VII Aleksandrın məzarı (it. Sepolcro di Alessandro VII) — Covanni Lorenso Bernini tərəfindən dizayn və qismən icra edilmiş qəbirüstü xatirə abidəsidir. Abidə Vatikandakı Müqəddəs Pyotr bazilikasının cənub qanadında yerləşir. Abidə Papa VII Aleksandrın özü tərəfindən sifariş edilmişdir. Lakin, abidənin quraşdırılmasına 1671-ci ilə kimi başlanılmamış və o, 1678-ci ildə, Papanın ölümündən on bir il sonra tamamlanmışdır. Bu əsər həyatının son dövrlərində 81 yaşlı Berninin aldığı ən böyük sifariş idi. Heykəlin tamamlanmasından sonra 1680-ci ildə ustad sənətkar vəfat etmişdir.
VII Aleksandrın məzarı | |
---|---|
Ölkə | Vatikan |
Memarlıq üslubu | barokko |
Heykəltaraş | Bernini |
Tikilib | təq. 1670 |
Material | mərmər |
Saxlanıldığı yer | Müqəddəs Pyotr bazilikası |
Vikianbarda əlaqəli mediafayllar |
Pontifikliyinin əvvəllərində Aleksandr başa düşür ki, xatirəsini ölümsüzləşdirmək üçün monumental məzarüstü abidəyə ehtiyacı var; xələfləri kimi, o da abidənin hazırlanmasını məşhur sənətkar Berniniyə həvalə edir. Papanın gündəliyində abidə ilk dəfə 9 avqust 1656-cı ildə qeyd edilir.[1] Papann ölümündən sonra abidənin icrası və xərclərinin ödənilməsinə onun qardaşı oğlu Kardinal Flavio Kici nəzarət edir.[2] Papa IX Klimentin dövründə abidənin Santa-Mariya-Maccore bazilikasının xorunda yerləşdirilməsinə qərar verilir. Klementin ölümündən sonra bu ideya unudulur və abidə üçün yeni yer kimi Müqəddəs Pyotr bazilikası seçilir. Abidə cənub qanadına qapısı olan nişdə yerləşdirilir. İri həcmli abidənin yerləşməsində yaranan çətinliyi ağılla aradan qaldıran Bernini Ölüm fiqurunu qapının üstündə yerləşdirmişdir.[3][4]
İşə başlaması üçün Berniniyə ilkin olaraq min skudi ödənilmiş və 7 oktyabr 1672-ci ildə sənətkar, məzarın dizaynı və modeli üzərində işə start vermişdir. Abidənin bir çox ilkin dizayn eskizləri dövrümüzə çatmışdır. Berninin studiyasında hazırlanmış ən erkən dizayn eskizi Vindzor qəsrindəki Kral Kitabxanasının kolleksiyasında saxlanılır.[3] Abidənin hissələri olan iki gil bozetti dövrümüzə çatmışdır ki, onlardan biri – Xeyrixahlıq, Sienadakı İncəsənət İnstitutunda, diz çökmüş Papanın fiquru isə Londondakı Viktoriya və Albert muzeyində saxlanılır.[2] 1671-ci ilin dekabrında taxta və gil karrkaslar və ya tam ölçülü model formasında abidənin quraşdırılmasına başlamışdır. Berniniyə son ödəniş 9 aprel 1672-ci ildə edilmişdir. Ödənişi aldıqdan sonra, həmin ilin 23 iyulunda, Bernini, abidənin eskizlərini mərmər bloklar kəsilən karxanaya göndərir.[5] Abidə artıq hazır olsa da, həmin dövrdə hakimiyyətdə olan Papa bəzi qeydlər bildirir. Papa XI İnnokenti abidəni gördükdən sonra, Həqiqət fiqurunun çılpaqlığı və Xeyirxahlıq fiqurunun ayaqyalın olmasını tənqid etmişdir. Bundan sonra, Bernini fiqurları geyindirməklə məşğul olmuşdur.[3][6] Berniniyə sifariş edilmiş son əsər nəhayət ki, taamlanaraq 1648-ci ildə təqdim edilmişdir.[7]
Abidədə altı diqqətçəkən fiqur vardır. Yuxarıda diz çökmüş Aleksandr ibadət edir. Ondan aşağıda pontifikə qulluq edən dörd qadın fiquru vardır. Ön planda əlində körpə tutmuş Mərhəmət dayanıb. Sağ tərəfdə bir ayağını qlobusun üstünə qoymuş Həqiqət durub. Həqiqətin baş barmağı Papanın uzun müddət anqlikanizmi özünə tabe etməyə çalışdığı İngiltərənin üstünə düşür və həmin barmağa İngiltərədən çıxan tikan batır. İkinci səviyyədə Ehtiyyatlılıq və Ədalət yerləşdirilib. Bu heykəllər ağ mərmərdən yonulmuşdur. Abidənin ən dramatik hissəsində siciliya yəşəmindən yonulmuş parçanın altından qalxan, qızıl suyuna çəkilmiş bürüncdən hazırlanmış Ölüm fiquru dayanır. Vaxtın keçdiyini göstərmək üçün Ölüm, qum saatını qaldırır.[8] Qum saatı həm də “xatırlayın ki, öləcəksiniz” kimi tərcümə olunan "memento mori"nin bədii simvolu hesab edilir. Papa üçün matəm ifadəsi olaraq abidənin plintusu qara rəngli mərmərdən işlənmişdir.[8] Bahalı Siciliya yəşəmindən hazırlanmış örtük ağ mərmərdən hazırlanmış fiqurlarla ziddiyyət təşkil edir. Böyük ölçülü materiala ehtiyac olan hissələrdə Bernini köhnə daşlardan imtina edərək yeni mərmər istifadəsinə üstünlük vermişdir. Buna görə də sənətkar zəngin qırmızı çalarlı Siciliya yəşəmini seçmişdir. Seçimin zərurətdən irəli gəlməsinə baxmayaraq, abidənin hər detalında Berninin mükəmməl sənətinin şahidi olmaq mümkündür. Papa və onu əhatə edən dörd qulluqçunun ağ mərmərdən hazırlanmış fiqurları təmizliyi təlqin edir. Bu, dramatik örtük və bürünc ölüm fiquru ilə tərs mütənasib təşkil edərək onların mənasını vurğulayır.[9]
Abidə Bernini və tələbələrinin iş birliyi nəticəsində hazırlanmışdır. Ümumiyyətlə həyatının son dövrlərinə yaxın Berninin götürdüyü bütün sifarişlər onun dizaynı əsasında və nəzarəti altında tələbələri tərəfindən həyata keçirilirdi.[4] Bernini ilə iş birliyi edən sənətkarların sırasına G. Mazzuoli, L. Morelli, G. Kartari, M. Maqlia və L. Balestri daxildir.[3][10] Papanın heykəli üzərində ehtimal ki, Bernini özü şəxsən çalışmışdır. Öz portret heykəlləri ilə məşhur olan Bernini, ehtimal ki, Papanın üz cizgilərinə son ştrixləri də özü vermişdir.[3]