I Otto (Bavariya kralı)

Otto (alm. Otto Wilhelm Luitpold Adalbert Waldemar‎; 27 aprel 1848[1][2][…], Münxen11 oktyabr 1916[1][2][…]) — 1886-cı ildən 1913-cü ilə qədər Bavariya kralı idi. Bununla belə, o, ağır ruhi xəstəliyə tutulduğu üçün heç vaxt fəal şəkildə hökmranlıq etməmişdir. Onun əmisi Luitpold və əmisi oğlu Lüdviq qəyyum kimi xidmət edirdilər. Lüdviq 1913-cü ildə, senatın ona bunu etməyə icazə verən qanunu qəbul etməsindən bir gün sonra onu taxtdan saldı və öz başına kral oldu.

Otto
alm. Otto I. von Bayern
13 iyun 1886 – 5 noyabr 1913
Baş nazirİohann fon Lutz
Fridrix Krafft fon Kraylsheym
Klemens fon Podevils-Dürnitz
Georq von Hertlinq
ƏvvəlkiII Lüdviq
SonrakıIII Lüdviq
Şəxsi məlumatlar
Doğum adı Otto Wilhelm Luitpold Adalbert Waldemar von Bayern
Doğum tarixi 27 aprel 1848(1848-04-27)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 oktyabr 1916(1916-10-11)[1][2][…] (68 yaşında)
Vəfat səbəbi Volvulus
Dəfn yeri Müqəddəs Mixail kilsəsi
Fəaliyyəti siyasətçi
Atası II Maksimilian
Anası Mariya fon Hohenzollern
Ailəsi Vittelsbax sülaləsi
Dini Roma-Katolik kilsəsi
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahzadə Otto 27 aprel 1848-ci ildə Münhen iqamətgahında iki ay tez anadan olub. Valideynləri Bavariya kralı II MaksimilianPrussiyalı Mariya idi. Əmisi, Yunanıstan kralı Otto onun xaç atası idi. Ottonun özündən başqa böyük qardaşı vəliəhd şahzadə Lüdviq var idi. Onlar uşaqlıqlarının çox hissəsini Hohenşvanqau qalasında qulluqçular və müəllimlərlə keçiriblər. 1853–1863-cü illər arasında qardaşlar yay tətillərini ataları üçün xüsusi olaraq tikilmiş Berxtesqadendəki Kral Villasında keçirdilər.[3][4]

II Lüdviq dövrü

[redaktə | mənbəni redaktə et]

Otto 1863-cü ildən Bavariya ordusunda xidmət etdi. 27 aprel 1863-cü ildə subleytenant təyin edildi və 1 mart 1864-cü ildə Kadet Korpusuna qəbul edildi. 10 mart 1864-cü ildə Maksimilian öldü və Ottonun qardaşı Lüdviq Bavariya kralı oldu. 26 may 1864-cü ildə o, tam leytenant rütbəsinə yüksəldi. 1864-cü il iyunun 18-dən iyulun 15-dək iki qardaş AvstriyaRusiya imperatorları tərəfindən ziyarət edildilər.

Otto 27 aprel 1866-cı ildə kapitan rütbəsinə yüksəldi və Bavariya Piyada Qvardiyasında həqiqi hərbi xidmətə başladı. 1866-cı il Avstriya-Prussiya müharibəsində və 1870–1871-ci illərdə Fransa–Prussiya müharibəsində polkovnik rütbəsində iştirak etmişdir. Döyüş meydanındakı təcrübələri onu sarsıtdı və depressiyaya və yuxusuzluğa səbəb oldu.[5] 18 yanvar 1871-ci ildə Versal sarayında I Vilhelm Almaniya İmperatoru elan edildikdə, Şahzadə Otto və əmisi Luitpold iştirak etməkdən imtina edən II Lüdviqi təmsil edirdilər.[6][7] Otto daha sonra qardaşına yazdığı məktubda mərasimin iddialı və ürəksiz olduğunu qeyd edirdi. Otto iddialı Prussiya qohumlarına xor baxırdı və heç vaxt Prussiyalı anasını ürəkdən sevmədi və buna görə də onlar yeni Alman İmperiyasının yaradılmasından dəhşətə gəldilər. Onun düşmənçiliyi Prussiya hökuməti üçün sirr deyildi.

Otto və II Lüdviq sonuncunun hakimiyyətinin ilk illərində tez-tez bir yerdə görünürdülər, lakin zaman keçdikcə bir-birindən uzaqlaşdılar. Lüdviq utancaq və introvert idi və nəticədə təkəbbürlü birinə çevrildi. Otto, Fransa-Prussiya müharibəsinə qədər şən, ünsiyyətcil və ekstravert idi. 1868-ci ildə Otto, Vittelsbax sülaləsinin ordeni olan Qüsursuz Bakirəliyin Müdafiəsi üçün Müqəddəs Qeorgi Kral Ordenini aldı. 1869-cu ildə o, kardinal Karl-Avqust fon Reyşaxın təşəbbüsü ilə Yerusəlim Müqəddəs Qəbrinin Atlı Ordeninə qoşuldu.

Psixoloji xəstəliyi

[redaktə | mənbəni redaktə et]
Otto gənc yaşlarında

Fransa-Prussiya müharibəsindən sonra Otto çox depressiyaya düşmüşdü. Bu müddət ərzində o, günlərlə zəif yatdı və az hərəkət etdi. Onun xəstəliyi getdikcə pisləşdi. Lüdviqi bu xəbərlər qorxudurdu, çünki Ottonun evlənəcəyinə və sonunda taxt-taca varis ola biləcək bir oğlu olacağına ümid edirdi. Otto tezliklə həkim nəzarətinə götürüldü və onun vəziyyəti haqqında hesabatlar Prussiya kansleri Otto fon Bismarkın yanında işləyən casuslara göndərilirdi. Həkimlər Ottonun 1872-ci ilin yanvarında ruhi xəstə olduğunu bildirdilər. 1873-cü ildən o, Nimfenburq sarayının cənub pavilyonunda təcrid olunmuş vəziyyətdə saxlanılırdı.

Onu müalicə edən həkim Bernhard fon Qudden, sonradan Ottonun qardaşı Lüdviqi müayinə etməyə zəhmət çəkmədən və heç bir sual vermədən ona ruhi xəstə diaqnozu qoymuşdu, bu da onun bacarıqları və motivləri ilə bağlı suallar yaradırdı. Həm Lüdviq, həm də Otto Prussiyaya mənfi münasibət göstərirdilər və onların əmisi Luitpold və Qudden isə Prussiyanı dəstəkləyirdilər. Bəziləri hesab edirdilər ki, Quddenin Otto və Lüdviqə qoyduğu diaqnozlar siyasi mülahizələrdən irəli gəlir və Ottoya kömək etmək və müalicə etmək üçün daha çox iş görülə bilərdi. Bəziləri isə Bismarkın Lüdviqin və ya Ottonun hakimiyyətdə qalmasını istəmədiyinə inanırdılar və qardaşları əmiləri Luitpoldla əvəz etmək qərarına gəldilər.[8]

1875-ci ildə Münhen kafedralındakı kilsə ayininə vaxtında qatılmamış Otto ov paltarı geyinərək kilsəyə qaçmış və günahlarının bağışlanmasını istəmək üçün arxiyepiskop Qreqor von Şerrin qarşısında diz çökmüşdü. Beləliklə kütləvi ayin yarımçıq kəsildi və iki kilsə işçisi onu aparanda şahzadə müqavimət göstərmədi. Otto daha sonra Şleyshaym sarayına köçürüldü və orada məhbus oldu, bu da onu çox narahat edirdi. Qudden onu müalicə etmək üçün heç bir səy göstərmədi; bununla belə ola bilsin ki, Otto çox narkotik qəbul edirdi. Ottonu son dəfə ictimai şəkildə 22 avqust 1875-ci ildə Münhendəki Kral paradında qardaşının yanında gördülər. 1 iyun 1876-cı ildən o, bir neçə həftə Bavariya meşəsindəki Lüdviqstal qalasında qaldı. 1880-ci ilin yazında onun vəziyyəti pisləşdi. 1883-cü ildə Münhen yaxınlığındakı Fürstenried sarayında həkim nəzarəti altında saxlanıldı və ömrünün sonuna qədər burada qaldı. Saray onun həbsi üçün xüsusi olaraq dəyişdirilmişdi. Lüdviq bəzən gecələr ona baş çəkir və ona qarşı heç bir zorakılıq tətbiq edilməməsini əmr edirdi.

1886-cı ildə yüksək rütbəli tibb işçilərindən biri Ottonun ağır ruhi xəstə olduğunu bildirən bir bəyanat yazdı.[9] Otto şizofreniya xəstəsi ola bilərdi.[10] Həmçinin onun xəstəliyinin sifilisin nəticəsi olduğu və sonrakı illərdə keçirdiyi iflicin də səbəbi olduğu iddia edilirdi.[11]

1905-ci ildə Otto əksi zərb edilmiş 20 Marklıq sikkə

Kral II Lüdviq 10 iyun 1886-cı ildə nazirləri tərəfindən effektiv hakimiyyətdən kənarlaşdırıldıqdan sonra əmisi Luitpold Bavariya Krallığının hakimiyyətini ələ keçirdi və qəyyum olaraq Lüdviqin yerinə dövlət işlərinə rəhbərlik etdi. Yalnız üç gün sonra II Lüdviq naməlum şəraitdə öldü və Şahzadə Otto Vittelsbax qanunlarına uyğun olaraq 13 iyun 1886-cı ildə onun yerinə Bavariya kralı oldu. Otto ruhi xəstəliyinə görə hökumətə rəhbərlik edə bilmədiyi üçün (rəsmi olaraq belə deyilirdi: "Kral melanxolikdir"), Şahzadə qəyyum Luitpold da onun yerinə hökmranlıq edirdi. O, hakimiyyətdə olduğunu başa düşmürdü, əmisi Luitpoldun rəsmi kral olduğunu düşünürdü. Qısa müddətdən sonra Bavariya qoşunları Kral Ottonun adına and içdilər və onun portreti ilə sikkələr zərb edildi.[12] Beləliklə, Fürstenried qalası Bavariya kralının iqamətgahı oldu. Təhlükəsizlik məqsədilə qala ərazisinin ətrafında hündür divarlar hörülmüşdü. Otto kral olduğu illərdə tez-tez ağır dəri kresloda tamamilə laqeyd oturub siqar və ya əllə bükülmüş siqaret çəkirdi və artıq heç kimi tanımırdı. Onun sevimli məşğuliyyəti parkda çiyələk axtarmaq və quşlarla söhbət etmək idi. Bəzən o, divarın üstündəki təpədən Münhenə tərəf baxır və öz xalqına eşidilməyən nitqlər deyirdi.[13]

Luitpold 1912-ci il dekabrın 12-də vəfat etdikdən sonra oğlu Lüdviq onun yerinə Bavariya qəyyumluğu vəzifəsinə keçdi. 1913-cü ilin noyabrında Bavariya konstitusiyasında edilən dəyişiklik uzun sürən xəstəlik halında kralın hakimiyyətinə son qoymaq və varislik cərgəsindəki növbəti Vittelsbaxın Bavariya taxtına çıxmasına imkan yaratmaq üçün fundamental imkan yaratdı. Noyabrın 5-də qəyyum Lüdviq Bavariya nazirləri tərəfindən imzalanan bəyannamədə Ottonun hakimiyyətinin bitdiyini elan etdi və III Lüdviq adı ilə krallığa başladı. Eyni zamanda o şərt qoydu ki, Kral Ottonun titullarına və ləyaqətlərinə toxunulmamalıdır. Beləliklə, ölkədə bir neçə il ərzində iki kral var idi.[13]

1916-cı il oktyabrın 11-də Otto bağırsaq tıxanması səbəbindən gözlənilmədən öldü. Üç ay müddətinə ümummilli matəm elan edildi. 1916-cı il oktyabrın 14-də Otto qardaşı II Lüdviqin sarkofaqının yanında Münhendəki Müqəddəs Mixail kilsəsindəki məzarında dəfn edildi. Onun ürəyi ayrıca dəfn edilib və Altöttingdəki Lütf Kapellasındadır.

Müasir mediada

[redaktə | mənbəni redaktə et]

Ottonun obrazı 1955-ci ildə Ludwig II: Glanz und Ende eines Königs (II Lüdviq: Kralın əzəməti və sonu) filmində Klaus Kinski tərəfindən canlandırılmışdır. Daha sonra 1973-cü ildə Ludwig filmində aktyor Con Mulder-Braun tərəfindən və 2012-ci ildə Ludwig II filmində Tom Şillinq tərəfindən canlandırılıb.

  1. 1 2 3 4 Otto // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Lundy D. R. Otto I König von Bayern // The Peerage (ing.).
  3. Walter Flemmer: Stationen eines Märchenkönigs. Orte und Landschaften König Ludwigs II.. In: Georg Jenal, with Stephanie Haarländer (eds.): Gegenwart in Vergangenheit. Beiträge zur Kultur und Geschichte der Neueren und Neuesten Zeit. Festgabe für Friedrich Prinz zu seinem 65. Geburtstag, Munich, 1993, səh. 419
  4. Heinz Häfner, Ein König wird beseitigt Arxivləşdirilib 2023-08-07 at the Wayback Machine, München, 2008, səh 38: Bir saray işçisi Ottonu Lüdviq tərəfindən ağzı bağlamış vəziyyətdə tapdı, Lüdviq şiddətlə ipi dartırdı. İşçi Ottonu azad etmək üçün güc tətbiq etməli oldu. Kral Lüdviqin davranışından şoka düşdü və qəzəbləndi və ağır cəza tələb etdi. Lüdviq o qədər qəzəbləndi ki, Berxtesqadenə nifrət etdi və uzun müddət ora qayıtmadı.
  5. Greg King, "The Mad King: A Biography of Ludwig II of Bavaria", səh.253
  6. Dr. Theodor Toeche-Mittler: Die Kaiserproklamation in Versailles am 18. Januar 1871 mit einem Verzeichniß der Festtheilnehmer, Ernst Siegfried Mittler und Sohn, Berlin, 1896
  7. H. Schnaebeli: Fotoaufnahmen der Kaiserproklamation in Versailles, Berlin, 1871
  8. Catherine Radziwill, "The Tragedy of a Throne", səh 170–172, 314–318
  9. The University Department of Psychiatry in Munich: From Kraepelin and his predecessors to molecular psychiatry. By Hanns Hippius, Hans-Jürgen Möller, Hans-Jürgen Müller, Gabriele Neundörfer-Kohl, p.27
  10. Prof. Hans Förstl, "Ludwig II. von Bayern – schizotype Persönlichkeit und frontotemporale Degeneration?", in: Deutsche Medizinische Wochenschrift, Nr. 132/2007
  11. Christopher McIntosh, "The Swan King: Ludwig II of Bavaria", səh.279–280
  12. A. Schweiggert, E. Adami: Ludwig II. Die letzten Tage des Königs von Bayern. MünchenVerlag 2014, səh. 236
  13. 1 2 "Munichkindl.net: Otto I." 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-04.