Lixtenşteyn sarayı (çex. Lichtenštejnský palác na Kampě v Praze) - Praqanın Mala Strana rayonunda, Vltava çayının sol sahilində (U Sovových mlýnů küçəsi 4/506) yerləşən barokko üslublu saraydır[2]. Saray Kampa adasının azsaylı görməli abidələrindən biridir. Karl körpüsündən Vltava çayı boyunca uzanan binanın fasadına və onun ətrafındakı digər binalara gözəl mənzərə açılır. Elə təəssürat yaranır ki, saray düz çayın dibindən qalxır. Hazırda saray Çexiya hökuməti tərəfindən müxtəlif mədəni tədbirlərin, habelə mühüm dövlət səfərlərinin yerləşdirilməsi üçün istifadə olunur. 1958-ci ildən Çexiya Respublikasının mədəniyyət abidəsi kimi qorunur[3].
Lixtenşteyn sarayı | |
---|---|
çex. Lichtenštejnský palác | |
50°05′24″ şm. e. 14°24′36″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Status | Çexiya prezidenti və Birinci xanımının xüsusi nəzarəti altındadır. |
Şəhər | Praqa |
Aidiyyatı |
Kayzerşteynlər Kolovratlar Lixtenşteynlər |
Memar | Covanni Battista Alliprandi |
Sifarişçi | Kayzerşteynli Frantişek Helfrid |
Tikilmə tarixi | 1697-1698 |
Üslubu | barokko memarlığı, neoklassik memarlığı[1], barokko[1] |
Vəziyyəti | Çexiya Respublikası Hökumətinin əlavə binası |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
XVII əvvəllərində tikilmiş bu saray, Praqada barokko memarlığının ən qədim nümunəsi sayılır. Lakin əslində bu bir az doğru deyil. Birincisi, bu bir yox, ilk sahibinin, yəni "qanlı" Karl Lixtenşteynin istəyi ilə vahid ansambl şəklində birləşdirilmiş düz beş ayrı binadır. İkincisi isə, sarayın bəzi hissələri hələ XVI əsrdə inşa olunmuşdu. Başlanğıcda burada bir neçə ev yerləşirdi; onların hamısı 1541-ci ildə baş vermiş Malostran yanğınından sonra tikilmiş, lakin onlardan çox az şey qalmışdı. Yalnız cənub fasad tərəfindən daha erkən dövrə aid qədim qalanın qalıqlarını aşkar etmək olar[4].
1620-ci ildə aparılan yenidənqurma işlərindən sonra, saray binası özünün orijinal altıbucaqlı cizgi və formalarını əldə etmişdi. Vahid ansambl layihəsinin müəllifi D.B. Alliprandi sayılır. Saray kompleksinin ilk illəri qanlı hadisələr ovqatı ilə təlx edilmişdi: məhz burada Ağ dağ döyüşündə məğlub olmuş qusçular üsyanının rəhbərləri ölüm cəzasına məhkum olmuşdular. Knyaz K. Lixtenşteyn kral canişini kimi, qiyam iştirakçılarını təqib edərək cəzalandırır, onların mülklərinin müsadirəsi və katolik kilsənin əhali arasında təsirinin bərpası ilə məşğul olurdu.
1791-ci ildə burada Bohemiya kralı II Leopoldun tacqoyma mərasimi keçirilmişdi. Bu möhtəşəm hadisədən öncə, bina Y.A. Lixtenşteynin əmri ilə bir qədər yenidən qurulmuşdu. Məhz o zaman onun memarlıq simasında klassisizm cizgiləri yaranmışdı; xüsusilə də neoklassik fasad, böyük tacqoyma zalı və ön pilləkən bunun bariz nümunəsidir. Mənzərəli attik yığışdırılaraq, dam örtüyü asanlaşmışdır; barokko üslublu portal isə pilyastr və ionik orderli kapitellərlə bəzədilmişdi.
XIX əsrin əvvəlində saray rahib İ.Dobrovskiyə satılmışdı. 1825-ci ildən - 1848-ci il inqilabına qədər bu saray həm də M.Ledeburun mülkiyyətində idi, onun soyadından bina özünün ikinci adını qazanmışdı. Bu zaman əvvəlki interyer qismən bərpa olunmuşdu.
1848-ci ildə, yəni inqilabi hadisələrin qızğın vaxtı, saray avstriya ordusunun mülkiyyətinə keçir. Uzun illər burada müxtəlif hərbi qurumlar və vaxtaşırı qərargahların bəzi hissələri yerləşirdi. 1864-cü ildə zəngin çörək sənayeçisi Odkolkov binanın sahibi olur. Bina bu dəfə neorenessans üslubunda bir daha yenidən qurulmuşdu. Memarlar Srnts və Zitekin layihəsi üzrə binanın üstündə əlavə mərtəbə tikilmişdir. Saray 1897-ci ildən, xidməti məqsədlərin istifadəsi üçün Praqanın bələdiyyəsinə keçir. 1924-1934-cü illərdə otaqların uyğunlaşdırılması üzrə böyük işlər aparılmış, binanın altından keçən xüsusi çay-tunel sistemi bağlanmışdı.
1940-1945-ci illər arasında sarayda NSDAP-nın dairə rəhbərliyi yerləşirdi. Elə həmin illərdə də qılıncoynatma bağı sökülərək, onun yerində Hitleryugendlərin təntənəli baxışı üçün xüsusi meydança yaradılmışdı.
İkinci dünya müharibəsindən sonra bina milliləşdirilir, həyətyanı bağça isə kütləvi istirahət yerinə çevrilir. Sovet Çexoslovakiyasında binada ÇSSR kommunist partiyasının ali təhsil ocağı və həmçinin hökumət apartamentləri yerləşirdi. Müxtəlif illərdə burada Danimarka və Niderland kraliçaları, Portuqaliya prezidenti, ispan kral ailəsi, kraliça II Yelizaveta öz əri şahzadə Filipp ilə birlikdə burada qalmışdı. Bununla belə, 1980-ci illərin sonunda saray artıq qəzalı vəziyyətdə idi. Sarayın divarlarını çay suyundan təcrid etmək məqsədilə, yenidən qurma işləri zamanı dərinliyi 14 metrə çatan xüsusi panellərdən istifadə olunmuşdu. Beləliklə, sarayda əlavə zirzəmi mərtəbəsi peyda olur, rekonstruksiya işləri aparılan zaman isə, qədim qravyuralar əsasında bərpa olunmuş 8 daş vaza fasada geri qaytarılmışdı. İnteryerlərdə aparılan təmir işləri zamanı binanın üçüncü mərtəbəsinin qədim nəqqaşlıq bəzəkləri bərpa olunmuşdu.
Postkommunist dövrdə bina musiqi sənətinin Akademiyasına təhvil verilmişdi. 8 000 kv metr sahəsi olan saray binasında, 150 və 200 yerlik konsert zalı və iki kiçik sərgi salonu, eləcə gözəl orqan zalı yerləşir. Sarayın həyətində açıq yay konsert meydançası yerləşir. Onun interyerləri kinematoqrafçılara dekorasiya kimi xidmət göstərir. Burada məsələn "Həyata keçirilməz missiya 2" filminin bəzi səhnələri çəkilmişdi.
Yüzilliklər ərzində saray və onun sakinləri haqqında bir neçə əfsanələr yaranmışdır. Onlardan biri kasıb qızın gənc knyaza olan məhəbbətindən danışır. Arzusunda olduğu və sevdiyi knyazla sarayda bir gecə keçirmək üçün o şeytana öz ürəyini bağışlayır. Və o həyatının ən xoşbəxt anında, balın qızğın çağında, iblisanə gülüş sədaları altında döşəmədə qəflətən açılan uçurumda yox olur. Əfsanənin başqa bir versiyasına görə, o daha sonra saraya Ağ qadın kabusu obrazında geri qayıdır və indiyədək onun uzun dəhlizlərində gəzişir. Başqa bir əfsanə isə, knyaginya Lixtenşteyn barədə bəhs edir - o özünün gözəlliyi və gəncliyindən ayrılmamaq üçün kasıb qız kimi ürəyini şeytana satır.