İskəndəriyyəlí Filón (lat. Philos Alexandreos), Yəhudi Filon; təq. e.ə. 15, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 50[1], İsgəndəriyyə, Roma Misiri[d]) — Antik dövrün yəhudi filosofu, Əhdi-Ətiqin ekzegeti (təfsirçisi), orta platonizm məktəbinin təmsilçici. Loqos haqqında özəl təlimi ilə tanınmışdır. Onun ekzegetik metodu Yəhudiliyə az təsir etmişdir. Ancaq ondan Xristian ilahiyyatçıları daha çox yararlanmışdırlar. Ona görə də Filonun Xristian ilahiyyatının inkişafına böyük təsiri olmuşdur. İsanın Tantının Sözü kimi təsəvvürlərinin inkişafında Filon fəlsəfəsinin təsiri vardır.
Filon İskəndəriyyəli | |
---|---|
q.yun. Φίλων τοῦ 'Αλεξανδρείας | |
Doğum tarixi | təq. e.ə. 15 |
Doğum yeri |
|
Vəfat tarixi | təq. 50[1] |
Vəfat yeri |
|
Dövr | Roma imperiyası |
İstiqaməti | Orta platonizm |
Əsas maraqları | fəlsəfə |
Təsirlənib | Platonizm, stoaçılıq |
Vikianbarda əlaqəli mediafayllar |
İskəndəriyyədə varlı yəhudi ailəsində doğulmuşdu. Ailəsinin əsili kahin olmuşdur. Yunandilli olmuşdur və əsərlərini yunanca yazmışdır. Onun yəhudi dilini bilib-bilməməsi haqqında bilgi yoxdur. Ancaq yunandilli olmasına baxmayaraq, Filon yəhudiliyə bağlı olmuşdur. Yəhudiliyi ellinistik dünyagörüşü ilə barışdırmaq məqsədi güdərək orijinal ideyalarla çıxış etmişdir. Həyatınə fəlsəfi və ədəbi əsərlər yazmaqla, düşüncələrə qapanmaqla keçirtmişdir. Çoxlu kitab müəllifi olmuşdur[2]. Bir kərə Qüdsə gedib, orada əsilli yəhudi kimi məbəddə qurban kəsmişdir. Bir kərə də yəhudilərə qarşı təqiblərin qarşısını almaq üçün Roma imperatoru Kaliqulanın yanına getmiş, yəhudilərdən ibarət olan heyətə başçılıq etmişdir.[3]
Ptolemeusların hakimiyyəti altında olan Misir ellinizm dövründə ən inkişaf etmiş ölkələrindən biri idi. O, eyni zamanda qədim dünyanın mədəniyyət mərkəzlərindən biri idi. Tanınmış kitabxanası olan İskəndəriyyə şəhərində çeşidli ölkələrdən gəlmiş tanınmış alimlər çalışırdı. Ptolemeuslar həm də müxtəlif dinlərin və dini ənənələrin bir-biri ilə yaxınlaşması, onların ziddiyyətlərini ortalıqdan qaldırılma siyasətini aparırdılar. Bunun nəticəsində dini-fəlsəfi sinkretizm meylləri güclənmişdi.
Bu prosesə İskəndəriyyədə yaşayan çoxsaylı yəhudi icması da cəlb edilmişdi. Yəhudilərin çoxu öz doğma dillərini unudub yunanca danışırdılar və yunan mədəniyyətinin bir çox elementlərini mənimsəmişdirlər. Eyni zamanda, yunanlar və İskəndəriyyədə yaşayan başqa xalqlar da yəhudilər vasitəsilə Yaxın Şərq mədəniyyəti ilə yaxından tanış olmuşdurlar.
E. ə. III yüzillikdə İskəndəriyyədə ilk dəfə olaraq Əhdi-Ətiq yunan dilinə tərcümə edilmişdir. Bu tərcüməni "Septuaqinta" adlandarmışdırlar. Bundan sonra yəhudilər öz dini ənənəsi və adətlərini yunanlara təqdim etmək üçün və gerçək həyata uyuşmaq üçün Əhdi-Ətiqin mətnlərini və məzmununu alleqorik yozmalara məruz qoymaq məcburiyyətində qalmışdırlar. Beləliklə burada ilk dəfə olaraq Müqəddəs Kitabların yozulması əsasında yeni fəlsəfə yaranmışdı. Bu fəlsəfə də ekzegetika (təfsirçilik, yozma) üzərində qurulmuşdur.
Ekzegetikanın ən görkəmli nümayəndəsi Filon olmuşdur. Onun fəlsəfəsinin əsasını Tövratın mənasının yozulması təşkil edirdi. Filonun fikrincə bütün Tövrat bir alleqoriyadır, təvildir. Orada təsvir edilən hadisələr Musa tərəfindən qəsdən sadə hekayələr şəklinə salınmışdı. O bunu Tovratın dərin mənəvi mahiyyətini gizlətmək üçün etmişdi. Yəni Tövratın hekayələrin zahiri heç də onun əsil mahiyyətini açmır. Əsil mahiyyət isə həmin hadisələrin batinindədir. Batin isə yalnız seçilmiş insanlara açılır. Onun haqqında bilik İlahi bir nemətdir və ona təkcə əql vasitəsilə çatmaq mümkün deyil.[4]
Başqa tərəfdən, düşüncəni də inkar etmək olmaz. Çünki yalnız onun vasitəsilə anlama prosesi baş verir. Bu səbəbdən qavranış (idrak) prosesində həm Tanrı ilhamı, həm də düşüncəni eyni dərəcədə rol oynamır. Daha doğrusu düşüncənin inkişaf etdirilməsi, elm və fəlsəfənin öyrənilməsi prosesi, mənəvi biliyin alınması üçün ilkin şərtdir. Çeşidli elmlər fəlsəfi biliyin artmasına, fəlsəfi biliyin artması isə düşüncənin Tanrı tərəfindən verilmiş mənəvi bilgəliyə (müdrikliyə) gətirir. Yalnız bu halda Müqəddəs Kitabın əsil mənəvi məzmunu insan üçün açılır.[5]
Filonun fikrincə yunan fəlsəfəsinin və Əhdi-Ətiqin İlahi müdrikliyinin mənbəyi birdir. Onların mənbəyi "Loqosdur". Loqos isə Tanrının sözü, qanunu, ideyaların toplusu olaraq Tanrıda yerləşir və Onun səbədi Sözüdür. Ancaq əgər Əhdi-Ətiqdə müdriklik birbaşa Tanrının Sözüdürsə (vəhydirsə), yunan fəlsəfəsi bu Sözün insanlar tərəfindən düşüncələr nəticəsində ifadə edilməsidir.
Məsələyə bü cür yanaşmağa Filonu Əhdi-Ətiqin çox sadə, ibtidai dili və antropomorfizmləri sürükləmişdir. Çünki, yunan elmi və fəlsəfi ənənəsini bilən Filon, bu kimi ibtidai yanaşma ilə barışa bilmirdi. Dindar yəhudi olaraq, o, monoteizmi və kreasionizm konsepsiyalarından imtina etmədən, Əhdi-Ətiqin ona ibtidai görsənən yerlərini yozmalara məruz qoyurdu. Müqəddəs Kitabın yunan fəlsəfi fikri ilə uyğun olan yerlərinə isə daha da çox nəzər yetirirdi və onları yeni pifaqorçuluq, neoplatonizm, stoisizm üslublarında yozub təqdim edirdi.
Beləliklə Filon fəlsəfəsində Əhdi-Ətiqin Tanrısı yunan fəlsəfəsi metodları ilə yozulub yeni atributlar alırdı. O, artıq hər bir çoxluğun üzərində yüksəlmiş mütləq monadadır (varlığın substansial vahididir). Tanrı elə bir vahiddir ki, Onun yanında başqa vahidlər yoxdur, O kamildir, bölünməzdir[6]. Tanrının əsl mahiyyətini əqllə dərk etmək mümkün deyil. İnsanlar onun varlığı haqqında biliyə malik ola bilərlər, lakin Onun nə olduğunu bilə bilməzlər. Ona görə də Tanrı Musaya özünü Yahve (var olan) adı ilə açmışdı və özünün digər adlarını açmamışdı. Tanrının nə olduğunu dərk edilməsi apofatik (mənfi) teologiya[7] vasitəsilə mümkündür.
İnsan dili kamil deyil və onun vasitəsilə Tanrının bütün keyfiyyətlərini tələffüz etmək olmaz. Ona görə də apofatik teologiyanı tətbiq edərək, demək olar ki, Tanrının heç bir şeyə ehtiyacı yoxdur, bölünməzdir, bənzəri yoxdur, dəyişməzdir və s. Beləliklə hər şeyi inkar edərək elə bir nəticəyə alınır ki, onun haqqında heç bir şey demək artıq mümkün olmayacaq. Bu hala çatanlar öz "Mən"inin xaricinə çıxaraq, ekstaz halına daxildir, sonra isə daha da yüksək mistik məqamlara qədəm qoyur. Bu məqama çatan adam Tanrıyla görüşür, amma onu dərk edə bilmir, çünki Onun nuru düşüncə imkanını bağlayır. Bu hal içki içmədən sərxoş olmaya bənzərdir[8].
Musanın peyğəmbərliyi – birbaşa Tanrının vəhyidir. Onu şüurla dərk etmək olmaz. Bunu yalnız imanla qəbul etmək lazımdır. Beləliklə Tanrı və dinə aid başqa şeylər haqqında bilik İlahi ekstaz (yaxud vəhy) vasitəsilə və yaxud İlahi kitab (Əhdi-Ətiq) vasitəsilə alına bilər.
Filon fəlsəfəsində Tanrı yaratdığı dünyadan daha ucadır. Bu səbəbdən, bu yaradılışı o Loqos vasitəsilə həyata keçirib. Loqos Tanrının Sözüdür, onun atributudur. O əvvəllər Tanrının özündə olub, sonra isə ondan ayrılaraq sərbəstlik qazanıb. Loqosu Filon Tövratın birinci kitabında hallanan "…və Tanrı dedi" sözlərində çıxarırdı (1: 3). Lakin sonra ona yunan fəlsəfəsində olan meyarları aid edirdi. Yəni Loqos haqqında Filonun fikirləri antik fəlsəfi irsin yəhudi ənənəsi ilə qarışmasından irəli gəlmişdir. Buna Filon öz şəxsi fikirlərini də əlavə edirdi.
Yunan fəlsəfəsində olduğu kimi Loqos dünya düzənidir, gözəllik və harmoniyadır. Ondan hər şeyin təbii əlaqələri, forması müəyyənliyi yaranır. Eyni zamanda, Loqos ideyaların toplusudur. Dünya bu ideyaların obrazı ilə Tanrı tərəfindən yaradılıb.
Sonra isə Filon Loqos anlayışına Əhdi-Ətiq, yəni yəhudi dünyagörüşü, nöqteyi-nəzərindən baxır. Burada monoteizm və kreasionizm həlledici rol oynayır. Tanrı dünyanı öz sözünün (Loqosun) qüdrəti ilə yaradır. Loqos hər bir şeydə Tanrıya bərabərdir və Onun obrazıdır. Onun vasitəsilə dünya yaradılır.
İnsan torpaqdan Tanrının obrazına bənzər yaradılıb. Onun şüuru da İlahi Loqosa bənzərdir. Yəni kosmik və insanda olan Loqoslar mahiyyətcə birdirlər, birlik təşkil edirlər. Belə olan təqdirdə, insanın məntiqi cəhətindən, ətraf mühitin dərk edilməsi və onun barəsində düşüncələr məxluqatdan Tanrıya doğru atılan addımlardır. Dünyanın varlığı və gözəlliyi insanı Tanrının varlığını dərk etməsinə gətirməlidir. Beləliklə məntiqi fikir bir növ İlahi ilham kimi qəbul edilə bilər.
Buna görə də, Filona görə, yunan fəlsəfəsi və İlahi vəhy olan Əhdi-Ətiq birbirinə zidd deyillər, çünki hər ikisi Loqosun məhsuludur. Əhdi-Ətiqdə Loqos özünü peyğəmbərlərə vəhy vasitəsilə açmışdı, yunan fəlsəfəsində isə məntiqdə, düşüncədə. Ona görə də Musanın və Platonun müdrikliyinin mənbəyi birdir. Lakin buna baxmayaraq, Platon və Pifaqor təkcə düşüncə ilə monoteizmə yaxınlaşmamışdırlar. Onlar, Filonun fikrincə, Əhdi-Ətiqlə tanış idilər. Bu fikri gələcəkdə xristianlar da təkrarlayırdılar.
Filon Loqosu "Tanrının oğlu", "Səmavi Adəm" və başqa adlarla adlandırırdı. Bu adlar onun Tanrı ilə dünya arasında bir vasitəçi olduğuna işarə edir.
Loqosa bu cür baxış Filona, Müqəddəs Kitabı alleqorik yozmalara məruz qoyma imkanı yaratmışdı, onu fəlsəfələşdirirdi. Bu baxımdann onu gələcəkdə yaranan orta əsr ilahiyyatının yaradıcısı adlandırmaq olar. Əhdi-Ətiq rəvayətləri uzaqlarda olan transsendent[9] Tanrının deyil, Loqosun məhsuludur. Məsələn, yəhudilərin Misirdən köçməsini Filon ruhun bədənin əsarətindən azad olması kimi, yəhudilərin səhrada uzun illər boyu qalmasını insanın bu dünyada yolçu olması kimi yozurdu[10].
Filonun antik fəlsəfənin yəhudi dini ilə qarışdırması cəhdi yəhudi ortodoksları tərəfindən rədd edildi. Lakin onun fəlsəfəsindən xristianlar istifadə etdilər. Onlar Filonun Loqosunu simalaşdırıb İsa ilə eyniləşdirmişdilər. Bu ideya Yəhya İncilində öz əksini tapmışdı. Xristianlıqda olan Ata (Tanrı) – Oğul (Loqos) münasibətləri Filonun fəlsəfəsindən başlayır. Yəhudi dini ənənələrinin yunan fəlsəfəsi kateqoriyaları ilə izah edilməsi Romada müxtəlif xalqlar üçün yeni Dinin prinsiplərini aydınlaşdırırdı və bu amil xristianlığın yayılmasında müstəsna rol oynamışdı.
Gələcəkdə isə "Loqos-Tanrı" Sözü ideyaları müsəlman fəlsəfəsinə də təsir etmişdir. Müsəlman düşünürlərinin çoxu onu Quranda görürdülər. Bu problem üzrə VIII–IX yüzilliklərdə müsəlman təməlçilərinin mütəzililərlə Quranın yaradılıb-yaradılmaması mübahisəsi düşmüşdür. O zaman mütəzililər müsəlman təməlçilərini xristianların yolu ilə getdiyində, İsaya bənzər olaraq Quranı əbədi Tanrı Sözü (Loqosu) kimi görməsində suçlamışdırlar.