Kövsər Məmməd qızı Tarverdiyeva (14 iyul 1914, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 2013, Bakı) — ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, publisist, filologiya elmləri namizədi (1952).[1]
Kövsər Tarverdiyeva | |
---|---|
Kövsər Məmməd qızı Tarverdiyeva | |
Doğum tarixi | 14 iyul 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 2013 |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası SSRİ Azərbaycan |
Həyat yoldaşı | Cəfər Əlizadə |
Elm sahəsi | ədəbiyyatşünaslıq |
Elmi dərəcəsi | filologiya elmlər namizədi |
İş yeri | |
Təhsili |
Kövsər Tarverdiyeva 14 iyul 1914-cü ildə[2] İrəvanda Gedərçay üstündəki Dəmirbulaq məhəlləsində bağbanlıqla məşğul olan Məşədi Məmmədin ailəsində anadan olmuşdur. Uşaqlıq illəri bu bağ-bağatlı şəhərdə keçən Kövsər xanım o zaman bütün İrəvanda məşhur olan Haşım bəy məktəbində təhsil alır. 9-cu sinfi bitirərkən onun qabiliyyətini nəzərə alaraq İrəvan Pedaqoji Texnikumunun sonuncu kursuna dəyişdirirlər. Pedaqoji məktəbi bitirdikdən sonra Kövsər xanım 1932-ci ildə Bakıya yollanmışdır.[3] Ailəlikcə Bakıya köçdükdən sonra pedaqoji fəaliyyətə başlamış və 1932-ci ildən fəhlə-gənclər məktəbində müəllimlik etmişdir.[1]
Kövsər Tarverdiyeva 1937-ci ildən 1939-cu ilə qədər V. Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutun Ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1942-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspirantura təhsilini tamamlamışdır. 1942–1943-cü illərdə Azərbaycan SSR Təhsil Nazirliyində Kadrlar İdarəsinin rəisi vəzifəsində çalışmış. Daha sonra, 1948-ci ilə qədər Azərbaycan SSR Təhsil Nazirliyi Müəllimləri Təkmilləşdirmə İnstitutunun elmi-tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir.
30 yaşında olarkən o tibb sahəsində təhsil almağa qərar verir və 1944–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika ixtisasında təhsil alır, lakin daha sonra həkim karyerasına davam etmir (cəmi il yarıma qədər həkim işləyib).
1948-ci ildən etibarən 55 il özünün ali təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (daha sonra Universitet) çalışıb.
Kövsər Tarverdiyeva 2013-cü ildə Bakıda vəfat etmişdir.
1952-ci ildə İrəvanda "Abovyan və Axundov" mövzusunda namizədlik dissertasiyasını erməni dilində müdafiə edərək filologiya elmləri namizədi adını alır. Həmin əsər 1958-ci ildə ayrıca kitab şəklində çap olunmuşdur.[4]
XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan uşaq ədəbiyyatı və ədəbi əlaqələr mövzusunda mühazirələr oxumaqla yanaşı, elmi tədqiqatla ardıcıl məşğul olmuşdur.[1] Azərbaycan, rus və erməni dillərində oxuduğu mühazirələr həmişə pedaqoji və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Elmi işinin mövzusu Azərbaycan-Ermənistan münasibətlərinin tarixinə həsr edildiyinə, işin yazıldığı dil isə erməni dili olduğuna görə danosbazlar o zamankı ölkə rəhbəri Mircəfər Bağırova gizli məlumat ötürdüyü iddia edilmişdir. Bağırov aravuranlara konkret cavab verib: "Türk qızı ermənilərin arasında ermənicə alimlik dissertasiyası müdafiə edibsə, bunun özü bir namizədlik mövzusu olmalıdır".[3][5]
O, 100-dən çox elmi-kütləvi məqalələrinin, 8 kitab və monoqrafiyanın müəllifidir. Elmi-ədəbi fəaliyyətinə görə "Ali məktəb işçisi" fəxri adına, iki dəfə Azərbaycan SSR Ali Sovetinin Reyasət heyətinin fəxri fərmanına layiq görülmüş, "Qafqazın müdafiəsinə görə" və "Əmək fəaliyyətinə görə" medalları ilə təltif olunmuşdur.[6]