoldaşı Xanım Mahmud ağa qızı Mahmudbəyova
Uşağı Abdulhəşim Mikayılzadə (?-1934)
Atası Hacı Molla Bağı

Babaş Əfəndi Mikayılzadə 1862-ci ildə Şamaxı qəzasının Bico kəndində, çoxəsrlik ziyalılıq ocağı olan "Mollalar" nəslində Hacı Molla Bağının ailəsində dünyaya göz açmışdır.

Uşaq yaşlarından ətrafı çox "dərin" və zəkalı insanlarla zəngin olan Babaş müdərris qohumlarının əhatəsində formalaşmış və zəmanəsinin tanınmış elm adamlarından sayılan dayısı Hacı Əbdülhəmid Əfəndidən əsaslı biliklər almışdı. Gənc yaşlarından zəka və əqli ilə seçilən Babaş Əbdülhəmid Əfəndinin ona olan marağını artırmış, dayısı ona həm də ərəb və fars dillərini mükəmməl öyrətmişdir. Sonra dayısı onu Şamaxıya gətirmiş, onun təhsilini Şirvan Qazisi, İlahiyyat Doktoru Hacı Məcid Əfəndiyə tapşırmışdır. Babaşın yaddaş və idrakına heyran qalan Hacı Məcid Əfəndi ona xüsusi maraq və diqqət yetirmiş, onu daim nəzarətdə saxlamışdır. Şamaxıda ali-ruhani təhsilini başa vuran Babaş, "Hafizi-Quran" kimi buranı xüsusi diplomla bitirmişdir. Şamaxının nüfuzlu din xadimləri onu burada saxlamağa cəhd etsələr də, Babaş Əfəndi doğma kəndi Bicoya qayıdaraq ata-baba ocağının ziyalılıq ənənəsini davam etdirmiş, yaxın qohumlarının, eləcə də kəndin digər yeniyetmələrinin təhsili ilə məşğul olmuşdur. Bu dövrdə Babaş Mikayılzadə həm də ədəbi yaradıcılığa vaxt ayıraraq dini və klassik mövzuda əsərlər yazmış, sevdiyi şairlərdən tərcümələr etmişdir.

Bicodan Şamaxıya

[redaktə | mənbəni redaktə et]

1907-ci ildə fəaliyyətinin ən qızğın çağında Şirvan Qazisi Hacı Məcid Əfəndi onu Şamaxıya dəvət edir. Bu ərkli və doğma çağırışdan qaça bilməyən Babaş Mikayılzadə Şamaxıya köçür, Şirvan Ruhani İdarəsinin üzvü kimi fəaliyyətə başlayır, Şamaxı məscidinin bərpasında ən yaxın maddi və mənəvi yardımçılardan biri kimi iştirak edir. Dərin mütaliə və mühakimələri, zəngin bilik və zəkası getdikcə artan-kamilləşən Babaş Mikayılzadə Şamaxının mərifət və elm adamlarının diqqətindən yayınmırdı. Şamaxının kübar mühitinin bir elm və ürfan sahibi kimi çox tezliklə qəbul etdiyi Babaş Mikayılzadə az bir zamanda ziyalı və zəngin Şamaxı ailələrinin dəvətli qonağına çevrildi. Hər gün eyni vaxtda xüsusi adamların müşayəti ilə bütün Şirvanda məşhur olan Şıxəlibəylilərə qonaq gətirilən Babaş Mikayılzadə bu ali ailənin müəlliminə çevrildi. Sonralar ölkəmizin böyük alimlərindən biri kimi tanınan akademik Ədhəm Şıxəlibəylinin bilik və savadının dərinliyi, dünyagörüşünün formalaşması ilk müəllimi, eyni zamanda həmkəndlisi Babaş Mikayılzadənin adı ilə daha çox bağlanırdı. Elə ona görə də akademik Ədhəm Şıxəlibəyli sevimli müəlliminin xatirəsini ömrünün sonuna kimi əziz tutmuşdur.

Məşhurlaşan Babaş əfəndi

[redaktə | mənbəni redaktə et]

Mənsub olduğu və təbliğ etdiyi İslam dinindən qaynaqlanan yüksək əxlaqı, dərin zəkası, diqqət çəkən davranışları tezliklə Babaş Mikayılzadənin Şamaxının digər əsilzadələri tərəfindən də tanınmasına səbəb oldu. Ona Babaş əfəndi deyə müraciət etməyə başladılar. (Şamaxıda xalq tərəfindən sevilən, biliyinə, təcrübəsinə, şəxsiyyətinə yüksək qiymət verilən din adamlarına "Əfəndi" deyə müraciət edirdilər.) Bütün Azərbaycanda, eləcə də yaxın ölkələrdə yüksək mədəniyyəti, zəngin ailə ənənələri ilə məşhur olan böyük nüfuz sahibi Mahmud ağa Mahmudbəyov bu mötəbər elm sahibini – Babaş Əfəndini xüsusi hörmət və ehtiramla evinə ailə müəllimi kimi dəvət etdi. Az vaxt ərzində Babaş Mikayılzadə bu ailədə çox əziz və munis bir insan kimi qəbul edildi. Tamamilə Babaş Mikayılzadəyə məftun olan bu ailə çəkinmədən yeganə qız övladlarını ona etibar etdilər. Sonra bu munislik qohumluğa çevrildi. Ailədə və qonşular arasında "Noğulbacı" çağırılan bu Xanım, Molla Babaş Əfəndinin həyat yoldaşı oldu. Böyük bir coğrafi ərazidə ən məşhur ailə ilə qohumluq Babaş Əfəndini daha da məşhurlaşdırdı. Şamaxı əsilzadələri Naseh Əfəndi və Salamovlar Babaş Əfəndi ilə oturub-durmağı şərəf və fəxarət bilərək onu təkrar-təkrar qonaq dəvət edir, maraqlı moizələrini dinləməkdən həzz alırdılar. Əlaqə dairəsi genişlənən Babaş Əfəndi Şamaxı mühitində mütləq ziyalı kimi etiraf olunaraq tezliklə, Azərbaycanın başqa bölgələrində də tanınmağa başladı. Ağdaş, Göyçay, Kürdəmir, Beyləqan, Gəncə, Bakı kimi şəhərlərdən mübahisəli elmi məsələlərin düzgün şərhi üçün tez-tez Babaş Əfəndiyə müraciət edənlər bir mənalı şəkildə onunla razılaşır, onun fikir və mülahizələrini qəbul edirdilər. Bütün mədəni, elmi məclislərdə tez-tez adı çəkilən Babaş Mikayılzadə bu insanlar arasında "ən kamil", "ən izzətli", "ləyaqət və ürfan sahibi" kimi əlavə tanıtımlarla şəxsləndirilirdi. XIX əsrin sonu, XX əsrin əvvəllərində bütün ŞamaxıBakı ədəbi-elmi məclislərinin ən aparıcı şəxsi kimi etiraf olunan Babaş Əfəndi güclü mühakimələri, məntiqi düşüncə və fikirləri, lətif danışıq və həssas hərəkətləri ilə ətrafındakıları valeh edirdi. Xalq arasında "Molla Babaş" adı ilə məşhurlaşmış Babaş Əfəndi Zaqafqaziya sərdarlıq nümayəndələri arasında etiraf olunan alim kimi tanınırdı. Babaş Əfəndini Azərbaycanda və Tiflisdə ən çox sevib təbliğ edən zəka sahiblərindən Ünsizadə qardaşlarının adlarını böyük ehtiramla yada salmaq gərəkdir. Tiflisdə yaşayan Ünsizadələr Babaş Əfəndinin Cənubi Qafqazda tanınması üçün səy göstərmişdilər.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Erməni fitnələrinə qarşı

[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəllərində Azərbaycanda, o cümlədən Şamaxıda baş verən hadisələr Babaş Mikayılzadənin diqqətindən kənarda qalmırdı. Rusiyada baş verən I Rus inqilabı ilə Fevral Burjua inqilabı arasındakı dövrdə ölkədə pərakəndəlik, hərcmərclik, xüsusilə rus ordusunun buraxılmasından sonra silahlı erməni qruplarının Bakıda, Şamaxıda "at oynatması" Zaqafqaziyada özlərini "hakimi-mütləq" kimi aparmaları, onların açıq-aşkar Azərbaycan idarəçilik orqanlarına güclü meyli çox uzaqgörən Babaş Əfəndini narahat etməyə başlamışdı. Hadisələrin inkişafının istiqamətini düzgün qiymətləndirən Babaş Əfəndi Şamaxının və Şirvan bölgəsinin digər başbilənləri ilə məsləhətləşərək gələcək təhlükəyə qarşı müqavimət göstərmək üçün Rusiya və Türkiyədən silah alınması təklifini vermişdi. Çox əfsuslar olsun ki, onun bu təklifinə biganəlik cəmi bir neçə aydan sonra Şamaxıda və onun ətraf kəndlərində böyük qırğınlara səbəb oldu. Silahlı ermənilər Şirvan bölgəsində insanlıq əleyhinə cinayətlər törətdilər. Onlarla kəndi yandırılıb, talan edərək müsəlman türklərin soyqırımını həyata keçirdilər. Həmin dövrdə Şamaxıda yaşayıb işləməsinə baxmayaraq, doğma kəndi Bico üçün narahatlıq keçirən Babaş Əfəndi bir an belə oranı unutmurdu. Qədim tarixi, zəngin mədəniyyəti, səs-küylü kişiləri, xalça-palazı, əkin-biçini və mal-qarası, eləcə də mütəfəkkir və ziyalı insanları ilə məşhur olan kəndin taleyi onun rahatsızlığına səbəb olmuşdu. Buna görə də Babaş Mikayılzadə tez-tez kəndin ağsaqqalları ilə görüşür, onları ermənilər tərəfindən törədilə biləcək qətl və talanlara müqavimət göstərmək üçün hazırlıyır, kəndin çox təpərli və igid ağsaqqalı Şahalı yüzbaşını daha ürəkli və çevik olmağa ruhlandırır, ona məsləhətlər verirdi. Bu hazırlığın nəticəsi kimi Ələt stansiyasından başlayaraq Bico kəndinə qədər bir çox yaşayış məntəqələrini yandırıb qarət edən, təpədən-dırnağadək silahlanmış 400 nəfərlik erməni hərbi quldur dəstəsi kəndə girən kimi gözlənilməz hücumla qarşılaşmış və bicolular tərəfindən darmadağın edilmişdi. 1918-i ilin mart ayının əvvəllərində baş verən bu hadisə sonralar təkcə Bico kəndinin deyil, bütün Şirvan tarixinin qəhrəmanlıq səhifəsinə çevrildi. Bütün kənd əhlinin şücaəti ilə qazanılan, Pirəmsaq döyüşünün həm mahir təşkilatçılığı, həm də sonradan bolşeviklər yanında "ört-basdır" edilməsi Babaş Mikayılzadənin çevik və tədbirli hərəkətinin nəticəsi idi.[1] Erməni mənbələrində də özünün təsirli təsvirini tapan bu qırğın erməniləri həm bərk qorxutmuş, həm də xeyli narahat etmişdi. Ona görə də ermənilər heç bir hakimiyyət dəstəyi almayan bir kəndin əhalisinin nizamlı qoşun hissəsinə qarşı belə bir gözlənilməz əməliyyatının rəhbəri və təşkilatçısının məhz Molla Babaş olduğunu öyrənmişdilər. Bico kəndinin əhalisindən qisas almağı bacarmayan daşnaklar bu arzularını Molla Babaşa qarşı təklikdə reallaşdırmağı qarşılarına məqsəd qoymuşdurlar. Lakin bu da mümkünsüz idi. Onu görəndə "yolunu dəyişən", "yerişini itirən" ermənilər hər vaxt ayıq olan Molla Babaşa yaxın düşə bilmirlər. İntiqam hissi ilə yaşayan erməni kafirlər fürsət tapan kimi Babaş Əfəndinin hər iki qaynını ailə üzvləri ilə birlikdə vəhşicəsinə yandırdılar. Yalnız həmin gün başqa qohumlarının evində olan 9 yaşlı Əminə qaçmağa nail olaraq, sağ qalmışdı. Xidmətçilərə də aman verməyən bu kafirləri Babaş Əfəndi elə həmin axşam ələ keçirib, hər üçünü öldürür. Həmin vaxtdan Babaş Əfəndi Şirvan torpağından ermənilərin təmizlənməsi üçün xüsusi plan hazırlamağa başlayır. Lakin Azərbaycanın "Qırmızı Ordu" tərəfindən işğalı Babaş Əfəndinin arzularını ürəyində qoyur.

Amansız bolşevik rejiminin təzyiqləri

[redaktə | mənbəni redaktə et]

Türklərə və müsəlmanlara münasibətdə SSRİ hakimiyyətinin erməni hiyləsi, rus biganəliyi ilə idarə olunması Azərbaycana, onun tarixinə və milli-mənəvi dəyər sahiblərinə çox baha başa gəlirdi. Qaniçən quruluş el-obasını sevən, milli ənənələrə söykənən və qəhrəman kişilərin əl-qolunu bağlamışdı. Ömrü boyu qorxmaz və cəsarətli həyat yaşayan, AzərbaycanYaxın Şərq ədəbiyyatını, tarixini yaxşı bilən, Avropa və Şərq fəlsəfəsinə dərindən bələd olan, dini dəyərləri daha çox orijinalda – sonuncu İslam Peyğəmbərinin yolu və mənhəcinə uyğun şəkildə təbliğ etməyə çalışan Babaş Əfəndi yeni quruluşu nifrətlə qarşıladı. Bu nifrəti və kinini gizlədə bilməyən Babaş Əfəndini hakim dairələrin "gözündən salmaq" üçün ermənilərin əlinə fürsət düşdü. Şamaxı kimi zəngin və klassik bir şəhərin çox dəyərli insanlarını siyahıya alıb "rus hökumətinə" satan ermənilər Babaş Əfəndini xüsusi təqdimatla qeyd etmişdilər. Bu, Babaş Əfəndiyə baha başa gəldi. Tezliklə onun bütün qohumları siyahıya alınıb nəzarətə götürüldü. Məzlum və qorxaq yaşamağı qəbul etməyən Babaş Əfəndi bu heyfi də ermənilərdə qoymayıb. Xüsusi plan quraraq o, Şamaxıda çox fəallıq edən dörd ermənini tələyə salır və şəxsən məhv edir. Lakin bununla iş bitmir. Molla Babaş amansız Şura hökuməti tərəfindən nişangahda olduğunu bilirdi. Əslində bu ikrahlı hücum təkcə Babaş Əfəndiyə, onun yaxınlarına deyil, minillik inam və inanc dayaqlarımızın əsaslandığı dinimizə qarşı yönəlmişdi. Şura hökumətinin Azərbaycanı işğal etməsini heç cür həzm edə bilməyən, bunu ən vəhşi, ədalətsiz zorakılıq adlandıran Babaş Əfəndi bütün Azərbaycanı bu siyasi həyasızlığa qarşı cihada çağırırdı. Bolşevik hakimiyyəti, onun erməni əlaltıları hərəsi Azərbaycanı işğal etməkdə ayrı-ayrı məqsədlər güdsə də, Azərbaycanın itirdiyi uzun illər yanğısı ilə can vuruşdurduğu azadlığı və istiqlaliyyəti idi. Molla Babaş bu itkinin ağırlığını dərk etdiyi üçün onunla barışa bilmirdi. Şöhrət və hünərinə, el içindəki nüfuzuna arxayın olub, hər yerdə rus rejimini lənətləyirdi. Siyasi mövqeyini itirməmək üçün hər yola əl atan bolşeviklərin erməni əlaltıları Şamaxı kimi qədim və strateji cəhətdən əhəmiyyətli bir şəhərdə mövqelərini saxlamaq üçün hər cür yaltaqlıq edərək, yeni rejimə yaranır, onun düşmənləri barədə hökumətə ardıcıl məlumatlar verirdilər. Təşkilatlanmış ermənilər əsil sifətini gizlədə bilmirdi; həm hökumət yanında yaltaqlanıb hörmət qazanır, həm də çoxdan ürəklərində kök salıb onları narahat edən Babaş Əfəndidən qisas almağı həyata keçirməyi planlaşdırdılar. Beləliklə, Babaş Əfəndi Şamaxıda rus rejiminə ən qorxulu siyasi rəqib kimi təqdim olunurdu. Babaş Əfəndini həmin andan addım-addım izləməyə başladılar. Onun dayıları, əmisi və oğulları, Şirvanda "mollalar" adı ilə tanınan böyük bir nəslil yerli-yersiz incidilir, onlara böhtanlar atılırdı. Hökumət dairələri ermənilərin "fətvası"na əsaslanaraq Babaş Əfəndini "sındırmaq, əymək" üçün onun qohumlarını narahat edir, sorğu-suala tuturdular. Şirvandakı məscidləri dağıdır, müqəddəs sayılan dəyərlərə qarşı açıq-aşkar hörmətsizlik edirdilər. Bu iyrənc siyasətə dözməyən Babaş Əfəndi dayaz və cahil bolşevik rejminin mütləq iflasa uğrayacağını çəkinmədən hər yerdə izhar edirdi.

Doğma kənddə üzləşdiyi bolşevik təxribatı

[redaktə | mənbəni redaktə et]

Sovet hakimiyyətinin kəskin siyasi hücumları və qələbəsi bütün vətən və millət yolunda vuruşan əksər camiələri çaşdırdığı bir vaxtda Molla Babaş da Şamaxıdan doğma kəndi Bicoya qayıtdı. Çox yaxın qohumu, o vaxtlar "NKVD" (Xalq Daxili İşlər Komissarı) kimi nüfuzlu vəzifə sahibi olan İsmayıl Məhərrəmovun (o, Şamaxı Qazisi Hacı Məcid Əfəndinin nəvəsi idi) məsləhəti ilə siyasi "toqquşmalar"dan bir qədər kənarlaşsa da, axıra qədər bu sakit mövqeyində qərar tuta bilmədi. Bicoya həmin il müəllim göndərilən, sonralar Azərbaycanda yazıçı kimi tanınan "qızğın" bir bolşevik, xüsusi təhriklə, Babaş Əfəndi üçün əsil başağrısına çevrildi. O, hakimiyyətdən aldığı xüsusi tapşırığa uyğun olaraq, bilərəkdən Babaş əfəndi ilə münaqişə törətməli, hətta canı bahasına olsa belə, ədavət aparmalı idi. Hökumət də buna əsaslanıb Babaş əfəndini həbs etməli idi. (Sonralar məlum olmuşdu ki, həmin bolşevik Babaş Əfəndinin bütün qohumlarını həbs etdirmək üçün xüsusi plan hazırlayıbmış. Plan ailə münaqişəsi əsasında həyata keçiriləcəkdi; bolşevik Babaş əfəndinin oğlu Abdulhəşim bəyin nişanlısına məktub göndərəcəkdi. Bundan qeyzlənən nəsil bolşevikə qarşı ədavətə qalxacaq, hakimiyyət orqanları da "sovet müəllimi"ni qorumaq üçün kütləvi həbslər keçirəcəkdi.) Abdulhəşim bəyin toy mərasimi ərəfəsində bolşevikin bu əxlaqsız hərəkəti Molla Babaşa çatan kimi o qəti qərar vermişdi - "öldürmək!" Babaş əfəndi bu addımı atmazdan əvvəl bütün qohumlarını başına yığıb demişdi: "İşinizdə möhkəm və hazır olun, bu axşam onu "itirəcəyəm!" Amma bolşevikin bəxti gətirmişdi. Molla Babaşın bir vaxtlar bolşeviklə bir yerdə təhsil almış iki yaxın qohumu – Canalı Mirzəyev və Əliqulu Heydərov onu bu fikirdən çəkindirməyə nail oldular. Babaş əfəndi bolşevik müəllimi evinə gətizdirib və ona kimə sataşdığını "başa salır". Ölümün qara kabusu ilə üz-üzə qalan gələcək məşhur yazıçı səhv etdiyini yalvarışlarla etiraf edir. "Qələt etdiyini" boynuna alaraq aman diləyir. Babaş Mikayılzadə gecə ikən onun kənddən çıxmasını tələb edir. Sonralar böyük yazıçı kimi tanınan, ADU-nun professoru olan həmin bolşevik bu sətirlərin müəllifinə dönə-dönə o vaxtkı hadisələri xatırlayaraq, etirafını bildirmişdi: "Bütün ömrüm boyu belə cəsarətli adam görməmişəm. Dərin məntiq və ağlı ilə hər kəsi heyran qoyan nadir şəxsiyyət idi. Bu kişi əsil milli obraz idi. Heyflər olsun ki, mənsub olduğum partiyaya "sədaqətim" arzumu ürəyimdə qoydu. Dəfələrlə olub ki, indi mənimlə kafedrada çalışan professor Əli Fəhmi, Əkrəm Cəfər elə mənim yanımdaca Babaş əfəndiyə telefon açaraq ondan hansısa mübahisəli məsələ ilə bağlı fikir bildirməyini xahiş ediblər. Sonra razılıq əlaməti olaraq onun ünvanına xoş sözlər söyləyiblər. Mən isə ürəyimdə deyirdim: Mən o kişini yaxşı tanıyıram. Atan yaxşı bilir, mən də Babaş kişinin qarğışına düşdüm. Həyatım boyu müsəlman süfrəsinə həsrət qaldım. Heç bilmirəm ki, öləndə cənazəmi müsəlman kimi götürəcəklər, ya yox?."

Quba sürgünü

[redaktə | mənbəni redaktə et]

Bolşevik müəllimin kənddən qovulması Molla Babaşın və onun yaxınlarının vəziyyətini daha da ağırlaşdırdı; hər gün sorğu-sual edilməsi Babaş Əfəndiyə ağır gəlirdi. Mərdanə mübarizədən qorxmayaraq o, yenidən Şamaxıya köçdü. Amma Şamaxıda tuğyan edən sovet hakimiyyəti onu daha ağır təhdidlərə məruz qoydu. İnqilabdan əvvəl Şamaxı pristavının müavini işləyən çoxsifətli erməni Qaroğlanov arzusuna çatmışdı; Şamaxı məmurları Babaş Əfəndini ən qorxulu "inqilab düşməni" kmi tanıyırdı. Düşdüyü ağır vəziyyətdən təkbaşına qurtulmağın mümkünsüzlüyünü görən Babaş Əfəndi fənd işlədərək "günahlarını yumaq üçün özünü günahkar saydığını etiraf edib" cəzaya hazır olduğunu bildirməklə hökumətdən sürgün olunmasını xahiş etdi. Məhz bu halda o, dövrünün qanunlarına görə güllələnmədən və ya Sibirə sürgün edilməkdən qurtula bilərdi. Qaroğlanov "gözünü açınca" Babaş Əfəndi Qubanın Çiçi kəndində sürgün olundu. 70 yaşlı bir insanın, məğrur bir kişinin vətənsizlik və qəriblik dərdi onu ağır əzablara, dözülməz ağrılara düçar etdi. Hər addımda vəhşi rus imperiyasının qanlı qanunları ilə üzləşən Babaş Əfəndi Çiçi kəndində müəllim işləməklə ailəsini dolandırır, arabir Bicodakı qohumlarına əl də tuturdu. Quba həyatı onun ədəbi-bədii yaradıcılıq fəaliyyətinin ən zəngin dövrü oldu. O, burada siyasi, mənəvi, iqtisadi cəhətdən işğal olunmuş vətənin taleyinə ağrılı şeirlər yazırdı. Şeirlərini "Yetim", "Kimsəsiz", əsasən də "Məsail" imzaları ilə yazan Babaş Əfəndi bu seirlərdə həm özünün, həm də vətəni Azərbaycanın acı taleyini diqqətə çatdırırdı.

Bakı həyatının faciəli başlanğıcı

[redaktə | mənbəni redaktə et]

1933-cü ildə sürgün vaxtı başa çatan Babaş Mikayılzadə Bakıda məskunlaşdı. Şamaxılı əsilzadələrin və qohumlarının köməyi ilə Bakının Binəqədi və Məhəmmədi kəndlərində müəllim işləyən Babaş Əfəndi tezliklə yenidən böyük elm və din xadimləri ilə əhatə olundu. Bakı mühiti çox tez bir zamanda Babaş Əfəndini - zəngin dünyagörüşlü bir ürfan sahibini, ziyalını tanıyıb etiraf etdi. Bu mühitin seçmə ziyalıları Əkrəm Cəfər, Əli Fəhmi, Muxtar Əfəndi, Axund Ağa Əlizadə, Ağa Zəki, Müfti Hacı İbrahim, Mirmövsüm Həkimzadə kimi elm adamları Babaş Əfəndinin Bakıdakı "Şor Hamam" məhəlləsindəki (Mirzə Fətəli küçəsi) evinə toplaşar, səmimi elmi, dini, fəlsəfi məzmunlu söhbətlər edər, Babaş Əfəndinin Azərbaycan, ərəb, fars, rus dillərindəki şərh və izahatlarını dinləyər, onun ensiklopedik "dünyası"na heyranlıqla məftun olduqlarını bildirərdilər. Yenicə Bakı mühitinə alışan, ömrünün geridə qalan ağrılarını unudan, dərin duyğulu insanlar arasında olmağından həzz alan Babaş Əfəndi 1934-cü ildə daha bir faciə ilə üzləşdi – çoxsaylı övladları içərisində ona yeganə ümid çırağı qalan, "Mollalar" nəslinin sevib qoruduğu, oğlu Abdulhəşimin müəmmalı ölümü Babaş Əfəndinin dünyasını qana boyadı. (Gənc yaşlarında "Musavatçı" olan Abdulhəşimin ən yaxın dostu böyük dramaturq Cəfər Cabbarlı olmuşdur.) Abdulhəşimin ölümü təklik və ümidsizliyin müdhiş və qara zəhmini Babaş Əfəndinin mənzilinə əbədi "qonaq" gətirdi. Babaş Əfəndi oğul, vətən, yurd ağrılı şeirlər yazmağa başladı. Başdan-başa nalə və fəryadlarla yoğrulan bu şeirlər Molla Babaşın talan və viran könlünə qismən rahatlıq verirdi.


Oğlum məndən əvvəl eylədi vəfat,
Bundan sonra mənə de, nədir həyat?!

Çəkdi o sinəmə sağalmaz dağı,
Saraldı qəlbimin bağçası, bağı.

Açılmaz bağımda bir daha güllər,
Qalmadı munisim, ellər, ay ellər…


Sevimli oğlunun ölümündən sonra onun yarımçıq qalmış elm almaq arzusunu Bicoda yaşayan əmisi nəvələrinin əməlində görmək istəyən Babaş Mikayılzadə böyük həvəs və istəklə onların təhsilinə maddi yardım göstərdi. Zaman və quruluşdan asılı olmayaraq hər bir əsil müsəlman kimi savad və elmi yüksək qiymətləndirən Babaş Əfəndi çox sevdiyi əminəvəsi, sonralar Biconun ilk ziyalı qızı kimi tanınan 16 yaşlı Zibanın (Ziba Salamova sonralar Azərbaycanın maarifçi müəllimi kimi tanınmış Canalı Mirzəyevin həyat yoldaşı olmuşdur) təhsil alması şərəfinə şeir də yazmışdı:


Salam olsun sənə, ay Ziba qızım,
Nəsihət edirəm, dinlə sən sözüm…

Hər zaman dərsinə çox səy eylə sən,
Oxu ki, elmlə yüksələcəksən!

Yaxşı oxuyarsan, tez ucalarsan,
Yoldaşlar içində məşhur olarsan.

Qurtarıb məktəbi "insan" olarsan,
Adamlar içində kamil olarsan.

… Qızların bəzisi əxlaqsız gəzər,
Çəkin sən onlardan, eylə əl-həzər.

Cahilin sözünə eyləmə bavər
Ağlı kəm olandan olammaz sərvər,

Nadan kimsələrlə oturub-durma,
Onlardan yetişər sənə müəmma…

Mənim sözlərimi yadında saxla,
Ta ki, Məsaildən yadigar qala

20. X. 1938-ci il. Məsail

İkinci dünya müharibəsinin "Böyük Vətən Müharibəsi" dövrü başlayanda Babaş Əfəndi yaxın qohumlarına Rusiyanın bu müharibədə məğlub olması həvəsində olduğunu və bu məğlubiyyətin Azərbaycanın azadlığına səbəb olacağı ilə bağlı mövqeyini deməkdən çəkinməmişdi. Müharibənin ilk aylarında bütün nəslində oğlundan sonra ən çox sevdiyi Kamal Hüseynbaba oğlu Mikayılovun itkin düşməsi onun qaysaq bağlamış yaralarını qopartdı. O, müharibəyə, qəsbkar rus siyasətinə lənətlər yağdıran, insanlığa fəlakət və ölüm gətirən müharibənin tezliklə qurtarmasını, Azərbaycan xalqının düşməni olan Rusiyanın bu müharibədə məğlubiyyət arzularını ifadə edən şeirlər yazdı.

Müharibədən sonra ümidsizliyə qapılan Babaş Əfəndi 1946-cı ildə 84 yaşında təqaüdə çıxdı. İşdən ayrılıb ev mühitinə qapılan Babaş Əfəndini müdrik insanlar yalqız və tənha buraxmadılar. Elə həmin ay Babaş Əfəndi Şeyxülislam Axund Ağa Əlizadə tərəfindən 1944-cü ildə fəaliyyəti bərpa olunmuş Qafqaz Müsəlmanları Ruhani İdarəsinə (indiki Qafqaz Müsəlmanları İdarəsi) baş məsləhətçi vəzifəsinə dəvət edildi. 10 il bu idarədə çalışan Molla Babaş uzun illər boyu əxz etdiyi biliyini başqalarına öyrətməkdən həzz alaraq insanlıq borcunu ləyaqətlə yerinə yetirirdi. Güclü yaddaş-hafizə sahibi olan Babaş Mikayılzadəni yaxşı tanıyan doğma qardaşı Nəcməddin Mikayılzadə, Tacəddin Əfəndi, Molla Məhəmməd Hacı Məhyəddin oğlu, Molla Qara Rəhimov, Hüseynbaba Salamoğlu, Canalı Şiralı oğlu Mirzəyev, Ziba Hüseynbaba qızı onun parlaq və zəngin zəkasından, aydın və məntiqli mühakimələrindən həvəslə xatirələr söyləyirdilər. Bütün həyatı boyu kimsəsizlərin və yoxsulların dayaq və ümid ünvanı olan Babaş Mikayılzadə Bakıda yaşadığı 25 il ərzində neçə-neçə həmkəndlisinə, onlarla şamaxılıya pasiban olmuşdur. Bütün var-dövlətini, zəngin kitabxanasını, eləcə də özünün bildiklərini evində saxlayıb oxutdurduğu kəslərdən əsirgəməmişdir.Babaş Əfəndinin yaxşılıqlarını heç vaxt unutmayan, onun xidmətlərindən hər yerdə ağızdolusu danışan Faiq Canəlı oğlu Mirzəyev (o, 1918-ci ildə Babaş Əfəndinin ermənilər tərəfindən ailələri ilə birlikdə qətlə yetirilmiş qayınlarından birinin sağ qalmış qızı Əminənin oğludur. 1994-cü ildə dünyasını dəyişmiş Əminə xanımı Babaş Əfəndi saxlayıb böyütmüşdür.) Babaş Əfəndi haqqında deyir: "Babam xeyirxah, əsl "Allah adamı", həyat yoldaşı Noğulbacı (adı Xanım olub) da sözün əsl mənasında əsilzadə xanım idi. Övlad ümidini itirən bu insanlar qohumlarına və kimsəsizlərə qayğı göstərməyi həyatlarının mənasına çevirmişdilər. Davranışımızdan tutmuş təhsilimizədək hər bir problemimizlə maraqlanan babam axşam biz evə qayıtmamış yemək yeməzdi. O vaxt Bakıya yolu düşən imkansız və qalmağa yeri olmayan tanış adamlar onun evinə pənah gətirərdilər. Gələn qonaqların hamısını babamgil eyni hörmətlə qarşılayardı. Bicoda yaşadığı günləri həsrətlə xatırlayan babam bütün bicoluları qızğın məhəbbətlə sevib əzizləyər, onlara qulluq göstərərdi." Nadir zəka və elm sahibi, mərd və qorxmaz insan Babaş Mikayılzadənin həyatının son dövrü mənəvi əzablar içərisində keçmişdir. Övladı Abdulhəşim bəyin ölümünü tez-tez xatırlaması, bundan duyduğu üzüntülər onu qəlbində bəslədiyi möhnət və dərdlərə tuş etmişdi. Ömrünün sonunda "ölümlə sövdələşən" "Hafizi-Quran" Babaş Əfəndi, sonradan yaxınlarına həm siyasi problem, həm də mənəvi dərd və əzab olmasın deyə, bütün yazdıqlarını yığıb yandırmışdır…


Babaş Əfəndi Hacı Molla Bağı oğlu Mikayılzadə 1957-ci ildə "qəm karvanı" olan zəngin və mənalı həyatını başa vuraraq 95 yaşında bu dünyadan çox küskün və məlallı köçmüşdür. Dəfnində iştirak edən qohumlarının söylədiklərinə görə Molla Babaşın dəfni Bakı və Şamaxının elm və din xadimlərinin, eləcə də böyük xalq kütləsinin sonsuz məhəbbət və ehtiramla iştirak etdikləri təntənəli bir mərasim kimi yaddaşlara köçmuşdür.

… Qədim Bakının indi çox təmtəraqlı, üstü gümbəzli, çil-çıraqlı, bağlı-bağatlı, pilləkənli, su krantlı, hündür hasarlı, əzəmətli və bəzəkli məzarları arasında yolu-rizi itmiş, gözü yollarda intizar qalan, gileyli bir məzar var. Heç kimə borcu, göz kölgəsi olmayan bu "məzar sahibi", yolunda təmənnasız və minnətsiz əziyyət çəkdiyi insanların görüşünə "həsrətdir". Bu həsrət onu yaman "üşüdür", həm də yandırır.

İndi bir məzar var qoca Bakıda,
Gözü yollardadı, könlü intizar.
İtibdir nə vaxtdır rizi-yolu da,
Bəxtindən eyləyir nalə, ahu-zar.

Məzar var, yoluna mərmər döşənib,
Məzar var, üstünə güllər ələnib,
Məzar var, daşına ətir çilənib,
Məzar var, üstünə düşməyir güzar.

Günəşdən, ulduzdan uca olan da,
Doğulub dünyaya bəla olan da,
Torpağın, vətənin pula satan da,
Bu dar məzarlarda yatır "bəxtiyar?!!".

Dünyada qiymətin alan, almayan,
Mətahın dünyada satan, satmayan,
İzi bu dünyada qalan, qalmayan,
Hamısı bir "yatır" - ömrə intizar.

Məzar var, üstü də dəyişir il-il,
Məzar var, "danışır", "dillənir" dil-dil,
Məzar var, "Xəzinə" - laldır elə bil,
Daşında yazılıb sadə: "Məsail".

  1. "Azərbaycan" qəzeti, 2 aprel 2013-cü il, №67 (6342), səh. 4.  (az.)

Müəllif - Azərbaycan Respublikasının "əməkdar müəllimi" Fikrət Canalı oğlu Mirzəyev

Məqalənin sonundakı şeirin müəllifi Fikrət Mirzəyevdir.