Bolqarıstan musiqisi

Bolqarıstan musiqisi — müasir Bolqarıstan ərazisində və onun sərhədlərindən kənarda formalaşmış musiqi mədəniyyəti. slavyan tayfalarının xalq musiqisi əsasında və Balkan yarımadasının qədim sakinlərinin musiqi mədəniyyəti elementlərini əxz etməklə formalaşmışdır.

Kilsə-xor musiqisi

[redaktə | mənbəni redaktə et]

Kilsə-xor musiqisi Bizans ənənələri əsasında yaranmışdır (IX əsr). Bizans kilsə musiqisinin inkişafında mühüm mərhələlərdən biri bolqar İoann Kukuzelin (1376-cı ildən Afondakı Müqəddəs Afanasi monastırının rahibi) adı ilə bağlıdır. Bolqar kilsə ifaçılığı məktəbi özünün yüksək peşəkarlıq səviyyəsini XXI əsrin əvvəlinədək qoruyub saxlamışdır.

Dünyəvi musiqi

[redaktə | mənbəni redaktə et]
Təmbur

Dünyəvi musiqi XIX əsrin son rübündə inkişaf etməyə başlamışdır. İlk dövrlər xarici musiqiçilər (hərbçilər, əsasən də çexlər) başlıca rol oynayırdılar. 1880-cı ildə Sofiyada ilk müstəqil orkestr – Qvardiya orkestri yaradıldı (sonradan kapelmeysteri G. Atanasov olmuşdur). 1890–92-ci illərdə opera truppasının təşkili üçün təşəbbüs göstərildi. Bu dövrdə bir çox xor cəmiyyəti yarandı; xor ifaçılığı ənənəvi və dünyəvi peşəkar musiqi mədəniyyəti arasında əlaqələndirici rol oynamağa başladı. İlk bolqar bəstəkarları, əsasən, xor musiqisi sahəsində çalışırdılar. E. Manolov (“Dilənçi qadın” ilk bolqar operasının müəllifi, 1900-cu ildə tamaşaya qoyulmuşdur), A. Bukoreştliyev (ilk folklor ekspedisiyalarında iştirak etmişdir), D. Xristov (bəstəkar, xor dirijoru, bolqar musiqi folkloristikasının banisi)[1], P. Pipkov, A. Morfov, N. Atanasov (ilk bolqar simfoniyasının, 1912, eləcədə bir neçə operanın və s. müəllifi) milli bəstəkarlıq məktəbinin baniləri idilər. 1908-ci ildə “Bolqar opera cəmiyyəti” truppası (son ralar Sofiya operası) yaradıldı. 1920–40-cı illərdə P. Vladigerovun (“Çar Kaloyan” operası, tamaşası 1936, Sofiya; orkestr üçün “Vardar” rapsodiyası, 1928; ilk bolqar instrumental konsertləri), L. Pipkovun (“Yánanın doqquz qardaşı” operası, tamaşası 1937, Sofiya; “Toy” vokal-simfonik poeması; 1-ci simfoniya), P. Staynovun, F. Kutevin, V. Stoyanovun, M. Qoleminovun (“Nestinarka” baleti, tamaşası 1942, Sofiya) yaratdığı əsərlər milli klassik musiqini təşkil edir.

Bolqar xalq rəqsi

 

Bəstəkarlıq yaradıcılığının müharibədən sonrakı inkişaf dövrü (1944-cü ildən) folklor elementlərini saxlamaqla, bolqar musiqisinə atonallıq və dodekafoniyanın nüfuz etməsi ilə səciyyələnir. L. Pipkov (“Momçil”, 1948, “Antiqona–43”, 1963 operaları, hər ikisi Sofiyada), P. Vladigerov, V. Stoyanov, F. Kutev, M. Qoleminov (“İvaylo”, 1959, “Zaxari Zoqraf”, 1973 operaları, hər ikisi Sofiyada; “Frakiya bütləri”, 1980, Stara-Zaqora), P. Xacıyev (“Mariya Desislava” 1978, Ruse; “Adsız ulduz”, 1985 operaları), A. Rayçev, K. İliyev, L. Nikolov, Dimitr Xristov, V. Kazançiyev, K. Kürkçiyski, S. Pironkov, Q. Minçev, İ. Spasov, A. Yosifov, P. Stoyanov XX əsrin ikinci yarısının aparıcı bəstəkarlarıdır. Bolqar vokal məktəbi dünya şöhrəti qazanmışdır. İfaçılar arasında dirijorlardan A. Naydenov, K. İliyev, E. Çakırov, İ. Marinov, D. Manolov; müğənnilərdən K. Mixaylov-Stoyan, X. Morfova, S. Makedonski, T. Mazarov, L. Veliç, M. Balkanska, B. Xristov, X. Brımbarov, D. Uzunov, N. Güzelev, N. Gaurov, R. Kabaivanska, A. Tomova-Sintova, G. Dimitrova; pianoçulardan T. Yankova, P. Pelişek, L. Yençeva, A. Dikov, V. Yankov, A. Vaysenberq; skripkaçılardan V. Avramov, N. Simeonova, S. Milanova, M. Minçev, Q.Badev məşhurdurlar; musiqişünaslardan V. Krıstev, Y. Tonçeva, S. Stoyanov, folklorçu S. Cucev və b. fəaliyyət göstərirlər.

Bolqarıstan // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 271–272. ISBN 978-9952-441-03-1.

  1. "Япова, Кристина. «Добри Христов за църковната музика». Литернет". 2011-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-14.