Luçano Pavarotti (it. Luciano Pavarotti; 12 oktyabr 1935[1][2][…], Modena, Emiliya-Romanya[5] – 6 sentyabr 2007[3][4][…], Modena, Emiliya-Romanya[5]) — italyan opera ifaçısı, lirik-dramatik tenor, XX əsrin ikinci yarısının ən məşhur opera ifaçısı.
Luçano Pavarotti | |
---|---|
it. Luciano Pavarotti | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 12 oktyabr 1935[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 6 sentyabr 2007[3][4][…] (71 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | Mədəaltı vəzin xərçəngi |
Milliyyəti | İtaliya |
Uşağı | 4 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 1955-2007 |
Janr | opera |
Səs tembri | Tenor |
Albom şirkəti | Decca Records[d] |
Üzvlüyü | |
Mükafatları | |
lucianopavarotti.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Luçano Pavarotti İtaliyanın şimalındakı Modena şəhərində çörəkçi və müğənni Fernando Pavarotti və siqar fabrikinin işçisi Adel Venturanın ailəsində anadan olmuşdur. Ailə çox kasıb yaşamasına baxmayaraq, ifaçı öz uşaqlığını sevgiylə xatırlayırdı. İkinci Dünya müharibəsi vaxtı, 1943-cü ildə ailə şəhərdən köçməyə məcbur olur və qonşu kənddə 1 otaqlı ev kirayəyə götürür. Burada Pavarotti əkinçiliklə maraqlanmağa başlayır.
9 yaşlı Luçano atası ilə birlikdə kilsə xorunda oxumağa başlayır. Bundan başqa gənclik illərində professor Dondi və həyat yoldaşından bir neçə musiqi dərsi alır, lakin musiqi peşəsini davam etdirmək istəmir.
Məktəbi bitirdikdən sonra özünə daimi peşə seçmək istəyir. Futbolla çox maraqlanır, hətta qapıçı olmaq istəyir, ancaq anası onu müəllim olmağa inandırır. Nəticədə Pavarotti 2 il ibtidai məktəbdə dərs deyir, lakin musiqiyə olan istək sonda qalib gəlir və musiqi təhsili almağa qərar verir.
1954-cü ildə Modenada 19 yaşı olarkən tenor Arriqo Pola onun təhsil almağa imkanının olmadığını bilərək təmannasız dərs deməyə başlayır. Təhsil aldığı müddətdə Pavarotti Adua Veoni adlı opera ifaçısı ilə tanış olur və onlar 1961-ci ildə ailə həyatı qururlar. İki il Polanın yanında dərs aldıqdan sonra müəllimi Yaponiyaya gedir və Pavarotti təhsilini Ettori Kampoqallianinin yanında davam etdirir. Təhsil ala-ala o, həm də ibtidai məktəbdə müəllim və sonra sığorta agentliyində çalışır.
İlk altı illik təhsil heç bir nəticə vermədiyindən Pavarotti hətta ifaçılıqdan imtina etmək istəyir, lakin sonradan bu fikrindən daşınır.
Pavarottinin yaradıcılıq karyerası 1961-ci ildə Beynəlxalq Vokal Müsabiqəsində qələbə ilə başlamışdır. Həmin il Pavarotti Redjio-Emiliya Teatrında Cakomo Puççininin "Bohema" operasından Rudolfun partiyasını ifa edir. Həmçinin, bu partiyanı o, 1963-cü ildə Vyanada və London Kral Opera Teatrında ifa edir.
Pavarottinin Amerikadakı debütü 1965-ci ildə Mayami operasında baş tutur.
1971-ci ildən Pavarotti "Arena di Verona" festivalında müntəzəm çıxış edir. Həmçinin, konsertlərdə iştirak edir, "La Skala" teartrı ilə Moskvaya qastrola gəlir.
1980-ci illərin əvvəllərində Pavarotti gənc ifaçıların beynəlxalq müsabiqəsini təsis edir.
1980-ci illərin ortalarında Pavarotti Vyana Dövlət Operası və La Skala ilə əməkdaşlığı yenidən bərpa edir. Bu illərdə Pavarotti La Skalada "Aida", Berlindəki Doyçe operada, San-Fransiskoda "Bohema" operalarında uğurla çıxış edir. 1992-ci ildə Pavarotti La Skala səhnəsində sonuncu dəfə "Don Karlos" operasında çıxış edir. Bu çıxış tənqidçilər tərəfindən neqativ qarşılanır və o bundan sonra La Skalada bir daha ifa etmir.
Luçano Pavarotti 2007-ci il 6 sentyabr, 71 yaşında, xərçəng xəstəliyindən Modenadakı evində vəfat edib.