Gənc Mehmed Paşa (ö. 6 iyun 1768) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Gənc Mehmed Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | Nevşəhərli Kürəkən İbrahim Paşa |
Həyat yoldaşı | Atikə Sultan |
Atası Sultan Əhməd dönəmi sədrəzəmlərindən Nevşəhərli İbrahim Paşa idi. Atası Sultan Əhmədin qızlarından Fatma Sultanla evli olsa da, Mehmed Paşa onun öncəki evliliyindən dünyaya gəlmişdir.
18 sentyabr 1720-ci ildə keçirilən möhtəşəm sünnət mərasimiylə Sultan Əhmədin oğulları Süleyman, Mehmed, Mustafa və Bəyazidlə birlikdə sünnət edildi.[1] 21 fevral 1724-cü ildə keçirilən mərasimdə Sultan Əhmədin qızlarından Atikə Sultanla, əmisi oğlu Əli Paşa isə Ümmügülsüm Sultanla nigahlandı. Beləcə, həm özü və əmisi oğlu vəzirlik rütbəsinə yüksəldi, həm də atası Osmanlı sülaləsiylə olan qohumluq əlaqələrini gücləndirdi. Nigahın ardından heç bir dövlət vəzifəsinə gətirilməsə də, Amasiya əyalətinin gəlirləri ona bağlandı. 1730-cu ildə baş tutan Patrona Xəlil üsyanı əsnasında qaçaraq gizləndi və üsyanın yatırılmasının ardından 1732-ci ilin aprelində Saloniki, ardından Bursa əyalətinə təyin olunaraq paytaxtdan uzaqlaşdırıldı. Ancaq bu illərdə ağır xəstəliyə tutulmuş, bu səbəblə vəzifədən istehfa edərək İstanbula dönmüşdür. 1737-ci ildə xanımı Atikə Sultanın vəfatının ardından səhhəti daha da pisləşdi. Qalan ömrünü Anadolu hasarındakı köşkündə yatalaq olaraq keçirən Mehmed Paşa 6 iyun 1768-ci ildə burada vəfat etdi. Cənazəsi atasının Şahzadəbaşı məscidindəki məzarının yanına dəfn olundu.