Bostancılar Ocağı (Türkcə: Bostancı Ocağı) — Osmanlı dövlətində saray təşkilatının əsas hissəsini əmələ gətirən qurum.[1]
Quruluş tarixi bilinməsə də, tarixi mənbələrdə ilk dəfə I Murad dönəmində adı çəkilir. Bostancı Ocağının nümayəndələri dəvşirilən oğlan uşaqları arasından seçilirdi. Topqapı sarayının çöl xidmətində olan bostancıların əsas vəzifələri saraya aid bağ və bağçalarla padşaha məxsus olan qayıqlarda çalışmaq idi. Ancaq bu şəxslər saraya aid bütün işlərdə işlədilirdi. İstanbuldan başqa, Ədirnədə də bir Bostancılar ocağı var idi. Bursa, Gəlibolu və hətta Amasiyada da, padşahlara məxsus bağ və bağçaların olduğu yerlərdə də bostancılar fəaliyyət göstərirdi.
Topqapı sarayının bostancıları 20 dəstədən ibarət idi. Bu dəstələrin hər birində 14–49 nəfər olurdu. XVI əsrin sonlarında padşah bağçasında çalışan bostancıların sayı 645, digərlərinin sayı isə 971 nəfər idi. Bu rəqəmlər dönəm-dönəm azalıb artırdı. Bostancılar bəzən səfərlərə belə qatılırdı. Maaşlarını isə digər qapıqulu ocaqları kimi 3 ayda bir dəfə ülufə olaraq alırdılar.
Bostancılar ocağının rəhbəri bostancıbaşı adlanırdı. Bostancıbaşı İstanbulun demək olar ki, böyük bir qisminin təhlükəsizliyindən məsul idi. Padşahın mindiyi qayığın sükanını bostancıbaşı tutmalı, digər məsul bostancılar isə qayığı çəkməli idilər. Saray içində olmaqla edam cəzasına məhkum edilən şəxslərin də ölümü bostancıların əlindən olurdu. Padşahdan başqa sarayda saqqal saxlamaq hüququna malik yeganə şəxs bostancıbaşı idi. Bostancıbaşının icazəsi olmadan heç bir yerdə köşk inşa edilə bilməzdi. Sarayda yetişən bütün bostancıbaşılar saraydan çölə təyin olunarkən çox zaman sancaqbəyi olaraq göndərilirdi. Sədrəzəmliyə qədər yüksələn bostancıbaşıları belə olmuşdur.
Digər qapıqulu əsgərləri ilə müqayisədə padşaha qarşı daha sədaqətli olan bostancılar 1703 tarixli Ədirnə hadisələri istisna olmaqla, heç bir üsyana qarışmamışdır. Bu sədaqətlərinə görə, I Mahmud dönəmində açılan mühəndisxanaya ilk tələbələr bu ocaqdan alınmışdır. Eyni şəkildə III Səlimin qurduğu Nizami cədid də bu ocağa bağlanmışdı.[2]