Qələbəgətirən Bakirə Məryəm və Paduanlı Müqəddəs Antoni kilsəsi (çex. Kostel Panny Marie Vítězné a svatého Antonína Paduánského, alm. Kirche Maria vom Siege) — ona bitişik Ayaqyalın Karmelitlər ordeninə məxsus monastırla birlikdə Praqa şəhərinin Mala Strana rayonunda, Petrşin təpəsinin aşağısındakı Karmelitska küçəsində yerləşir[1]. Kilsədə saxlanılan Praqa Körpə İsasının (o, daha çox "Yezulatko" adı ilə tanınır) fiquruna dua və ibadət etmək üçün, buraya dünyanın hər yerindən minlərlə zəvvar gəlir[2]. Bu, erkən barokko üslubuna aid mühüm memarlıq abidəsidir; onun interyeri XVII əsrdən qorunub saxlanılmış qiymətli mebellə bəzədilib.
Qələbəgətirən Bakirə Məryəm kilsəsi və Paduanlı Müqəddəs Antoni kilsəsi | |
---|---|
Kostel Panny Marie Vítězné a svatého Antonína Paduánského | |
50°05′08″ şm. e. 14°24′13″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Mala Strana |
Aidiyyatı | Katolisizm (Karmelit ordeni) |
Tikilmə tarixi | 1584 |
Üslubu | Barokko, Klassisizm |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi sayt | pragjesu.cz |
İstinad nöm. | 1-496 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kilsə lüteran-almanların təşəbbüsü ilə XVII əsrin əvvəllərində tikilib və Müqəddəs Üçlüyün şərəfinə adlandırılıb. Bu, Mala Strana rayonunun ilk barokko tikilisi idi, ancaq onun yaradıcısının adı təəssüflər olsun ki, məlum deyil. 1624-cü ildə, Ağ dağda baş vermiş döyüşdən sonra, II Ferdinand çalınmış qələbəyə görə kilsəni Ayaqyalın karmelitlər ordeninə hədiyyə etmişdi[3]. Yeni sahiblər kilsəni Qələbəgətirən Bakirə Məryəmin şərəfinə adlandıraraq, onun daxilində təmir və yenidənqurma işləri aparmış, onun yaxınlığında isə monastır inşa etmişdilər. Kilsə XVII əsrin ortalarında həmin ordenin fəaliyyəti dövründə qazandığı görünüşü günümüzə kimi qoruyub saxlamışdı. Karmelitlərin protestantlardan fərqli olduqlarını göstərmək üçün, yenidənqurma işləri zamanı həmin binanın girişi qarşı tərəfə köçürülmüşdü. Günümüzdə isə kilsənin yerləşdiyi küçə Karmelitska adlanır (bu ordenin adını daşıyır). Barokko dövründə binaların xarici görkəminə çox böyük diqqət yetirilirdi. O dövrdə, Qələbəgətirən Bakirə Məryəm kilsəsinin ətrafında mansard və zəng qülləsi ilə yanaşı, həmçinin süni göllər də yaradılmışdı.
Karmelit ordeninin kilsəyə sahibliyi XVIII əsrdə sona yetmişdi, bu zaman imperator II Yozef onların icmasını bağlayaraq, kilsə mülkiyyətini Malta ordeninə bağışlamışdı. Uzun illərdən sonra isə, kilsə öz köhnə sahibinə geri qaytarılmışdı.
Kilsənin monumental fasadını qızıl suyuna salınmış körpə ilə Məryəm Ananın heykəli bəzəyir. Kilsənin daxilində iki kapella vardır: sağ kapellada 1626-cı ilə aid edilən Madonnanın heykəli saxlanılır, solda isə Müqəddəs Xaç kapellası yerləşir. Əsas altar 1716-1717-ci illərdə inşa edilib. Onu Madonnanın və müqəddəs Tereza, İoann, Yelisey-İliya və İosifin heykəlləri bəzəyir. Kilsənin divarlarında XVII - XVIII əsrin məşhur ikona çəkənlərinin rəsm əsərləri yerləşir. Kilsənin sağ tərəfində isə Körpə İsanın altarı yerləşir; İsanın mum fiquru dindar insanlar üçün bir hörmət əlaməti olaraq şüşə mücrünün içərisində saxlanılır.
Zəng qülləsinin zirvəsində qədim sənətkarların üç kilsə çaniı vardır. Onlardan ən sonuncusu 1718-ci ildə karmelitlər tərəfindən alınmışdı. Kilsənin altında XVII - XVIII əsrlərdə dəfn olunmuş iki yüzdən artıq karmelit ordeninə mənsub şəxsin türbəsi yerləşir. Onların arasında məşhur ispan sərkərdələrinin, kübar xanımların və uşaqların məzarları da vardır. Hazırda türbə və zirzəmi otaqları su basması üzündən çox pis vəziyyətdədir. O, başçəkmə və ekskursiya üçün bağlanıb.
Praqanın suvenir mağazalarında, tez-tez krallara layiq dəbdəbəli çini və şüşə fiqurları görmək olar - onlar Karmelit küçəsindəki Bakirə Məryəm kilsəsində saxlanılan körpə İsa heykəlciyinin surətidir. Minlərlə dindar kilsəyə axın edərək, yalvararaq Praqa Yezulatkosundan öz arzularının çin olmasını diləyirlər, o da onlara kömək edir. İnsanlar inanırlar ki, həmin heykəl uşaqların doğulmasına yardımçı olur və hər kəsə sülh, sağlamlıq və xoşbəxtlik bəxş edir. Fiqur körpə İsa Məsihi təsvir edir, onun boyu 47 sm-dir, üzəri isə ağac və mumla örtülmüşdür. Körpənin sağ əli irəli çəkilmişdir, sanki, xeyir-dua verərək, sol əlində isə, o xaçla bəzədilmiş kürəni saxlayır. Heykəlcik yaşlı bir rahib tərəfindən XVI əsrdə İspaniyada hazırlanmışdı. Əfsanəyə görə, məhz həmin rahibin qarşısında, İsa Məsih uşaq obrazında peyda olmuşdu.
Bu heykəlciyi Çexiyalı diplomat Pernşteynli Vratislava ərə getmiş İspaniya hersoginyası Mariya M de Lara toy hədiyyəsi olaraq anasından əldə etmişdi. O, heykəlciyi Çexiyaya gətirmişdi. Onların qızı Polikstena daha sonra onu Bakirə Məryəm kilsəsinə bağışlamışdı.
Otuzillik müharibə zamanı Praqanın bəzi kilsələr dağılmışdı, karmelitlərin kilsəsi möcüzəvi şəkildə qorunub saxlanılmışdı, yalnız İsanın əlləri zədələnmişdi. Onlar bir müddət sonra yenidən hazırlanmış və Praqa Yezulatkosu altarda fəxri yer tutmuşdu. İldə bir neçə dəfə rahibələr İsa fiquruna qızıl və qiymətli daşlarla bəzədilən qəşəng paltarlar geyindirirlər. Paltarların rəngi kilsə bayramları və mövsümdən asılı olaraq seçilir. Ümumilikdə Yezulatkonun yüzdən çox geyimi var, onların hamısı minnətdar dindarlar tərəfindən hədiyyə edilmişdir. Onlardan ən qiymətliləri, şəxsən Mariya Tereziya tərəfindən tikilmiş və imperator III Ferdinand tərəfindən kilsəyə bəxş edilmiş paltarlardır. Papa XVI Benedikt 2009-cu ildə körpə fiquruna qızıl tac hədiyyə etmişdir[4].