Markoman müharibələri (lat. bellum Germanicum et Sarmaticum [1] "German və Sarmat müharibəsi") — Roma imperiyası ilə german və sarmat tayfalarının mərkəzi Dunayda (indiki Moraviya, Slovakiya, Macarıstan və Rumıniya) apardıqları müharibələrə verilən ümumi addır. Bu müharibələr eramızın 166-cı ilindən 180-ci ilinə qədər Mark Avrelinin hakimiyyəti dövründə davam etmişdir. Bu günə qədər gəlib çatan qədim mənbələrdə müharibə "expeditio Germanica prima et secunda" adı ilə xatırlanır. Bundan başqa, eramızın 182-ci ildə Kommodun başa vurduğu və qədim mənbələrdə "expeditio Burica" adlandırılan müharibə 3-cü Markoman müharibəsi adlanır.
Markoman müharibələri | |||
---|---|---|---|
Roma-German müharibələri | |||
| |||
Tarix | 166-180-cı illər (14 il) | ||
Yeri | Dunay çayı sahilləri, Roma imperiyasının şimal-şərqi | ||
Nəticəsi | Roma imperiyasının qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Germanlara və sarmatlara qarşı mübarizə Roma imperatoru Mark Avreli hakimiyyətinin əsas mübarizələrindən biri idi, o, məhz onlara qarşı yürüşləri zamanı “Özümə”(yun. Τὰ εἰς ἑαυτόν) adlı fəlsəfi əsərini yazmağa başlayıb.
Hakimiyyətə yüksəldikdən uzun illər sonra belə Roma imperatoru Antonin Piy İtaliyanı heç vaxt tərk etmədi; o, əhəmiyyətli fəthlərə başlamasa belə, əyalət legatlarına öz legionlarına tam komandanlıq etməyə icazə verdi.[2] Tarixçi Adrian Goldsvors, Piyin hakimiyyəti dövründə təcavüzkar hərbi əməliyyatlar etməməsini, Parfiya ərazinə olan iddiaları ilə bağlayır. Parfiya ilə Roma arasında nəticələnən müharibə eramızın 161-ci ildən 166-cı ilə qədər davam etdi (Mark Avreli və Lusi Ver birgə hakimiyyəti altında. Müharibə müvəffəqiyyətlə başa çatsa da, onun imperiya üçün gözlənilməz nəticələri böyük oldu. Geri qayıdan döyüşçülər özləri ilə birlikdə 7-8 milyon insanın ölümünə səbəb olan vəba xəstəliyini (Antonin vəbası adlanır) gətirdilər ki, bu da imperiyanın ciddi şəkildə zəifləməsinə təkan verdi.[3] Vəbanın nəticələrinə baxmayaraq, tarixçi Kayl Harper iddia edir ki, bu hadisə imperiya üçün ölümcül zərbə kimi qəbul edilməməlidir.[3] Əksinə, imperiyanın toxunulmaz qalmasına və vəbadan sonrakı onillikdə Romalıların doğum nisbətlərinin daha da artmasına təkan verdi.[4]
Eyni zamanda, II əsrdən Mərkəzi Avropaya Xalqların böyük köçü başladı, çünki qotlar, german tayfalarına şimaldan və şərqdən təzyiq gğstərərək Visla çayının mənbəyində öz ata-baba torpaqlarından cənub-şərqə doğru hərəkət etməyə başladılar (bax: Velbark mədəniyyəti). Nəticədə, german tayfaları və digər köçəri xalqlar Romanın şimal sərhədindən cənuba və qərbə, xüsusən də Qalliyaya və Dunay çayı boyunca basqınlar etdilər.[5] Mark Avrelinin mübarizə aparmalı olduğu xalqların bu qəfil axını, əhali artımının, iqlim dəyişikliyinin nəticəsi idi.[6] Belə nəzəriyyələr də mövcuddur ki, imperiyanın periferiyasında yerləşən müxtəlif german tayfaları, Armininin gələcək birləşmiş Alman imperiyası ilə bağlı xəyalını reallaşdırmaq cəhdinin bir hissəsi kimi Romanın qətiyyətini sınamaq üçün sui-qəsd etmiş ola bilər.[7] Bu sonrakı müharibələrə qədər, Markomanlar və Kvadlar ümumən mehriban münasibətdə idilər, imperiyanın məişətində mühüm rol oynayırdılar.[8] İmperiyanın təsir dairəsində olan bütün sahələrdə olduğu kimi, romalılar da hərbi-ərazi hökmranlığının birləşməsini, eyni zamanda, qarşılıqlı faydalı ticarətlə məşğul olmağı hədəfləyirdilər.[9]
İmperator Mark Avrelinin hakimiyyəti dövründə, 161-ci ildə Roma sərhədi boyunca təzyiqlər kritik həddə çatmışdı, çünki Reyn və Dunay çayı sərhədləri boyu yerləşən german tayfaları, sağ qalmaqlarındakı çıxış yolunu Roma ərazilərinə soxulmaqda görürdülər.[10] 162-ci ildən 165-ci ilə qədər davam edən Retiya və Yuxarı Germaniya əyalətlərində hatti və havkilərin işğalı dəf edildi. 166-cı ilin sonu və ya 167-ci ilin əvvəlində 6000 nəfərlik lanqobard və hermunduri qüvvəsi Pannoniyaya hücum etdi. Bu işğal yerli qüvvələr (Kandidus tərəfindən idarə olunan I Köməkçi legion və Vindeks tərəfindən idarə olunan Auksiliya) tərəfindən nisbətən asanlıqla dəf edildi. Sonra Pannoniyanın hərbi qubernatoru Mark Yalliy Bass Valerian 11 tayfa ilə danışıqlara başladı. Bu danışıqlarda Markoman kralı Ballomar vasitəçi kimi çıxış etdi Belə olan halda barışıq əldə olundu və tayfalar Roma ərazisindən çəkildi, lakin daimi razılaşma əldə olunmadı. Həmin il vandallar (hasdinqlər və lakrinqlər), sarmat yaziqiləri Dakiyaya hücum etdilər və onun qubernatoru Kalpurn Prokulu öldürdülər. Onlara qarşı çıxmaq üçün Parfiya hücum dəstəsinin veteran birliyi olan V Makedoniya legionu, aşağı Myoziyadan Roma Dakiyasına, düşmənə daha yaxın yerə köçürüldü.
Həmin dövrdə Antonin vəbası imperiyada baş alarkən, Mark Avreli daha çox iş görə bilmədi və onun şəxsən rəhbərlik etməyi planlaşdırdığı cəza ekspedisiyası 168-ci ilə qədər təxirə salındı. Həmin ilin yazında Mark Avreli və Lusi Ver ilə birlikdə Romadan yola düşdü və qərargahını Akvileyada qurdu. İki imperator İtaliya və İllirikin müdafiəsinin yenidən təşkilinə nəzarət etdilər, iki yeni legion, II və III İtaliaya legionları ilə Alp dağlarından Pannoniyaya keçdilər. Markoman və viktohalilər Dunay çayını keçərək əyalətə daxil oldular. Historiya Avqustaya görə, imperator ordusunun Karnunta yaxınlaşması onları geri çəkilməyə inandırmaq üçün kifayət qədər idi. İki imperator qış üçün Akvileyaya qayıtdı, lakin yolda, 169-cu ilin yanvarında Lusi Ver öldü.[11] Markus imperatorunun dəfn mərasiminə nəzarət etmək üçün Romaya qayıtdı.
169-cu ilin payızında Markus Klavdi Fronto müharibə zamanı onun ən yaxın köməkçisi olacaq kürəkəni Klavdi Pompeyanla birlikdə Romadan yola düşdü. Romalılar öz qüvvələrini toplayıb Dunay çayı ilə Roma əyaləti Dakiya arasında yaşayan müstəqil tayfaları (xüsusən də yazıqiyləri) özünə tabe etmək niyyətində idilər. Yazıqilər Aşağı Myoziyanın Roma valisi Markus Klavdi Frontou məğlub etdi və öldürdü. Bununla belə, Roma ordusunun ləng irəliləməsindən istifadə edən bir neçə tayfa sərhədi keçib Roma ərazisinə basqın etdi.
Şərqdə kostoboklər Dunay çayını keçərək Trakyaya hücum edib, dağıtdılar və Balkanlara enərək Afina yaxınlığındakı Elevsinə çatdılar və burada Elevsin misteriyaları məbədini məhv etdilər.
Ən mühüm və təhlükəli işğal isə qərbdəki Markomanların işğalı idi. Onların lideri Ballomar german tayfalarından ibarət koalisiya yaratmışdı. Onlar Dunay çayını keçdilər və bəzən Karnuntum döyüşü kimi tanınan Karnuntum yaxınlığında 20.000 yaxın Roma qüvvəsi üzərində həlledici qələbə qazandılar. Ballomar yerdə qalanların böyük hissəsini cənuba İtaliyaya doğru apardıqdan sonra, onun dəstələri Noriki dağıtdılar. Marcomanni Opitergiumu (Oderzo) darmadağın etdi və Aquileia'yı mühasirəyə aldı. Markoman Oderzonu darmadağın etdi və Akvileyanı mühasirəyə aldı. E.ə.101-ci ildən, Qay Mari kimvrları məğlub etdikdən sonra ilk dəfə düşmən qüvvələri İtaliyaya daxil oldu. Pretoriya prefekti, Tit Furiy Viktorinin ordusu tərəfindən azad edilməyə çalışılsa da, lakin döyüş zamanı o, məğlub oldu və bəlkə də öldürüldü (digər mənbələrdə onun, vəbadan öldüyü qeyd olunur).
Germanların Akvileyaya doğru böyük işğalının baş verdiyi illə bağlı alimlər arasında konsensus yoxdur. Mark Avrelinin bioqrafı Frank Maklinn kimi bir neçə müəllif, Karnuntum yaxınlığında məğlubiyyət tarixini 170 olaraq qəbul edərək, böyük german işğalını üç il əvvələ aid edirlər. Onlar bunun 167-ci ildə baş verdiyini iddia edirlər. Digər bir arqument ondan ibarətdir ki, 167-168-ci illərdə Romanı bürüyən çaxnaşma idi ki, əgər german tayfaları hələ də Dunay çayının əks tərəfində idilərsə, bunun heç bir mənası olmazdı. Həm də heç bir mənbədə fəlakət baş verən zaman imperatorun cəbhəyə yaxın olması qeyd olunmur, halbuki 170-ci ildə Mark Avreli orada məskunlaşmışdı. Maklinn, Mark Avreli və Lusi Verin 168-ci ildə fəlakətdən sonra əhval-ruhiyyəni bərpa etmək üçün Akvileyaya getdiyini iddia edir, çünki Akvileya Pannoniyada Dunayın sahilində hər hansı əməliyyat başlatmaq üçün heç bir coğrafi, maddi-texniki və ya hərbi məna daşımırdı. Maklinin 170-ci ilin digər müəlliflər tərəfindən təklif edildiyini iddia etməsinin səbəbi, Paflaqoniyalı Aleksandrın fəlakətə səbəbkar kimi təsiri ilə bağlı Lusinin ifadəsinə çox böyük əhəmiyyət verilməsidir, halbuki İskəndərin hələ 170-ci ildə sağ olub-olmaması qeyri-müəyyəndir.[12]
İngilis ədəbiyyatında isə, german işğalından təsirlənən bölgələrdən biri olan Sloveniyadakı tədqiqatçılar, digər arqumentlərlə yanaşı, Ptuyda tapılan Luis Ver portretinə əsaslanaraq, 168-ci ili uyğun tarix kimi qəbul edirlər.[13]
Bu qəfil hadisə Markı prioritetlərini yenidən qiymətləndirməyə məcbur etdi. Ballomara qarşı müxtəlif sərhədlərdən qüvvələr göndərildi. Onlar gələcək imperator Pertinaksın leytenantlarından biri olmaqla, Klavdi Pompeyanın əmrinə tabe idilər. İtaliyaya gedən yolları qorumaq üçün yeni hərbi komandanlıq, praetentura Italiae et Alpium yaradıldı və Dunay donanması gücləndirildi. Akvileya azad edildi və 171-ci ilin sonunda işğalçılar Roma ərazisindən qovuldular. Romalılar Dunay çayını keçməyə hazırlaşarkən müxtəlif barbar tayfalarını öz tərəflərinə çəkməyə çalışdıqları üçün sıx diplomatik fəaliyyət baş verdi. Kvadlar və yazıqilər ilə sülh müqaviləsi imzalandı, hasdinqlər və lakrinqlər Romanın müttəfiqləri oldular.
172-ci ildə romalılar Dunay çayını keçərək Markomaniyaya gəldilər. Bu haqda çox az məlumat olsa da, romalılar markomanlar və onlara tabe olan müttəfiqləri: varişilər və kotinilər üzərində uğur qazandılar. Bu fakt Mark Avrelinin “Germanicus” titulu qəbul etməsindən və “Germania capta” (“tabe edilmiş Germania”) yazısı olan sikkələrin zərb edilməsindən aydın görünür. Bu yürüş zamanı varişilərin başçısı Valao Roma generalı Mark Valeriy Maksimian tərəfindən öldürüldü.
173-cü ildə Romalılar müqaviləni pozan və qohumlarına kömək edən kvadlara qarşı yürüşə başladılar və onları məğlub etdilər. Bu yürüş zamanı məşhur bir hadisə, sözdə "yağış möcüzəsi" baş verdi ki, sonralar bu, öz əksini Mark Avrelinin sütununu və sikkələrində tapdı. Kassius Dioya görə, XII Fulminata legionu kvadlar tərəfindən məğlub edildi. Qəfil leysan yağışı susuzluqdan əziyyət çəkən romalıları xilas etdi. Müasirlər və tarixçilər bunu ilahi müdaxilə ilə əlaqələndirdilər.
Havkilər Belqika sahillərinə basqın edərkən, elə həmin ildə Reyn sərhədinin komandiri Didi Yulian, hatti və hermundurilərin növbəti işğalını dəf etdi.
Növbəti ildə Romalılar kvadlara qarşı yürüş etdilər, bunun üzərinə kvadlar Roma tərəfdarı olan hökmdar Furtiyi taxtdan saldılar və onun yerinə rəqibi Ariogezi taxta gətirdilər. Mark Avreli onu tanımaqdan imtina etdi və geri dönərək taxtdan saldı və İsgəndəriyyəyə sürgün etdi. Beləliklə, 174-cü ilin sonlarında kvadların tabe edilməsi başa çatdı. Onlar girovları təslim etməyə və Roma ordusu üçün köməkçi qüvvələr verməyə məcbur oldular, eyni zamanda bütün ərazilərində qarnizonlar quruldu.
Bundan sonra romalılar diqqətlərini Tisa çayı sahilində (expeditio sarmatica) yaşayan yazıqilərə yönəltdilər. Bir neçə qələbədən sonra 175-ci ildə müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə, yazıqi kralı Zantikus 100.000 Roma əsirini təslim etdi və əlavə olaraq, ordunu əksəriyyəti (5.500) Roma Britaniyasına göndərilmiş 8.000 köməkçi süvari təmin etməli idi. Bundan sonra Mark "Sarmaticus" qələbə titulunu aldı.
Mark Avreli digər tayfalara qarşı yürüş etmək niyyətində idi və o, son fəthləri ilə birlikdə iki yeni Roma əyaləti qurdu. Lakin onun planları nə olursa olsun, Şərqdə Akvidiy Kassiy üsyanı ilə yarımçıq qaldı.[14]
Mark Avreli, Mark Valeriy Maksimian komandanlığı altında markoman, kvad və varişilərin köməkçi dəstələrinin müşayiəti ilə ordusu ilə şərqə doğru yürüş etdi. Kassinin üsyanı uğurla yatırıldıqdan sonra imperator təxminən 8 ildən sonra ilk dəfə Romaya qayıtdı. 23 dekabr 176-cı ildə o, oğlu Kommod ilə birlikdə german tayfaları üzərində ("de Germanis" və "de Sarmatis") birgə zəfərlərini qeyd etdi. Bunu əbədiləşdirmək məqsədi Trayan sütununu təqlid edərək Mark Avreli sütunu ucaldıldı.
Öncəki ilin qələbə qeyd etmələri, 177-ci il, kvadlar üsyanı üçün qısa ara idi, tezliklə onların ardınca qonşuları markomanlar da üsyan etdilər. Mark Avreli ikinci german hərəkatına (secunda expeditio germanica) başlamaq üçün yenidən şimala doğru getdi. O, 178-ci ilin avqustunda Karnunta gəldi və 179-180-ci illərdə markoman və kvadlara qarşı yürüşə başladı. Mark Valeriy Maksimianın komandanlığı altında romalılar Lauqarisioda (müasir Trençin yaxınlığında, Slovakiya) həlledici döyüşdə kvadlara qarşı vuruşdular və qalib gəldilər. Kvadlar qərbə doğru Böyük Almaniyanın dərinliklərinə qədər təqib olundular, burada Pretoriya prefekti Pabli Tarruten Patern onlara qarşı daha bir həlledici qələbə qazandı, lakin 17 mart 180-ci ildə Mark Avreli Vindobonada (müasir Vyana) öldü.
Oğlu və varisi Kommod, atasının ölümündən sonra müharibəni davam etdirməkdə maraqlı deyildilər. Böyük generallarının məsləhəti ilə Kommod markoman və kvadlarla sülh müqaviləsi bağladı. Daha sonra 180-ci ilin payızının əvvəlində Romaya getdi və oktyabrın 22-də bu zəfərini qeyd etdi.
Dunay çayı ilə Roma Dakiyası arasında yaşayan yazıqilər, burilər və sözdə "azad dakiyalılara" qarşı əməliyyatlar davam etdi. Roma generalları Mark Valeriy Maksimian, Qay Pestsenniy Niger və Klodiy Albindən başqa, bu müharibə haqqında çox şey məlum deyil. Hər halda, əldə etdikləri qələbələr 182-ci ilin ortalarında İmperator Kommodun "Germanicus Maximus" qələbə titulunu əldə etməsi üçün kifayət idi. Corpus Inscriptionum Latinarumun (azərb. Latın yazılarının kodu) III 5937 nömrəli yazısında luqi və buri german tayfalarına qarşı yürüşlər təsvir edilib.
Müharibələr Romanın şimal sərhədinin zəif qorunduğunu üzə çıxardı və bundan sonra Roma legionlarının yarısı (33-dən 16-sı) Dunay və Reyn boyunca yerləşdirildi. Xeyli sayda german Dakiya, Pannoniya, Almaniya və İtaliyanın sərhəd bölgələrində məskunlaşdı. Bu, yeni hadisə deyildi, lakin bu dəfə məskunlaşanların sayı indiki Çexiya və Slovakiya da daxil olmaqla, Dunay çayının sol sahilində Sarmatiya və Markomaniyada iki yeni sərhəd vilayətinin yaradılması ilə nəticələndi. Ravennada məskunlaşan bəzi germanlar üsyan edərək şəhəri ələ keçirə bildilər. Bu səbəbdən Mark Avreli İtaliyaya daha çox barbar tayfalarını gətirməmək qərarına gəldi, hətta daha əvvəl oraya gətirilənləri də qovdu. German tayfaları müvəqqəti olaraq yoxlanıldı, lakin Markoman müharibələri IV və V əsrlərdə Qərbi Roma imperiyasının parçalanmasına səbəb oldu.
Açar: Qırmızı oxlar: Romalılar. Yaşıl oxlar: Markomanlar. Sol alt küncdə İtaliya və Adriatik dənizi.