Baltazar Qrasian

Baltazar Qrasian (isp. Baltasar Gracián y Morales; 8 yanvar 1601[1][2][…]6 dekabr 1658[1][2][…]) — İspaniya yazıçısı, filosofu.

Baltazar Qrasian
isp. Baltasar Gracián
Doğum adı Baltasar Gracián
Təxəllüsü Lorenzo Gracián[3]
Doğum tarixi 8 yanvar 1601(1601-01-08)[1][2][…]
Vəfat tarixi 6 dekabr 1658(1658-12-06)[1][2][…] (57 yaşında)
Fəaliyyəti filosof, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İspaniyada barokkonun ən böyük nasirlərindən və nəzəriyyəçilərindən biri Baltasar Qrasian olmuşdur. O, 1601-ci ildə Belmontda həkim ailəsində doğulmuşdur. Uşaqlığı yoxsulluq içində keçmişdir. Qohumlarının köməyilə yezuit kollecində oxumuş, fəlsəfə və qrammatikanı öyrənmiş, Saraqossa universitetində isə ilahiyyat elmləri ilə tanış olmuşdur. 1627-ci ildə Kallatude şəhər kollecinə qayıdıb orada qrammatika və ritorika üzrə müəllim işləyir. 1636-cı ildə Ueska şəhərinə dəyişilən Qrasian burada ədəbiyyat və incəsənət həvəskarları mühitinə düşür, yazıçı kimi formalaşır. Zadəgan don Vinsensio Xuan da Lastanossanın ədəbi məclisləri, zəngin kitabxanası onun dünyəvi meyllərini gücləndirir. Yezuit ordeninin rəhbərliyi onun dünyəvi meyllərini, ədəbi fəaliyyətini xoşlamırlar. "Qəhrəman" əsərinin 1637-ci ildə ordendən icazəsiz çap olunması isə ən ağır bir günah kimi qarşılanır. Onun hersoq de Noçeranın yanında işləməsi, Terraqona və Leridada müharibənin dəhşətləri ilə üz-üzə gəlməsi həyat təcrübəsini zənginləşdirir. 1651-ci ildə Qrasian Saraqossa universitetində müqəddəs yazılar kafedrasının rəisi təyin olunur. Qrasian dəfələrlə etdiyi kimi yezuit ordeninin icazəsi olmadan "Tənqidçi" romanını nəşr etdirir. Buna görə onu Salamankada təhqiredici istintaqa cəlb edir, məhkəmənin qərarı ilə Qraus şəhərciyinə sürgün edirlər. Burada ona yazmağa icazə vermir, pəhriz saxlamağa məcbur edib acından öldürürlər. Yezuit ordeni mütəfəkkir yazıçıya belə divan tutur. Salamanka məhkəməsindən bir il keçmiş o, Qrausda 1658-ci ildə vəfat edir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Qrasianın ədəbi irsi "Qəhrəman", "Siyasətçi", "Hazır-cavablıq sənəti", "Xoşrəftar", "Gündəlik kahin, yaxud ehtiyatlı olmaq sənəti" əsərləri və üçhissəli "Tənqidçi" romanından ibarətdir. Filosof yazıçının əsərlərində insan həyatının müxtəlif cəhətləri və problemləri əks etdirilir.

"Gündəlik kahin" əsəri XVII–XVIII əsrlərdə Avropa ölkələrində ən çox yayılan əsərlərdən biri olmuşdur. Nəsihətamiz aforizmlər şəklində yazılan bu əsərə tutqun bir kədər və bədbinlik hakimdir. "İndiki dövrdə müdrik olmaq üçün o qədər bilmək lazımdır ki, qədim dövrdə bu bilik yeddi adama bəs edərdi." "Bizim günlərdə bircə adamla danışmaq üçün əvvəllər bütöv bir xalqla danışmaq üçün lazım olandan daha çox bacarıq işlətmək lazım gəlir." Hər cür azadfikirlilik və əqli sərbəstlik təzahürlərinin təqib olunduğu bu dövrdə Qrasian da fikirlərini üstüörtülü, eyhamlı şəkildə deməyə məcbur olmuşdur. Ədib öz oxucularına məsləhət görür ki, həddindən artıq aydın danışmasınlar, səmimi olmasınlar. "Susmaq ehtiyatlı olmağın ən müqəddəs sığınacağıdır", çünki açıq deyən hər bir kəs təqib olunur, izlənir. "Öz niyyətlərini açma, çünki düşündüyünü həyata keçirməyə mane olacaqlar, həyata keçməyən planlara görə isə sən bədbəxt olacaqsan." "Dünyada hökm sürən dəyişkənliyə qarşı laqeydlik əsl müdriklik əlamətidir." "Nə qədər adama sirrini açsan, o qədər adamdan asılı olacaqsan." "Bir sirri olmayan ürək açılmış məktub kimidir." "Kim xoşbəxtlik evinə zövq-səfa qapısından girsə, oradan kədər-qüssə qapısından çıxacaqdır və əskinə." Bu aforizmlərdə kədərli bir həyat təcrübəsi ümumiləşdirilmişdir. Məcazilik, rəmzilik barokko ədibləri tərəfindən sistem halına salınır, lakin bu cəhət XVII əsrin Avropa ölkələrində hökm sürən dəhşətli tarixi gerçəklik şəraitindən irəli gəlir.

Qrasian həyatı boyu İspaniyanın, demək olar ki, hər yerini gəzmiş, bütün siniflərin, təbəqələrin nümayəndələri ilə tanış olmuşdur. Bir ruhani kimi, adamların tövbələrini dinləyən bir keşiş kimi o, insanların əməllərini hərəkətə gətirən səbəbləri öyrənmiş, zəngin həyat təcrübəsi qazanmışdır. İspan cəmiyyətinin hakim təbəqələrində hökm sürən soyuq haqq-hesab, vəzifəpərəstlik, ümumi mənafeyə qarşı laqeydlik prinsipləri Qrasianın aforizmlərində müxtəlif formalarda əks olunmuşdur. Uzun müddət böyük diplomatlar, hərbi sərkərdələr, aristokratlar mühitində dolaşan ədib xalqın hansı üsullarla itaətdə saxlanıldığını görmüş və öyrənmişdir. "İdarə etmək və tabe olmağa məcbur etmək də sənətdir, adamdan qətiyyətdən çox çeviklik istəyir, insanların varlığına hakim kəsilən alçaq ehtirasları öyrənmək, öz xeyrinə istifadə etmək bacarığı tələb edir. İnsanların ehtirasları müxtəlif olsa da, bütün insanlar bütpərəstdirlər, kimi şöhrət, rütbə, kimi qazanc güdür. Hakim təbəqələrin çevikliyi ondadır ki, bu ehtiraslar və bütləri yaxşı-yaxşı öyrənir, adamların zəifliklərini bilib, onların iradəsini öz əlində saxlayır."

"Gündəlik kahin" əsərində əksər halda bədbin əhval-ruhiyyədə olan çoxlu incə psixoloji müşahidələr əks olunmuşdur, xüsusən, hakim təbəqələrdə hökm sürən ikiüzlülük, riyakarlıq tənqid edilmişdir.

Qrasianın "Tənqidçi" romanı da Avropa oxucuları arasında böyük müvəffəqiyyət qazanmışdır. Orijinalda "El kritikon" adlanan bu əsər forması etibarilə Volterin "Sadəlövh", D. Defonun "Robinzon Kruzo", C. Sviftin "Qulliverin səyahəti" əsərlərinin ən layiqli sələfi olmuşdur. Müəllifin yezuitlər tərəfindən təqib edilməsinin səbəbi, baisi də məhz "Tənqidçi" romanıdır. Əsərin əsas qəhrəmanları olan Kritil və Andrenio ata və oğuldur. Gəmi qəzası nəticəsində Andrenio insan yaşamayan bir adaya düşür. Uşağı vəhşi dağ keçisi öz südü ilə böyüdür və ölümdən xilas edir. Əlvan cənub təbiətinin qoynunda böyüyən Andrenio müasir insan cəmiyyətinin kinli, fırıldaqçı təbiətindən xəbər-sizdir. Mədəniyyətdən kənarda böyümüş Andrenionun gözü qarşısında XVII əsrin ortalarının İspaniyasının canlı mənzərələri gəlib keçir. O, gördüyü hadisələrə bir vəhşi və təbii insan gözü ilə baxır. Müəllif alleqoriyadan istifadə edərək ispan cəmiyyətinin vəhşi təbiətini açıb göstərir.

Madridin küçələrində pələnglər, şirlər, meymunlar və başqa vəhşi heyvanlar gəzişir. Təbiətin bütün nemətləri varlılara qismət olur, yoxsullar haqqında heç kəs düşünmür. Müdriklərə nifrət edirlər, axmaq və nadanlar isə böyük hörmət sahibidir. Küçələrin labirintlərində paxıllıq, kin-küdurət, yaltaqlıq gizlənmiş, hər yerdə şər simvolu olan şeytanlar ağalıq edirlər. Mənşəyi etibarilə antik yunan ədəbiyyatına gedib çıxan roman-səyahət formasından istifadə edən yazıçı onu müasir həyatdan götürülən, tez-tez dəyişən rəngarəng səhnələrlə zənginləşdirilmişdir. Onun alleqoriyaları çox vaxt ciddi sosial məna məzmun daşıyan rəmzlərə çevrilir. Onun bədii üslub və düşüncəsinin bu keyfiyyətləri maarifçilik dövrünün bir çox yazıçılarına faydalı təsir göstərmişdir.

Ədibin "Hazırcavablıq, yaxud iti ağıl sənəti" traktatı onun estetik görüşlərini əks etdirir. Qrasian belə hesab edir ki, antik ritorika heç də incəsənətin bütün hadisələrini, dünyanın estetik dərkinin bütün xüsusiyyətlərini əhatə etmək iqtidarında deyildir. Onun fikrincə, qədim müəlliflər məntiqi idrakın qanunlarını tapmış, sillogizmlər sistemini yaratmışlar, lakin bu sillogizmlər iti ağıl üçün yaramır. Qədim müəlliflər iti ağılı ancaq dahilərə xas olan keyfiyyət saymış, onun təzahürlərinə heyranlıqlarını bildirməklə kifayətlənmişlər, onun hansı qanunlara riayət etdiyini isə göstərməmişlər. Sillogizmlər sahəsində tapılan qanunları nə üçün burada da tapmaq, müəyyənləşdirmək mümkün olma-sın. Öz estetik görüşlərinin yeniliyi, dərinliyi ilə də Qrasian sonrakı dövrlərin bir çox elmi axtarış və kəşflərini qabaqlamışdır.

  1. 1 2 3 4 Baltasar Gracian // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Baltasar Gracián y Morales // Brockhauz Ensiklopediyası (alm.).
  3. Çex Milli Hakimiyyət Məlumat bazası.