Cümlə üzvləri – bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr.[1]
Sadə cümlənin əsasını bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr təşkil edir. Bu cür söz və birləşmələr sintaktik səviyyədə cümlə üzvü adlandırılır. Azərbaycan dilindəki əksər cümlələr tərkib hissələrinə ayrılır, yəni üzvlənir. Cümlə üzvlərini öyrənmək üçün: onların sintaktik vəzifəsini; ifadə vasitələrini; aralarındakı sintaktik əlaqə üsullarını; quruluşunu; sintaktik suallarını; daxili növlərini müəyyənləşdirmək vacibdir.[2]
Cümlə üzvləri əsas nitq hissələri və söz birləşmələri ilə ifadə olunur. Nitq hissələri cümlə üzvü vəzifəsində iki cür çıxış edir: öz əsas funksiyasında; əlavə funksiyalarda. Nitq hissələrinin əsas funksiyası o deməkdir ki, əsas nitq hissələrinin hər biri sanki təbiət etibarilə bu və ya digər bir cümlə üzvünə təhkim olunmuşdur və əksərən həmin vəzifədə çıxış edir. Məsələn, mübtəda üçün adlıq halda, tamamlıq üçün yönlük, təsirlik, yerlik və çıxışlıq hallarında isim və əvəzliklər səciyyəvi ifadə vasitəsidir.
Xitab və ara sözlərin sintaktik vəzifəsi olsa da, cümlə üzvü ola bilmir. Cümlədə işlənən bütün sözləri cümlə üzvü hesab etmək olmaz. Cümlədəki sözləri dörd qrupa ayırmaq olar:
Var, yox, gərək, lazım, mümkün, bəs tipli predikativ sözlər suala cavab vermədən cümlənin ismi xəbəri, sual əvəzlikləri isə suala cavab vermədən cümlənin istənilən üzvü olar. Cümlə üzvü adətən bir sintaktik suala cavab verir. Morfoloji sualla sintaktik sualı eyniləşdirmək olmaz. Nitq hissələri əsas sintaktik vəzifələrində işləndikdə onların morfoloji və sintaktik sualları uyğun gəlir. Söz birləşmələrinin komponentləri də ayrılıqda morfoloji suala, birlikdə bir sintaktik suala cavab verir.
Cümlə üzvlərinə həmişə sual vermək mümkün deyil. İfadə vasitələrindən asılı olaraq, bəzi üzvlərə sual vermək olmur. Var, yox, bəs, istər, mümkün, gərək sözləri müstəqil xəbər vəzifəsində işləndikdə sintaktik suala cavab vermir. Cümlə üzvləri sual əvəzlikləri ilə ifadə olunduqda da suala ehtiyac olmur.[1]
Cümlə üzvləri quruluşca sadə və mürəkkəb olur. Nitq hissələri ilə (sadə, düzəltmə və mürəkkəb sözlərlə) və frazeoloji vahidlərlə ifadə olunan üzvlər sadə, ismi və feili birləşmələrlə ifadə olunan üzvlər mürəkkəb olur. Sözün quruluşu ilə cümlə üzvünün quruluşunu eyniləşdirmək olmaz.
Hazırkı dövr dilçiliyimizdə beş üzv sabitləşmişdir. Bunlardan mübtəda və xəbər baş (təşkiledici), tamamlıq, təyin və zərflik ikinci dərəcəli (təyinedici, tamamlayıcı) üzvlərdir. Baş üzvlərdən mübtəda ən müstəqil (heç bir üzvdən asılı olmayan) üzv hesab olunur. Beş cümlə üzvü vardır: mübtəda, xəbər, tamamlıq, zərflik, təyin. Cümlə üzvləri cümlənin təşkilindəki roluna görə iki yerə bölünür:
1.Baş üzvlər: mübtəda, xəbər
2.İkinci dərəcəli üzvlər: tamamlıq, təyin, zərflik
Baş üzvlər cümlənin struktur əsasını təşkil edir. Mübtəda-xəbər əlaqəsi nəticəsində cümlədə predikativlik və fikir bitkinliyi yaranır. İkinci dərəcəli üzvlərin sintaktik-semantik funksiyası da yalnız baş üzvlərə əsasən müəyyənləşir. Lakin onu da nəzərə almaq lazımdır ki, baş üzvlər cümlədə mərkəzi mövqe tutsa da, heç də həmişə informasiyanın əsas daşıyıcıları olmur. Semantik yük daşımaq baxımından baş və ikinci dərəcəli üzvlər arasında ciddi sərhəd qoymaq qeyri-mümkündür. Hətta bəzən əsas semantik yük baş üzvlərin deyil, ikinci dərəcəli üzvlərin üzərinə düşür. Buna baxmayaraq, baş üzvlər cümlənin bel sütununu, nüvəsini təşkil edir. "Məlum olan" və "yeni" adətən baş üzvlər vasitəsilə verilir. Çox zaman məntiqi subyekt mübtəda, məntiqi predikat isə xəbər şəklində öz ifadəsini tapır. İş görən – subyekt bəzən ikinci dərəcəli üzvlərlə ifadə olunur[4].
Mübtəda ona görə dominant sayılır ki, cümlədə xəbər zonası vasitəsilə söylənən fikir, iş, hadisə və əlamətin daşıyıcısı olur. Hətta mübtəda cümlədə işlənmədikdə, buraxıldıqda da nəzərdə tutulur və söylənilən əlamət onun səciyyəsinə xidmət edir. Təktərkibli cümlələrdə isə fikir predmeti ismin başqa hallarında ola bilir, başqa sintaktik vəzifə daşıyır, başqa cür təsəvvür olunur.[1]
İkinci dərəcəli üzvlər baş üzləri müxtəlif cəhətdən izah edir, aydınlaşdırır, tamamlayır, cümləni genişləndirir. Əlamətin daşıyıcısının hərəkəti və bu hərəkətin obyekti, yeri, zamanı, tərzi, səbəbi, məqsədi, dərəcəsi və s. haqqında zəruri məlumat ikinci dərəcəli üzlərin iştirakı ilə ifadə olunur. Bəzən baş üzvlərdən — predikativ mərkəzdən yalnız biri sözlə ifadə olunur (təktərkibli cümlələr), belə hallarda fikir predmetinin izahında ikinci dərəcəli üzvlərin rolu böyükdür.
Ədəbi normalara uyğun olaraq, sadə müxtəsər cümlələrdə əvvəl mübtəda, sonra xəbər, geniş cümlələrdə isə əvvəl mübtəda zonası (təyin və mübtəda), sonra xəbər zonası (tamamlıq, zərflik və xəbər) işlənir. Xüsusiləşmiş tərkiblərlə ifadə olunan üzvlər, yer və zaman zərflikləri əksərən cümlənin əvvəlinə meyl edir. Bəzən mübtəda xə xəbər yerini dəyişdiyi kimi, tamamlıq və zərflik də yerini dəyişib xəbərdən sonra işlənə bilir. Təyin aid olduğu üzvdən əvvəl işlənir.
Hər hansı söz cümlə üzvü olmaq üçün, ilk növbədə, müstəqil leksik mənaya malik olmalı və cümlədəki başqa üzvlərlə sintaktik əlaqəyə girməlidir. Sözün, söz birləşməsinin cümlə üzvü olması üçün onun cümlənin digər üzvləri ilə əlaqələnməsi vacibdir. Cümlə üzvləri bir- birləri ilə qrammatik(sintaktik) əlaqədə olur. Həmcins üzvlər tabesizlik əlaqəsi ilə, mübtəda və xəbər uzlaşma əlaqəsi ilə, təyin təyin olunanla yanaşma əlaqəsi ilə, tamamlıq xəbərlə idarə əlaqəsi ilə, zərflik xəbərlə idarə və ya yanaşma əlaqəsi ilə əlaqələnir.[4]