Osmanlı Aviasiya bölükləri (türk. Osmanlı tayyare bölükleri) və ya Osmanlı Hava Qüvvələri — Osmanlı ordusu və Osmanlı Donanmasının hərbi aviasiya birləşmələri idi.[1] Osmanlı hərbi aviasiya tarixi 1909-cu ilin iyununda[2] və ya 1911-ci ilin iyulunda başlayır.[3][4][5] Təşkilata bəzən Osmanlı Hava Qüvvələri də deyilir.[6] Hava qüvvələrinin böyüklüyü 1916-cı ilin dekabrında, Osmanlı aviasiya bölüklərinin 90 təyyarəsi olduğu zaman zirvəsinə çatmışdır.[7][8] Aviasiya dəstələri 29 iyul 1918-ci ildə Hava Qüvvələri Baş Müfəttişliyi (türk. Kuva-yı Havaiye Müfettiş-i Umumiliği ) olaraq yenidən təşkil edildi. 30 oktyabr 1918-ci ildə Mudros Barışığının imzalanması ilə Osmanlı hərbi aviasiya qüvvələri faktiki olaraq ləğv edildi. Atəşkəs dövründə Osmanlı hərbi aviasiya qüvvələri 100-ə yaxın pilota sahib idi; 17 quru təyyarə bölüyü (hər biri 4 təyyarə); və 3 dəniz təyyarəsi bölüyü (hər biri 4 təyyarə) olmaqla, cəmi 80 təyyarəyə sahib idi.[8]
Osmanlı Aviasiya bölükləri | |
---|---|
Osmanlı Hava Qüvvələrinin aviasiya eskadrilyaları türk. Kuva-yı Havaiye Müfettiş-i Umumiliği | |
Növü | hava |
Yaranma tarixi | 1909 və ya 1911 — 1918 |
Ölkə | Osmanlı imperiyası |
Daxildir | Osmanlı ordusu və Osmanlı Donanması |
Himayədarı | Osmanlı sultanları |
Müharibələr |
Balkan müharibələri İtaliya-Osmanlı müharibəsi Birinci Dünya müharibəsi |
Döyüşlər |
Çanaqqala müharibəsi Qafqaz cəbhəsi Mesopatamiya cəbhəsi |
Vikianbarda əlaqəli mediafayllar |
2 dekabr 1909-cu ildə Lui Blerio və Belçika pilotu baron Pyer de Katers Osmanlı imperiyasında ilk təyyarə uçuşunu nümayiş etdirdilər. Osmanlı imperiyasında hərbi aviasiya sahəsindəki ilk addım, iki Osmanlı pilotunun 1909-cu ilin iyununda Parisdə keçiriləcək Beynəlxalq Aviasiya Konfransına göndərməsi ilə atıldı.[2]
Hərbi Naziri Mahmud Şövkət Paşa tərəfindən atılan Osmanlı hərbi hava qüvvələrinin təməlləri 1911-ci ildə Elm Korpusunun Baş Müfəttişliyinin 2-ci Şöbəsi nəzdində Aviasiya Komissiyası adı altında qoyulmuşdur. Osmanlı imperiyasında Aviasiya Komissiyasının Fransadan alınan 25 at gücündə biri və 50 at gücündə biri olmaqla iki təyyarənin alımması ilə hərbi hava qüvvələrinin tarixi başlamışdır. Həmçinin Mahmud Şövkət Paşanın təşəbbüsü ilə hərbi hava qüvvələri üçün xaricdə pilot hazırlamaq üçün proqramı qəbul edilmişdir. 28 iyun 1911-ci ildə yazılı imtahan keçirilmiş və 4 iyulda Süvari Kapitanı Mehmet Fesa (Evrensev) və mühəndis-leytenant Yusuf Kenan xaricə göndərilmək üçün seçildi. Mehmet Fesa Fransaya, Yusuf Kenan isə Almaniyaya göndərildi. Ancaq Alman məktəbi həddindən artıq yüksək təhsil haqqı istəməsi səbəbindən, ikisi də 1911-ci ilin iyul ayında Paris yaxınlığındakı Etampedəki Blerio Məktəbinə qəbul edildilər.[9]
1911-ci ilin sonlarında polkovnik-leytenant Sürəyya İlmenə Texniki və Möhkəmləndirilmiş Quruluşlar Müfəttişliyi (Kıtaât-ı Fenniyye ve Mevâki-i Müstahkeme Müfettişliği) üzvlərindən ibarət Təyyarə Komitəsinin (Tayyare Komisyonu) qurulması həvalə edildi.[10] Təyyarə məktəbi (Tayyare Mektebi) üçün 1912-ci ilin yanvarında İstanbulun qərbindəki Yaşilköydə ilk kampuslar tikildi (bu gün Atatürk Beynəlxalq Hava Limanı).[11]
21 fevral 1912-ci ildə Fesa və Yusuf Kenan uçuş təlimlərini başa vurdular və 780 və 797 nömrəli Fransa aviasiya diplomları ilə geri döndülər.[9] Fesa bəy və Yusuf Kenan bəy 27 aprel 1912-ci ildə İstanbul üzərindən ilk uçuşlarını keçirdilər. Elə həmin il daha səkkiz zabit uçuş hazırlığı üçün Fransaya göndərildi.
Osmanlı imperiyası ilk pilotlarını və təyyarələrini hazırlamağa başladı və 3 iyul 1912-ci il tarixində Yaşılköydəki Təyyarə məktəbinin (Tayyare Mektebi) qurulması ilə imperiya öz uçuş zabitlərini yetişdirməyə başladı. Təyyarə məktəbinin qurulması hərbi aviasiya proqramında irəliləməni sürətləndirdi, bu siyahıda iştirak edənlərin sayını artırdı və yeni pilotlara Osmanlı qüvvələrində aktiv rol verildi.
Elə həmin il Fransadan bir nəfərlik və iki nəfərlik Deperdussin satın alınaraq 1912-ci ilin martında İstanbula gətirildi. Bleriot XI-b-nin iki nəfərlik versiyasından ikisi də alındı, bunlardan birincisi Ali Baş Komandan Rıza Paşaya təqdim edildi. XI-2 adlı fərqli iki yerlik modeldən üçü və tək oturacaqlı yer təlim qurğusu Pingouin də Osmanlı Ordusu tərəfindən istifadə edilirdi.
REP (Robert Eno-Pelteri) Osmanlı imperiyasında istifadə edilən ilk təyyarələrdən biri idi. Bu təyyarə Robert Eno-Pelteri tərəfindən yaradılmış və ilk uçuşu 1912-ci ildə reallaşmışdı. Onlar həmin il Fransada da istifadəyə qəbul edildilər. İstehsalçı ilə Osmanlı Hərbi Nazirliyi arasında əldə olunmuş razılığa əsasən yeddi REP təyyarəsi alındı və birincisinin 15 mart 1912-ci ildə Osmanlı Ordusunun tərkibinə qatılması planlaşdırılmışdı.
1912-ci il aprelin sonlarında ilk dəfə hərbi təyyarə sultan V Mehmed Rəşadın şərəfinə böyük bir hərbi parad keçirildikdə xalqa göstərildi.[12] Alınan yeddi təyyarədən beşi tək oturacaqlı, qalan ikisi isə iki nəfərlik idi. Tək oturacaqlılardan biri yalnız yerdə təlim üçün planlaşdırılırdı. Son təyyarə qatarla İstanbula gətirilərkən serblər tərəfindən müsadirə edildi. Bu təyyarələr 1914-cü ilə qədər istismardan çıxmışdı.
1912-ci ilin sonunda Osmanlı Ordusu, əsasən özəl ianələr hesabına əldə edilən ümumilikdə 15 təyyarəyə sahib idi.
1911-ci ildə İtaliya digər Avropa dövlətlərinin köməyi ilə Osmanlı imperiyasından Şimali Afrikadakı mülklərini Trablis və Kirenaika əyalətlərini (hazırkı Liviya) qoparmaq və müstəmləkəyə çevirmək məqsədilə Osmanlıya qarşı müharibəyə başladı. İtaliya 1911-ci il sentyabrın 29-da Türkiyəyə müharibə elan etdi. İtalyan qoşunları oktyabr ayında sahil rayonlarını tutsalar da, yerli əhalinin, türk qarnizonları və Tunis, Əlcəzair, Misir və b. ərəb ölkələrindən gəlmiş könüllü dəstələrin güclü müqavimətinə rast gələrək ölkənin içərilərinə irəliləyə bilməmişdilər.
İtaliya Krallığı Osmanlının Şimali Afrikadakı mülklərinin sahil zolağını aviasiya tarixində ilk dəfə kəşfiyyat və bombardman məqsədilə təyyarələrdən istifadə edərək ələ keçirmişdi. 23 oktyabr 1911-ci ildə İtaliya təyyarəsi Osmanlı müdafiə xətləri üzərində kəşfiyyat uçuşu həyata keçirdi. Ertəsi gün, İtalyan hava gəmiləri, yerdəki hədəfləri bombaladı. Bu tarixdə ilk dəfə təyyarələrin döyüşdə ilk effektiv istifadəsi idi.
Osmanlı qüvvələri 15 dekabr 1911-ci ildə İtalyan təyyarəsinə atəş açdı. 25 avqust 1912-ci ildə havaya qalxdıqdan dərhal sonra leytenant Manzinin təyyarəsi vuruldu. Bu tarixdə döyüş zamanı vurulan ilk təyyarə oldu. Manzini isə həlak oldu. 10 sentyabr 1912-ci ildə kapitan Moisonun təyyarəsi ələ keçirildi. Bu da tarixə ilk ələ keçirilən təyyarə kimi düşdü.
İtaliya Trablis vilayətinə hücum etdiyi zaman, Osmanlı ordusu az sayda yeni təyyarəsini döyüşdə istifadə etməyə hazır deyildi. Osmanlılar Şimali Afrikada çox az sayıda hərbi qüvvə saxlayırdı. Bunlarda əsasən mütəşəkkil yerli ərəb könüllüləri və türk əsgərləri idi. 20 min bədəvi[13] və 8 min osmanlı əsgəri[13] 150 minlik italyan desantına[14] qarşı durmuşdu. 1882-ci ildəki Urabi üsyanından sonra Osmanlı imperiyasının Misir və Sudan vilayətlərini de-fakto idarə edən İngiltərə hökuməti, Osmanlı hökumətinin Misir üzərindən Liviyaya əlavə qüvvə göndərməsinə icazə vermədi. Fransadan təyyarə alıb Əlcəzair yolu ilə Liviyaya göndərmək cəhdləri oldu, amma bu istəkdə reallaşmadı.
Osmanlı hərbi təyyarələri ilk dəfə Balkan ölkələri olan Monteneqro, Serbiya, Bolqarıstan və Yunanıstana qarşı Birinci Balkan müharibəsi[15] dövründə döyüşlərdə fəal iştirak etdi. On yeddi Osmanlı təyyarəsi 1912-ci ilin sentyabrından 1913-cü ilin oktyabrına qədər kəşfiyyat üçün istifadə edildi. Osmanlı hərbi aviasiyasının döyüş əməliyyatlarındakı təcrübəsizliyi səbəbindən ilk dövrlər bir neçə təyyarə itirildi. Bununla belə, pilotlar döyüş təcrübəsi qazandıqca döyüş bacarıqlarını artırdılar və bir çox əsgər hava eskadronlarına qoşulmaq üçün müraciət etdi.
Osmanlıların fədakar mübarizəsinə baxmayaraq, Balkan ittifaqı müharibədə qələbə qazandı.[15] Lakin çox keçmədən, Bolqarıstan İkinci Balkan müharibəsinə başlayaraq Yunanıstan və Serbiyaya hücum etdi. Osmanlı imperiyası da Bolqarıstana müharibə elan etdi və bununla da bölgənin əsas şəhəri Ədirnə də daxil olmaqla Şərqi Frakiyada itirilmiş ərazilərin bir qismini geri aldı.[16]
Balkan müharibələrinin sonunda gənc Osmanlı hərbi aviasiyası artıq üç müharibədə iştirak etmiş və bir inqilab görmüşdü.
Balkan müharibələrinin bitməsi ilə modernləşmə prosesi başladı və yeni təyyarələr alındı. Birinci Dünya müharibəsinin başlaması ilə modernləşmə prosesi qəfildən durduruldu.
1913-cü il oktyabrın 29-da kapitan Səlim bəy və kapitan Kamal bəy Mərmərə dənizi üzərindən uçuş həyata keçirdilər. 1913-cü il noyabrın 13-də Qadınların Müdafiə Cəmiyyətinin (türk. Mudafaa-i Hukuki Nisvan Cemiyeti) üzvü Belkis Şevket xanım, Fəthi bəyin idarə etdiyi təyyarədə Osmanlı təyyarəsində ilk sərnişin olaraq uçdu.[17]
Balkan müharibələrindən sonra Osmanlı imperiyası hökuməti, dövlətin mülklərinə rəsmi ekspedisiyalar təşkil etməyə başladı. İstanbuldan Misirin Qahirə və İsgəndəriyyə şəhərlərinə dörd Hərbi Hava Qüvvələri monoplanının çox mərhələli uçuşu həyata keçirildi. Bu ekspedisiya zamanı təxminən 2500 kilometr (1600 mil) məsafə qət edildi. Təyyarələr İstanbul aviasiya məktəbi Haqios Stefanosdan (hazırkı Yaşılköy) havaya qalxdılar.[18] Təyyarələr hər biri iki aviatorun müşayiəti ilə 8 fevralda yola çıxdılar.[19]
Birinci qrupun təyyarəsi XI Bleriot, fevralın 27-də Dəməşqdən Qüdsə uçarkən Əl Samrada Təbəriyyə gölü yaxınlığında uçuş əsnasında qəzaya uğradı. Pilot leytenant (osman. Bahriye Yüzbaşısı) Fəthi bəy və şturman artilleriya qüvvələri baş leytenant (osman. Topçu Mülazım-ı Ula) Sadik bəy həlak oldu.
İkinci qrupa daxil Deperdussin B təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra martın 11-də Aralıq dənizində Jaffa yaxınlığında qəzaya uğradı. Artilleriya qüvvələri kiçik leytenantı (osman. Topçu Mülazım-ı Saniye) Nuri Bəy öldürüldü, digər pilot İsmayıl Hakki Bəy isə qəzadan sağ xilas oldu.[19]
Şəhid olanların hər üçü Dəməşqdə dəfn edildi. Təbəriyyə gölünün yaxınlığında qəza yerində abidə qoyuldu.[19] İstanbulda daha bir xatirə abidəsi də ucaldıldı.
Osmanlı hava eskadrilyaları Birinci Dünya müharibəsinə Baş Hərbi Komandanlıq İdarəsinin (türk. Başkomutanlık Vekâleti) birbaşa nəzarəti altında başladı.[1] Təyyarələrin qiymətinə görə bu kiçik vahid idi. Bütün müharibə dövründə bu belə də qaldı. Birinci Dünya müharibəsi zamanı digər ordularında olduğu kimi heç vaxt ayrı bir korpusa çevrilmədi. Bunun əvəzinə, təyyarələr ordu və ya korpusların arasında kiçik bölüklər şəklində bölündü. Onlar isə öz növbəsində təyyarələrin taktiki istifadəsinə nəzarət etməklə məşğul idilər. İbtidai logistikaya görə bölüklər çox kiçik idi.
Bu arada 1914-cü ilin iyun ayında Osmanlı Donanması San Stefanoda Hərbi Dənizçilik Aviasiya Məktəbini (türk. Bahriye Tayyare Mektebi) qurdu.
1915-ci ildə Hans Yoahim Buddeke kimi bəzi Alman zabitləri Osmanlı İmperiyasına gəldi. Əvəzində bəzi Osmanlı zabitləri uçuş təcrübəsi qazanmaq üçün Almaniyaya getdilər. Buddeke özü Almaniyanın Osmanlı müttəfiqləri üçün uçuşlarda müəyyən müvəffəqiyyətlər əldə etdi. O, Osmanlı hava eskadrilyaları ilə uçarkən (1915-ci ilin sonundan 1916-cı ilin yayına qədər) dörd təsdiq edilmiş və yeddi ehtimallı düşmən təyyarəsi vurmuşdu.[20]
1915-ci ilin sonunda Osmanlı imperiyasında iki hərbi aviasiya idarəsi yaradıldı. 13-cü heyət Osmanlı Baş Qərargahının tərkibində, 9-cu heyət Hərbi Naziriyin tabeliyində idi.
1916-cı ilə qədər böyüyərək hava qüvvələrinin sayı 81 pilot və müşahidəçi ilə 90-a yaxın təyyarəyə çatmışdı. Razılaşmaya əsasən Almaniya 460 təyyarəni Osmanlıya təhvil verməli idi. Bunlardan təqribən 260-ı Osmanlı hərbi hissələrinə yola salındı, qalanları Almaniya hərbi bölmələrində qaldı. Müharibə vaxtı təqribən 400 nəfər Alman pilot və mütəxəssisləri Osmanlı qoşunlarında xidmət edirdi.
Müharibənin sonunda Osmanlı hava eskadrilyaları, Almaniya, Fransa, Rusiya və Böyük Britaniyadan gətirilən, satın alınan, qaçırılan və ələ keçirilən təxminən 200 təyyarədən ibarət qarışıq təyyarələrdən ibarət idi. Osmanlı hava donanmasına bu növ təyyarələr daxil idi: yeddi Albatros; dörd Fokker; üç Qotlar; iki Rumpler və Codron; plus LVG B seriyası, Halberstadts, Pfalzes, Voisins, DeHavillands, Nieuports, Bristol Scout, Farman, Morane-Saulnier L Parasol və Grigorovich G.5.
Osmanlı hava bölüklərinin yenidən təşkili üçün təşəbbüs göstərildi, lakin bu 1918-ci ildə Birinci Dünya müharibəsinin bitməsi və noyabrın 13-də Müttəfiq qüvvələr tərəfindən İstanbulun işğalı ilə həyata keçmədi.
1914-cü ilin avqust ayında Osmanlı hərbi təyyarələrinin səkkiz döyüş təyyarəsi vardı. Bunlardan dördü, San Stefanodakı uçuş məktəbində, işlək olan altı təyyarədən ikisi Şərqi Anadoluya göndərildi, qalanları uçuş məktəbində qaldı.[21]
Mayor Erix Serno 1915-ci ilin yanvarında on iki nəfərin müşayiəti ilə İstanbula gəldi.[21] Osmanlı hərbi rəhbərliyini pilotlara mükəmməl bir forma (qanadlı aypara və papaqlarında ulduz) verməyə inandıran da Erix Serno idi.[22] Serno ilə gələnlər təlim keçmiş Osmanlı personalı çatışmazlığını doldurmaq üçün Osmanlı qoşunlarına göndərildi. Daha sonra hərbi bölümlər digər Alman pilotları ilə də gücləndirildi. Almanların göndərilməsi elə bir səviyyəyə çatdı ki, 1915-ci ilin sonunda yaradılan yeddi bölümdən biri Osmanlı forması geyməsinə baxmayaraq tamamilə almanlardan ibarət idi. Bu yeddi dəstədəki ümumi Osmanlı personalı 11 müşahidəçi və yeddi ordu pilotu, üç dəniz pilotu və üç mülki pilotdan təşkil edilmişdi.
1915-ci ildə Osmanlı hava birliklərinin ən vacib əməliyyatı müttəfiqlərin Geliboluya desant çıxarmasının müşahidəsi idi. Bu, sonradan gücləndirilmiş iki dəstə tərəfindən həyata keçirildi. Geliboluya gələn Osmanlı təyyarələri, Egey dənizinin şimalı boyunca dəniz hədəflərinə, Müttəfiq və Yunanıstan bazalarına hücumlar edirdilər.
1915-ci ilin sonunda Osmanlı hava eskadrilyaları Gelibolu, Mesopotamiya, Qərbi Trakya, İstanbul və Qafqaz cəbhələrində yerləşdirilmişdi.[21]
Donanmanın böyüklüyünün ən yüksək səviyyəsi 1916-cı ilin dekabrında, Osmanlı aviasiya eskadronlarına 90 təyyarə daxil olduğu zaman idi.[7]
Hava bölükləri 29 iyul 1918-ci ildə Hava Qüvvələri Ümumi Müfəttişliyinə (türk. Kuva-yı Havaiye Müfettiş-i Umumiliği) çevrildi.[8]
1918-ci ilin yayında Kral Hərbi Hava Qüvvələrinin Fələstin Briqadası və Avstraliya Hava Korpusu Fələstindəki Osmanlı və Alman kəşfiyyat və döyüş təyyarələrinə güclü zərbə vurdular. Allenbinin Meqiddo ətrafında irəliləməsini dəf etmək üçün kəşfiyyat məlumatı olmayan Osmanlı qüvvələri geri çəkilərək, ağır hava hücumlarına məruz qaldılar.
30 oktyabr 1918-ci ildə Mudros barışığının imzalanması ilə Osmanlı imperiyasının hərbi aviasiyası ləğv edildi. Mudros müqaviləsi müddətində Osmanlı hərbi aviasiyasında 100-ə yaxın pilot var idi. Osmanlı hava donanmasına 17 təyyarə istehsal edən şirkət (hər biri 4 təyyarə); və 3 dəniz təyyarəsi (hər biri 4 təyyarə); ümumilikdə 80 təyyarə daxil idi.[8]