Brest qalasının müdafiəsi (rus. Оборона Брестской крепости) — 1941-ci ilin 22-29 iyun tarixlərində baş vermişdir. Barbarossa əməliyyatının ilk döyüşlərindən biri idi. Brest qalası Vermaxt ilə mübarizədə Qızıl Ordu tərəfindən müdafiə edilmiş, gözləniləndən də çox düşmən hücumuna müqavimət göstərmiş və İkinci dünya müharibəsi bitəndən sonra sovet müqavimətinin rəmzinə çevrilmişdir. 1965-ci ildə Qəhrəman qala adına layiq görülmüşdür.
Brest qalasının müdafiəsi | |||
---|---|---|---|
İkinci dünya müharibəsində Şərq cəbhəsi | |||
Tarix | 22-29 iyun 1941-ci il | ||
Yeri | Brest, SSRİ | ||
Nəticəsi | Alman qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrə aid Brest qalası, Nasist Almaniyası Polşa ilə müharibədə olarkən baş vermiş Brest-Litovsk döyüşünün ərazisi olmuşdu. Halbuki, 1939-cu ildə imzalanmış Molotov-Ribbentrop paktına əsasən, Brest ətrafı, eləcə də Polşanın ərazisinin 52%-i SSRİ-yə birləşdirildi.[8] 1941-ci ilin yayında, almanlar qalanı yenidən, lakin bu dəfə SSRİ ilə mübarizədə tutmağa çalışdılar.
Almanlar, Barbarossa əməliyyatının ilk saatları ərzində Mərkəz Ordular Qrupunun hücumu istiqamətində yerləşən Brest şəhərini və Brest qalasını tutmağı planlaşdırırdılar. Qala və şəhər Buq çayı, eləcə də Varşava–Moskva dəmiryolu xəttinin və magistralının üzərində yerləşirdi.
Qaladakı qarnizon, nizami əsgərlər, sərhəd keşikçiləri və NKVD ünsürləri daxil olmaqla, 9,000 sovet əsgərindən ibarət idi.[9] Sovet əsgərləri, General İvan Lazarenko və Polkovnik Mixail Popsuy-Şapkonun rəhbərliyi altında olan 6-cı və 42-ci atıcı diviziyalarının ünsürlərinə,[10] NKVD Sərhəd Qoşunlarının 17-ci sərhədçi bölüyünə və qaladakı müxtəlif kiçik dəstələrə (xəstəxana qarnizonu və tibb-sanitar dəstəsi daxil olmaqla) məxsus idi.[8] Eləcə də, qalada xidmət edən hərbçilərin 300 ailəsi var idi.
İlkin müdafiə planı,[11] 45-ci piyada diviziyasına (avstriyalı)[8] (təxminən 17,000), eləcə də 31-ci, 34-cü piyada diviziyalarının artilleriyasına və Haynts Quderianın rəhbərliyi altındakı 2-ci panzer qrupuna (ümumi 20,000-nə yaxın) qarşı ərazinin müdafiəsini təmin etmək üçün 12 saatlıq müddətə imkan verirdi.[3]
1941-ci ilin 22 iyununda almanlar hücuma keçəndə, qala xəbərdar deyildi və Qızıl Ordu ilə Vermaxt arasında ilk əsas döyüş ərazisinə çevrilmişdi. İstilanın ilk dəqiqələrindən, Brest şəhəri və Brest qalası Vermaxt tərəfindən atəşə tutulmuşdu.[12] İlk artilleriya atəşi hazırlıqsız qalada ciddi maddi və insan itkilərinə səbəb olmuşdu.[13] Şiddətli döyüşlər sərhəddə, Brest şəhərində və qalada olmuşdu. Qalaya ilk alman basqını borbardman başlayandan saat yarım sonra baş verdi, heyrət içində olan sovet əsgərləri davamlı cəbhəni formalaşdıra bilmədilər. Almanlar üstünlüklərindən istifadə edərək piyada qoşunları ilə qalanı tutmağa çalışsalar da, çoxlu itkilərə məruz qaldılar: təxminən 281 Vermaxt əsgəri qala uğrunda baş vermiş döyüşlərin ilk günündə həlak oldu.[14] Ağır döyüşlər 2 gün davam etdi. 1941-ci ilin 24 iyun axşamı, 368 alman əsgəri ölmüş və 4-5,000 Qızıl Ordu əsgəri əsir götürülmüşdü.[15]
1941-ci ilin 25-26 iyununda, döyüşlər lokal xarakterli idi. 1941-ci ilin 26 iyun axşamına qədər, şimal Kobrin istehkamının çoxu şərq istehkamı istisna olmaqla, tutulmuşdu.[15]
Şərq istehkamı ətrafında döyüşən 45-ci piyada diviziyasının komandanı General Fritz Şliper Ali Komandanlığa məruzə edərək yazırdı:
"Bizim sərəncamımızdakı piyada qoşunu ilə burada irəliləmək mümkün deyildi, çünki at nalı şəklindəki atəş mövqelərindən qurulmuş yüksək səviyyəli tüfəng və pulemyot, irəliləyən piyada qoşunlarını əngəlləyirdi. Yeganə bir yol var idi – sovetləri aclıq və susuzluq ilə təslim olmağa məcbur etmək. Biz onları tükətmək üçün hər hansı üsuldan istifadə etməyə hazır idik... Bizim onlara təslim olmaları barədə etdiyimiz təkliflər uğursuz oldu..."[11]
Bir dəfə də olsun piyada qoşunu tərəfindən tutula bilməyən şərq istehkamını Lüftvaffe iyunun 29-da 2 dəfə bombaladı və təxminən 360 müdafiəçini təslim olmağa məcbur etdi.[16]
Baxmayaraq sovet əsgərləri döyüşün ilk saatlarında sürpriz hücumla sarsılmışdı, lakin onların çoxu almanların gözləntisindən də çox müqavimət göstərdilər. Almanlar müxtəlif güclü silahlardan, minomyotlardan və od püskürənlərdən istifadə edirdi. Qalanın içərisindəki mülki şəxslər yaralıların qayğısına qalır, pulemyot disklərini və patrondaşlarını yenidən yükləyir və hətta qalanın müdafiəsinə kömək edirdilər. Uşaqlar sursat və yarım dağılmış vəziyyətdə olan təchizat anbarlarından ərzaq gətirir və düşmənin hərəkətlərini izləyirdilər.[11]
Şliper öz məruzəsində ətraflı yazırdı:
"81-ci istehkamçı batalyonuna mərkəzi hissədəki binanı partlatmaq tapşırığı verilmişdi... şimaldakı sovet əsgərlərinin cinah atəşini sonlandırmaq üçün əmr verilmişdi. Partlayıcılar binanın damından pəncərələrə tərəf endirildi, sonra fitillər yandırıldı. Onlar partlayanda, biz sovet əsgərlərinin fəryadını və ah-naləsini eşidə bildik, lakin onlar döyüşməyə davam etdilər."[11]
Kapitan Rudolf Qşöpf yazırdı:
"Biz yalnız inadkar döyüşün nəticəsindən sonra bir müdafiə mövqeyini götürməyi addım-addım öhdəsindən gəldik. Mərkəzi hissədəki Zabitlər Evi adlı qarnizonda sovet əsgərlərinin müqaviməti, binanın partladılması ilə sonlandırılmış oldu... Binanın divarları arxasında davam edən müqavimət güclü partlayıcılar ilə divarların yerlə bir edilməsi nəticəsində aradan qalxdı."[11][17]
24 iyunda, qalanın bir neçə hissəsi almanlar tərəfindən götürülmüşdü, bəzi sovet əsgərləri birləşməyə və mayor İvan Zubaçovun rəhbərliyi altında öz fəaliyyətlərini uzlaşdırmağa hazır idi, rəhbərlikdə ikinci şəxs siyasi komissar Yefim Fomin idi.[1] 26 iyunda kiçik sovet qüvvələri mühasirəni yarmağa çalışdılar, lakin uğurlu olmadı və itkilər baş verdi. Ehtimal olunur ki, eyni gündə Zubaçov və Fomin əsir götürülüblər.[18] Zubaçov bir neçə milyon həmyerlisi ilə öldüyü Hammelburqdakı əsir düşərgəsinə göndərilmiş, Yefim Fomin isə siyasi komissar və yəhudi olduğuna görə dərhal güllələnmişdi.[19]
R.Qşöpf yazırdı:
"İyunun 30-da diviziya Bresti tərk etmək barədə əmr aldı. Diviziyanın əsas birlikləri 1941-ci ilin 2 iyulunda Bresti tərk etdi."[17]
Döyüşlərdən sonra 1941-ci ilin 30 iyununda, diviziya 100 zabit daxil olmaqla, 7,000 əsir götürdü. Almanların itkiləri 32 zabit daxil olmaqla, 482 ölü və 1000 yaralı idi. Şərq cəbhəsində almanların itkiləri 1941-ci ilin 30 iyun tarixinə əsasən, 8,886 ölü idi. Brestdəki itkilər almanların ümumi itkisinin 5%-ni təşkil edirdi.[20] Şiddətli döyüşdən 8 gün sonra almanlar bütün qalanı tuta bilmişdilər. Lakin strateji nöqtələr – Panzerrollbahn I üzərində nəzarət təmin edilmiş, Moskvaya gedən yol, vacib dəmiryol xətti və Buq çayı üzərindəki körpülər müharibənin ilk günü almanlar tərəfindən tutulmuşdu. Almanların çoxsaylı itkisinə görə Alman Ali Komandanlığı general Fritz Şliperdən 22-29 iyun tarixlərində Brestdə baş vermiş döyüşlərlə bağlı ətraflı məruzə təqdim etməyi tələb etmişdi. Bu, 1941-ci ilin 8 iyulunda hazırlanmışdı.[21] 1942-ci ilin martında Rusiyanın Livnı şəhərində Qızıl Ordu tərəfindən götürülmüş nüsxəsi, 45-ci piyada diviziyasının arxivində tapılmışdır.
Bəzi əsgərlər və hətta Qızıl Ordunun kiçik qrupları şərq istehkamı almanlar tərəfindən tutulandan sonra qalada gizlənmişdilər. Son günlər ərzində, həmin əsgərlərin bəzisi divarlarda öz son sözlərini yazırdı. Onlardan biri deyirdi:
"Biz öləcəyik, lakin biz qalanı tərk etməyəcəyik. Mən ölürəm, lakin mən təslim olmayacağam. Əlvida, Vətən. 20.VII.41."[11]
Brest qalasının qəhrəman müdafiəçilərindən biri Pyotr Qavrilov 23 iyulda əsir götürülmüşdü[19][22](sonralar Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü).
Bəzi müəlliflər qeyd edir ki, qalada sağ qalmış sovet əsgərləri ən gec avqust ayında məhv edilmiş, hətta Adolf Hitler və Benito Mussolini qalaya baş çəkərkən təhlükəsizlikləri yüksək səviyyədə təmin edilmişdi.