Müqəddəs Lonqin (it. San Longino) — İtaliya heykəltaraşı Covanni Lorenso Bernini tərəfindən yaradılmış heykəldir. 1638-ci ildə tamamlanmış mərmər heykəl Vatikandakı Müqəddəs Pyotr bazilikasının şimal-şərq nişində yerləşir.[1] Heykəl təxminən dörd metr hündürlüyə malikdir. Heykəli ilk görənlərdən biri olmuş ingilis yazıçısı Con İvlin onu “Koloss nəhənglikdə” adlandırmışdı.[2]
Müqəddəs Lonqin | |
---|---|
Saint Longinus | |
Ölkə | İtaliya |
Yerləşir | Vatikan |
Heykəltaraş | Bernini |
Tikilib | 1629 |
Material | mərmər |
Saxlanıldığı yer | Müqəddəs Pyotr bazilikası |
Vikianbarda əlaqəli mediafayllar |
1627-ci ildə Müqəddəs Pyotr bazilikasının inşaat meydanında rəhbər memar vəzifəsində Karlo Madernonu Covanni Lorenso Bernini əvəz edir və 1647-ci ildə Roma Papasının ölümünə kimi bazilikada həyata keçirilən bütün yeni layihələrə birbaşa nəzarət edir. Bernini yalnız interyer dekorunun hazırlanmasına nəzarət etməmiş, həmçinin bir neçə sənət əsərinin, o cümlədən Müqəddəs Lonqin heykəlinin hazırlanmasını həyata keçirmişdir.[3]
Müqəddəs Lonqin heykəli bazilikanın kəsişmə hissəsindəki nişlər üçün sifariş edilmiş dörd heykəldən biridir. Digər üç heykəllər isə Müqəddəs Andrey, Müqəddəs Yelena və Müqəddəs Veronikaya aiddir. Kilsədə dörd müqəddəsin hər biri ilə əlaqəli relikviyalar saxlanılır. Heykəllərin kiçik modelləri müxtəlif heykəltaraşlar tərəfindən hazırlanmış, Müqəddəs Andrey heykəlinin modelini isə Bernini özü işləmişdir. Modelləri müzakirə edən komitet Bernininin Müqəddəs Lonqin heykəli üzərində işləməsinə qərar vermişdir.[4] Nişlərdə yerləşdiriləcək heykəlləri işləyən sənətkarların hər birinə, o cümlədən Berniniyə 3.300 Roma skudosu ödənilmişdir.[1]
Ehtimal ki, təxminən 1631-ci ildə hazırlanmış və hazırda Foqq Sənət Muzeyində saxlanılan erkən bozzetto (terrakottadan hazırlanmış kobud model) Bernini tərəfindən hazırlanmışdır və sənətkar heykəlin yekun versiyasına qərar verənə kimi müxtəlif nəzəriyyələr üzərində işləmişdir.[4][5] Lakin, Harvard bozettosunda istifadə edilmiş dizayn heykəlin yekun versiyasında istifadə olunmamışdır; baldaxinin dizaynındakı dəyişiklər - kəsişmə mərkəzində inşa edilmiş böyük düzbucaqlı tağ - Müqəddəs Lonqin hekəlinin dizaynına da təsir etmişdir. CD Dikerson yazır ki, “Dirilən Məsih fiqurunun yerinə” indi baldaxinin üstündə sadə sfera və xaç yüksəlir. Buna görə də Lonqinin təzim formasında baldaxinə baxmasının bir anlamı qalmamışdı.”[4]
1980-ci illərdə arxeoloji qazıntılar zamanı aşkarlanmış və hazırda Roma muzeyində saxlanılan terrakotta isə yekun varianta daha yaxındır. Roma muzeyindəki terrakota müxtəlif hissələrə bölünmüşdür (sağ qolu boyunca və torsda) ki, bu da yekun heykəlin mərmər bloklarının kəsiklərinə uyğundur. Bu onu deməyə əsas verir ki, Bernini modeli yekun heykəldə daşların birləşdirilməsi zamanı necə görünəcəyini müəyyənləşdirmək üçün istifadə etmişdir.[4]
Görünür, Bernini və köməkçiləri çoxsaylı hazırlıq dizaynları ərsəyə gətirmişdi. 1635-ci ildə Berninin studiyasına baş çəkmiş Almaniya rəssamı Yoahim fon Zandrart, studiyada heykəlin 22 kiçik variantının olmasını qeyd edir.[4] Düsseldorf Kunstpalast muzeyində isə heykəlin səkkiz qaralama təsviri saxlanılır.[6] Model razılaşdırılan kimi Bernini dərhal işə başlamış və heykəlin yekun variantının təqdim edilməsi üçün üç il vaxt istəmişdir.
1545-ci ildən keçirilməyə başlanılan Trident kilsə məclisi ümumilikdə XVI-XVII əsrlərin dini incəsənətinə ciddi təsir etmişdir. Protestant Reformasiyasına qarşı əsasən katolik doktrinasını təsdiq edən Trident kilsə məclisi dini sənət əsərlərində hansı detallara diqqət yetirilməli olduğunu qeyd edirdi. Bildirilirdi ki, əsərlər rəbb və müqəddəslər də daxil olmaqla katolik doktrinasının əsas aspektlərini əks etdirməlidir. Həmin dövrdə yaradılmış sənət əsərləri aydın, dəqiq, ədəbli və emosional əlçatanlığa malik olmalı idilər. İstənilən dini sənət nümunəsinin, o cümlədəm Müqəddəs Lonqin heykəlinin hazırlanmasında bu tələblərə diqqət yetirilirdi.[7]
Lonqin, çarmıxa çəkilmə zamanı İsanın yanını nizə ilə deşmiş kor Roma əsgəri olmuşdur. Bu hadisədən sonra İsanın Tanrının oğlu olmasına inanan Lonqin xristianlığı qəbul etmişdir. Xristianlığı qəbul etmiş Lonqinin gözləri açılmış, o, yalnız ruhi deyil, həm də fiziki oyanma hiss etmişdir.[8]
Bernini Lonqinin dini oyanma anını təsvir etmişdir. Dini oyanmanı təsvir etmək üçün o, səmaya baxarkən və qismən açılmış ağızla göstərilmişdir. Hərbi ləvazimatları və İsanın bədəninə sancılmış müqəddəs nizənin əsərdə təsvir edilməsi onun Roma hərbiçisi kimi keçmişini göstərir. Qollarını açmış Lonqin ilahi işığı qəbul edir. Praktikada həmin ilahi işıq Müqəddəs Pyotr bazilikasının pəncərəsindən keçərək heykəlin üstünə düşür.[9]
Bernini, işlədiyi mövzularda psixoloji və ruhi oyanmanı göstərmək üçün kəskin hisslərdən istifadə etməsi ilə məşhurdur. Səhnənin dramatikliyini artırmaq üçün Bernini çox vaxt subyektin geyimi ilə manipulyasiya edir. Xristianlığı qəbul edən Lonqinin geyimi geniş çəkildə açılaraq onun ətrafında dolanır və vizual təqdimat rolunu yerinə yetirir. Uçan parça həm də barokko heykəltaraşlığı və Bernini yaradıcılığının ən mühüm xüsusiyyətlərindən biri olan hərəkəti əks etdirir. Bernininin yaratdığı səhnədə izləyici dini aydınlanma zamanı donmuş Müqəddəs Lonqinlə qarşılaşır. Təsvir edilmiş parça izləyicini Lonqini aydınlanma zamanı gördüyünə inandırır.[8]
Bernininin əsərdə dramatikliyi artırma üsullarından biri də onun quruluşu ilə manipulyasiya etmək və işıq-kölgə kontrastı yaratmaqdır. Barokko dövrünün ikonik vizual elementi kölgə və işıqdır, onların kontrastı səhnənin dramatikliyini artırmaq üçün istifadə olunur. Bu heykəldə Bernini kontrastı gücləndirmək və səhnənin dramatikliyini artırmaq üçün iki texnikadan istifadə edir. Zubillərdən istifadə etməklə, Bernini, heykəl üzərində adətən rəssamlıqda rast gəlinən böyük və kiçik xəttlər yaratmışdır. Heykəlin ərazisi, xüsusilə parça hissələri kölgə effektləri yaratmaq üçün çoxlu əyilmə və qatlanmalara malikdir. Bu iki texnika heykəl üzərində daha tünd kölgələr yaradır ki, bu da ağ mərmərlə kontrastı gücləndirərək dramatikliyi artırır.[8]
Personajın üz cigiləri ilə oynayaraq onun şəxsiyyəti və hisslərinin təsvir edilməsi barokko sənətkarları, o cümlədən Berninin aktiv istifadə etdikləri texnika olmuşdur. 1593-cü ildə italyan yazıçı və ikonoqraf Sezare Ripa fizioqnomika ideyasına həsr edilmiş “İkonologiya” adlı əsərini nəşr etdirmişdir. XVII əsrin əvvəllərində fizioqnomika geniş yayılmış ideya olmaqla barokko sənətkarları tərəfindən aktiv şəkildə istifadə edilirdi. Lonqinin prespektiv baxışı və azacıq aralanmış dodaqları onun fizioqnomikasına nümunədir. Onun üz ifadələri daxili hisslərini, mənəvi aydınlanmasını əks etdirir.[10] Bu texnikanı Bernininin “Müqəddəs Terezanın ekstazı” əsərində də müşahidə etmək mümkündür. Burada Tereza səmaya istiqamətlənmiş baxışlarla, ağzı qismən açılmış halda Müqəddəs Lonqin kimi təsvir edilmişdir.
Lonqin nizəni İsanın böyrünə batırdıqda əmələ gəlmiş yaradan qan və su çıxmışdır. Su və qanın qarışığı Yevxaristiya sirri və vəftiz kimi katolik inancının iki mühüm elementini simvolizə edir. Lonqini nizə ilə birlikdə təsvir etmiş Bernini katolik inancının bu iki vacib elementinə istinad edir.[11]
Londonun Velkam kitabxanasında heykəlin 1696-cı ildə H. Frezza tərəfindən çəkilmiş qravür təsviri saxlanılır.[12]