Məmməd İbrahim oğlu Məmmədzadə (1914, Salyan, Cavad qəzası – bilinmir) — Azərbaycan zootexniki və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1949), Salyan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatı.
Məmməd Məmmədzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1914 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Təltifləri |
|
Məmməd İbrahim oğlu Məmmədzadə 1914-cü ildə Salyan şəhərində anadan olmuşdur. Orta məktəbdə oxuyarkən, 1927-ci ildə komsomol üzvü olmuşdur. 1932-ci ildə Salyan Pedaqoji Məktəbini bitirmiş və 1935-ci ilədək Salyanda yeddiillik məktəbdə məktəbdə müəllim işləmişdir. 1935-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1940-cı ildə buranın Zootexnika fakültəsini bitirdikdən sonra Astraxanbazar rayonunda baş zootexnik işləmişdir.[1]
Böyük Vətən müharibəsi başlanan zaman Məmməd Məmmədzadə Fəhlə-Kəndli Qırmızı Ordusu tərkibində SSRİ-nin bir sıra şəhərləri, habelə Varşava və Berlin uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin illərdə "Qırmızı ulduz" ordeni, "Qafqazın müdafiəsinə görə", "Varşavanın azad edilməsinə görə", "Berlinin alınmasına görə" və "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif edilmişdir. 1946-cı ildə ordudan tərxis edildikdən sonra öz işinə qayıtmış, 1948-ci ilədək Masallı rayonunda baş zootexnik işləmiş, 1948-ci ildə isə Masallı Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin Kənd təsərrüfatı şöbəsinin müdiri təyin edilmişdir.[1]
SSRİ Ali Soveti Rəyasət Heyətinin 1 iyul 1949-cu il tarixli Fərmanına əsasən 1948-ci ildə yüksək miqdarda tütün məhsulunun əldə edilməsindəki nailiyyətlərinə görə Məmməd Məmmədzadəyə "Lenin" ordeni və "Oraq və çəkic" qızıl medalı təqdim edilməklə "Sosialist Əməyi Qəhrəmanı" adı verilmişdir.[2]
Məmməd Məmmədzadə sonrakı illərdə Salyan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Salyan Kənd Təsərrüfatı Texnikumunun, Şirvan Dövlət Qoruğunun direktoru və başqa vəzifələrdə çalışmışdır. 1974-cü ildən ittifaq əhəmiyyətli təqaüdçü olmuşdur.[3]