Mistik (Reyven Darkhölm) (ing. Mystique (Raven Darkhölme)) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali personaj. Yazıçı Kris Klermont və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1978-ci ildə nəşr olunmuş "Ms. Marvel" komiksinin 16-cı buraxılışında peyda olmuşdur.[1]
Mistik | |
---|---|
ing. Mystique | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "Ms Marvel" #16 (may, 1978) |
Yaradıcı(lar) |
Kris Klermont Deyv Kokram |
Xüsusiyyətlər | |
Əsl adı | Reyven Darkhölm |
Cinsiyyəti | qadın |
Boyu | 1,77 m |
Çəkisi | 78 kq |
Göz rəngi | sarı |
Saç rəngi | qırmızı |
Növü | mutant |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Kainat | 616 |
Üzvlükləri |
Heyranedici Qisasçılar Mutant qardaşlığı Qaranlıq İks-adamlar Azadlıq gücü Maradorlar İks-Korpus İks-Faktor İks-adamlar Cəhənnəm Atəşi Klubu S.H.I.E.L.D. |
Partnyorları | |
Düşmənləri | Gecə ilanı (personaj), İks-adamlar |
Gücləri |
|
Mistik qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, tam dəqiqliklə başqalarının görüntüsünü və səsini özününküləşdirə bilir. Onun öz təbii görünüşü isə mavi rəngdə dəri, qırmızı saçlar və sarı rəngdə gözlərdən təşkil olunmuşdur. Mistik əsasən İks-adamlar komandasının düşməni olaraq göstərilir.
Personaj yaradılışından bəri komikslərdə, cizgi seriallarında və televiziya filmlərində əsasən supercinayətkar kimi yer alır. Özünün Mutant qardaşlığı komandasını yaradan Mistik mutantlarla əlaqəli olan bir neçə şəxsi qətlə yetirmişdir. O, daha öncə yüzdən artıq yaşının olduğunu söyləmişdir.[2] Mistik cinayətkar Qreydon Krid və İks-adamların üzvü olan Gecə ilanının doğma anasıdır. O, eyni zamanda Roqun ögey anasıdır. Gecə ilanını tərk etməyə məcbur qalan Mistik, Roqu böyüdür və daha sonra həyatda fərqli yollar seçən iki qadının bir-birinə qarşı qarışıq hisslər bəslədiyi dəfələrlə göstərilmişdir.
Mistik İks-adamlar filmlərinin altısında yer almışdır. İks-adamlar, İks-adamlar 2 və İks-adamlar: Son müqavimət filmlərində Mistiki aktrisa Rebekka Romeyn, İks-adamlar: Birinci dərəcə, İks-adamlar: Gələcəyin keçmiş günləri, İks-adamlar: Apokalipsis və İks-adamlar: Qara zümrüd quşu filmlərində isə gənc Mistik rolunu aktrisa Cennifer Lourens canlandırmışdır. 2009-cu ildə IGN Mistiki bütün zamanların ən böyük xəyali supercinayətkarları siyahısında 18-ci yerdə göstərmişdir.[3]
Mistikin dəqiq yaşı naməlumdur. O, ilk eşqi olan Fələk ilə 20-ci əsrin əvvəllərində rastlaşmışdır.
Mistik həlak olmuş Alman gizli agenti Leni Zauberin görünüşünü alır. Zauber və Qılıncdiş ləqəbi ilə tanınan Viktor Krid Şərqi Berlində bir alimin qətlə yetirilməsi üçün təyin edilmişdirlər. Zauberin görünüşünü alan Mistik Viktor ilə birlikdə missiyanı uğurla tamamlayır və onlar bir müddət təhlükəsiz bir yerdə gizlənməli olurlar. Daha sonra onlar sevgili olurlar, lakin Viktoru tərk etmək üçün Mistik onu öldüyünə inandırır.[4]
Bu qısa sürən münasibətin nəticəsində Mistik dünyaya Qreydon Kridi gətirir. Mistik doğumundan sonra onu övladlığa vermişdir, lakin o, yeniyətməlik dövrünədək Qreydonun həyatını uzaqdan izləyərək, ona yardım etmişdir. Hər iki valideynin mutant olmasına baxmayaraq, Qreydon mutant olmur. Valideynlərinin kim olduğunu öyrəndikdən sonra Qreydon onların hər ikisinə, daha sonra isə bütün mutantlara nifrət etməyə başlayır. Bunun ardınca o, anti-mutant təşkilatı olan Bəşəriyyət dostlarının lideri seçilir. Siyasi həyatının zirvəsində ikən Qreydon naməlum biri tərəfindən güllələnərək, qətlə yetirilir. Daha sonra tətikçinin əslində zamanda səyahət edən Mistik olduğu bəlli olur. Buna səbəb isə Mistik ilə birlikdə Cin Qrey, Buz adam, Qurbağa və Caqqernautun da daxil olduğu qarışıq zaman paradoksu olur.[5]
Mistik normal insan görünüşünü aldığı Reyven formasında alman zadəganlarından biri olan Baron Kristian Vaqner ilə ailə həyatı qurur. Bir müddət sonra məşuq kimi ondan narazı olan Mistik görüntüsünü dəyişərək, başqaları ilə cinsi əlaqədə olur. O, mutant Azazel ilə qarşılaşır. Azazel Mistikə İblislər adasının lideri olduğunu söyləyir. Daha sonra isə onun ölümsüz olduğu məlum olur.
Mistik hamilə qalır və bundan şübhələnən Baron körpənin atasının kim olduğunu öyrənmək üçün ondan qan analizi tələb edir. Mistik xəncər ilə ərini qətlə yetirərək, onu dəfn edir. O, dünyaya qara saçlı, sarı gözlü, mavi dərili və quyruqlu körpə gətirir. Yerlilər ana və uşağın şeytan olduğunu düşünərək onları öldürməyə cəhd göstərirlər. Mistik qaçır və övladını tərk edir. Körpəni isə Cadugər və Qaraçı kraliçası Marqali Şardos böyüdür və adını Kurt Vaqner qoyur.
Mistik Missisipidəki evindən qaçan dörd yaşlı Roqu övladlığa götürür. Mistik Roqu tapanadək Roq bir meşəlik ərazidə ov tüfəngi ilə yalnız yaşayırdı. Onun gücünü hiss edən Fələk Roqun onlar üçün önəmli olacağını söyləyir və bunun ardınca Mistik onu tapır, güvənini qazanır və özü ilə yaşamağa razı salır. Mistik və Fələk Roqu birlikdə böyüdürlər.
ABŞ Müdafiə Şöbəsinin Müdafiə İrəli Araşdırma Proyektləri Agentliyində müdir müavini kimi etibarlı mövqedə çalışan Reyven ABŞ Dövlət Xidmətlərində sürətlə yüksəlir. Bu mövqe Mistik üçün ordunun sirlərinə və qaranlıq əməllərində istifadə edə biləcəyi müasir silahlara keçid yolu olur. Tutduğu mövqe sayəsində o, S. H. I. E. L. D. təşkilatından silah-sursat oğurlamağa cəhd göstərir. Mistik eyni zamanda Miss Marvelin sevgilisi Maykl Barnetti o ölənədək döyür.[6]
Cinayət fəaliyyətində ona yardım etməsi üçün Mistik Çığın, Köpük, Fələk və Alovun üzv olduğu Mutant qardaşlığı komandasını yaradır. Qardaşlıq nüfuzlu anti-mutant siyasətçi Senator Robert Kellini qətlə yetirməyə cəhd göstərir. İks-adamlar sui-qəsdin qarşısını alır. Mutant qardaşlığı Mistiki xilas edə bilsə də, özləri həbs olunurlar.[7]
Mistik Roqu məşq etdirir və daha sonra Roq da Mutant qardaşlığına qoşulur. Onun mutant gücü toxunduğu şəxslərin yaddaşını, şəxsiyyətini, güclərini və bacarıqlarını onlardan çəkərək, özünə keçirməkdir. Digər Mutant qardaşlığı üzvlərini azad etmək üçün Mistik Roqdan Miss Marvelin və Qisasçıların güclərini udmasını istəyir. Plan uğurlu olsa da, nəticə olaraq Qisasçılar Mutant qardaşlığını məğlub edir, Roq və Mistikdən başqa digər üzvləri həbs edirlər. Bunun ardınca Roq Miss Marvelin xatirələrinə və güclərinə sahib olduğunun fərqinə varır.[8] Pentaqonda baş verən növbəti qarşılaşma Mistikin gücsüz Miss Marvel tərəfindən məğlub edilərək, hökumətə təslim edilməsi ilə sonlanır.[9]
Mutant qardaşlığı həbsdən azad olur və Gözqamaşdırıcı ilə döyüşürlər.[10] Mistikdən qisas almaq üçün Zəka ustası Roqun zəkasını onun Miss Marveldən udduğu xeyirxah zəka ilə dəyişdirir və beləliklə Roq İks-adamlar qarşısında heçnə edə bilmir. Roqun sözsüz qaldığını görən Mistik Professor İksin onun beynini yuduğunu iddia edir. Bunun ardınca Mutant qardaşlığı Professor İksi öldürməyə cəhd göstərirlər, lakin Roq Mistiki dayandırır. O, Mistikə dünyanın ən güclü telepatı Professor İksin onun paramparça olmuş zəkası üçün yeganə ümid olduğundan İks-adamlara qoşulduğunu söyləyir. Beləliklə Mistik istəksizcə Roqun qəyyumluğundan imtina edir.[11]
Mistik tam dəqiqliklə başqalarının görüntüsünü və səsini özününküləşdirə bilir. Onun öz təbii görünüşü isə mavi rəngdə dəri, qırmızı saçlar və sarı rəngdə gözlərdən təşkil olunmuşdur. O, eyni zamanda görünüşünü almaq istədiyi şəxsin sonuncu dəfə üzərində gördüyü geyiminin eynisini öz bədənində yarada bilir.
Görünüşünü istədiyi zaman dəyişmək qabiliyyətinə sahib olan Mistik yüz yaşdan artıq olmasına baxmayaraq bədən hüceyrələrini yeniləyərək, hər zaman gənc görünməyə nail olur.
Bununla yanaşı Mistik komanda əməliyyatlarında hiyləgər strategiyaları ilə seçilir. O, oğurluq və informasiya texnologiyaları üzrə peşəkardır. O, eyni zamanda peşəkar aktrisa və poliqlotdur. Mistik qırxdan artıq dildə səlis danışa bilir. Üzərində gəzdirdiyi alətlər sayəsində Mistikin beyni telepatik müdaxilənin qarşısını alır.