Mirələsgər Mirqasımov

Mirələsgər (Mirəli) Mirəsədulla oğlu Mirqasımov (9 fevral 1924, Bakı9 noyabr 2003, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1982), Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar İncəsənət Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımovun oğlu.

Mirələsgər Mirqasımov
Mirələsgər (Mirəli) Mirəsədulla oğlu Mirqasımov
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti heykəltaraş
Təhsili İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutu
Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
Mükafatları "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1982 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1963
"Şöhrət" ordeni — 1996

Mirələsgər Mirqasımov tam ixtisalaşdırılmış ali təhsil almış ilk azərbaycanlı heykəltəraşdır. 1944-cü ildə Azərbaycan Rəssamlıq Məktəbindən, 1951-ci ildə Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutundan fərqlənmə ilə məzun olmuşdur. Mirələsgər Mirqasımov Cəfər Cabbarlının (Bakı), Nəriman Nərimanovun (Sumqayıt), Cəlil Məmmədquluzadənin (Naxçıvan) abidələrinin müəllifidir. Mirqasımovun “Neftçinin portreti”, “Qız portreti”, “Qız göyərçin ilə” kimi əsərləri Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir.

Heykəltəraş 1967-ci ildə Monrealda keçirilən Ümumdünya Sərgisi də daxil olmaqla bir çox ölkələrin sərgilərində iştirak edib. Mirqasımovun əsərləri Rusiya , Polşa , Bolqarıstan , Almaniya , Misir və digər ölkələrin muzeylərində sərgilənib . Müxtəlif orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir.

XX əsr Azərbaycan heykəltəraşlıq sənətinin tanınmış tədqiqatçısı, sənətşünaslıq doktoru, professor Cəmilə Novruzova heykəltəraşın yaradıcılığı barədə yazır: “M.Mirqasımovun yaradıcılığında bir-birilə bağlı olan iki istiqamət – hərarətli lirizm və plastikanın güclü forması aydın sezilir. Bu iki istiqamət bir-birilə qırılmaz vəhdətdədir”.

Hal-hazırda Mirələsgər Mirqasımovun 12 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır.

Mirələsgər Mirqasımov 1924-cü il fevralın 9-da Bakı şəhərində müasir Azərbaycan tibb elminin əsaslarını qoyanlardan biri Mirəsədulla Mirqasımov və Ceyran xanımın ailəsində dünyaya gəlmişdir.[1] O ailənin ikinci övladı idi. Mirələsgər Mirqasımov 6 yaşında olarkən onurğa beyni iltihabı xəstəliyi nəticəsində eşitmə qabiliyyətini itirmişdi. Sonralar müalicə olunsa da eşitmə duyğusunu bərpa etmək mümkün olmayıb.[2] Nitq qabiliyyətini itirmək risqi olduğu üçün anası onunla xüsusi olaraq məşğul olmuş və özü tərtib etdiyi əlifba ilə onun xüsusi karlar məktəbinə getməsinə ehtiyac qalmamışdır. Tezliklə Mirələsgər Mirqasımov oxumağı öyrənir, daha sonra loqoped Natalya Raunun köməkliyi ilə dodaq və mimika oxuma texnikasına yiyələnərək təhsilini davam etdirir. Anası oğluna həsr etdiyi "Bir ananın qeydləri" kitabında onun haqqında yazırdı:[2]

"Onun hissləri və qavrayışı öz incəliyi ilə seçilirdi. O özünəməxsus duyğulara malik idi və hər şeyi çox tez başa düşürdü. İstənilən mühitdə çox cəsarətlə hərəkət edirdi. Heç vaxt rahatlığını itirmir, gündəlik çətinlikləri qəbul edirdi. Bu onun hüzurunu pozsa belə, hər zaman düşündüyü kimi hərəkət edərdi."

Mirələsgər Mirqasımov kiçik yaşlarında pilot, aqronom və ya bioloq olmaq arzusunda idi. O rəsm çəkməyi, hekəltəraşlığı çox sevirdi və gününün böyük bir hissəsini bu məşğuliyyətinə həsr edirdi. Buna görə anası qonşuluqda yaşayan məşhur heykəltəraş Pinhos (Pyotr) Sabsaydan uşağın yaradıcılıq qabiliyyətini sınamağı xahiş edir.[3] Sabsayın rəhbərliyi altında o, oxuyub təsirləndiyi Valter Skottun romanının qəhrəmanı Kventin Dorvardın gildən hazırlanmış heykəlini yaradır. Heykəli görən Sabsay onun istedadını yüksək qiymətləndirir. Tezliklə Mirqasımov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsilinə başlayır. 1944-cü ildə məktəbi fərqlənmə ilə bitirən Mirələsgər Mirqasımov təhsilini İ. Y. Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda davam etdirmişdir.[2] O evə göndərdiyi məktublarında yazırdı:

"Ana, proqramımız çox gərgindir. Tezilklə tökmə gipsdən fiqur hazırlayacağıq. Bura çox soyuqdur. Bəzi emalatxanalarda tempratur 0-dan aşağıdır."

Bir digər məktubunda isə heykəltəraşlıq fakültəsində ən yüksək qiymətləri özünün aldığını, özü də daxil olmaqla, yalnız iki nəfərin heykəltəraşlıq imtahanını "əla" qiyməti ilə başa vurduğunu yazır. Mirqasımovun dissertasiya mövzusu "qəhrəman neftçilər" adlanırdı. O, 1950-ci ildə dissertasiyasını müdafiə edib təhsilini uğurla başa çatdıraraq, ilk ali təhsilli peşəkar Azərbaycan heykəltaraşı olmuşdur.[4]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1951-ci ildə təhsilini başa vuran heykəltəraş Azərbaycana qayıdır. Həmin il S.Quliyevlə birlikdə Xankəndi şəhərində V.Leninin abidəsini hazırlayırlar.[5] Mirqasımov uzun illər Bakıda çalışır. Bu dövrdə mərmər üzərində həkk olunmuş "Qız portreti" adlı heykəltəraşlıq işi ilə məşhurlaşır. Bu əsər, “Nefçi”  və “Göyərçinli qız” adlı digər əsərləri ilə birlikdə heykəltəraş respublika və Zaqafqaziya sərgilərində iştirak edir. Daha sonra heykəllərini həm ümumittifaq sərgisində, həm də 1955-ci ildə Varşavada keçirilən V Ümumdünya Gənclər Festivalında təqdim edərək, beynəlxalq müsabiqədə qalib gələn ilk azərbaycanlı heykəltəraş olur. Sonralar Mirqasımov mərmərlə bir neçə qadın porteti hazırlayır. "Göyərçinli qız" heykəli bunlardan biridir. Onun bürüncdən hazırlanmış “Neftçinin portreti” əsəri əvvəlcə 1961-ci ildə Ümumdünya İncəsənət Sərgisinin açılış zalında, sonra heykəltəraşın digər əsərləri ilə birlikdə 1967-ci ildə Monrealda keçirilən Ümumdünya Sərgisində nümayiş etdirilir. Mirqasımov bu əsəri özünün ən uğurlu əsəri hesab edirdi və bunun səbəbini sifariş əsasında deyil özü istədiyi üçün ərsəyə gətirməsini bildirirdi. Günümüzdə “Neftçinin portreti”, “Qız portreti”, “Göyərçinli qız”, “Nailə” heykəlləri ilə birlikdə Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir.[6]

Qeyd etmək lazımdır ki, heykəltəraş yaradıcılığının ilk illərində animalistik janrda heykəllər yaratmağa üstünlük verib. Ümumiyyətlə, Azərbaycan heykəltəraşlıq sənətində animalistik janrda heykəltəraşlıq əsərləri az yaradılıb.[4] Bu baxımdan M.Mirqasımovun bu sahədə olan yaradıcılıq fəaliyyəti təqdirəlayiq hesab edilir.[7] Onun müəllifi olduğu dəzgah heykəltəraşlığı əsərlərinə nümunə olaraq “M.Ə.Sabirin büstü” (1948), “At” (1950, gips), “Şir” (1950, gips), “Qız portreti” (1955, mərmər), “Ana portreti” (1956, gips), “Göyərçinli qız” (1956, mərmər),  “Şah yaylaq” (1957, gips), “C.Cabbarlı” (1958, mərmər), “Neftçi Qurban” (1959, bürünc), “Azadlıq” (1959, bürünc), “İkar” (1962, bürünc), “Xəzri” (1966, bürünc), “Akademik Mirəsədulla Mirqasımov” (1980, bürünc), “Hərəkət qüvvətdir” (1982, bürünc), “C.Cabbarlı” (1987, bürünc) və başqalarını göstərmək olar.[8]

Heykəltəraş yunan mifiologiyasının ünsürlərindən olan uçan İkar obrazını yaratmaq üçün kosmosa uçan ilk insandan ilhamlanır. Heykəltəraşlar arasında bu hadisəyə ilk toxunan şəxs Mirələsgər Mirqasımov idi.[2] Heykəl alminiumdan hazırlanmışdı. İlk əvvəl Bakı Hava Limanının qarşısına qoyulması nəzərdə tutulsa da bu ideya reallaşmır. Sonradan Mirqasımov bir neçə dəfə bu obraza müraciət edir. Belə ki, o, Azərbaycan Mülki Aviasiya İdarəsinin rəhbəri Nurəddin Əliyevin məzarı üzərində ucaldılan bürüncdən qanadını itirən İkar fiqurunu hazırlamışdır.[2]

Mirələsgər Mirqasımovun rəhbərliyi ilə hazırlanan “Molla Nəsrəddin” jurnalının naşiri və redaktoru Mirzə Cəlilin heykəli Naxçıvan şəhərində ucaldılmış ilk monumental abidələrdən biridir. Yazıçının adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrının qarşısında ucaldılan heykəlin ümumi hündürlüyü 5 metrdir, postamenti qranit üzlüklə üzlənib. Sağ ayağı bir az yığılı, sol ayağı bir qədər irəli, sağ qolu sağ qıçı üzərində uzalı, sol əli sol qıçına söykəli  (sanki yazıçı irəliyə doğru əyilmiş bədəninin müvazinətini saxlayır), başı bir qədər yana yönəlmiş, düşüncəli vəziyyətdə yazıçının son dərəcə poetik bədii obrazı təsvir edilib. Yazıçının üst geyimi – paltosunun sol çiyninə aşırılmış vəziyyətdə təsvir edilməsi obrazın bədii-estetik məzmununu qüvvətləndirməyə hesablanıb və kompozisiyanın bitkinliyini təşkil edir. Abidə monumental heykəltəraşlıq sənətimizdə xüsusi yer tutur.[9]

M.Mirqasımov həmçinin atası, AMEA-nın ilk prezidenti, ilk azərbaycanlı həkim-cərrah Mirəsədulla Mirqasımovun Fəxri xiyabandakı qəbirüstü memorial abidəsinin müəllifidir.

1964-cü ildə heykəltaraşlar M. Mirqasımov, Ə. İsmayılov və F. Leontyeva tərəfindən Nəriman Nərimanovun abidəsi işlənilir. Heykəl Sumqayıt şəhərində ən yaşlı monumental abidələrdən sayılır. Abidə 1964-cü ildə açılmışdır. Abidə Sumqayıt şəhəri, 15-məhəllə, Heydər Əliyev prospektində yerləşir. Büstün postamentində naşir, dramaturq və dövlət xadimi olan Nəriman Nərimanovun adı kiril əlifbası ilə yazılsa da 2000-ci illərdə yazı latınca ilə əvəzlənmişdir. Postament mərmər üzlüklə üzlənmişdir.

Cəfər Cabbarlının heykəli

[redaktə | mənbəni redaktə et]
Cəfər Cabbarlı abidəsi

1959-cu ildə Bakı Dəmir Yolu Vağzalının qarşısında meydanda dramaturqa abidə qoyulması barədə qərar qəbul olunur. Eyni ildə burada heykəlin bu ərazidə ucaldılması haqqında məlumatı ehtiva edən daş yerləşdirir. Daha sonra keçirilən ən yaxşı layihə müsabiqəsini qazandığı üçün bu iş Mirələsgər Mirqasımova tapşırılır. Heykəltəraş dərhal işə başlasa da, Nikita Xruşşovun rəhbərliyi dövründə vüsət almış minimalizm arzusu və "həddən artıq olanlara" qarşı mübarizə uzun müddət bu işi dayandırır.[8] 1970-ci illərin sonlarında layihə yenidən davam etdirilsə də, bir müddət sonra yenidən dondurulur. Çox keçmədən Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev özü bu layihəni öhdəliyinə götürür və 1979-cu ildlə Mirqasımovun emalatxanasına gələrək əsərin eskizləri ilə şəxsən tanış olur. Mirqasımov layihə üzərində işləyərkən son dərəcə stresli və gərgin olduğu üçün heykəli başa çatdırarkən öz emalatxanasında ürək infarktı keçirir. Bu zaman Heydər Əliyevin sərəncamı ilə onun sağlamlığına baş katibin şəxsi həkimi özü nəzarət edir. Tezliklə Mirqasımov yaradıcılığının bəlkə də ən vacib işlərindən biri olan heykəl tamamlanır. Abidə 1982-ci il martın 23-də təmtəraqlı mərasimlə Heydər Əliyevin özü tərəfindən açılmışdır. Həmin il Azərbaycan SSR Ali Sovetinin 1 dekabr tarixli fərmanı ilə Mirqasımov Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülmüşdür.[10]

Hündürlüyü 5,5 metrə çatan abidə son dərəcə dəqiq kompozisiya və bədii işlənilmə xüsusiyyətlərinə malikdir. Hündür qranit postamentin üzərində yazıçının ayaq üstə, başını sola çevirmiş, əlləri sinəsində qoşalanmış vəziyyətdə və gərgin fikirlər keçirdiyi məqamda, orijinal formada monumental bədii obrazı yaradılıb. Dramaturqun bədii obrazında ekspressiv, üsyankar və barışmaz “mən”i daha çox surətin zahiri quruluşu ilə üzə çıxarılıb. Dramatizmdinamizm, yazıçının daxili gərginliyi abidənin ümumi plastik həlli yolu ilə açılıb. Heykəltəraş bu əsərində də paltodan obrazın ümumi bədii həllində vahid element kimi istifadə edib. Yazıçının çiyinlərindən sallanan palto sanki teatrın pərdələrini xatırladır və obrazın monolitliyini və monumentallığını artırır. Postamentdə teatr maskalarının əks etdirilməsi abidənin vahid kompozisiya biçimində həllinə xidmət edir və surətin bədii ifadəliyinə əlavə estetik zövq gətirir. C.Cabbarlının heykəli Azərbaycan heykəltəraşlıq sənətində bədii və texniki işlənilmə, həmçinin qranitdən yonulmuş ən monumental heykəltəraşlıq abidəsi kimi daxil olub.[10]

  1. G., İsrafilbeyova. "Nəhəng daş nəhəng inad". Xalq qəzeti. Baku. 6 July 2008. 6. 2017-02-11 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 Elizavetta, Gasimova. "Он мечтал изваять море..." (PDF). Азербайджанские известия. Baku. 8 October 2005. 3. 2018-07-09 tarixində arxivləşdirilib (PDF).
  3. Səməd, 2011. səh. 54
  4. 1 2 Mədəniyyət TV. "Vernisaj. Xalq rəssamı Mirələsgər Mirqasımov" (az.). Youtube.com. 10.02.2021. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-11.
  5. Həbibov, 1960. səh. 144
  6. 1 2 "Mirələsgər Mirəsədulla oğlu Mirqasımov" (az.). Azerbaijan State News Agency. November 10, 2003. August 21, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 27, 2022.
  7. Mədəniyyət TV. "Özündən sonra 1 əsrlik tarix qoyan Mirələsgər Mirqasımov" (az.). Youtube.com. 10.02.2024. İstifadə tarixi: 2024-02-10.
  8. 1 2 "Mirəli Mirqasımovun yaradıcılıq dünyası". Mədəniyyət.az.
  9. "Mirqasımov Mirələsgər Mirəsədulla oğlu" (az.). calilbook.musigi-dunya.az. June 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 18, 2022.
  10. 1 2 Asad Guliyev. "Xalq rəssamı Mirəli Mirqasımovun yaradıcılıq dünyası" (az.). 525-ci qəzet. July 13, 2021. July 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 18, 2022.
  11. Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  12. M. M. Mirqasımovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları.- Bakı, 1996.- № 4.- S.5.
  13. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]