Mirzə Mikayılov Kərim oğlu (29 oktyabr 1947, Göyçay – 31 yanvar 2020[1][2], Münxen) – dağ yəhudisi olan Azərbaycan jurnalisti, publisist, naşir, Bibliyanın tərcüməçisi. 20 yanvar faciəsi baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran, Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və ədalətli cəmiyyət qurulması uğrunda yorulmaz mübariz, radiojurnalist.
Mirzə Xəzər | |
---|---|
Mirzə Kərim oğlu Mikayılov | |
Doğum tarixi | 29 oktyabr 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 31 yanvar 2020[1][2] (72 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | dağ yəhudisi |
Təhsili | |
Fəaliyyəti | dilçi, tərcüməçi, jurnalist, yazıçı, Bibliya tərcüməçisi[d], radioaparıcı[d] |
mirzexezerinsesi.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Mirzə Xəzər 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975–1976-cı illərdə İsrail ordusunda xidmət edib. O, 2 fevral 2020-ci ildə Almaniyanın Münhen şəhərində vəfat edib.[3]
Mirzə Xəzər 1976–1985-ci illərdə Azadlıq radiosunun Azərbaycan bölməsində baş redaktorun müavini işləmişdir. 1985-ci ilin oktyabr ayında ABŞa köçmüşdür. 1985–1987 Vaşinqtonda Amerikanın Səsi radiostansiyasının Azərbaycan bölməsinin müdiri işləmişdir. 1987-ci ilin fevral ayında Almaniyanın Münxen şəhərinə qayıtmış və 1987–2003-cü illər ərzində Azadlıq radiosunun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləmişdir.
İsveçin paytaxtı Stokholmdakı Bibliya Tərcümə İnstitutunun sifarişi ilə Bibliyanı – 1975–1984-ci illərdə "Əhdi-Ətiq" (Tövrat) və "Əhdi-Cədid"i (İncil) Azərbaycan dilinə tərcümə etmişdir . "Əhd-i Cədid" (İncil) Mirzə Xəzərin tərcüməsində ilk dəfə 1982-ci ildə Zaqrebdə nəşr edilmişdir.
Bibliyanın Azərbaycan dilində ilk tərcüməsi 1842-ci ilə aiddir. 1842-ci ildə İsveçrənin Bazel şəhərindəki missioner cəmiyyəti Mirzə Fərrux və Feliks Zarembanın tərcüməsində İncilin (Əhdi Cədid) bir kitabı olan Mattanın İncilini Londonda çap etmişdir. 1878-ci ildə İncil (Əhdi-Cədid) tam şəkildə tərcümə edilmiş və Londonda nəşr olunmuşdur. 1975-ci ildə İsveçin paytaxtı Stokholmda yerləşən Bibliyanı Tərcümə İnstitutu (The İnstitute for Bible Translation) Mirzə Xəzərə müraciət edib, Bibliyanın müasir Azərbaycan dilinə yeni tərcüməsini hazırlamaq işini ona tapşırmışdır. 1982-ci ildə Bibliyanı Tərcümə İnstitutu (The İnstitute for Bible Translation) Mirzə Xəzərin tərcüməsində İncilin yeni tam mətnini Zaqreb şəhərində çap etdirib. Bu tərcümə sonrakı illərdə beş dəfə yenidən nəşr edilib. Mirzə Xəzərin tərcüməsi bu gün də Azərbaycanda istifadə olunur. Mirzə Xəzər Əhdi-Ətiqin (Tövratın) tərcüməsini 1984-cü ildə bitirib, lakin onun tərcüməsi indiyədək çap olunmadan qalır. İncilin yeni tərcüməsi 1998-ci ildə, Tövratın yeni tərcüməsi isə 2004-cü ildə çap edilib. Yeni tərcümələr Mirzə Xəzərin tərcüməsindən əhəmiyyətli dərəcədə fərqlənir.
Qurban Səidin alman dilində yazılmış "Əli və Nino" romanı ilk dəfə 1970-ci illərin əvvəlində Almaniyanın Münhen şəhərində "Azadlıq" radiosunda qismən tərcümə olunub radio proqramı şəklində efirdə səsləndirilmişdir.[4] O zaman əsər almancadan ingiliscəyə, ingiliscədən türkcəyə tərcümə olunmuşdu. Radiodakı tərcümə əsas etibarilə Türkiyə türkcəsindən dilimizə keçirilmişdir. 1989-cu ildə Azərbaycan Yazıçılar İttifaqının sədr müavini, "Azərbaycan" ədəbi-bədiii jurnalının baş redaktoru, yazıçı, mərhum Yusif Səmədoğlunun şəxsi xahişi əsasında "Əli və Nino" romanı tanınmış jurnalist və yazıçı Mirzə Xəzər tərəfindən almancadan tam olaraq tərcümə edilmişdir.[5] Mirzə Xəzər əsərin Azərbaycan dilində olan mətnini 1989-cu ilin sentyabrında Hollandiyanın paytaxtı Amsterdamda Yusif Səmədoğluna təhvil vermişdir. Azərbaycanda siyasi vəziyyət gərginləşdiyi və sonradan Qara Yanvar faciəsi baş verdiyi üçün romanın çapı ləngidi. Nəhayət 1990-cı ilin mart-aprel-may aylarında əsərin Mirzə Xəzərin tərcüməsində mətni "Azərbaycan" jurnalının 3 nömrəsində tam olaraq çap edildi. Mirzə Xəzərin tərcüməsində "Əli və Nino" romanı dəfələrlə nəşr edilmiş və indiyədək nəşr edilir, böyük maraqla Azərbaycanda oxunur. Romanın Azərbaycan dilinə tərcüməsi üçün Yusif Səmədoğlunun rəhbərlik etdiyi "Azərbaycan" jurnalının Mirzə Xəzərə qonorar olaraq verdiyi 5 000 sovet manatı Mirzə Xəzərin istəyi və verdiyi vəkalətnamə əsasında 1990-cı il Qara Yanvar günlərində həlak olan şəhidlərdən birinin ailəsinə verilmişdir.[6] 2007-ci ilin mart ayında Mirzə Xəzərin tərcümə etdiyi "Əli və Nino" romanı əsasında ilk dəfə olaraq Bakıda virtual dekorasiyalı ritual faciənin premyerası oldu. Tamaşa həmin ilin ən yaxşı tamaşası kimi böyük anşlaqlarla keçmişdir.[7]
SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı, mətbuat susduruldu. Azərbaycan dünyadan təcrid edildi. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Məhz bu faciəli anlarda uzaqlardan "Azadlıq" radiosunun səsi Mixail Qorbaçovun informasiya blokadasını dağıtdı.[8] Şair və publisist Məlahət Ağacanqızı bu anı öz xatirələrində belə təsvir edir: "Yaxşı yadımdadır 20 Yanvar gecəsi bütün yaxınlarımız bir otağa yığışmışdı. Böyük otaq adamla dolu olsa da heç kəs danışmırdı. Qadınlar səssiz ağlayırdılar, kişilər baxışları ilə yeri yarmaq istəyirdilər -Yerə girmək üçün! Qardaşım radio dalğalarını həyəcanla ələk-vələk edirdi. Və radiodan Mirzə Xəzərin səsini eşidəndə, mənə elə gəldi ki, hamı nəfəsini uddu, amma hamı dirildi. 20 Yanvar gecəsi – Mirzə Xəzərin səsi – möcüzə idi! Bəlkə "ah, nalədən" boğulan hava – Mirzə Xəzərin səsi ilə hıçqırırdı! Mirzə Xəzər – 20 Yanvarda ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş etdiyi ilahi səsi ilə ümid verdi. Bir gündə bir əsrə bərabər iş gördü. O səs milləti məzardan çıxartdı. Dirilərə şəhid oğulları dəfn etmək üçün güc verdi".[9] "Azadlıq"ın 20 yanvardakı ilk verilişi faciə haqqında həm Azərbaycan, həm də dünya ictimaiyyətini məlumatlandırdı. Etirazlar başladı, Qorbaçov Bakıda öz xəlvəti qanlı "sərgüzəştini" "uğurla" sona çatdıra bilmədi, Kreml ifşa olundu. Bu zərbədən sarsılan qəzəbli Kreml rəhbərliyi "Azadlıq" radiosundan ABŞ hökumətinə rəsmən şikayət etdi.[10] Yanvar verilişlərinə görə Mirzə Xəzər işlədiyi radioda güclü təzyiqlərə məruz qaldı. Onun 1990-cı ilin yanvarındakı fəaliyyətini araşdırmaq üçün Vaşinqtonda xüsusi komissiya yaradıldı. Təzyiqlər 2003-cü ilədək, Mirzə Xəzər "Azadlıq" radiosundan ayrılmağa məcbur olan günədək davam etdi.[11]
2004-cü ilin yanvar ayında Mirzə Xəzər Azərbaycana qayıdır və orada qalıb işləmək istəyir. Bakıda "Mirzə Xəzərin Səsi" adlı qəzetini təsis edir. Lakin bir müddətdən sonra təzyiqlər üzündən Bakını tərk etməli olur.[12] Hazırda Mirzə Xəzərin internetdə[13] Mirzə Xəzərin Səsi adlı qəzeti nəşr edilir.
Mirzə Xəzərin "Verba Volant, Scripta Manent" ("Söz Uçar, Yazı Qalar") adlı ilk kitabı 2013-cü ildə Almaniyanın Münxen şəhərində çapdan çıxıb[14]. İkinci kitab-"Factum est Factum" ("Peşman Deyiləm") adı ilə 2014-cü ilin sonunda işıq üzü görüb[15]. Hər iki kitabı onlayn internetdə oxumaq mümkündür.[16]
2005-ci ilin dekabr ayından 2010-cu ilədək Mirzə Xəzərin "Mirzə Xəzərin Səsi" İnternet Radiosu efirə çıxıb.[17]
15 avqust 2011-ci ildə ANS telekanalı Mirzə Xəzərin guya Bakıda vəfat etməsi barədə saxta və təxribat səciyyəli məlumatı efirə verdi.[18] Çox keçmədi fitnəkarlıq ifşa olundu. Mirzə Xəzər Almaniyada "Facebook"dan canlı yayımda səsini ucaltdı.
20 yanvar 1990 – Mirzə Xəzərin "Azadlıq" radiosundan dünyaya yayılan səsi