Hemfri Devi (ing. Humphry Davy) (17 dekabr 1778[1][2][…] – 29 may 1829[3][2][…], Cenevrə[1][4]) — ingilis kimyaçısı və fiziki.
Hemfri Devi | |
---|---|
ing. Humphrey Davy | |
Doğum tarixi | 17 dekabr 1778[1][2][…] |
Vəfat tarixi | 29 may 1829[3][2][…] (51 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | kimya, fizika, geologiya |
İş yeri | |
Tanınmış yetirməsi | Maykl Faradey |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
İngilis kimyaçısı Hemfri Devi özünün qeydiyyat kitabçalarından birində qeyd edirdi: "Mən öz xarakteristikam üçün nə var-dövlətimə, nə hakimiyyətimə, nə də tanınmış nəslimə instinad edə bilmərəm. Amma əminəm ki, mən sadalanan bu üstünlükləri ayırıb versəm belə, bəşəriyyət və mənim dostlarım üçün faydam azalmaz".
Devi kasıblıq ucbatından ali təhsil almamışdır. O yalnız orta məktəbi (1795-i ildə) bitirmişdir. O, kimyadan bilikləri yenicə ingiliscədən tərcümə olunmuş A. L. Lavuazyenin "Kimyanın başlanğıc kursun"dan almışdır. Onu dahi fransızın işığın maddi təbiəti haqqındakı ideyası cəlb etdi. Devinin ilk "elmi fərziyyəsi" oksigenin – işığın bəzi naməlum elementlə əmələ gətirdiyi birləşmə olduğunu qəbul edirdi. Buna uyğun məqalə çap olunmuşdur, amma sonralar alim bundan çox təəsüflənirdi. Buna baxmayaraq, onu 1798-ci ildə Bristoldakı Pnevmatik institutuna kimyaçı kimi dəvət etmişlər. Burada müxtəlif qazların fizioloji təsirlərinin öyrənilməsi üzrə işlər aparılırdı. Elə burada Devi özünün ilk əsl kəşfini etdi: azot oksidlərindən birinin insana məst edici təsir etməsini (şənləndirici qazı N2O) kəşf etdi. Gənc tədqiqatçının mükafatı onun geniş şöhrətə malik olması, hətta Londondakı Kral institutunda mühazirə oxumaq və kimya laboratoriyasına rəhbərlik etmək təklif olunması oldu.
Həmin vaxtdan Devinin tədqiqatlarında əsas istiqamət elektrik cərəyanı oldu. Daha dəqiq desək, elektrik cərəyanının müxtəlif maddələrə təsiri oldu. Beləliklə Devi elektrokimyanın baniləri sırasına daxil oldu. Devi belə bir fikir irəli sürdü: elektrikin məhlullara təsiri nəticəsində məhluldakı müsbət və ya mənfi yüklənmiş hissəciklər eyni adlı qütblərdən itələnir və əks işarəli yükə malik qütblərlə cəzb olunur. O, 1807-ci ildə elektrik yüklərinin enerjisi ilə cisimlərin kimyəvi hərisliyini izah etdi: "elektrik enerjisi və kimyəvi hərislik arasındakı əlaqə aydındır. Ola bilər ki, bunlar maddənin əsas xassələridirlər və təbiətcə eynidirlər. Bir maddənin eyni zamanda elektrik verməsi və digərinin qəbul etməsi olmadan kimyəvi hərislik mənasızdır".
Həqiqət toxumu olan bu ideyalar hələ ilkin xarakter daşıyırdı. Devi kimyəvi reaksiyalar zamanı cərəyanın əmələ gəlməsini heç gözləmirdi. O, faktları toplamağı qərara almışdı: "Bir və ya iki fakta əsasən yaradılmış çoxsaylı nəzəriyyələri nəzərdən keçirərkən mən əmin oldum ki, həqiqi tədqiqatçının əsas məsələsi bunlardan vaz keçməkdir". Faktları toplamaq onlar haqqında fikir söyləməkdən daha çətindir; yaxşı eksperiment hətta Nyüton kimi dahinin dərin düşüncəsindən daha qiymətlidir. Çox yaxşı deyilmişdir, elə deyilmi?!. Lakin eksperimentator Devinin əldə etdiyi nailiyyətlər belə mühakimə yürütməyə haqq verirdi.
O, ilk dəfə olaraq duz və qələvilərin ərintilərinin elektrolitik parçalanması ilə sərbəst halda qələvi və qələvi – torpaq metallarını almışdır: 1807-ci il kalium və natrium; 1808-ci il barium, kalsium, maqnezium və stronsium. Bu kimyəvi elementlərin kəşf tarixində əlamətdar bir hadisə oldu. 1808-ci ildə Devi fransız alimləri Jozef Gey Lüssak və Lui Tenardan xəbərsiz olaraq kalium metalı ilə borat turşusunu reduksiya edərək boru almışdır. O, 10-cu illərin sonunda xlorun elementar təbiətini tam olaraq sübut etmişdir. Daha bir faktı xatırlamağa dəyər. 1815-ci ildə Qemfri Devi şaxtaçılar üçün təhlükəsizlik lampasını ixtira etdi. Lampanın alovu kiçik məsaməli torla əhatə olunmuşdu. Əgər şaxtada partlayıcı qaz qarışığı olarsa partlayış yalnız torun içərisində baş verir. Lampa ani olaraq sönür və təhlükənin olduğunu qabaqcadan bildirir. Devinin ixtirası şaxtalarda elektrik lampaları kəşf edilənə qədər uzun müddət tətbiq olunurdu.