Susanna Alimovna Camaladinova (krımtat. Susana Alim qızı Camaladinova, ukr. Суса́на Алі́мівна Джамаладі́нова; 27 avqust 1983[1], Oş) və ya sadəcə Camala (krımtat. Camala, ukr. Джама́ла) — tatar və erməni mənşəli Ukrayna musiqiçisi. O, "1944" mahnısı ilə Ukraynanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və qələbə qazanmışdır.
Camala | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Сусана Алімівна Джамаладінова |
Ləqəbləri |
Camala krımtat. Camala ukr. Джама́ла |
Doğum tarixi | 27 avqust 1983[1] (40 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 2001-ci ildən |
Janrlar | caz, soul, pop musiqisi, xalq musiqisi |
Səs tembri | soprano[2] |
Albom şirkətləri | Universal Music Group[d] |
Təhsili | |
Mükafatları | |
jamalamusic.com jamalamusic.com jamalamusic.com |
|
Vikianbarda əlaqəli mediafayllar |
Susanna Camaladinova 27 avqust 1983-cü ildə Qırğızıstan Sovet Sosialist Respublikasının Oş şəhərində dünyaya göz açmışdır. Onun atası milliyətcə Krım tatarı, anası isə ermənidir. Camala və onun atası müsəlman,[3] anası isə xristiandır. İkinci dünya müharibəsi zamanı Camalanın Krımdan olan əcdadları İosif Stalinin göstərişi ilə məcburi şəkildə Mərkəzi Asiyaya deportasiya edilmişdirlər. 1989-cu ildə onun ailəsi Krıma geri dönmüşdür.
Camala əsasən rus və ukrayn dillərində danışır. Onun krımtatar dilində bir neçə mahnı yazsa da, həmin dildə sərbəst şəkildə danışa bilmir.[4]
Camala uşaqlıq illərindən musiqiyə həvəsli olmuşdur. O, ilk mahnısını hələ 9 yaşında ikən Krımtatar dilində bəstələmişdir. Camala Simferopol şəhərində yerləşən musiqi kollecinə daxil olmuş və Ukraynanın Pyotr Çaykovski adına milli musiqi akademiyasından opera müğənnisi olaraq məzun olmuşdur. Lakin onun musiqidə əsas marağı pop janrı idi.
2010-cu ilin fevral ayında Camala "You Are Made of Love" adlı ilk sinqlı təqdim olunmuşdur. Onun ikinci sinqlı "It's Me, Jamala" həmin ilin oktyabr ayında, üçüncü sinqlı "Smile" isə noyabr ayında təqdim olunmuşdur. Camala "Smile" mahnısı ilə Ukraynanın 2011 Avroviziya Mahnı Müsabiqəsi üçün milli seçim turunda iştirak etmiş və nəticədə üçüncü yerdə qərarlaşaraq, məğlub olmuşdur. 2011-ci ilin aprel ayında Camalanın For Every Heart adlı debüt albomu işıq üzü görmüşdür.
2012-ci ilin noyabr ayında Camalanın ikinci studiya albomunun əsas sinqlı olan "Я Люблю́ Тебя́" dinləyicilərə təqdim olunmuşdur. Albomun ikinci və üçüncü sinqlları "Hurt" və "Ка́ктус" həmin ilin mart ayında təqdim olunmuşdur. All or Nothing albomu 2013-cü ilin mart ayında işıq üzü görmüşdür. 2014-cü ilin sentyabrında ifaçının "Заплу́талась" sinqlı buraxılmışdır.
2015-ci ilin mart ayında Camalanın üçüncü studiya albomunun əsas sinqlı "Очима" təqdim olunmuşdur. Albomun ikinci sinqlı "Шлях додо́му" həmin ilin may ayında, üçüncü sinqlı "По́дих" isə iyunda təqdim olunmuşdur. Camalanın üçüncü albomu olan Подих 2015-ci ilin oktyabr ayında satışa buraxılmışdır.
2016-cı ildə Camala "1944" mahnısı ilə Ukraynanın NTU telekanalının Avroviziya 2016 üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və qələbə qazanmışdır. Nəticədə ifaçı həmin mahnı ilə ölkəsini İsveçin paytaxtı Stokholmda keçirilən müsabiqədə təmsil etmək hüququ əldə etmişdir.[5][6] Mahnı 1944-cü ildə Krım tatarlarının Mərkəzi Asiyaya deportasiyası zamanı müğənninin nənəsinin itirdiyi qızı haqqındadır və mahnının sözləri Camalanın özü tərəfindən 2014-cü ildə yazılmışdır. Rus şərhçilər mahnının Rusiyanın Krıma hərbi müdaxiləsi və Donbass müharibəsi barəsində olduğunu iddia edərək, bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdirlər. Lakin mahnıda hansısa birbaşa siyasi ismarış olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənmişdir. Camala da verdiyi müsahibələrdə ifa etdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqda əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulamışdır.
Müsabiqə üçün aparılan uzun məşqlərdən sonra Camala 12 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 14-cü nömrə altında səhnə almışdır. Nəticədə 287 xalla 2-ci yeri tutaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Camala 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 534 xal toplayaraq, Avroviziya 2016-nın qalibi elan edilmişdir. Müsabiqədəki qalibiyyətindən sonra Camala Ukraynanın prezidenti Petro Poroşenko tərəfindən Xalq artisti adına layiq görülmüşdür.[7]
26 aprel 2017-ci il tarixdə Camala Bəkir Süleymanov ilə ailə həyatı qurmuşdur. Onların nigahı Kiyevdə yerləşən İslam Mədəniyyət Mərkəzində baş tutmuşdur. Bəkir Süleymanov Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fizika və Riyaziyyat üzrə təhsil almışdır.
Albom adı | İl |
---|---|
For Every Heart | 2011 |
All or Nothing | 2013 |
Подих | 2015 |
1944 | 2016 |
Mahnı adı | İl |
---|---|
"You Are Made of Love" | 2010 |
"It's Me, Jamala" | |
"Smile" | |
"Я люблю тебя" | 2012 |
"Hurt" | |
"Кактус" | 2013 |
"Заплуталась" | 2014 |
"Злива" | |
"Чому?" | |
"Очима" | 2015 |
"Шлях додому" | |
"Подих" | |
"1944" | 2016 |
"Заманили" | |
"I Believe in U" | 2017 |
"Сумую" |
Əvvəlki: Mariya Yaremçuk "Tick-Tock" |
Ukrayna Avroviziya Mahnı Müsabiqəsində 2016 |
Sonrakı: O.Torvald "Time" |