Hikmətlər Evi

Hikmətlər evi (ərəbcə: بيت الحكمة Beyt əl-Hikmə) elm məktəbi olub 825-ci ildə Abbasilər hökmdarı olan Əl Məmun tərəfindən Bağdadda, vaxtilə İranın cənubunda mövcud olmuş Qundişapur məktəbinin formasında yaradılmışdır. Bu məktəbin yaradılması kağızın hazırlanması ilə əlaqəli idi. Bağdadda həmin vaxt bir kağız istehsal edən dəyirman tikilir. Bağdadın Suk-əl-Vərrəqin adlı kağız bazarında 100-lərlə dükan fəaliyyət göstərirdi. Bu dükanların böyük əksəriyyəti müəllimlər və yazıçılara məxsus idi. Ən məşhur kağız tacirləri Əhməd ibn Abu Tahir (819-893) və Abu'l Fərəc Məhəmməd ibn İşaq (vəfat edib 995) sayılırdılar. Hikmət evində 90-a yaxın insan yunan dilində olan elmi ədəbiyyatların ərəb dilinə tərcüməsi ilə məşğul idilər. Burada o dövrdə məlum olan bütün antik dövrün alimlərinin əsərləri ərəb dilinə çevrilir.Tərcümə olunanların arasında Hippokratın, Platonun, Aristotelin, PtolomeyinArximedin də işləri vardır. Dəyərli əsərlər tərcümə olunaraq onlara yeni həyat verilmişdir və onlar sonralar Avropada elm və texnikanın inkişafında dəyərli rol oynayırlar.

Tarixçi əl Qüftinin məlumatına əsasən məktəbin təşkil olunmasında 37 xristian, 8 səbai və 9 yəhudi mənşəli şəxslər iştirak edirdilər. Onlar malik olduqları dil biliyi və ustalıqları ilə məktəbin salınmasında vacib rol oynamışlar. Bu şəxslər arasında məşhur həkim Hunayn ibn İşaq və astronom Tabit ibn Kurra da vardır. Tərcüməçiliklə bərabər bu ev həm də böyük rəsədxanaya, tədris hissəsinə, kitabxanaya və o cümlədən xəstəxanaya da malik idi. Sonralar bu məktəbin formasında başqa yerlərdə də elm ocaqları yaradılır. 1000-ci ildə Xəlif Əl-Həkim Qahirədə belə bir Hikmət evi tikdirir.

Hikmətlər evində o dövr üçün misli görünməmiş layihələr həyata keçirilir. Belə ki, İslam alimləri o dövrə qədər məlum olan bütün yunan, fars, hind, çin və digər dillərdə olan riyaziyyat, tibb, fəlsəfə, astronomiya və bu kimi saysız-hesabsız elmlərə dair əsərləri ərəb dilinə tərcümə edirlər. Sonralar bu tərcümələr Avropada geniş şəkildə istifadə olunacaq və Avropa İntibahına yol açacaqdır.

Xəlifə əl-Məmunun dövründə (hakimiyyətdə olduğu illər 813-833) Hikmətlər evinin rəhbəri şair və münəccim Səhl ibn Harun idi. Bu elmi mərkəzdə Məhəmməd ibn Musa əl-Xarəzmi (780-850), Bəni Musa qardaşları (Məhəmməd Cəfər ibn Musa, Əhməd ibn Musa və əl-Həsən ibn Musa) və Yaqub ibn İsaq əl-Kindi (801-873) kimi dühalar fəaliyyət göstərirdi. Tərcümə bölməsinə isə Hunayn ibn İsaq adlı alim rəhbərlik edirdi. Tərcuməçilər arasında ən məşhuru Şəbiyən Tabit ibn Qürrə idi. Hikmətlər evinə xəlifə Abdulla əl-Məmun özü böyük diqqət ayırır, Bizan İmpreriyasından qaçıb gəlmiş alimlərə xilafətdə sığınacaq verir və onlara Hikmətlər evində xilafətdə elm və mədəniyyətin, xüsusilə kitab tərcümə və çapının sürətləndirilməsi naminə hər cür şərait yaradır. Hətta onun təşəbbüsü ilə Bizansa qədim yunan kitablarını əldə etmək məqsədilə bir karvan da göndərilir.

Hikmətlər evi xəlifə əl-Mütə`əsim (hak. 833-842) və əl-Vasiq (hak. 842-847)zamanında daha da inkişaf edir. Lakin xəlifə əl-Mütəvəkkil (hak. 847-861) zamanında demək olar ki, əvvəlki şöhrətini itirir. Səbəb isə birincilərin İslamda yunan fəlsəfəsini İslam fəlsəfəsi ilə sintez edən Mütə`əzzil fəlsəfi cərəyanına yaxın olması, əl-Mütəvəkkilin isə əksinə İslamda yunan fəlsəfəsindən geniş istifadə olunmasına qarşı olması idi.

1258-ci ildə monqolların Bağdada yürüşü Hikmətlər evinin məhvi ilə nəticələnir. Deyilənə görə Dəclə çayının suyu ona atılmış saysız-hesabsız kitabların mürəkkəbindən qara rəngə boyanmışdır.

1.Le Bayt Al-Hikma de Baghdad, par M.-G. Balty-Guesdon, in Arabica Revue d´études Arabes, tome XXXIX 1992 p.131 pp.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]