Məlikumudlu Kəndi — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Məlikumudlu Kəndi | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon | Zərdab rayonu |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 6320 |
Bayat tayfası ailələrinin məskunlaşdığı Məlikumudlu kəndi
Məlikumudlu Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Kənd Şirvan düzündə, Zərdab şəhərindən 13 kilometr şimalda, Zərdab-Ucar şose yolunun bir neçə kilometrliyində (5–6 km) yerləşir. Ərazisi 1917,77 hektar, əhalisi 1400 nəfərdən çoxdur. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, quşçuluq, yemçilik, pambıqçılıq, baramaçılıq, meyvəçilikdir. Məlikumudlu kəndinin ərazisi qədim yaşayış məskənlərindən biri hesab olunur. Kənd ərazilərində torpaq işləri görülərkən bəzək əşyaları, qırmanc dəstəyi, əsa başı, Atabəylərə aid sikkələr tapılmışdır. Tədqiqatlar nəticəsində ərazidə IX-XIII əsrlərdə kənd tipli yaşayış məskəni olduğu müəyyənləşdirilmişdir. Taleh Əliyev Məlikumudlu ərazisindən tapılan sikkənin Məhəmməd Cahan Pəhləvanın dövrünə aid olduğunu qeyd edir.
Xanlıqlar dövründə Məlikumudlu kəndinin ərazisi indiki Zərdab, Şamaxı, Ağsu, Kürdəmir və İsmayıllı rayonlarının müəyyən əraziləri ilə birlikdə Xançoban mahalına daxil idi. Yaşayış məntəqəsində Məlik Umud nəslinin davamçıları məskən saldığı üçün Məlikumudlu adlandırılmışdır. Məlik Umud bəy türk boylarından biri olan Bayat tayfasının nəslindəndir, Bayat-Məlik Umud obasının başçısı olub. Şirvan xanlığının nüfuzlu şəxslərindən biri olan Məlik Umud bəy, sonralar Şirvanın Xançoban mahalının naibi təyin edilib. Şirvan xanları ilə qohumluq əlaqələri olan Məlik Umud bəyin oğlu İsrafil bəy, Şirvan xanlarının nəslindən olan, 1833-cü il təvəllüdlü Töhfə xanımla evlənmişdir.
Bayat-Məlik Umud obası
Bayat-Məlik Umud türk boylarından biri olan Bayat tayfası ailələrinin yaşadığı bir obadır, bəzi mənbələrdə Boyat-Məlik Umud adlandırılmışdır. Rəvayətə görə Bayatların adı Oğuz xanın nəvəsi Bayat xanın adından yaranıb. Türküstanda yaşayan Bayat tayfasına mənsub ailələr XIII əsrdə monqollar ilə birgə öncə Kiçik Asiyaya gəlmiş və burada Səlcuqlar ilə qarışmışdı. Buradan müxtəlif ərazilərə köçən Bayat tayfa ailələrinin bir qismi XV əsrin sonu XVI əsrin əvvəllərində səfəvilər ilə birgə Şimali Azərbaycana gəlmişdilər. Azərbaycanda məşkunlaşan Bayatlar öz adlarını Şuşa, Şamaxı və Cavad qəzalarında Bayat, Quba qəzasında Sincan Bayat, Uzun Bayat, Göyçay qəzasında Bayat-Məlik Umud, Bayat-Nadir Hüseyn (bəzi mənbələrdə Bayat-Nəzir Hüseyn) obalarına vermişdilər. Bayat tayfasının Bayat-Məlik Umud obasında məskunlaşan ailələrin başçısı Məlik Umud bəy, sonralar Şirvanın Xançoban mahalının naibi təyin edilib. Oba XIX əsrin əvvəllərində Çalıqışlaq adlı qışlaq yerində məskunlaşmış və yaşayış məntəqəsinə də öz adlarını vermişdilər.
Sənədlərdə Bakı quberniyasının Göyçay qəzasında, indiki Ucar və Zərdab rayonunun ərazilərində yaşayan Bayat-Məlik Umud obası haqqında məlumatlar var, obanın qəza mərkəzindən 20-22 verst məsafədə yerləşdiyi yazılıb. 1870-ci ildə Bayat-Məlik Umud obasının 49 təsərrüfatında 161 nəfər kişi, 130 nəfər qadın olmaqla, cəmi 291 nəfər əhali, 1879-cu ildə isə yaşayış məntəqəsinin 58 təsərrüfatında 198 nəfər kişi, 146 nəfər qadın olmaqla, cəmi 344 nəfər əhali yaşayıb.
Çar Rusiyası tərəfindən yerlərdə kənd icmaları və oba birlikləri yaradıldıqdan sonra, Boyat-Məlik Umud oba birliyi, icması təşkil edilib. 1886-cı ildə Bərgüşad bölgəsinə daxil olan Boyat Məlik Umud icması qəza mərkəzindən 30 verst, pristav idarəsindən 16 verst məsafədə yerləşmişdir. İcmanın 76 təsərrüfatında 247 nəfər kişi, 186 nəfər qadın olmaqla, cəmi 433 nəfər əhali yaşayıb. 1890-cı ildə 2 obadan ibarət olan birliyin torpaq sahəsi 1250 desyatin idi. Oba birliyinin 72 təsərrüfatında 229 nəfər kişi, 181 nəfər qadın olmaqla, cəmi 410 nəfər əhali, 1911-ci ildə isə 51 təsərrüfatında 187 nəfər kişi, 146 nəfər qadın olmaqla, cəmi 333 nəfər əhali yaşayıb.
Boyat Məlik Umud yaşayış məntəqəsi 1917 və 1921-ci illərdə Bərgüşad bölgəsinin Lək kənd icmasının tərkibində yerləşib. Kənddə 1917-ci ildə 152 ev, 1924-cü ildə isə 120 ev olub. Sovet hakimiyyəti illərində Boyat-Məlik Umud oba birliyinə mənsub ailələr, Ucarın indiki Boyat və Zərdabın indiki Məlikumudlu kəndlərində daimi məskunlaşıblar.
Bayat-Nadir Hüseynbəy obası
Sənədlərə görə müasir Zərdab ərazisində Bayat tayfasının Bayat-Məlik Umud obası ilə yanaşı, Bayat-Nadir Hüseynbəy obasının ailələri də məskunlaşmışdılar. Bəzi mənbələrdə Boyat-Nəzir Hüseynbəy kimi də yazılan obanın ailələri, Çallı kəndinin yaxınlığındakı ərazilərdə, Nəzirli nəslinə məxsus torpaqlarda yurd salmışdılar. 1870-ci ildə oba qəza mərkəzindən 40 verst məsafədə yerləşib, obanın 11 təsərrüfatında 31 nəfər kişi, 19 nəfər qadın olmaqla, cəmi 50 nəfər əhali yaşayıb.
Məlikumudlu kəndi
1926-cı ildə Göyçay qəzası 7 bölgəyə bölünmüş və Məlikumudlu kəndi qəzanın Ucar bölgəsinə daxil edilmişdir. Göyçay qəzası 1929-cu ildə Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar olaraq ləğv olunub və Məlikumudlu kəndi 1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun tərkibində yerləşib. Sovet dövründə və müstəqilliyimizin ilk illərində Çallı inzibati ərazisinin tərkibində yerləşən kənd, 14 iyul 1998-ci il tarixdə Çallı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılmış və Məlikumudlu kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Kənd sakinləri Səfərov İsmayıl Sarı oğlu, Məmmədov Vasif Əlihəsən oğlu, Zərbəliyev Zabit Kamil oğlu, Şıxəliyev Pərviz Nəsir oğlu Qarabağ müharibəsində şəhid olublar.
Azərbaycanın şəhər və rayonlarında İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışan, "Şöhrət" ordeni ilə təltif edilən Mübariz Ağayev, II Dünya müharibəsində “I Dərəcəli Vətən Müharibəsi”, “Qırmızı Ulduz” ordenləri ilə, “Döyüş xidmətlərinə görə”, “İgidliyə görə”, "Berlinin alınmasına görə" medalları ilə təltif olunan Babaş Nağıyev Məlikumudlu kəndində anadan olublar.
Bəxtiyar Əsədli
Bəxtiyar Əsədli. "Məlikumudlu Kəndinin Tarixi" (Azərbaycan dili). 2019. İstifadə tarixi: 12 fev 2022.
Read more: https://zardob.blogspot.com/2020/07/zerdab-rayonu-melikumudlu-kendi.html#ixzz7KnTNtAEg
Kənddə Məlikumudlu kənd məscidi dini icması fəaliyyət göstərir[1].
Zərdab rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |