Muğan Sovet Respublikası


Muğan Sovet RespublikasıMuğan Müvəqqəti Hərbi Diktaturasının devrilməsindən sonra Lənkəran ərazisində mövcud olmuş dövlət qurumu.

Tarixi dövlət
Muğan Sovet Respublikası
Муганская Советская Республика
Bayraq
Bayraq
 
 

Paytaxt Lənkəran
Dilləri rus dili, Azərbaycan dili
Rəsmi dilləri Rus dili, Azərbaycan dili
İdarəetmə forması Respublika
Sədr
 • 15 may 1919 — 24 iyul 1919 D.D.Çirkin

1919-cu ilin martında silahlı üsyana artıq hazırlıqlar başlamış, apreldə baş vermiş bu üsyanda Lənkəran qırmızı qvardiyaçıları, Zuvandlı Balaməmmədin süvari partizan dəstələri, Pigəli Ələkbər Məmmədovun partizan dəstəsi, Boçarnikovun rəhbərlik etdiyi Privolnı kənd partizanları, Sarı adasındakı hidrolokasiya dəstəsi iştirak edirdi. 2 may 1919-cu ildə Muğan istisna olmaqla, Lənkəran və ətrafında bolşevik hakimiyyəti yaradıldı, 13 gün sonra isə Muğan Sovet Respublikası elan olundu. Respublikanın sədrliyinə D.D.Çirkin, onun müaviyinlinə Şirəli Axundov, inqilabi hərbi komitənin başçılığına isə Timofey Ulyantsev gətirildi, rəsmi qəzet çap olunmağa başlandı. 1919-cu il 15 may tarixindən 18 maya qədər Lənkəran şəhər məktəbində (indiki 1 nömrəli məktəbdə) Muğan Sovet Respublikasının qurultayı oldu. Anastas Mikoyanın Leninə yazdığı məktubda azərbaycanlı kəndlilərin bu prosesdə fəal iştirak etdikləri və Bakını ələ keçirməyə hazırlaşdıqlarını vurğulayırdı.[1]Həştərxandan 200 Qızıl ordu əsgəri də köməyə göndərilmişdi.[2]

Azərbaycan Demokratik Respublikası Hərbiyyə Nazirliyinin Baş Qərargahının operativ kəşfiyyat idarəsinin rəsmi raportlarında Sovet Respublikasının çoxu rus və ermənilərdən ibarət 1200-1500 nəfər əsgərə sahib olduğu, Lənkəranda 4 topun olduğu, hərbi intizamın zəifliyi qeyd olunurdu. Muğandakı bolşeviklərin isə 12 topu olduğu qeyd olunur. Biləsuvarda 3 top, Sarı adasında isə hidroplanlar mövcud idi.[3]

24 iyul 1919-cu ildə Muğan Müvəqqəti Hərbi Diktaturasının qalıqları Lənkəranı yenidən ələ keçirdi. 28 iyul 1919-cu ildə hərbi komitə başçısı Timofey Ulyantsev də öldürüldü. Avqustun 9-u isə şəhər Azərbaycan Demokratik Respublikasına təhvil verildi. Muğan Sovet Respublikası hökuməti Sarı adasına çəkildi. Burada da müdafiənin mümkünsüzlüyünü gördükdə bölünərək adanı 3 istiqamətdə tərk etmişdilər. Bunlardan 200 nəfərlik döyüşçü Türküstan Qızıl Ordusuna qoşulmaq məqsədiylə Krasnovodska, 300 nəfər isə əsasən qadın və uşaqlar "Milyutin" paroxoduyla Bakıya doğru üzdülər. Gəmi heyəti Bakıya çatan kimi həbs olundu. Üçüncü dəstə isə İran sahilindəki Aşur adaya çəkilir. Onlar 1919-cu il avqustun 8-də ingilislər, ağqvardiyaçılar və İran kazakları tərəfindən mühasirəyə alınaraq həbs edilirlər. Onların bir hissəsi Aşur adada ingilislər tərəfindən güllələnir, sağ qalanlar isə denikinçilərin mərkəzi olan Petrovski şəhərinə aparıldı.

Muğan Sovet Respublikası haqqında 1978-ci ildə "Od içində" filmi çəkilmişdi.

  1. Искендеров М. С. Из истории борьбы Коммунистической партии Азербайджана за победу Советской власти. — Баку: Азербайджанское гос. издат., 1958. — С. 388.
  2. История гражданской войны в СССР. — М.: Государственное издательство политической литературы, 1959. — Т. 4. — С. 324.
  3. Азербайджанская Демократическая Республика (1918—1920). Армия. (Документы и материалы). — Баку, 1998, с.222-223

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]