Landsxut varisliyi müharibəsi (alm. Der Landshuter Erbfolgekrieg) — 1503–1505-ci illərdə Bavariya-Münhen və Bavariya-Landsxut hersoqluqları arasında mübahisə nəticəsində baş vermiş müharibə. Vittelsbax sülaləsinin fərqli qolları arasında əvvəlki razılaşma olan Pavia müqaviləsinə əsasən kişi nəsillərində bir qolun nəslinin kəsilməsi halında titul kişi xətti ilə başqa bir qola miras qalmalı idi. Bu müqavilə, bir nəsil kəsilərsə torpaqları Müqəddəs Roma İmperatorunun miras almasını şərtləndirən imperiya qanunları ilə ziddiyyət təşkil edirdi.
Landsxut varislik müharibəsi | |||
---|---|---|---|
| |||
Tarix | 1503 - 1505 | ||
Yeri | Müqəddəs Roma imperiyası | ||
Nəticəsi | Bavariya-Münhen qələbəsi | ||
Ərazi dəyişikliyi |
Bavariya-Landsxut hersoqluğu parçalandı: |
||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Bavariya-Landsxut hersoqu I Georq və həyat yoldaşı Yadviqa Yagellonun oğlan övladı olmurdu. Buna görə də Georq həm imperiya qanunlarını, həm də sülalə müqaviləsini pozaraq qızı Elizabetanı 19 sentyabr 1496-cı ildə varisi olaraq təyin etdi (Elizabeta Frayzinq yepiskopu Ruprext ilə daha sonra evləndi). Bu isə Bavariya-Münhen hersoqu IV Albert tərəfindən tanınmadı və qanunsuz hesab edildi.
1503-cü il dekabrın 13-də hersoq Georqun ölümündən 10 gün sonra Landsxutda vərasət iclası keçirildi. Albert buraya göndərdiyi səfirlər vasitəsilə miras iddialarını irəli sürdü, Landsxut qəsrini artıq ələ keçirmiş Ruprext isə iclasda şəxsən iştirak edirdi. İclas zamanı məlum oldu ki, Landsxut şurasının aşağı palatası Albertin hakimiyyətə gəlməsinə qarşıdır.
Aşağı Bavariya feodalları öz növbələrində qəyyum şurası yaratdılar və İmperatorun Apellyasiya Məhkəməsinə (alm. Reichskammergericht) müraciət etdilər. Tezliklə Müqəddəs Roma İmperatoru I Maksimilian tərəflərə 5 fevral 1504-cü ildə Auqsburq şəhər meriyasına getmələrini əmr etdi. Bu iclaslarda vasitəçilik səylərinin qarşılığında hər iki tərəfə ərazi iddiaları irəli sürmüşdü. 1504-cü ilin aprelində Albert Kufştayn, Kitzbüel və Rattenberqi imperatora verməyə razılaşdı, Maksimilianda öz növbəsində ona 10000 əsgər və maliyyə dəstəyi vəd etdi. O, aprelin 23-də rəsmi olaraq Georqun torpaqlarını Münhen hersoqu IV Albert və qardaşı Volfqanqa verdi.
Landsxutda isə, artıq aprelin 17-də Elizabet və Ruprext qəyyum şurasının buraxıldığını elan etdilər. Ruprextin orduları Landsxut, Burqhauzen və bir sıra digər şəhərləri işğal etdi. Ruprextin atası Pfals kürfürstü Filipp oğlunun tərəfinə keçdikdən sonra müharibə Pfals ərazisinə də sıçradı. Hətta Fransa kralı XII Lüdovik, Bohemiya kralı II Vladislav (Elizabetin dayısı) və Baden markqrafı da Ruprexti dəstəkləyirdi. Beləliklə, onun sərəncamında qarşı tərəfdən üç dəfə çox — təxminən 30000 əsgər var idi. Buna baxmayaraq Albrext təxminən 60000 əsgər topladı. Bu dəfə o, Maksimilianın qoşunlarından əlavə, o, Şvabiya liqası, Vürtemberq hersoqu Ulrix, Brandenburq-Bayroyt markrafı II Fridrix və 5000 nəfər əsgər göndərən Azad İmperiya Şəhəri Nürnberq tərəfindən dəstəklənirdi. Tezliklə Maksimilian 5 may 1504-cü ildə Ruprext və atası Filippə İmperiya qadağası (alm. Reichsacht) tətbiq etdi.
Əslində, Landsxut varislik müharibəsi onilliklər ərzində Vittelsbax sülaləsi daxilində yaranan münaqişənin kulminasiya nöqtəsi idi. Əsas iştirakçılar Bavariya-Landsxut və Bavariya-Münhen qolları, eləcə də Habsburqların nümayəndəsi I Maksimilian idi. Əvvəlcə Münhenli Albert Habsburqlara qarşı daha davakar və riskli bir ailəni təmsil edirdi, lakin Landsxut hersoqları da Habsburqlara dost deyildilər. Georq və Albert arasındakı ənənəvi yaxın münasibətlər 1493-cü ildən etibarən sürətlə pisləşmişdi. Albertin vərasət problemi yox idi, çünki oğlu Vilhelm doğulmuşdu. Georq isə siyasi kursunu dəyişdirərək özü öz varisini təyin etməyə çalışdı: Pfals qolunun tərəfini tutdu, Albert bu addımı qəbul edə bilmədi. Maksimilian isə öz maraqlarınını izləyərək Albertin tərəfini tutmağa qərar vermişdi.
12000 piyada və 2000 süvaridən ibarət öz ordusu ilə Albert 21 iyun 1504-cü ildə Landau-an-der-İzar şəhərini mühasirəyə aldı və bombardmandan sonra onu fəth etdi. Landau iyunun 29-da yandırıldı.[1] İyulun 13-də Albertin və Ruprextin qoşunları arasında ilk böyük döyüş Landsxut yaxınlığındakı Altdorf çəmənliklərində başladı, Albertin tərəfində döyüşən məşhur cəngavər Qotfrid fon Berlixingen bir əlini itirdi. Döyüş Albertin qələbəsi ilə başa çatdı. Ruprext Landsxuta çəkilməli oldu və orada 20 avqustda dizenteriyadan öldü. Dul qalmış arvadı Elizabet məğlubiyyətə baxmayaraq müharibəni davam etdirirdi.
Avqustun 9-da Pfals qoşunları Kufştaynı və təxminən 14 gün sonra şiddətli döyüşdən sonra Braunaunu ələ keçirdilər. Yuxarı Pfalsa hücum edən Brandenburq markqrafı Fridrixin qoşunları isə Frayşdatdı fəth etdi və abbat Georq Engelin rəhbərlik etdiyi Valdzassen monastırını viran etdi, lakin Ebnat yaxınlığında Baden ordusu tərəfindən məğlub edildi. Nürnberqlilər isə şəhərin yaxınlığındakı Lauf, Hersbruk və Altdorfu fəth etdilər. Bu iki illik müharibə zamanı Landsxut ətrafındakı bir çox kənd, o cümlədən Erqoldinq yandırıldı.[2] Avqustun 5-də Haymhauzen kəndi də dağıdıldı.[3] Landsxutdakı qələbəsindən sonra Albert Noyburq an der Donaunu mühasirəyə aldısa da fəth edə bilmədi. Bohemiya ordusu Yuxarı Pfalsa daxil olmuşdu, lakin Maksimilianın ordusu vaxtında müttəfqilərinin köməyinə gəldi və 12 sentyabr 1504-cü ildə müharibənin yeganə böyük döyüşü olan Regensburqun şimal-şərqindəki Venzenbax döyüşündə Bohemiya ordusunu məğlub etdilər. Elizabet döyüşdən üç gün sonra vəfat etdi.
Lakin müharibə burada bitmədi. Bu dəfə Ruprext və Elizabetanın övladları adına hərəkət etdiklərini irəli sürən Pfals qəyyumlar şurası müharibəni davam etdirdi. Pfals generalı Georq Visbek Dunay çayı sahilindəki Foburqu ələ keçirdi. Maksimilianın ordusu öz növbəsində Kufştaynı ələ keçirdi və Rattenberq, Şvats, Zillertal və Brüksental, həmçinin Traunştayn, Kitzbüel və Rayhenhall dalbadal imperatora təslim oldular. Visbek daha sonra Münheni mühasirəyə alsa da uğursuzluqla nəticələndi. Əvəzində Noymarkt, Şerdinq, Pfarrkixen, Filsbiburq və Burqhauzenə od vurdu.
Müharibə Pfalsda da fəlakətə səbəb oldu, çünki kürfürstün demək olar ki, bütün qonşuları onun ölkəsini işğal etmişdi. 30 avqust 1504-cü ildə Bad Dürkhaym yaxınlığındakı Limburq monastırı Leyninqen qrafı IX Emixin qoşunları tərəfindən ələ keçirilib bünövrəsinə qədər yandırıldı. 300-ə yaxın Pfals şəhəri dağıdıldı. Nəhayət 10 sentyabr 1504-cü ildə kürfürst Filipp atəşkəsə razılaşdı. Lakin dekabrın 10-da Mittenvaldda keçirilən ilk sülh danışıqları uğursuz oldu. 23 yanvar 1505-ci ildə general Visbek Qanqkofen yaxınlığında Bavariya qoşunları tərəfindən məğlub edildi və Pfalsı kapitulyasiyaya məcbur etdi. Fevralın 9-da sülh müqaviləsi imzalandı.
Bu iki illik müharibə zamanı Landsxut ətrafındakı bir çox kənd, məsələn, Erqolding, Haymhauzen və Landau-an-der-İzar kimi kəndlər külə çevrilib məhv oldu.[2][3][4] Elizabet və Ruprext 1504-cü ilin payızında bir-birinin ardınca vəfat etdi. Müharibəni sonlandırmaq üçün 1505-ci ildə I Maksimilianın rəhbərliyi ilə Kölndə yığışan İmperiya Məclisi Köln hökmünü (alm. Kölner Spruch) qəbul etdi.[5] Arbitrajın nəticələrinə görə Dunaydan şimalda yerləşən ərazilərdən Ruprext və Elizabetanın övladları Otto Henri və Filipp üçün Pfals-Noyburq hersoqluğu yaradıldı. Onlar hələ yetkinlik yaşına çatmadığı ikən babaları Filipp 1508-ci ildə ölümünə qədər hersoqluğu onların yerinə idarə etdi, sonra isə onu oğlu II Fridrix əvəz etdi. Torpaqların qalanı Bavariya-Münhenə verildi.
İmperator öz vasitəçiliyinə görə mükafat olaraq Avstriyadakı Kufştayn ətrafındakı ərazini özü üçün götürdü; Azad İmperiya Şəhəri Nürnberq Lauf, Hersbruk və Altdorf da daxil olmaqla şəhərin şərqində mühüm ərazilər əldə etdi. Müharibə Pfals kürfürstlüyü üçün baha başa gəldi: Müharibə nəticəsində Elzasdakı mülklərinin çoxu Habsburqlara, digər ərazilər isə Hessen və Vürtemberqə güzəştə gedildi.