Macəra turizmi — Turist səyahətlərinin müəyyən məkanlara (məsələn, dənizin dibinə, dağın zirvəsinə, Antarktida və s. kimi uzaq ərazilərə) münasibətdə həyata keçirilməsidir. Azərbaycan Respublikası "Turizm haqqında" Qanununa əsasən, macəra turizmi - turistlərin xüsusi coğrafi xüsusiyyətlərə malik ərazilərdə fiziki aktivlik, mədəni mübadilə, təbiətlə qarşılıqlı əlaqə ilə müşayiət olunan turizm formasıdır. Müasir dövrdə bir sıra dövlətlər (Avstraliya, Yeni Zelandiya, Rusiya, Böyük Britaniya və s.) tərəfindən Antarktidada bununla bağlı turizm bazaları yaradılmışdır. Yeni Zelandiya, Braziliya, Boliviya, Hindistan, Nepal, Tanzaniya məşhur macəra turizmi mərkəzlərindən hesab olunur. Macəra turizmi fiziki aktivliyi sevən, yeni ərazilər kəşf etmək istəyən, çılğın ruhlu insanlar tərəfindən ən çox sevilən turizm sahələrindən biridir.
Macəra turizmi konfort zonasından çıxmaq istəyənlər üçün nəzərdə tutulur. Dağlıq ərazilər, bataqlıqlar, səhralar, qütbətrafı ərazilər, sürətli dağ çayları, cəngəlliklər macəra turizmi üçün əlverişli ərazilər hesab olunur.