David (it. Il David) — Covanni Lorenso Bernini tərəfindən işlənmiş həyat ölçülü mərmər heykəldir. Skripione Borgeze inşa edilən villasının bəzədilməsi üçün Berniniyə çoxsaylı heykəllərin hazırlanmasını sifariş etmişdi və Davidin heykəli də həmin sifarişlər arasında idi. Heykəl bu gün də Borgeze qalereyasında saxlanılır. Heykəl 1623–1624-cü illərdə yeddi ay ərzində hazırlanmışdır.
David | |
---|---|
Ölkə | İtaliya |
Yerləşir | Roma |
Heykəltaraş | Bernini |
Tikilib | 1624[1] |
Hündürlüyü | 170 sm |
Material | mərmər |
Saxlanıldığı yer | Borgeze qalereyası |
İnventar nömrəsi | LXXVII |
Sayt |
collezionegalleriaborghese.it/… collezionegalleriaborghese.it/… |
Vikianbarda əlaqəli mediafayllar |
Heykəlin mövzusu Qoliafı öldürmək üçün ona daş atmağa hazırlaşan və sonradan onun başını kəsmiş Bibliya personajlarından biri olan Daviddir. Eyni mövzuda olan digər əsərlər (xüsusilə Mikelancelonun məşhur "David") heykəli ilə müqayisədə Bernininin "David"i ehtimal edilən hərəkəti və psixoloji intensivliyi ilə yeni üfüqlər açmışdır.
Bernininin himayədarlarından biri olan kardinal Kripione Borgeze 1618–1625-ci illərdə sənətkara yeni inşa edilən villanın bəzədilməsi üçün heykəllər hazırlamaq sifariş edir.[2] 1623-cü ildə 24 yaşlı Bernini "David" heykəlini başlamaq üçün çoxdan üzərində işlədiyi "Apollon və Dafne" heykəlini yarımçıq qoyur. Ödəniş qəbzinin verdiyi məlumata görə Bernini heykəl üzərində işə 1623-cü ilin ortalarında başlamışdır, sənətkarın bioqrafı Filippo Baldinuççi isə onun heykəli yeddi ay sonra tamamladığını bildirir.[3]
"David", Skripione Borgezenin Berniniyə son sifarişi olmuşdur. Heykəlin tamamlanmasından qısa müddət əvvəl Berninin dostu və himayədarlarından biri olam Maffeo Barberini VIII Urban adıyla Roma Papası seçilmişdir.[4]
Heykəldə Əhdi-Ətiqin Samuilin kitabından səhnə təsvir edilmişdir. İsraillilər filistimlilərlə müharibə şəraitindədirlər və filistimlilərin nəhəng qəhrəmanı Qoliaf İsrail ordusunu təkbətək döyüşə çağırır. Gənc çoban David döyüş çağırışını qəbul edərək sapanddan atdığı daşla onu öldürür:
Filistimli qəti addımlarla Davidə sarı getməyə başladı, David da filistimlinin qabağına çıxmaq üçün cəld meydana qaçdı. Əlini dağarcığına apardı və bir daş götürüb atdı. O, filistimlini düz alnından vurdu, daş onun alnına batdı, filistimli üzüstə yerə sərildi. Beləcə, David filistimlini sapand və daşla məğlub etdi, əlində qılınc olmaya-olmaya filiştlini vurub öldürdü. David qaça-qaça gəlib Qoliafın üstünə çıxdı. Filistimlinin qılıncını qınından sıyırdı və arxayın olmaq üçün onun başını kəsdi. Filistimlilər pəhləvanlarının öldüyünü görəndə qaçdılar. Samuilin kitabı, 48-51
|
Davidin əynində çobanlara xas geyim vardır. Ayağında isə İsrail hökmdarı Saul tərəfindən döyüş üçün ona verilmiş zireh vardır. David zirehlə döyüşə alışıq olmadığına görə, onsuz daha yaxşı döyüşürdü.[5] Davidin ayağı yaxınlığında yerləşən arfa isə onun istedadlı arfa ifaçısı olduğunu göstərir.[6]
İtaliya İntibahı sənətkarları arasında Bibliya mənşəli David mövzusu çox məşhur olmuş, Donatello (təxm. 1440-cı illər), Verrokkio (1473–1475) və Mikelancelo (1501–1504) kimi sənətkarlar bu mövzuda əsərlər yaratmışlar. Bernininin "David"i isə bir çox xüsusiyyətləri ilə özündən əvvəl yaradılmış David heykəllərindən seçilmişdir.
Bir tərəfdən heykəl artıq müstəqil deyil və ətraf mühitlə aktiv əlaqədədir. Samofrakiya Nikası kimi ellinizm dövrü heykəllərinin ətrafında Berninin heykəli kimi əsərlər yerləşdirilirdi.[7] Berninin fiquru üçün ehtimal ki, "Borgeze qladiatoru" ilham mənbəsi olmuşdur.[8] Digər fərq isə Bernininin seçdiyi təsvir anıdır. Mikelancelonun Davidi Donatello və Verrokkionun Davidindən fərqli olaraq personajı qələbədən sonra yox, döyüşə hazırlaşan anda təsvir etməsi ilə fərqlənirdi.[9] Bernini isə Davidi daşı qaldırdığı anda təsvir etmişdir. Bu yenilik idi; antik dövrdən sonra atış vəziyyətində olan heykəllərə nadir hallarda rast gəlinirdi.[10] Rəssamlıqda hərəkət motivi mövcud idi və bunun nümunələrindən biri Annibale Karrraççinin siklop Polifem freskosudur.[10] Ehtimal ki, Bernini Karraççinin həmin əsəri ilə tanış idi; onun Farneze qalereyasında olan yeganə əsəri bu deyildi və Bernini Karraççini bütün zamanların dörd ən böyük rəssamından biri hesab edirdi.[11]
Bernini həm də Da Vinçinin yazıları ilə tanış ola bilərdi. Belə ki, Leonardonun "Rəssamlıq haqqında traktat" əsərində hərəkət vəziyyətində olan fiqurun necə təsvir edilməsindən ətraflı bəhs edilir. Ehtimal ki, Bernini Leonardonun həmin nəzəriyyəsini "David" heykəlində tətbiq etmişdir:
Əgər siz onu hərəkətə başlayan anda təsvir edirsizsə, dartılmış ayağın daxili hissəsi sinə xəttinə uyğun olmalıdı, qarşı çiyin isə ağrılığı götürən ayaqla bərabər olmaq üçün qabağa çıxmalıdır. Yəni sağ ayaq onun bədən yükünü daşıyacaq, sol çiyin isə sağ ayağa uyğun olmalıdı. Leonardo da Vinçi – Rəssamlıq haqqında traktat[12]
|
Berninin potensial ilham mənbələrindən biri də Mironun V əsrdə yaratdığı "Diskatan" heykəlidir. Bu nəzəriyyənin əsas problemli tərəfi odur ki XVII əsrdə Diskatan heykəli yalnız mənbələrdən məlum idi; saxlanılmış hissələrin qalıqları isə 1781-ci ilə kimi düzgün identikləşdirilməmişdi.[13] Həm Kvintillian, həm də Lukian heykəl haqqında yazsalar da, onu daha çox dartılan və ya əyilən kimi təsvir edirlər.[13]
Barokko dövründə heykəltaraşlıq sənətində nəzərəçarpacaq dəyişikliklər baş verir və Bernini bu dəyişikliklərin önündə gedir.[7] İntibah ustadlarının heykəlləri əsasən frontal olmaqla izləyicilərin yalnız bir tərəfdən baxmasını tələb edir. Bernininin "David"i isə üç ölçülü olmaqla, izləyicini ətrafında fırlanmağa və müxtəlif tərəflərdən əsərə baxmağa məcbur edir.[14] Heykəl sanki, Davidin qəzəbini yönəltdiyi, lakin görünməyən Qoliaf və münaqişənin ortasında qalmış izləyici arasında əlaqə yaradır.[15] Döyüşçü barmaqlarını pyedestalın kənarlarına qoymaqla, hərfi mənada həyat və sənət arasındakı sərhəddi keçir.[16] Məkan və zaman mövzusu da müzakirə edilən məsələlərdəndir. Belə ki, Mikelancelonun "David"ində olduğu kimi sakit davamlılıq əvəzinə Bernini kəsilməz hərəkət anını təsvir etmişdir. Buna görə də Mikelancelonun "David"ində hiss olunan gizli enerji, Bernininin "David"ində sanki sərbəstlik alaraq özünü büruzə verir.[7]
Emosional baxımdan Bernininin heykəli burada müşahidə edilən qəzəb kimi müxtəlif ekstremal psixi vəziyyətlərin öyrənilməsi üçün inqlabi əhəmiyyət daşıyırdı.[17] Davidin aqressiya ilə fikrini bir istiqamətə yönəltmiş üzü qəzəbdən büzülmüş, qaşları sıxılmış və qəhrəman alt dodağını dişləməkdədir.[16] Baldinuççinin nəql etdiyi lətifədə Barberini güzgünü Berniniyə tutur ki, heykəltaraş fikirləşdiyi üz mimikasını yaradaraq işləyə bilsin.[3] Bu məlumat Bernininin iş üsulları və gələcəm Roma Papası ilə yaxın əlaqəsinə də işarə edir.
Realizm cəhdlərindən başqa, "David" heykəlində həm də hərbçinin necə əks olunması tələblərinə əməl edilir. Albrext Dürerin də daha əvvəl dediyi kimi "hərbçi şəxs" (vir bellicosus) daha çox 1:10 ölçülü ekstremal bədən ölçüləri ilə təsvir edilməlidir.[10] Bundan başqa döyüşçü qabağa çıxan alın, qırışıq qaşlar və əyri burunlu "şir üzü" (facies leonina) ilə təsvir edilirdi.[10]